Gərək olar
Səhifə 1 / 2
Elə düşüb ki, qonşum işdən gələndə mən işə gedirəm. O, gündüzlər işləyir, mən axşamlar. O, zavodların birində mühəndis, mən də məktəblərin birində müəlliməm. Doğrudur, qonşuluğumuzun on beş ildən artıq tarixi var, ancaq Mürsəllə yaxın əlaqəmiz, get-gəlimiz yoxdur. Demək olar ki, bizim tanışlıq və ya dostluğumuz qonşuluqla başlanır və qonşuluqla bitir.
İlk dəfə mən onu müharibədən əvvəl küçəmizdəki on bir nömrəli evə köçəndə görüb təbrik etmişəm. O da mənə ya qapıda rast gəlir, salamlaşır, ya ümumşəhər yığıncaqlarında görüşüb əhvallaşırıq. Yaxın münasibətimiz olmadığından bizim əhvallaşmağımız da dilucu və rəsmi olur. Söhbətimiz, bir-biri ilə o qədər də maraqlanmayan, ancaq qəbul olunmuş nəzakət qaydalarına riayət üçün edilən və qəlib şəklinə düşmüş müxtəsər və mülayim sual-cavabdan ibarət olur:
– Salam!
– Əleykəssalam!
– Necəsiniz?
– Sağ olun, duaçı varıq. Siz necəsiniz?
– Çox sağ olun!
– Ayrı nə var, nə yox.
– Sağlığınız.
– Havalar da pis deyil.
– Bəli xoş keçir.
– Daha nə var, nə yox?
– Daha səlamətlik, bu yana tələsirəm.
– Di hələlik!
– Xoş getdiniz!
Deyə bilərəm ki, bu mükalimə Mürsəllə mənim aramda, yalan olmasın, hər görüşdə təkrar olunur. Bəzən bir-iki kəlmə o yan-bu yana olsa da, məzmun dəyişmir.
Bəs nə üçün biz söhbəti dərinləşdirmir, ya uzatmınq. Bəlkə bizim bir-birimizlə danışmağa sözümüz yoxdur.
Belə deyil, danışmağa söz var.
Bəlkə işə tələsirik, bundan artıq dayanmağa vaxtımız olmur.
Belə də deyil. Ürəyin istəyən adamla danışmağa, əhvallaşmağa vaxt tapılar. Axşam işi də ki, ləğv olunub.
Bəlkə bir-birimizi istəmirik, yaxınlıq etməyə meylimiz yoxdur.
Bunu da deyə bilmərəm. Çünki Mürşəl mənim üçün həm qonşu, həm də yaxşı bir mütəxəssisdir. Mənim texnika sahəsində çalışan mütəxəssislərin işinə və söhbətinə meylim, marağım çoxdur. Ola bilər ki, Mürsəlin məndən acığı gəlir, xoşlanmır. Haqqı danışmaq lazımdır, bunu mən hiss etməmişəm, kişiyə şər ata bilmərəm.
Soruşacaqsınız ki, yaxşı, bəs sizin aranıza daş dığırlayan kimdir. Niyə yaxınlaşmırsınız.
Bunun səbəbini, əslinə baxsan, özüm də yaxşı bilmirəm. Ancaq son zamanlar Mürsəllə mənim aramızdakı bu sərinlik birdən-birə gözlənmədən çəkildi. Buna da səbəb bir hadisə oldu ki, bu hekayədə onu sizə danışmaq istəyirəm.
Mürsəl orta yaşlı, boydan uca, candan sağlam, xoşsifət, ağbəniz, qalınqaş bir kişidir. Mən qapıdan çıxıb trolleybus ayağına yönəlməkdə, Mürsəl də trolleybusdan düşüb on bir nömrəli evin daş pilləkənlərinə tərəf gəlməkdə.
Onu da deyim ki, Mürsəlin qazancı yaxşıdır. Çox yaxşıdır. Bunu mən nədən bilirəm. Əlbəttə ki, onun idarəsindən, vəzifəsindən, həmkarlar ittifaqı kitabçasından xəbərim yoxdur. Ondan bilirəm ki, Mürsəl işdən evə qayıdanda əlidolu gəlir. Gözümlə görmüşəm. Xüsusən hər il, hökumət qərarilə mallar ucuzlaşandan sonra, Mürsəlin bazarlığı çox olur. O, qoltuğu dolu, tər basmış bir halda özünü evə salır. Qapını ayağı ilə açır. Mürsəlin aldığı ərzaq şeyləri ilə işim yoxdur. Məni maraqlandıran bu olub ki, Mürsəl nə olsa (bahalı, ucuzlu, böyük, xırda) küçə qapısında açıb tökür, sanki bazarlığını qonum-qonşuya, yoldan ötənlərə göstərmək istəyir. Deyəsən kişi bunu şöhrət bilir, bundan zövq alır. Görürsən qapıya yetişən kimi əlindəki iri qutunun kəndirini qırdı, ağzını açdı, oradan bir parıldayan elektrik çayniki, stol lampası, ya uşaq kino cihazı, ventilyator çıxartdı; qutunu kağızları ilə qapıda qoyub içəri getdi. Ya görürsən çəkmə, papaq, üst köynəyi, yazı cihazı, stol saatı... Bunların da kağızını açıb tökəndən sonra içəriyə apardı.
Doğrusu, qonşumun bu xasiyyəti mənə qəribə gəlmişdi. Çünki belə bir hərəkət, yəni aldığı şeyləri camaat qabağında açıb tökmək, hamıya göstərmək, mənim fikrimcə, yaxşı deyil. Buna görməmişlik deyərlər.
Dünyada əlbəttə ki, elə adamlar da var. Elə adamlar var ki, təzə paltosunu, kostyumunu göstərmək üçün şəhəri küçə-küçə gəzir, qaranlıqlaşana qədər gəzir. Yorulub dildən düşsə də, gəzir.
Nədənsə mənə elə gəlirdi ki, bu xasiyyət Mürsələ yaraşmır, heç yaraşmır. Bir adam gəlib qonşum haqqında bunları danışsaydı, mən inanmazdım və o adamı bəlkə də bir az danlardım.
İndi bunları mən öz gözümlə görürəm. Mürsəl içəri girəndə qapıda qoyub getdiyi, kənara atdığı cürbəcür biçimli, markalı rəngli qutuları, iri qalın kağızları, bağlama kəndirlərini öz gözümlə görürəm, yenə də gözümə inanmağım gəlmir. Ona görə inanmağım gəlmir ki, belə bir "görməmişliyi", ya "şöhrətpərəstliyi" Mürsələ yaraşdıra bilmirəm.
Deyirlər, söz adamın ürəyini dələr. Günün birində qət etdim ki, bu işi hökmən qonşumun nəzərinə çatdıracağam. Acığı da gəlsə deyəcəyəm. Qoy bilsin ki, kənardan baxanlar danışırlar, onun bu xasiyyətinə yaxşı demirlər. Qoy bilsin ki, bazardan bol-bol ev ləvazimatı, sənaye malları alan minlərlə adam var. Amma heç kəs aldığını küçədə açıb elan etmir. Bu, mədəni adama yaraşan xasiyyət deyil. Bu, adamı hörmətdən salar.
Söz vaxtına çəkər. Aprelin əvvəlləri idi. Saat beş, ya altı olardı. Evdən çıxıb trolleybusa tərəf gedirdim. Mürsəlin yenə, öz qaydasında qapıda bir bağlamanı, kub şəklində, yaraşıqlı və üstü yazılı qutunu açdığını, içindən çıxartdığı uzun büllur vazaların kağızını soyub tökdüyünü gördüm. O, işarə ilə mənə salam verdi. Vazaları qucağına alıb içəri gedəndə mən onu haqladım.
– Mübarəkdir, büllur almışsınız! - dedim.
– Bəli, güldanlardan xoşum gəlir.
Mürsəl mənim ötəcəyimi güman edirdi. Mən isə səsimin ahəngini bir qədər dəyişdim:
– Qonşu, sizə bir söz deyəcəyəm, gərək acığınız tutmasın. Ya ərk bilin, ya də özünütənqid sayın. Çoxdan ürəyimdə gəzən bir sözü sizə deməyi qət etmişəm.
Mürsəl gözləmədiyi bir söhbətə müntəzir, həm də xeyli maraq etdiyini gizlədə bilməyən bir tövrlə dayandı. Sonra qolumdan tutub içəri çağırdı:
– Buyurun, buyurun! Acığım tutmaz. Yaxşı məsləhətinizi eşitməyə hazıram. İllah da ki, siz kimi bir müəllim yoldaşdan ola.
– Qonşu, görürəm siz doğrudan da əsil qaygikeş, ailəcanlı bir yoldaşsınız. Mən hər dəfə sizi qoltuğu dolu görəndə sevinirəm. Sevinirəm ki, bizim yaxşı ziyalılarımız bütün sevinc və şənliklərini, bayramlarını məhz ailələri ilə birlikdə keçirirlər. Amma bir şey mənə qaranlıqdır ki, onu sizinlə, elə-belə sual şəklində məsləhətləşmək pis olmaz.
Mənim sözüm, deyəsən Mürsəldə maraq oyatmışdır. O, müntəzir gözlərini diqqətlə mənə zilləmişdi. Mətləbi hara gətirəcəyimi aramsız gözləyirdi. Mən tənqidimə sual rəngi verdim:
– Bu ki siz aldığınız şeyləri qapıda hər dəfə açıb tökür, qutudan, qəzetdən çıxanrsınız ha, doğrusu, bunun mənası mənə bir qədər aydın deyil axı. Şükür, sizin gözəl eviniz, otaqlarınız, ailəniz. Nə olar ki, aldıqlarınızı açmamış evə gətirəsiniz. Evdəkilərin özü də bir az maraqlanar, sonra mübarək deyərlər. Mən görürəm ki, siz bazarlığı, şübhəli sovqat kimi, lap qapı ağzında açırsınız, hamının gözü qabağında! Uşaqlar buradan həmişə qutu daşıyırlar. Bir dəfə ananızın onlara acıqlandığını da eşitmişəm...
Mən illərdən bəri ürəyimdə bir ağrı kimi yatıb qalan və qaldıqca ağırlaşan bu sözləri dedikcə, bir yüngüllük, rahatlıq duyurdum. Mənə elə gəlirdi ki, haçandan bəri zehnimə yüklənən bu ağırlıqdan indicə qurtarmışam. Qəddimi düzəldib ətrafıma bir baxdım. Mürsəllə daha müfəssəl danışa bilərdim. Ancaq buna ehtiyac görmədim. Çünki mənim ilk işarəmin hərifə kifayət etdiyi məlum idi. Mürsəl qucağındakı vazaları ehmallıca taxtın üstünə qoyub fikirli-fikirli mənə baxır, daha nələr deyəcəyimi gözləyirdi. Mən isə əlavə bir söz deyəsi deyildim. Çünki oxum lap hədəfə dəymişdi. Qonşum rəngdən-rəngə düşürdü. Mənim susduğumu yəqin edəndən sonra göz qapaqlarmı aşağı endirir, yerə, lap çəkmələrinin ucuna baxırdı. O, çətin suallara tutulan hazırlıqsız bir məktəbli vəziyyəti almışdı. Başını qaldırıb xoş bir nəzərlə dedi:
– Qonşu, gəl bu söhbəti ayrı vaxta qoyaq. Görürəm siz işə tələsirsiniz.
– Nə eybi var.
– Mən zəhmət verib sizi çağıracağam. Ərkim çatarmı?
– Xoşdur, xoşdur.
Mürsəl doğrudan da məni çağırdı. Mətləbi açıb danışdı. Budur mən onun dediklərini onun öz sözü ilə sizə danışıram:
"Mənim anamda köhnədənqalma bir xasiyyət var. O, çox yığımcıl qadındır. Əlinə keçən bir çöpü, mismarı, bir taxta parçasını, konserv qutusunu götürüb evə gətirər ki, "gərək olar". Bizim evdə olan qutu, karton, kağız, köhnə paltar, çəkmə, qaloş, qalstuk, stul qıçı, butulka, dərman şüşəsi, çatdaq boşqab, qırıq nəlbəki, xarab lampoçka, yazılı uşaq dəftəri, sınıq qələm, sökük zənbil... heç kəsin evində yoxdur. Yalan olmasın, anamın bəlkə lap gəlinlik günlərində geyib dağıtdığı başmaqları, parça-parça etdiyi koftalar da evimizdə, sandıqların, yeşiklərin hansı küncündəsə durur. Mən hərdən cəsarət edib onları atmaq istəyəndə anam acıqlanır:
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-gerek-olar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kim nə deyir, desin. Qoy pedaqoq "uşaqların keyfiyyətinin tamam ayrı, böyüklərdən başqa" olduğunu isbat üçün gücənsin, qoy saqqalı xınalıılar "kiçiklərin böyük işinə qarışmasına" qudursun, qoy Telli xala "zamana uşaqlarının zatı xarablığından" şikayətlənsin...Fakt faktlığında qalır, 22 milyon yeniyetmələr, çoxmilyonlu pioner və gənclik köhnə dünyanı bolşevik xəttindən topa tutmaqla silahlanır. Bu gəncliyin önündə yeni bir aləm parlayır. Bütün qüvvələr bu nəslin əlində mum kimi yumşalacaq, hər şey yeni tələbə görə, yeni məzmun, yeni şəkil alacaqdır. Qütbdən-qütbə, şərqdən-qərbə qoca dünya, hazır ol! Üzərində sızıltısız, naləsiz, istismarsız, "qəza"sız, "sən"siz, "mən"siz bir həyat qurmaq üçün böyük işlər ordusu - Kommunist nəsli gəlir...
BoyGünəş sarı tellərini sürüyüb qərbə, uzaq göy dağların ardma aparır. Kölgələr ağaclara dırmanır, tarlaları yiyəsiz buraxıb gələn arabalar, cütçülər alçaq əyri çəpərlərin arasında qaynaşır. Hər şey öz yerini arayır, hər kəs öz yuvasını tapır. Bir saat əvvəl tarlalarda yayılan, sularda əriyən səslər indi qapılarda ucalır. Biri o birisinə, o birisi mala, qadın kişiyə, kişi inəyə qışqırır. Bu səslər hər şeydən əvvəl daşlıqlarda parçalanmış qarmon tellərindən qopan ahəng kimi bir-birinə qarışır.Bizim qapımızda isə ölüm sükutu vardır. Qaranlıq daxmanın rütubətli döşəməsində uşaq eşələnir, ağlayıb yorulan bu uşaq kirli əlləri ilə yeri cızır, torpaqdan təsəlli arayır.
Analar yarışıÖzünüzü Gəncənin üç verstliyindəki ağaclıq, bağlıq, bağçalıq təpələrdə, "Qızıl qaya"nın munis döşündə hiss ediniz. İstirahət günüdür. Şəhərdən yuxarıya suların mənbəyinə, üzüm bağlarına doğru yollar uzunu şən bir axın başlamışdır. Bağların içi ləzgi toyuna dönmüşdür. Hər tənək dibindən gülüş şaqqıltısı, hər təpə başından musiqi səsi ucalır. Sanki uzun müharibələrdə basılmaz düşmənə çalınan əbədi qələbənin mərasimidir. Sanki günəş, sular, ağaclar, çiçəklər, təbiətin bütün zənginlikləri bu həyat qaliblərinin toyuna çağırılmışlar. Bağlar şaq-şaq şaqqıldayır.Pakizə xala əvvəllər bu şənliyə, hərəkətə tam yabançı idi. Əgər anası Bədimisə yuxusuna girərək gələcəkdə onun üçün belə şən və qayğısız bir həyat açılacağını söyləsə idi, diksinər, yuxudan ayılaraq:
Qüdrət nümayişi– Karl Marks.Bu adı, geniş və qabarıq köksündə, qələbə ordeni kimi daşıyan gəmimiz sularda süzərək arxasınca gümüş iz buraxırdı. Tərk etdiyimiz sahil şəhəri, şamlıqlar, qayıqlar və sarı torpaqlı yamaclar dənizə batırmış kimi, alçalır, kiçilirdi. Oneqa gölünün ortasına çatdığımız zaman quru tamamilə gözdən itdi. Günəş başımız üstündə durub yolumuzu işıqlandırır, kürəyimizi isidir, bizə muştuluq verirdi:
Başqa şairlərin şeirləri
Qəribə bir nəql eyləyim, ey cavan,Bir dəm eşit, mətləb olsun əyan
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,