Vicdan mühakiməsi
Səhifə 1 / 5
– Divardan boylanan uşağı görürsənmi?
– ...
– Ağ maykalını deyirəm. Odur ey, qoz ağacına dırmaşdı. Budağın arasında.
– Görürəm, kimin uşağıdır?
– Bəllidir ki, kimin uşağıdır?
– Necə yəni, bəlli deyil?
– iki aydır, xalq məhkəməsində bir işə baxılır. Hey baxırıq, baxıb qurtara bilmirik.
– İrsiyyət məsələsidir?
– Vicdan məsələsidir.
– O boyda uşağın vicdanı barəsində?..
– Uşağın yox, ətrafında böyüklər var.
– Vicdanlar mühakimə olunur?
– Vicdansızlar həmişə mühakimə olunur.
– Qanunda elə məcəllə var?
– Niyə yoxdur, məcəlləsi belədir ki, uşağın doğma anası, bir də tutma anası vuruşurlar. Dava bunun üstündədir. Tutma ana əsl ananı yaxın qoymur. Haqqı da var qoymamağa.
– Necə doğma anadır ki, haqqı yoxdur?
– Doğma anası vicdansızdır. Analıq hissini itirmiş qadındır. Yəni əvvəldən bu hiss onda olmayıb.
– Analıq hissini itirən, övlad davası eləməz.
– Ayrı məqsədi var, analıq yox!
– Nə məqsədi ola bilər! Bir tikə uşağın şöhrəti yox, vəzifəsi yox?..
– Gələcəyi düşünür. Görür, daha kef çəkmək əyyamı keçir, üz qırışıb, göz bürüşüb, görkəm gedib. Kişilərdə də ki, etibar görmür. Bir vaxt var idi, yüz uşağı bir təsadüfi öpüşə qurban verərdi. Xuşgəbar tez xarab olur axı. İndi daha, deyəsən, hərif peşman olub. Sonrakı peşmançılıq da, atalar deyib, bəhrə verməz.
Bu qısa mükalimədən sonra mən müsahibimdən - məhkəmə sədrindən xahiş etdim ki, məktəbli uşağın taleyi ilə bağlı işin təfsilatını danışsın. O da, sağ olsun, sözümü yerə salmadı.
Bu yazdıqlarım bəzəmə deyil, həmin yoldaşın dedikləridir. Hadisəni olduğu kimi saxlamışam. Ancaq yazı cəhətdən bir qədər o yan-bu yan eləmişəm. Bunun üçün də müsahibim, oxucularım və tənqidçilər məndən inciməsin gərək.
1
Qoz ağacına dırmaşan ağ maykalı, girdəsifət, qıvrımsaç, qaragöz uşağın adı Həsrətdir. Bu adı ona nə anası, nə də atası vermişdir, nə də özü götürmüşdür.
1941-ci ilin yayında, müharibə alovu hər yanı çulğaladığı bir zamanda doğulan, həm də, necə deyir, "qanunsuz" doğulan bir uşağın taleyi ilə, aydındır ki, maraqlanan az olacaq idi.
Əslinə baxsan, uşağın anası Nazilə heç bu uşağı doğmaq istəmirdi. Boynuna düşən gündən fikri o idi ki, həkim tapsın, pul, fürsət tapsın, "bu ağırlığı" üstündən "rədd" eləsin. Bunun da səbəbi çox idi. Bir səbəbi o idi ki, Nazilə özü yenicə 18 yaşma çatmış, gənclik aləminə qədəm qoymuş, oğlanlardan yağlı dil və nəvaziş eşitmək istəyən atasız-anasız bir kənd qızı idi. Vağzalda qamışa düzdüyü gilas bandaxlarını satanda salamlaşıb tanış olduğu əsgər oğlanın şirin sözləri xoşuna gəlmişdi.
– Qız, deyəsən, bu gilas öz ağacınızdandır?
– Həyətimizin ağacından.
– Görünür, lap özün bəsləmişən?
– Özümüz...
– Deyəsən, özün də dərmisən?
– Özüm.
– Görürəm axı, belə bandaxlar hər bağbanın işi olmaz. - Əsgər oğlan səsinin ahəngini dəyişib ərk ilə dedi: - Ancaq qız uşağının gilas ağacına çıxmağı bir az...
– Bir az nə?
– Bir az çətin olmazmı?
– Mən hər ağaca çıxıram.
Deyəsən, əsgər oğlan bu cavabı gözləyirdi. Naziləyə lap yaxın durdu, əyilib dedi:
– Məhəbbət ağacına necə, çıxa bilərsən, ya yox?
Əsgər oğlanm birdən-birə dediyi bu söz Naziləni cərəyan kimi titrətdi. Qız qəfildən vurulmuş kimi, qızardı. Oğlan dik-dik onun üzünə baxmaqdan, sözünü təkrar etməkdən utanmadı:
– Düzünü de, çıxa bilərsən, ya yox?
– Nə danışırsan, əədə!
Nazilə bu etirazını elə həzin, mülayim və təcrübəsiz bir ifadə ilə dedi ki, əsgər oğlan zahirən təslim oldu:
– Mən bir şey demədim, gözəl qız. Ancaq söz soruşdum. Bəyəm, soruşmaq olmaz? Adam gözəl olanda cavab verməz bəyəm? Sözdür soruşuram. Acığın tutursa, bağışla!
Əsgər oğlan qızdan gilas da aldı. Onu maşına qoyub evlərinəcən yola da saldı.
O gün hər şey - kənd evləri, fermanın idarəsi, mal-qarası, otlaqları, yəni çəpərli yollar, həyətin tut, gilas, ərik, nar ağacları - hamısı kö kündən qopub Nazilənin başına fırlandı.
Əsgər oğlan bəlkə də heç Nazilənin yadına düşməzdi. Ancaq Nadir ayrı cür oğlan idi. Belə mehriban, məhrəm, güləşqabaq Nadir doğrudan da gözəl, yaraşıqlı oğlan idi. Açıq alnı, çatma qaşları, iri, qara gözləri, gül yarpağı kimi nazik dodaqları, gülümsər sifəti var idi. Nazilə diqqətlə baxanda görürdü ki, Nadir qəşəng oğlandır. Deyəsən o, Nazilə üçün yaranmışdı. Uzaq yerlərdən bu vağzala onun üçün də göndərilmişdi. Onun əsgərliyi, bu hissədə qulluğu, qıvraq hərbi libası, parıldayan boğazlı çəkmələri, bərk çəkilən bel qayışı, səsli addımları - hamısı Nazilə üçündür. Buna görə də Nazilə ilk görüşdə ona işıqlı sifət, bakir qız təbəssümü göstərmiş, könül vermişdi.
Əsgər oğlan (Nadirin komandir olduğunu Nazilə sonradan bildi) axşam onu dəmiryol klubuna konsertə çağırdı. Konsertdən sonra maşına qoyub lap evlərinə qədər ötürdü. Maşından düşəndə də əlinə bir şo-kalad qutusu verdi:
– Götür, götür! Utanma, sənin üçün almışam, Nazilə!..
İndi Nazilənin qarşısında başqa bir aləm açılırdı. O görürdü ki, dünyada başqa-başqa işlər də var. Fermada müdirin qışqırığını eşitməkdən, danaları otarıb qaytarmaqdan, iclasda oturub əl çalmaqdan, meyvə yetişəndə ağaclardan dərib vağzala, qatar ayağına qaçırıb satmaqdan, hasil olan pula tufli, corab almaqdan, inək sağmaq, su daşımaq, həyət-baca süpürmək, kəndə, adam dalınca qaçmaqdan başqa ayrı cür işlər də var imiş...
Nazilənin qəlbində, deyəsən, bahar açılanda torpağı söküb çıxan bitkilər kimi yeni-yeni mətləblər baş qaldırır, qaldırdıqca dikəlir, böyüyür, başqa aləmlərdən xəbər verirdi. Çox çəkmədi Nadir - əsgər oğlan Nazilənin nobar meyvə kimi köyrək qız qəlbini elə oğurladı ki, qız özü də xəbər tutmadı.
Nazilə birdən-birə kənd işlərindən soyudu, səhər-axşam vağzal yanında durmağa, komandir maşınlarına baxıb yaylıq eləməyə qızışdı. İndi Nazilə nə ferma, nə kənd, nə həyət, nə gilas ağacları ilə idi. Əsgər oğlanın onu götürüb uzaqlara aparacağına, neçə-neçə şəhərlər gəzdirəcəyinə inanırdı.
Günün birində Nadir Naziləyə xəbər verdi ki: "Bizim hissəmiz başqa yerə köçür. Sən gözlə, beş-altı aya qayıdacağam. Arxayın ol, gözlə!"
Nazilə nə deyə bilərdi? İsti göz yaşları, intizar və gözləməkdən başqa çarəsi yox idi.
Əsgər oğlan getdi. Getdi, Nazilənin ixtiyarını da özü ilə apardı. Aşkarda ondan şirin və aydın bir xatirə, gizlində isə acı və anlaşılmaz bir ağırlıq qaldı.
Nazilə ürəyinin bulandığını, başının hərləndiyini, vücudunun təndir kimi bir istiyə tutulduğunu hiss edir, tez-tez sağıcı Səriyyə xalanın mənzilində daldalanırdı.
– Qızım, kefin yoxdur, sənə nə olub?
– Heç bilmirəm nə olub, başım hərlənir.
– Rəngini də birtəhər görürəm, bəlkə bir adamın-zadın var? Görüşürsən, nə olar, gizlətmə məndən, qorxma!
Nazilə cürət eləyib başına gələni demədi. Sözünə möhkəm inandığı Nadirin vədəsini - "beş-altı ayı" gözlədi. Kimsəyə bir söz demədi. Ancaq işlər öz-özünə ağarmaqda idi. Açılmalı olan səhər heç kəsdən icazə, məsləhət istəmir. Qızın vəziyyəti dəyişməkdə və ağırlaşmaqda idi. Səriyyə xala bir səhər başını bulaya-bulaya Naziləyə dedi:
– Günün qara olmasın, sənin uşağın var?
– Niyə dinmirsən, qız?
– Nə deyim, ay Səriyyə xala!
– Bunun atası köpək oğlu hanı bəs?
– Heç bilmirəm hardadı?
– Rüsvay olacaqsan, ay ərkansız, çarə elə!
Nazilə o mamanın yanma, bu həkimin qapısına getdi, inandığından kömək istədi.
– A bacı, abort qadağan olub, hökumət bilsə, adamı həbsə salar, abort nədi, zad nədi! Uşaqlı analara hökumət kömək eləyir. Qoy uşaqdı olsun, ərin istəmir, nə eybi var! Qanun yolu ilə aliment alarsan, böyüdərsən. Uşaq şirin şeydir, fikir eləmə!
Nazilə ona-buna məsləhət eləyənəcən vədə başa çatdı. Payız gecələrinin birində Səriyyə xalanın evində cavan ana yükünü yerə qoydu.
Utandığından iki əli ilə üzünü örtüb, səhərəcən ağladı. İki gün sonra Nazilə kənddən yox oldu. Körpəni sahibsiz görən sağıcı arvad aparıb doğum evinə verdi. Orada süni əmizdirməklə neçə həftə saxladılar. Uşaq həsrətində olan bir dərzi qadın - Badsəba xaram xəbər tutub, onu oğulluğa götürdü.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-vicdan-muhakimesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənim hafizəm zəifdir. Ən yüksək sevincləri uşaqlıq əyləncələrim kimi unuduram. Ağır kədərlərim, sağalmış tikan yarası kimi yox olub, gedir. Uşaqkən başımdan əsib-keçən fırtınaları, gənc yaşında laçın xəyalımı ovlayan sevgi həsrətlərini, kəndin dar küçələrinə sığmayan nəşələrimi, yarpız kimi ətirli, sular kimi saf ümidlərimi, arzularımı, istəklərimi, yaz yağışı kimi ötəri nisgillərimi unutmağı bacarıram.Lakin onu unuda bilmirəm.
Arxa əsgəri41-ci ilin yayında biz, üç yoldaş çağırış məntəqəsinə gedirdik. Günortanın istisində piyada bir neçə kilometr yolu getməli idik. Bir kəhriz başında oturub dincəldik, sərinləşdik. Kənarda, zəminin ortasında bir dəyə (çardaq) görünürdü. Dəyənin üstü söyüd çırpıları ilə örtülmüşdü. Külək qurumuş yarpaqlara toxunduqca xoş bir xışıltı səsi gəlirdi. Yoldaşım bunun köhnə dəyə olduğunu güman etdi. Mənə elə gəlirdi ki, orada adam vardır. Su qabı almaq bəhanəsilə dəyəyə girdim, qoca, ağsaqqal bir kişinin arxası üstə uzanıb dincəldiyini gördüm. Kişi qalxdı, xoş gəldin elədi. Su içmək istədiyimi biləndə, mis camını götürüb kəhriz başına gəldi. Əvvəlcə camı qumladı, yaxşıca yudu ki, "təmiz olsun, bəlkə canımıza sinmədi."Doğrudur, mən Salman kişi ilə çox oturmaq, söhbət etmək istərdim, ancaq vaxtımız az idi, getməli idik.
AtlıBu axşamkı vuruşma Aqilin gördüyü ilk və son dəhşət idi. Buna döyüş demək düz deyil, çünki insan öz sıra yoldaşını, yaxın silahdaşını da görə bilmirdi. Dünya kəsif bir tüstüyə çevrilmişdi. Tüstü içərisində isə hələ yanmamış, əriməmiş minlərlə maddələr partlayırdı.Düşmən çayın o tayında bərkiyib qüvvə toplayır, fürsət gözləyirdi. Komandanlığımız isə atlılara körpünü keçmək, düşmən hissələri arasında vəlvələ salmaq əmri vermişdi.
Baldan əvvəl– Öldür məni, cəllad!Bu sözləri xəyalıma gətirəndə vücudum buz kimi soyuyur, əsəblərim sim kimi səslənib gizildəyir. Gözlərimi yumub, yerimi dəyişir, bəzən ixtiyarsız qışqırıram. Qışqırıram ki, xəyalım uzaqlaşsın, unudum, bəlkə özümə gəlim.
Başqa şairlərin şeirləri
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
BəzənibdirYarım nə gözəl geyinib, əlvan bəzənibdir,Balapuşi-yaşil,
Şöleyi-qəmdin mənivü səbrimi örtədi otŞöleyi-qəmdin mənivü səbrimi örtədi ot,Yoxu barım örtədi səndin yıraq təprədi ot.