41-ci ilin yayında biz, üç yoldaş çağırış məntəqəsinə gedirdik. Günortanın istisində piyada bir neçə kilometr yolu getməli idik. Bir kəhriz başında oturub dincəldik, sərinləşdik. Kənarda, zəminin ortasında bir dəyə (çardaq) görünürdü. Dəyənin üstü söyüd çırpıları ilə örtülmüşdü. Külək qurumuş yarpaqlara toxunduqca xoş bir xışıltı səsi gəlirdi. Yoldaşım bunun köhnə dəyə olduğunu güman etdi. Mənə elə gəlirdi ki, orada adam vardır. Su qabı almaq bəhanəsilə dəyəyə girdim, qoca, ağsaqqal bir kişinin arxası üstə uzanıb dincəldiyini gördüm. Kişi qalxdı, xoş gəldin elədi. Su içmək istədiyimi biləndə, mis camını götürüb kəhriz başına gəldi. Əvvəlcə camı qumladı, yaxşıca yudu ki, "təmiz olsun, bəlkə canımıza sinmədi."

Doğrudur, mən Salman kişi ilə çox oturmaq, söhbət etmək istərdim, ancaq vaxtımız az idi, getməli idik.

Yoldaşım Salmanla zarafat elədi.

– Əmi, bu torpağı, bağ-bağçanı sizə tapşırırıq, əsgər gedirik.

Deyəsən, Salman kişiyə belə bir söz qabaqcadan deyilmişdi. Yol daşım bitirməmiş cavab verdi:

– Oğul, – dedi, – bir siz yox, hamımız əsgərik. Nə qədər ki, anasının əmcəyini kəsən köpək uşağı (qoca nemesləri nəzərdə tuturdu) qırılıb tərk olmayıb, hamımız əsgərik. Gərək əl-ələ verək. Bu dəyədə oturmağıma baxmayın, fikrim odlu atışmadadır. Əlacım olsa mən də sizə qoşulub gedərəm...

Biz ayrıldıq, amma qocanın xəyalı mənim xatirimdə zəbt olub qaldı. Onun alçaq boyu, kiçik sifətində xətt salan qırışıqlar, sanki get-gedə dərinləşən və kiçilən gözləri, ahəstə, lakin təmiz səsi, gündən qaralmış sinəsi, bərk əlləri, yerişi, duruşu... Mən xəyalımda bu qocaya güldüm: "Mübarizələrin bu kəskin çağında 80 yaşlı qoca özünü əsgər ilə tay tutur. Bəlkə bu quru bir hiss gənclik zamanında kişinin qəlbindəki arzuların son qığılcımıdır. Yoxsa bunun, sönmüş ocaqdan başqa bir şey olmayan bu qocanın, bu hərəkət edən kölgənin əlindən nə gələr..."


Bu illərdə bizim həyatımız, bütün ölkəmizin, bütün döyüşən xalqımızın həyatı kimi çox sürətli, şiddətli və gərgin gedirdi. Bir neçə ay təlim keçəndən, yürüşlərdən, imtahanlardan çıxandan sonra biz cəbhəyə düşdük, üç ay on bir gün sərasər odlar, alovlar içində vaxt keçirdik. Yoldaşlarımızdan biri faşist əhatəsinə düşmüş, tək başına 17 nəfər düşmən qırmış, əhatədən çıxmış, bir balaca radiostansiya da gətirmişdi. Mən onun alnındakı yaranı öpüb arxaya yola saldım, kağız verməyə də macal olmadı. O biri yoldaşım snayper olduğu üçün bizdən ayırmışdılar, batalyon komandirinin ixtiyarına getmişdi. Ancaq biz hərdən bir-birimizdən xəbər tuturduq.

Son hücumların birində ondan aralı düşdüm, yerini və başına nələr gəldiyini öyrənə bilmədim.

Mən döşümdən ağır yara almışdım. Vuruşma meydanından nə vaxt, necə və kimin əli ilə çıxarıldığımı bilməmişdim. İlk dəfə gözümü açanda bütün aləm mənə tapmaca kimi məchul gəldi. Harada olduğumu, ilin, günün nə vaxtı olduğunu, aşkardamı, ya yuxumu gördüyümü, suda, ya quruda, hərəkətdə, ya sükunətdəmi olduğumu kəsdirə bilmədim. Uzun müddət gözüm səqfə dikili qaldı... İki ay beş gün xəstəxana həyatından, müalicədən sonra mənə məzuniyyət verdilər. Kəndimizə qayıtmalı, dincəlməli, qanımı artırmalı, qüvvətə gəlməli idim!...

Mən ömrümdə çox şeylər görmüşəm. Çox sevinib, çox da kədərlənmişəm. Xəstəxanadan çıxdığım günün sevincini heç bir fərəh ilə ölçə bilmərəm. Vanna otağında ilk dəfə gözüm öz paltarlarıma sataşanda az qaldım özümdən gedəm. Bunlar, bu yüngül əsgər köynəyim, kəmərim, çəkmələrim, ulduzlu papağım sanki, bu saat cəbhədən gəlmişdir. Onlardan barıt və qan iyi kəsilməmişdi. Onlar sanki, məni çağırmağa, yoldaşlarımın yanına aparmağa gəlmişlər. Hansı bir hiss iləsə gözlərim yaşardı.

Deməli, ölmədim. Deməli, qayıdıram. Əyin paltarlarım xoş bir həyat havası kimi məni örtdü. Anadan olan uşaq danışa bilsə və gəldiyi aləmdə ilk arzularını söyləməli olsa, bilmirəm, nə deyərdi. Mən isə ürəyimdə bir şey deyirdim: Vətən, yoldaşlar, dostlar. Onları tapacaq, görə biləcək idimmi?


Təsadüf elə gətirdi ki, kəndimizə gedəndə yolum Salman kişinin dəyəsindən düşdü. Buradan ötdüyüm günü, kişi ilə görüşümüzü, mis camı xatırladım. On beş aya yaxın bir müddət deyəsən dünən idi.

İndi buralarda daha şənlik idi. Tarlalarda məhsul yığılırdı. Taxıl zəmilərində dərz tayaları dağ kimi tellənmişdi. Ağır yük maşınları köç yolundan ötüb arxada toz sütunu buraxırdılar. Pambıqda alaq vuran qadınların əlvan geyimləri bu yeri laləli çöllərə oxşadırdı. Mən Salman kişi ilə maraqlandım. "Axı o da özünə əsgər demişdi. Görüm bu "əsgər" kişi yenədəmi dəyə kölgəsində sərinləyir. Açıb ağartmayacağam. Görüm tanıyarını..."

Salman kişinin özünü görməmiş, onun bostanı məni valeh etdi. Gördüyüm üz böyük, çargül zəmi başdan-başa yemiş, qarpız tağları ilə örtülmüş, yamyaşıl bir məxməri "andırırdı." Məxmərin hər yerinə naxış vurulan kimi, tağlardan sallanan ağ, sarı yemişlər, bulud kimi tutqun qarpızlar görünürdü.

Mən müharibələrdə gücün, qüvvətin nə demək olduğunu görmüşəm. Ağır polad maşınların nərə çəkərək, ətrafa alov saçdığını, köklü ağaclar qopardığını, dağlar aşdığını görmüşəm. Orada insan zehninin, əməlinin, motorların qüvvətinə nə qədər heyran olursan...

Buralar, bu sakit, saf və günəşli göyün altı isə tamam başqa aləmdir. Burada da insan əlinin, əməyinin qüdrətinə, torpağın nemətinə heyran qalırsan. Biz əsgərlər maşınların dilini bilirik. Onları istədiyimiz yana sürür, istədiyimiz məqsəd üçün onları işlədirik. Salman kişi də yerin "sirlər xəzinəsi" olan bu torpaqların təbiətini bilir. Məhsul becərir, nemət yetirir, insanlara xidmət edir.

Mən valeh olmuş kimi dayanıb bol məhsullu bostan ləklərinə baxırdım. Tağlardan sallanan və yerin şirəsini çəkən, kəhriz suyu içən, böyrünü ana torpağa söykəyib yatan yemişlər, sanki mənim tamaşa etdiyimdən məmnun idilər. Mən bostanın həmişə belə qalmasını, il uzunu belə abadlığını arzulayır, tağlar arasına addım basılmasına heyifsilənirdim.

Arxadan bir səs gəldi:

– Xoş gəlmisiniz!

Bu, Salman əmi idi. Əlində bir çəngə alaq otu, mənə tərəf yeriyirdi. Dəyəni, kölgəliyi göstərib təklif etdi.

– Buyurun, əyləşin!

Salman kişi bunu dedi, gözünü mənim sifətimdən ayırmadı:

– Əsgər bacıoğlu, deyəsən, gözümə tanış gəlirsən axı!

– Yadınıza düşürmü?

Salman kişi dayanıb diqqətlə, dik-dik üzümə baxdı:

– Ötən il buradan əsgərliyə gedən oğlan deyilsən? Üç yoldaş idiniz ha...

Mən təsdiq etməmiş Salman kişi soruşdu:

– Yoldaşların hanı?

Bu sualın bəlkə məni kədərləndirəcəyini, bəlkə onların başında bir iş olduğuna gümanı ilə Salman kişi sözünə davam etdi:

– Həmişə ev-eşiyinizdə... hamı yoldan sağlıqla, otur görək!

Mən başıma gələnləri qocaya danışmaq istəmirdim. Ancaq, deyəsən, o darıxırdı:

– Bir balaca toxta!

Bunu deyib özünü ləklərin arasına verdi. Səslənən enliyarpaq tağların budaqlarını aralayaraq, nə isə axtarır, seçirdi. Bir də gördüm, qucağında iki yemiş gətirdi.

Göy, zolaqlı, şamama kimi yumru yemişi göstərib dedi:

– Buna bizlər qırmızı yemiş deyərik. Toxumunu Carcodan gətirtmişəm. Bizim torpaqda bərk məhsul verir.

Salman kişi yemişi doğrayıb qonağın qabağına qoyduqca, ayrı bir fərəh duyur, sanki ilboyu çəkdiyi zəhmətlərin ləzzətini çəkirdi.

Mən qocanın önündə yanlış zənnimi etiraf etdim.

– Salman əmi, - dedim, - gərək məni bağışlayasan!

Qoca mənim minnətdarlıq etmək istədiyimi güman etdi:

– Belə danışsan, - dedi, - səndən inciyərəm! Bu nə sözdür! Mənim vəzifəm nədir. Əməyim sizin kimi cavanların ürəyini sərinlətməyəcək, daha mən nəyə lazımam. 47 ildir mən bostan becərirəm. Gecəm də, gündüzüm də torpaqdır, əkindir. Niyə? Dövlətmi yığmaq, milyonçumu olmaq? Xeyr, niyyətim sizin kimi oğlanlara xidmətdir. Bu yayın istisində bir yolçu tuş gəlib mənim bostanımda bir dilim yemiş yeyirsə, o mənə milyondur. Çox milyonlar gedib, çox milyonçular lənət sahibi olublar. Amma xeyir iş ölməz! Allah qoysa, sabah sən qayıdıb səngərdə faşistə güllə yağdıranda Vətən yadına düşəcək. Bu düzlərin qocası Salman da yadına düşəcək. O mənə bəsdir. Bir əsgərimin xatiri xoş olmağı mənə bir dünyaya bərabərdir!..

Mən Salman əmidən ona görə üzr istəyirdim ki, keçən il onun əməyini layiqincə düşünməmişdim. İndi o mənim gözümdə ən fədakar bir əsgər idi. Mən möhkəm inanıram ki, qalib gəlmək üçün bu da vacibdir. İnanıram ki, səngərdə atıcı, topçu, göydə təyyarə, dəstə qabağında tank, dəstə dalında silah daşıyan vacib olduğu kimi, arxanın dərinlərində də əkin əkən, bostan becərən, yemiş yetirən Salman əmi də vacibdir. O, arxanın şərəfli əsgərlərindəndir. Bizim hər birimizin bu kişilərə, əməyin bu qocaman əsgərlərinə hörmətimiz, minnətimiz olmalıdır. Onların saf, geniş qəlbləri, möhkəm açıq əlləri, dünyaya yaradıcı əlaqələri vardır. Mən duyğularımı Salman əmiyə deyəndə razı olmadı:

– Düz demirsən, oğul, əsgərin işi hara, biz hara! Hamımız əsgərə borcluyuq. Əsgər bizim igidimiz, arxamız, ümidimizdir. Əsgərin gücü nə biz rahat yaşayırıq. Sən ilə mənim burada bu kölgəlikdə oturub sərinləməyimiz, söhbətimiz dünyalara dəyər. Sənin də, mənim də ürəyimiz arxaymdır. Çünki, bilirik, bizi qoruyan var. Düşmənin qabağında nəhənglərimiz durur. Hamımız cəbhəyə, cəbhə adamlarına borcluyuq. Sən əsgərsən, şikəstənəfslik eləyirsən, amma bu belədir. Var-yoxumuz əsgərə halaldır.

Mən Salman əmi ilə ayrılandan çox sonra qocanın sözləri qulağımda səslənirdi. O bir əkinçi kimi yox, həm də dərin idraklı bir xalq babası kimi, nəzərimdə böyüyürdü. Xəyalımda deyirdim: Belə arxa üçün, arxanın belə pak qəlbli insanları üçün vuruşmaq da, yaralanmaq da, ölmək də şərəflidir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri