Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4

Səhifə 3 / 5 · 40%

3

Nazilə Səriyyə xalanın evindən çıxanda, deyilənlər kimi, nə özünü Kürə atmağa, nə də başqa bir oğlana, guya konduktora qoşulmağa gedirdi. Ancaq vağzal tərəfə getməyi doğru idi. O, Nadiri axtarmağa, sinəsini, ürəyini dolduran ağrıları-acıları ona deməyə, o enlikürək, güclü oğlanın möhkəm qollarından tutub imdad istəməyə gedirdi. Vağzalda hərbi hissələrin adamları, silahları, sursatları ilə maşınlara dolub, kim bilir, haralara, hansı cəbhələrə getdiyini görəndə Nadir haqqında soruşmağa da utanırdı. Belə zamanda bir adamın, xüsusən bir hərbiyəlinin adresi də sirr sayılır, gizli saxlanırdı. İndi kim idi, Naziləyə Nadirdən söz açan, xəbər verən!

Nazilə klub müdirindən bildi ki, cəbhəyə tibb bacıları axtarırlar, orta məktəbdə oxumuşları birinci növbədə yazıb götürürlər.

Nazilə, doğrudur, beşinci sinifdən çıxmış, pambıq yığmaq, fermada mal otarmaqdan macal tapıb oxumamışdı. Ancaq özünü oxumuş sayırdı. Onun fikrincə hərfləri tanımaq, adını yazmaq kənd uşaqları üçün kifayət idi. Xoşbəxtlikdən siyahı tutanlar da vəsiqə istəmədilər, adını, familini soruşub yazdılar və maşınlara doldurub hərbi hissələrə, yaralılara xidmətə göndərdilər.

İndi də qızın qarşısında təzə bir həyat, ayrı bir aləm açılmışdı: hərbi paltar geymiş, ulduzlu papaq qoymuş, zirəkləşmişdi.

Nazilə cəbhədən gələn yaralı vaqonlarında sanitar işləyirdi. Vaqonun birindən düşüb, o birisinə otururdu. Gətirdiyi xəstələri bir-bir təhvil verib kağız almamış, cəbhəyə qayıtmırdı.

Buradan nə dəhşətlər əskik idi! Bəzən bombadan vaqon nədir, qatar od tuturdu. Yaralı ilə dolu silahsız, əsgərsiz vaqonları bəzən faşist təyyarəçiləri qova-qova pulemyota tuturdular. Burada xəstələrə dərman, pambıq, tənzifdən çox silah vermək, səngər düzəltmək lazım olurdu. Nazilə vaqonda xalat geyinsə, beretka qoysa da, bir döyüşçüyə dönmüşdü. Hər bir yaralı əsgəri nəyin bahasına olursa-olsun qorumaq, sağaltmaq əzmində idi.

Döyüş şəraiti Naziləni - nazik, təcrübəsiz köyrək kənd qızını dəmirçi kürəsindən çıxmış qızğın polada döndərmişdi. İndi o, təkcə nadiri yox, yüzlərlə döyüşçünün simasında yeni-yeni nadirləri görür, hamısı-na qayğı bəsləyir, yaralarını öz əllərilə bağlayırdı. İndi onun qəlbində sadəlövh, ibtidai, kor-koranə romantik eşq hissi ölməkdə, gərgin həyat, bütün ziddiyyəti, mürəkkəbliyi, bəzən amansızlığı ilə insanı izləyən həyat və mübarizə hissi güclənməkdə idi.

Komandanlıqdan aldığı ilk təşəkkürlər, hissənin qabaqcılları sırasında "Qafqazı müdafiə üçün" medalı ilə təltif olunması onda sənətinə həvəs artırmışdı. Komandirin hərbi-tibbi kurslarda oxumaq təklifi onu daha da sevindirdi, imtahan tutmağa, məlumatını kifayət saymasa da, yazıldı və Moskvadakı altı aylıq tibb bacıları kursunda oxumağa getdi. Nadir haqqında soruşmağı, özünü tərk edən bir oğlanı hələ də axtarmağı özünə şikəstlik bilirdisə, uşaq haqqında düşünməkdən də utanır, qısılırdı. Güman edirdi ki, kimsə onun uşaq doğduğunu bilmir və bilməsi də lazım deyil: ölüb-öldürmək vaxtında, igidlərin od-alov içində yanıb külə döndüyü bir gündə bir qundaq uşağı kimin yadına düşəcək, kimə lazım olacaqdı?

Nazilə belə düşünür, sonra da bu düşüncələrdən üzücü bir məyusluq hiss edirdi. Xüsusən, uşağın, üzünə baxmaq istəmədiyi uşağın ilk ağlamaq səsini qulaqlarında təkrar hiss edəndə, ruhu lap pozulurdu. Neçə ay vücudunda sıxıntı, xəcalətlə gəzdirdiyi ağırlığı bir daş, bir yük kimi yerə qoyanda, nə qədər dincəlmişdisə, gözləmədiyi bu səsi eşidəndə necə diksinmişdi! Sanki bu nazik səs ilahi körpənin ana vücudundan ayrılanda çıxardığı ilk nidası idi. Bu nida nələr deyirdi! Atasını-anasımmı, onu bu işıqlı dünyaya gətirməyin səbəbinimi soruşurdu! Bu nida Nazilənin ürəyində, qulağında əbədi bir nisgil olaraq qaldı, heç bir zaman da dilinə gəlmədi. Dilinə gəlmədi, gələ də bilməzdi, çünki həmin nidanı Nazilə eşitmək istəməmişdi, ona biganə qalmışdı. Onu eşitsə, eşitməsə, Səriyyə xala eşidə bilərdi ki, onun da acığı gəlirdi: "Günün qara olmasın, sənin uşağın var! Rüsvay olacaqsan, ay ərkansız, çarə elə!"

"Nə çarə eləyə bilərdim. Çarəm bu idi ki, başımı götürüb qaçdım!" Gəbhə, mübarizə həyatı Naziləyə çox şey öyrətmişdi. İndi o, tamam başqa bir qadın idi. İlk təsəvvürlərinə, sadəliyinə gülürdü. Nazilə nəinki bir uşağın əlində aciz deyildi, hətta belə təsadüflərə möhkəmcə tab gətirməyə, hər işi yoluna qoymağa hazır idi. İndi Nadir ona rast gəlsəydi, utancaq-utancaq dil-dodağını çeynəməz, onun qələm qaşları, iri gözlərinin məftunu, valehi olmaz, kiçilməz, mərdi-mərdana yaxasından silkələyər, uca səslə deyərdi: "Ay şirin dillər tökən vəfasız! Hanı sənin düz ilqarın, hanı sənin peymanların? Hərbiyəlisən axı, utanmırsan? Bəlkə də əsgər oğlan sağ deyil, cəbhələrdə, müqəddəs torpaqlar uğrunda qanını, canını vermişdir." Bunları düşünəndə Nazilənin isti sinəsindən soyuq bir ah qopurdu. Döşləri anbaan qalxıb-düşürdü. İlk sevginin şirin dəqiqələrini lənətlədiyinə peşman olurdu: "Ölüb, haqq dünyasındadırsa, bağışlayıram. Bəlkə əlacı olmayıb, bəlkə əli çatmayıb. Dava salanın evi tarmar olsun! Bizim nakam eşqimizin binasını o dağıtdı!.."

Nazilə kursdan qayıdanda, baş tibb bacısı adı alanda qələbə günü bayram edilmişdi. Müharibə dayanmışdı. Dayanmışdı, ancaq tibb bacılarının işi qurtarmamışdı. Nazilə də yüzlərlə başqaları kimi hərbi xəstəxanalarda döyüşçüləri müalicə ilə məşğul idi.

Müharibə günlərində qorxulu, fəlakətli olan arxayın düşüncələr, adamların şəxsi həyat qayğıları indi hər kəs üçün tamamilə təbii və qanuni idi. Nazilə hərbi komissarlıqdan öyrənmişdi ki, Rəşidov Nadir Kerçdə, 1941-ci ilin qışında, ilk döyüşlərdə həlak olmuşdur.

Nazilənin ikinci və daha çox nigarançılığı tərk edib getdiyi uşaqdan idi. O vəziyyətdə ki qoyub getmişdi, uşağın tələf olduğu yəqin idi. Yenə necə olsa, bir xəbər bilmək, özünü nişan vermək, ölmədiyini bildirmək üçün kəndlərinə qayıtdı. Səriyyə xalanın vəfat etdiyini biləndə daha da qüssələndi. Ancaq doğum evindəki xadimə ona söz atıb eşitdirirdi ki:

– Uşaq yadına düşürmü?

– İndiyə uşaqmı qalar, xala?

– Atıb gedərsən, qalmaz, bala! Əlbət ki, qalmaz!

– Baisin evi yıxılsın!

– Xalqlar özgə yerdən uşaq götürüb saxlayanda, bizimkilər də qısır inək kimi balasını atır...

Nazilə xadiməyə cavab vermədi. Ötüb getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ana

Mənim hafizəm zəifdir. Ən yüksək sevincləri uşaqlıq əyləncələrim kimi unuduram. Ağır kədərlərim, sağalmış tikan yarası kimi yox olub, gedir. Uşaqkən başımdan əsib-keçən fırtınaları, gənc yaşında laçın xəyalımı ovlayan sevgi həsrətlərini, kəndin dar küçələrinə sığmayan nəşələrimi, yarpız kimi ətirli, sular kimi saf ümidlərimi, arzularımı, istəklərimi, yaz yağışı kimi ötəri nisgillərimi unutmağı bacarıram.Lakin onu unuda bilmirəm.

19426 dəq
Arxa əsgəri

41-ci ilin yayında biz, üç yoldaş çağırış məntəqəsinə gedirdik. Günortanın istisində piyada bir neçə kilometr yolu getməli idik. Bir kəhriz başında oturub dincəldik, sərinləşdik. Kənarda, zəminin ortasında bir dəyə (çardaq) görünürdü. Dəyənin üstü söyüd çırpıları ilə örtülmüşdü. Külək qurumuş yarpaqlara toxunduqca xoş bir xışıltı səsi gəlirdi. Yoldaşım bunun köhnə dəyə olduğunu güman etdi. Mənə elə gəlirdi ki, orada adam vardır. Su qabı almaq bəhanəsilə dəyəyə girdim, qoca, ağsaqqal bir kişinin arxası üstə uzanıb dincəldiyini gördüm. Kişi qalxdı, xoş gəldin elədi. Su içmək istədiyimi biləndə, mis camını götürüb kəhriz başına gəldi. Əvvəlcə camı qumladı, yaxşıca yudu ki, "təmiz olsun, bəlkə canımıza sinmədi."Doğrudur, mən Salman kişi ilə çox oturmaq, söhbət etmək istərdim, ancaq vaxtımız az idi, getməli idik.

19427 dəq
Atlı

Bu axşamkı vuruşma Aqilin gördüyü ilk və son dəhşət idi. Buna döyüş demək düz deyil, çünki insan öz sıra yoldaşını, yaxın silahdaşını da görə bilmirdi. Dünya kəsif bir tüstüyə çevrilmişdi. Tüstü içərisində isə hələ yanmamış, əriməmiş minlərlə maddələr partlayırdı.Düşmən çayın o tayında bərkiyib qüvvə toplayır, fürsət gözləyirdi. Komandanlığımız isə atlılara körpünü keçmək, düşmən hissələri arasında vəlvələ salmaq əmri vermişdi.

19427 dəq
Baldan əvvəl

– Öldür məni, cəllad!Bu sözləri xəyalıma gətirəndə vücudum buz kimi soyuyur, əsəblərim sim kimi səslənib gizildəyir. Gözlərimi yumub, yerimi dəyişir, bəzən ixtiyarsız qışqırıram. Qışqırıram ki, xəyalım uzaqlaşsın, unudum, bəlkə özümə gəlim.

19427 dəq

Başqa şairlərin şeirləri