– Həmid əmi, durma, gəl! Maşın danışır!

– Nə maşındı, bala?

– Bizim maşın! Pioner maşını!

Həmid əmi dinməz-söyləməz qapını bağlayıb yaşına yaraşmayan cəldliklə daş pilləkənləri çıxdı, uşaqların toplandığı sinif otağında ayrı bir dəsgah gördü.

Ədil müəllim ortalıqda, ayaq üstdə dayanmışdı. Stolun üstündə radio cihazına oxşayan yaraşıqlı bir qutuya baxıb nəsə deyirdi. Həmid əmini də çağırıb yer göstərdi.

– Əyləş, - dedi, - sən də qulaq as!

Həmid əmi yuxarı sinfin uşaqlarını, yarışan pionerləri görən kimi bildi ki, əhvalat nə yerdədir.

Bu maşının sinfə gəlməyi məktəbdə hamı üçün xoş xəbər idi. Heç kəs güman etməzdi ki, istirahət günü dəmir yığmağa gələn uşaqların əməyi belə nəticə verəcək. Əvvəl uşaqlar bu işi yaxşı dərk etməmişdilər. Bəziləri elə düşünürdü ki, yollardan bu dəmirləri yığdırırlar ki, təkərlərə ilişməsin, bəziləri deyirdi "təmizlik" üçündür. Kimisi də deyirdi traktorların, maşınların sınan yerlərini düzəltməyə dəmir axtarırlar.

Ancaq pionerlər bu işə həvəslə girişmişdilər, siniflər arasında yarış başlanmışdı, yarışan, ötüşənlər kəndin yollarında nə görsələr, yığışdırırdılar: "Qoy bizimki çox olsun!"

Bir də görürdün, neçə məktəbli birləşib ağır bir boçkanı dığırlayadığırlaya budur gətirir. Bir başqası tənəkə parçalarına məftil keçirib sürüyür. Sınmış peç trubasını qiymətli bir şey kimi qoltuğuna vurub gətirir, sınıq bel, tikanlı məftil, maşın qanadı, təkər parçası, araba zənciri...

İstirahət günləri məktəb həyəti dəmir-dümür ilə dolurdu. Həmişə, hər yerdə təmizlik sevən Həmid əmi də uşaqların gətirdiyi bu şeyləri kənara atırdı. Yük maşını gəlib çıxanacan darıxırdı:

– Yola tökməyin, ayaq altını kəsməyin, bala!

Bunları nəqliyyat idarəsindən gələn yük maşınına doldurmamış Həmid əminin rahatlığı olmazdı.

Hərdən şikayətlənərək Ədil müəllimə eşitdirərdi:

– Bizim istirahət günümüzün artıq muzdu hardan çatacaq, Ədil müəllim?

Ədil müəllim Həmid əminin beşinci sinifdə oxuyan, həm də yaxşı oxuyan, pioner kimi ad qazanan oğlunu göstərərdi:

– Ramizdən çatar, onun yaxasından bərk yapış!

Oğlunun adı çəkiləndə Həmid əmi xüsusi bir iftixarla yeriyərdi:

– Nə deyirəm, təki Ramiz də məktəbin işinə yarasın!

Uşaqlar bir-birinin həvəsinə kəndin küçələrində, köç yolunda, nəqliyyat dayanacağında axtarmamış bir qarış yer qoymazdılar. Hey daşıyardılar. Atlı qarışqa yuvasına ruzi daşıyan kimi, ələ keçəni məktəb həyətinə yığardılar...

İndi o günlərdən iki ay keçmişdir. Yarış qurtarmış, hesab-kitab bağlanmış, Köşkü məktəb pionerlərinin işi də pioner qəzetində təriflənmişdi.

Ədil müəllim bu axşam yuxarı məktəb uşaqlarını çağıranda maraqlanmışdılar:

– Konsert olacaq?

– Valideynlər gələcək?

– Sizin yığdığınız dəmir parçaları danışacaq.

– Elə şey olmaz!

– Görərsiniz!

– Necə yəni?

– O ki payızda küçələrə düşüb yığırdınız ha?

– Bəli!

– O dəmir-dümür danışacaq.

– Dəmir danışar, müəllim?

– Dil verəndə, dəmir də danışar, şüşə də!

Zaldakılar ümumi bir maraq ilə əyləşib Ədil müəllimin nə deyəcəyini gözləyirdilər. Ədil müəllim stul üstündə qoyulmuş qutunun - maqnitofonun örtüsünü çıxartdı, qapağını açdı, işgilini tərpətdi.

Hamı yerindən durub təzədən oturdu.

– Nə deyəcək?

– Nə dildə danışacaq?

– Bakıdandı, ya rayondan?

Ədil müəllim dedi:

– Bu saat görəcəksiniz.

Maşının yaşıl gözü parıldadı, üstündəki yastı çarx xırıldadı, xırıldadı, boğazını arıtdadı, birdən danışdı. Maşının bir neçə sözü məktəbliləri təbrik etmək oldu:

– Uşaqlar, sizə çoxlu-çoxlu salam!

Uşaqlar sevincdən bilmədi nə desin, nə cavab versinlər, Həmid əmi maşına baxa-baxa yerindən dilləndi:

– Ay əleykəssalam!

Məktəblilər gülüşdülər. Maqnitofonun səsi daha da aydınlaşdı, tez-tez danışdı. Şəhərdən, zavoddan xəbərlər dedi:

– Mən ki indi sizin qabağınızda oturmuşam, sizin səslərinizi yazmağa gəlmişəm, mənə can verən siz pionerlər olmuşsunuz. Yoxsa mən küçələrdə təpik dəyən, təkər altında ayaqlanan, fəryad edən, batdaq, torpaq içində məhv olan bir parça paslı dəmir idim. Siz məni maşınlara yığıb zavodlara göndərdiniz. Orada məni ağıllı-başlı çimizdirdilər, tərtəmiz elədilər, oda qoydular, əritdilər, xəmir kimi yoğurdular, qəliblərə tökdülər, hissələrə ayırdılar, yaraşıq verdilər. Köynək geydirdilər, möhür vurdular, yaşıl çeşmək qoydular, dil öyrətdilər, sizə qulluq eləməyə göndərdilər.

– Get, - dedilər, - Köşkü pionerlərinə de ki, zavod fəhlələri sizdən çox razıdırlar. Biz onların zəhmətini görüb alqışladıq. Qoy, onlar da bizim zəhmətimizi əziz tutsunlar, kəndə, məktəbə gələn yaraşıqlı maşınları yaxşı işlətsin, yaxşı qorusun, səliqəli saxlasınlar. Əmək əmək ilə birləşəndə gücünə güc çatmaz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İki ananın bir oğlu

O zaman bizim şəhərdə idarələr yerlərini tez-tez dəyişərdi. Uzun müddət bir binada qalan idarə az olurdu. Belə idarələrdən biri də çay kənarında, balaca bağ içindəki uşaq bağçası idi. Bu bağça mənim yolumun üstündə idi. Hər səhər-axşam buradan ötərdim. Ərik və gilas ağaclarının altında oynaşan quşlar kimi budaqdan-budağa, səkidən-səkiyə hoppanan uşaqlara tamaşa etməkdən doymazdım. Uşaqlıqda bağçada yaşamadığımdanmı, keçən günlərin şirin xatirəsindənmi, nədənsə buradakılara qibtə edər, saatlarla taxta məhəccərə söykənib baxardım.Bir dəfə evə qayıdanda, bağça qabağında izdiham gördüm. Hamıda bir həyəcan, təəssüf qarışıq sevinc duyulurdu. Adamlar bağçaya baxırdılar. Bağça həyəti isə izdihamdan görünmürdü. Hər kəsdən soruşdumsa, müəyyən cavab demədilər. Səslər gəlirdi:

194510 dəq
Badam ağacları

Ədalət! Yaşıdlarınla gəlin-gəlin oynamalı*vaxtında səni çöllərə salanları, vətənini,*

195318 dəq
Gərək olar

Elə düşüb ki, qonşum işdən gələndə mən işə gedirəm. O, gündüzlər işləyir, mən axşamlar. O, zavodların birində mühəndis, mən də məktəblərin birində müəlliməm. Doğrudur, qonşuluğumuzun on beş ildən artıq tarixi var, ancaq Mürsəllə yaxın əlaqəmiz, get-gəlimiz yoxdur. Demək olar ki, bizim tanışlıq və ya dostluğumuz qonşuluqla başlanır və qonşuluqla bitir.İlk dəfə mən onu müharibədən əvvəl küçəmizdəki on bir nömrəli evə köçəndə görüb təbrik etmişəm. O da mənə ya qapıda rast gəlir, salamlaşır, ya ümumşəhər yığıncaqlarında görüşüb əhvallaşırıq. Yaxın münasibətimiz olmadığından bizim əhvallaşmağımız da dilucu və rəsmi olur. Söhbətimiz, bir-biri ilə o qədər də maraqlanmayan, ancaq qəbul olunmuş nəzakət qaydalarına riayət üçün edilən və qəlib şəklinə düşmüş müxtəsər və mülayim sual-cavabdan ibarət olur:

195310 dəq
Özündən naxoş

Людей одиноких по натуре, которые как*рак-отщелник или улитка, стараются уйти*

19546 dəq

Başqa şairlərin şeirləri