“Myaxqiy”
"Myaxqiy" sürət poyezdi. Yumşaq yataq. Təmiz yer. Yaşıllıqlar, buludlar, dağlar, binalar pəncərədən baş əyərək keçirlər... Bunu kim istəməz?
...Kassir ilə dədə-babadan qanbir qohum çıxanlar bir-birinə yapışmışdılar. Növbədə birisi burnunu silmək istəyəndə hamı tərpənirdi. Mən isə kassaya yapışdım. Furajkamın kölgəliyi qırılmaq üzrə idi. Kassirin ancaq ətəyini görürdüm. O, cəld fırlanır, mənə bilet hazırlayırdı.
– Bəs burada vaqon, yer nömrəsi?
– 68-ci poyezddə myaxqiy vaqon bir dənədir. Nə nömrəbazlıqdır? Pravadnik göstərər.
– Sonra başağrısı olmasın?
– Arxayın ol!
Tərimi silib, razılıq etdim, qayıtdım. Sabah məni yoldaşlarım yola salacaqdılar.
Zəng vuruldu. Bilet növbəsində duranların həyəcanı daha da qaynadı.
İkinci zalda əyləşənlərə zəng heç bir təsir etmədi. Onlar kassadakı hay-küyə baxıb, öz-özlərinə deyirdilər:
– Bax, yola çıxan mənim kimi olar! Bileti səhərdən vaxtında almışam. Poyezd dayandımı, yerimdə uzanıram.
Mən də bunların içində idim. Sanki biz bütün çətinliklərdən sığorta olunmuş imtiyazlı adamlardıq.
Mən "myaxqiy" vaqonu tapdım. Çamadanı cəsarətlə qaldırdım. Konduktor fanarını uzadaraq, mane olmaq istədi:
– Bilet! Bilet!
Bileti yoxladıqdan sonra başını tərpətdi və çamadanı geri çəkdi.
– Düz deyil! Nömrəsi hanı?
Mənim də, yoldaşlarımm da izahatı faydasız oldu. Qonşu vaqonun uzunbığlı başı titrəyən konduktoru öz yoldaşına dedi:
– O yan-bu yandan tanışlıq ilə düzəldib da!..
Dayanmağa, konduktoru inandırmağa nə imkanım var, nə vaxtım. İndicə deyirəm, zəng çalınacaq. Poyezd naçalnikini tapdım:
– Mən verməmişəm ki? Növbətçi ilə danış.
Özümü itirmişdim. Bufetdəki otaqları bir-birinə vurdum. Adamlar mənim ya bir şey oğurladığımı və ya şeyim oğurlandığını zənn edirdilər. Növbətçini furajkasından tanıdım.
– Yoldaş növbətçi, stansiya mənə satdığı biletə nömrə qoymamışdır. Vaqona buraxmırlar.
O, biletə baxdı. Birisinin ardınca qaçaraq cavab verdi:
– Mənə aid bir şey yoxdur. Şəhər stansiyası satıb, mənə nə?
– Bəs siz nə məsləhət görürsünüz, nə etməliyəm?
– Gərək nömrə yazaydılar.
Bundan bir şey çıxmayacağını anladım. Atıldım, zorla vaqona girdim. Çamadanı dizimin arasında tutub pəncərədən bərk yapışdım. Poyezd tərpəndi. Qanım qaralmış və yoldaşlarımı unutmuşdum. Yeni mübarizəyə hazırlaşırdım.
Çox çəkmədi, meydan qızışdı.
– Çıx, yoldaş, çıx! Sən nə naxal adamsan!
– Əlimdə biletim var, mənə yer ver. Naxal özünsən!
Məni zorla çıxara bilməyəcəyini yəqin edən konduktor qonşu vaqona keçdi və tez qayıtdı.
– Gəl, şeyini götür gəl!
Mən bir az sevindim. "Şükür ki, nəhayət, yer tapıldı", dedim. O məni dalanda qoyub getdi. Yarım saata qədər gözlədim. Poyezd qaranlıqları yarıb, relslərdə axırdı. Kəndlərdə arabir lampa işığı görünürdü. Yuxudan duran miniklərə ruh verən dərin fəza, ulduzlar mənim gözümə batır, yuxu çağırırdı. Dörd stansiya getmişdik. Qapını açıb, içəri girdim. Hamı yuxuda idi. Çamadanı ilk kupedə, pəncərənin dibinə qoymaq istəyirdim. Burada tuluq kimi yayılmış bir qadın çalxalanaraq, hövlnak yuxudan qalxdı. Məni yaxaladı:
– Svoluc, çıx buradan!
Mən özümü saxladım:
– Ay xala, bir əvvəl bil, gör nə danışırsan, kefli deyilsən ki?
Mənim sözlərim onun qışqırığı altında boğuldu. Adamlar zəlzələ olmuş kimi, yerlərindən sıçradı. Aşağıdakılar ayağa qalxdı, yuxarıdakılar sallandı. Hamı öz şeylərini yoxladı. Bu halda konduktor gəldi. O məni bir neçə saat əvvəlki mübarizədən tanıyırdı. Boş "yer olmadığını" söyləmişdi.
– Çıx ay yoldaş! Sənə kim icazə verdi?
Arvad daha da cəsarətləndi. Oyananlarda mənim düz adam olmadığıma şübhə daha da artdı. Birisi çamadanımı tutur, o birisi itələmək istəyirdi. Konduktor deyirdi:
– Çıx, çıx! Çıx, vəssalam!
Çamadanı konduktora buraxıb getdim. Vaqondan-vaqona keçdim, baş konduktoru tapdım:
– Budur, yoldaş, soruşun görək, mənə niyə yer vermirlər! Hamıdan artıq pul verdiyim üçünmü?
"Mənim əsəbi ifadələrim və həyəcanım, haqsızlıqlar onu təsirləndirər", deyirdim. O, qırmızı yanaqlı, oynaq gözlü bir qoca idi. Qayibanə söydü, durdu:
– O Saşadır, yaxşı adamdır, sən nahaq şikayətlənirsən.
– Biletim əlimdə ola-ola mənə nə üçün yer vermir?
– Stranno rassujdayeş, nömrəsi yoxdur.
– Biri səhv etmişsə, həqiqəti unutmaqmı lazımdır?
– Savadlı oğlansınız, nömrəsiz bilet alanda bilmirsinizmi başınız ağrıyacaq?
Mən dözə bilmədim:
– Yoldaş, - dedim, - bir işdir düşüb, bir səhvdir, eləmişəm, keçin bundan, mənə yer düzəldin.
– Yer düzələcək, - dedi, - ancaq o kassirin də qulağını burmaq lazımdır. Gedək Saşanın yarıma.
Biz həmin vaqona gəldik. Saşa bizi qabaqladı. Baş konduktoru gördükdə daha da ürəkləndi.
– Bu vətəndaş skandal törədir.
Mən yorğun dizlərimi taxtaya söykəyərək, yeni açılan sabahın dərinlərinə baxırdım. Üfüq qəhərli bir ürək kimi sökülür, dalğalar hücum edən ordular kimi şəfəqlərə tökülür, kainat oyanırdı. Saşa-maşa başımdan rədd olmuşdu. Partiyamızın dəmiryol haqqındakı qərarını xatırladım:
"Dəmiryol nəqliyyatında xalq təsərrüfatının hər bir başqa sahələrindən artıq gözdən əsgi asmaq, yalançı zərbəçilik, bürokratizm hallan vardır."
Görəsən, bunu Şaşalar oxuyacaqmı? Ehtimal ki, oxumayacaqlar. Lakin bu sətirlərin, buna aid tədbirlərin Saşalara oxudulacağına heç şübhə yoxdur.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-myaxqiy
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xarici naxoşluq deyəndə zahirdə, üzdə olan naxoşluğu demirəm. Bu sözü mən coğrafi mənada işlədirəm, sərhəd xaricindəki naxoşluqlardan söhbət gedir...Mən deyərdim bizim şəhərdə hakimlik sənətindən çox növbətçiliyi olan sənət yoxdur. Özüm həkiməm, günaşırı, bəlkə də daha çox növbətçi oluram. Xəstələrimə müttəsil nəzarət eləmək, gecə-gündüz müalicə prosesini izləmək nəticəsini vərəqlərə köçürmək, ən güclü bir arzu kimi heç vaxt məni tərk etmir.
EhtiramAğsu yoxuşu şoferlərin gözünə durur. Ancaq aşandan, gədiyin başına çıxandan, üfüq boyu əlvan xalça kimi açılan Şirvan düzünə tamaşa edəndən sonra bütün zəhmət və çətinlikləri unudursan, quş kimi yüngül və yeyin gedirsən.Həyat da belədir. Yüksəlmək çətin və zəhmətli, ancaq səfalı, fərəhli olur; enmək isə asan, ani və qüssəli olur.
Heykəl uçulandaMənəm-mənəm deyənlərin inanma çox da qovluna!*M.Ə.Sabir*
Ay İsmayıl, başa sal!Deyirlər rüşvətlə bərk mübarizə aparılır. Bu doğrudur. Amma mən bilmək istəyirəm ki, rüşvət nəyə deyirlər? Rüşvət ona deyirlər ki, mənim bir vəzifəli şəxsə işim düşür. Qanun buna ziddir. Amma vəzifəliyə filan qədər pul verirəm, o da qanunu ayaqlayır, mənim işimi düzəldir. Buna deyirlər rüşvət!Bir də var ki, mənim nazir rəisi filankəsə hörmətim, məhəbbətim var. Plov bişirəndə onsuz boğazıma getmir. Çağırıb dəsgah düzəldirəm. Bəzi alimlər güman edir ki, bu da bir növ natəmizlikdir. Ancaq burada nağd pul məsələsi yox, natura ilə ifadə olunan rüşvət var, amma bu işlərin eləsi var ki, nə rüşvət, nə də hörmət adlandırmaq olar. Bunun adını mən özüm də bilmirəm. Soruşanda deyirlər, yox, bu ayrı şeydir. Mən bilmək istəyirəm ki, ayrı şey, yəni nə?
Başqa şairlərin şeirləri
Bir bağda bülbül olmasa,Gülün nə miqdarı, dilbər,
Niyə durnamDurnam, getmə, qatar-qatar,Səni mənim ahım tutar.
غبار هستی خود سرمه چشم فنا کردمکفی خاکستر افسرده در کار صبا کردم
Bir nazənin bəyənmişəm, əsli qazaxlıdırBir nazənin bəyənmişəm, əsli qazaxlıdır,Hərdən gülümsəyirsə də, çox qaşqabaqlıdır.