Məzmun
  1. 1
  2. 2
  3. 3

Səhifə 1 / 3

1

Hikmət salam verib içəri girəndə rəis ayağa qalxdı, stol arxasından keçib görüşdü, xoş gəldin elədi:

– Sizdən nə əcəb, Hikmət xanım, mənə aid qulluq!

– Qul sahibi olasınız, Şamil qardaş, bağışlayın, sizə zəhmət verməyə məcbur olmuşam.

– Nə zəhmət, borcumuzdur, buyurun! Necə dolanırsınız, Qədir necədir, uşaq gəzirmi? Çoxdandı sizi görmürəm, nə var, nə yox?..

Şamilin bu mehriban suallarından Hikməti qəhər tutdu. Qız güman etdi ki, şikayətindən rəisin xəbəri vardır. Bəlkə də Hikmətin halına acıdığı, yandığı üçün bu qədər köyrəlmiş, mülayim olmuşdur.

Şofer Qədirin Hikmət ilə iki il əvvəl evləndiyini trest rəisi bilirdi. Onlara yeni mənzil orderini də özü vermişdi. Neçə ay əvvəl qonşulardan eşitmişdi ki, Qədir ailədə özünü yaxşı aparmır. Hikməti incidir. Eşitmişdi, bu söhbətə o qədər məna verməmiş, güman etmişdi ki, ailə həyatında ötəri inciklik, giley-güzar olan və tez də ötüb-keçən şeydir. "Ər-arvadın savaşı - yaz gününün yağışı."

İndi, budur, Hikmətin trestə gəlməyi, özü də zəngsiz, xahişsiz, ümumi qayda ilə qəbul saatlarında gəlməyi göstərirdi ki, şübhəsiz, bir çətinlik var.

Üzünü Hikmətə tutub soruşdu:

– Buyurun, qulaq asıram, mənə aid...

Hikmət zamanının utancaq, ismətli, həyalı qızlarından biri idi. Qədir ilə tapışıb birləşmək də bir təsadüf ucundan, trestə cavan fəhlələr cəlb edən komissiyanın yaz qəbulunda olmuşdu.

Məhəbbət, toy, tədarük, ev-eşik dəsgahında Hikmət yavaş-yavaş ərinin bəd xasiyyətinə bələd olmağa başlamışdı. Daha doğrusu, Qədir indi nişanlı günlərində tanınan nəzakətli, həssas, üzüyola Qədir deyildi. İndi o, həmkarları arasında şərab içməkdə, içki məclislərinin "ədəb-ərkanını" bilməkdə seçilirdi. Durub-oturur, şərabı "kövsər suyuna" bənzədir, cürbəcür məziyyətlərindən danışır, misal çəkir, arağı, konva-kı hansı məzələr, hansı xörəklərlə, günün nə vaxtında, kimlər ilə, necə içməyin qaydasından, faydasından elə şirin-şirin danışırdı ki, elə bil, bir ovçu öz hünərindən dəm vurur. Bəzi tanışları da onu bu məharətinə görə saya salır, vaxt-bivaxt məclislərə çağırırdılar. Hikmət əvvəllər dinib-danışsa, narazılığını bildirsə də, Qədir üz-gözünü turşudardı:

– A qız, - deyərdi, - mən kişiyəm axı! Kişi araq içər də, dünya-zad görməmisən? Arvad nədi, kişi işinə qarışdı nədi?..

Hikmət isə buna dözmür, doğrusu, dözə bilmirdi. Ər-arvad ixtilafı nəinki sönmür, daha da alovlanırdı. Bir-birindən tünd, kəsərli spirt Qədirin hülqumundan axdıqca pulunu, bağırsaqlarını, ciyərlərini, hətta yenicə qurduğu gənc ailə münasibətlərinin hələ bərkiməmiş ipək bağlarını, məhəbbətin pak, müqəddəs, bakir, doğma hisslərini də yandırıb külə döndərir, göyə sovururdu. Qədir aldığı maaşın çoxunu arağa, sarımsağa, turşulara, kolbas dürməyinə, kampaniyaya, orda-burda qonaqlığa sərf edirdi. Spirtli içkilərin insan vücudunda nə kimi sarsıntı-dağıntı, necə kimyəvi təbəddülat yaratdığını bilmək üçün leksiyalardan, kitabçalardan çox, şofer Qədirin qızarmış üzündən, tuluqlanmış göz qapaqlarından, güləndə qara dişlərindən, xırıltılı səsindən, müsahiblərini bezdirən fısıltısından, ağzından gələn "ətir" iyindən bilmək olurdu.

Xüsusən, Hikmətin uşağı olandan, müvəqqəti işdən çıxıb uşağına baxmağa başlayandan sonra Qədir evdə tapılmır, axşamına ayıq baxmırdı. Maaşın alınmağı ilə yox olmağı bir olurdu. Əlinə pul gələn günlər Qədir həm evdə tapılmır, dindirəndə qan-qada ilə cavab verirdi: "Xəta eləmədik evləndik. Qoymazsan, bu işıqlı dünyada yaşayaq?"

Əlbəttə ki, Qədir "işıqlı dünya" şəraba, "yaşamaq" da qurtaqurt şüşələrdən stəkana, fincana tökülən arağın cərəyanına deyirdi. Bu səs ona hər hansı bir muğam və mahnıdan şirin idi. Qalan hər şey: idarə, iş, ailə, uşaq onun üçün bir növ "qaranlıq dünya" hesab olunurdu.

Özündən çox kiçik, zəif, utancaq, uşaqlı bir gəlin olan Hikmətin sözləri də, nəsihətləri və yalvarışları da, Sədi demişkən, günbəzə vurulan qoz kimi nəticəsiz idi. Gör iş hara çatmışdı ki, bir kəlmə söz deyəndə pul kimi qızaran, utanan, idarə qapısı tanımayan Hikmət indi əzmini cəm eləyib, trest rəisinin yanma şikayətə, dərdini deməyə gəlmişdi.

Hikmət rəisdən xahiş edirdi ki, heç olmasa məvacibi ərinə birdən verməsinlər, ailənin xərcini çıxsınlar, ya onun "başına bir ağıl qoysunlar."

Şamil Hikməti hörmətlə qarşıladığı kimi, möhkəm vədə ilə də yola saldı.

Hikmət gedəndən sonra kişini fikir götürdü: "Bu nə məişətdir ki, dünən-srağagün ailə quran bir fəhlənin əməyini, sağlamlığını, səadətini, abrını araq seli yuyub aparır?.. Bu bədbəxt oğlunu qudurdan nədir? Bu nə zəiflikdir ki, kollektiv də Qədirin hərəkətinə soyuqqanlıdır, dözür, tədbir görmür, cavan gəlinin göz yaşları tökməsinə laqeyd baxır?.. Bu nədir, nə işdir?"

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Susuzluq

Payız yeni girmişdi. Ancaq yayın yandırıcı istisi, boğucu bürküsü davam edirdi. Biz şəhərdən çıxmış, yaxın kəndlərin birinə doğru yol almışdıq. Yolun hər iki tərəfi də quraqlıq və bomboş idi. Uzaq dağların döşündə saralan küləşli zəmilərdən, boz və sıldırım yarğanlardan başqa heç nə görünmürdü.Ətrafda göyərti adında heç şey qalmamışdı. İsti bitkiləri qurumuşdu. Sanki ətraf bu saat alışıb-yanacaqdı. Quraqlıq ucundan bu çöllərdə həyat əlaməti görünmürdü. Arabir daş və ya kol dibindən qalxan quşlar havada dayana bilməyib, dərhal yerə enirdilər. Onların uçuşu oda düşmüş, yanmaq qorxusundan çırpınan, çapalayan bir məxluqu xatırladırdı. Yalnız cırcıramaların səsi eşidilirdi ki, bu səs də adama nədənsə "yandım-yandım!" fəryadı kimi gəlirdi. Qaynayan hava təndirdən qalxan alov kimi titrək dalğalarla göyə çəkilirdi. Sanki bu saat yerdə hava qurtaracaqdı.

19417 dəq
Vətən yaraları

Səngərimdən çıxanda, üzgüçü suya atılan kimi, ön xəttin atəşinə atılmışdım. Nə gurultu, nə alov, nə də, sanki dəhşətləri örtmək istəyən toz, duman mənə qəribə gəlirdi. Güman edirdim ki, bu atılan güllələrin biri də mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb-örtülən alov da mənəm. Döyüş sürəti və hərarətində özümdən xəbərsiz kimi yanırdım. Qan gözümü örtəndə, qılçalarım hərəkətdən qalanda kökü vurulmuş bir ağac kimi yerə sərildim. Sanki bir səs mənə deyirdi: "Bəsdir! Burax!" Lakin mən bunu eşitmək istəmirəm. Diqqətlə yaralarımı duymaq, özümə gəlmək istəyirəm; bacarmıram. İsti mayenin vücuduma axdığını və axdıqca məni xoş və sakit bir rahatlığa apardığını, olduğum aləmdən ayırdığını hiss edirəm. Ayrılmaq istəmirəm. Görmək, eşitmək, düşünmək istəyirəm. Hansı bir qüvvənin əli iləsə gözlərim örtülür, bayaqdan bəri dəmirçi kürəsi kimi səslənən qulaqlarım tutulur, başımdakı ağrı məni alıb aparır. Birdən-birə aləm sükuta dalır, hava qaralır, ətrafımızdakılar əvvəlcə gülləyə, sonra daşa dönür, get-gedə kiçilir, sularda əriyib, yox olurlar.Məndən qabaq yaralanmış yoldaşlarım danışardılar: birisi həsrətlərini, birisi əziyyətlərini, bəzisi ölüm təhlükəsini necə keçirdiyini deyirdi. Mən bunları xəyalıma gətirmədim. Bəlkə də buna görə bunları keçirə də bilmədim. Mən gözümü açanda, özümü isti, təmiz və sakit bir otaqda, rahat yataqda görəndən sonra başım üstə dayanan ağsaçlı həkimin təbəssümünü, gənc bir qızın tərimi sildiyini, su içirtmək istədiyini görəndən sonra duydum ki, həyata qayıdıram. Deyəsən məni bunlar, qalın kitabların mənası ilə silahlanmış həkimlər, şəfqət və mərhəmətdən yoğurulmuş qızlar qaytarırlar? Haraya qaytarırlar? Mən qapandığım, tapındığım hissiz sükut aləmindən qayıdıram.

194212 dəq
Leyla

Gözləyən qızlarımız, gəlinlərimiz,*bacılarımız, analarımıza hədiyyə*

194311 dəq
Ər və arvad

Qarovul batalyonunda üç aydan artıq idi ki, təlim keçirdik. Bir gün komandir məni çağırdı:– Sənə, - dedi, - tapşırıq var. Şəhərə adam aparacaqsan!

194310 dəq

Başqa şairlərin şeirləri