Ana
Mənim hafizəm zəifdir. Ən yüksək sevincləri uşaqlıq əyləncələrim kimi unuduram. Ağır kədərlərim, sağalmış tikan yarası kimi yox olub, gedir. Uşaqkən başımdan əsib-keçən fırtınaları, gənc yaşında laçın xəyalımı ovlayan sevgi həsrətlərini, kəndin dar küçələrinə sığmayan nəşələrimi, yarpız kimi ətirli, sular kimi saf ümidlərimi, arzularımı, istəklərimi, yaz yağışı kimi ötəri nisgillərimi unutmağı bacarıram.
Lakin onu unuda bilmirəm.
O, bütün yazıqlığı, kimsəsizliyi və köməksizliyi ilə göz önümdə canlanır. Sirli bir sənətkar əli qəlbimin, ruhumun, könül həsrətlərimin səhər bağçasında o xəyal simasının əbədiyyət abidəsini yüksəldir. Mən onu daha gözəl xatırlayıram.
Onlar yaz axşamında sevmiş, yay səhərində birləşmişdilər. Alovlu gəncliyin bitməz və isti ehtirasları onları bir-birinə bağlamışdı.
Onlar təmiz bir sevgi, böyük bir sevinclə birləşdilər. Gəlinlik günləri sığırçın şənliyi ilə analıq günlərini çağırdı. Ananın dənizlər qədər dərin, günəşlər qədər munis məhəbbəti məsum bir körpənin köksünə axdı. Ata, yalnız evində xoşbəxt ata, ağır günlərin ağır havasında çırpınır, bədənini yaş paltar kimi sıxar, qüvvətini damcı-damcı biləklərinə axıdıb, ailəsinə bir tikə çörək qazanardı.
Evə girdimi, Arzusunun mina boyuna baxdımı, körpəsinin çiçək gülüşünü gördümü, çəkdiyi əziyyətlər yadından çıxardı.
Aralıq qarışdı.
Dünya bir-birinə dəydi. İki çay arasında, ağaclıqlar içində, tüstü sütunları altında yatan şəhərdə sanki gizli bir yürüş başladı. İndi adamların üzünü yalnız qayğı, məyusluq, kədər deyil, dərin bir intizar qaplamışdı. Onlar ya bir-birinə salam verir, ya da üz çevirib ötmürdülər. Qarşılaşanda dinmədən, danışmadan bir-birinə baxır, gözlərilə bütün iztirab və ehtiraslarını deyirdilər. Sirlər oynayan gözlər qış axşamı kimi tutular, qaranlıqlaşar, müxatəbin sifətini qaraldardı.
Nədənsə, bu balaca, lakin qədim şəhərdə hər şey sirli görünərdi. Yazbaşı dolu yağardı, damların tənəkəsini döydükcə, qarışıq səsləri ilə insanları məşğul etdikcə hər kəsdə bir maraq, təəccüb və heyrət oyadardı. Bəziləri bu səslərdə ilin bolluğunu, gəlimli məhsul mahnısını oxuyardı, kimisi dolu səsində dolu bir həyəcan, məchul bir çağırış - "gəl, gəl, gəl" səsi eşidərdi, bəziləri də dodaqlarını gəmirər, barmaqları arasındakı kəhrəba müştüyünü hirsindən sıxıb çatladardı...
Dolu şəhəri döyəclərdi...
Küləklər indi küçələrin tozuna bürünüb, palçığa atılmaz, kollar içində çırpınmazdı. Göyərçin kimi damlara qonub, qanad çalar, aləmi yuxudan oyadar, qorxaqları titrədərdi. Qaranlıq çökəndə uca çinar ağacları dilə gələr, pıç-pıç danışardı, küçələr isə ağzına su alardı.
Günəş çıxdımı, ötən gecənin qaranlıqları içində doğub, böyüyən, ətir kimi dərhal yayılan sirli xəbərlərin üzərindən pərdələr atılar, aləmə sakit bir elan verilərdi. Fabrikaların darvazası açılar, dustaqxanaların, kameraların qapısı ağır qıfıllarla bağlanardı.
Şuluqluq artırdı.
Atanın istirahəti pozulmuşdu. Evə az gələr, arvadının qulağına nələrsə pıçıldayar, onun tutqun üzünü çiçəklər səpilmiş kimi şənləndirər, körpəni öpər, gedərdi.
Hadisələr bir-birini təqib edirdi. Qəlblər, dənizlər qədər dərinləşmiş ədavəti dözməməkliyin uzun çəngəli ilə çəkib, üzə çıxarır, taleyini, müqəddəratını həll etmək üçün süngü-süngüyə gəlirdi, "sonsuz dəhşətlərdənsə dəhşətli bir son" yaratmaq istəyirdi.
Bir axşam çox evlər dağıdan, körpələr ağladan əl, Arzunun da baharını soldurdu: atanı süngülər, söyüşlər, təpiklər altında onun isti qucağından alıb, qəssabxanalara apardılar...
O getdi, ailənin işığı, sevinci, həyatı da onunla getdi.
Nə göz yaşları, nə qaranlıq gecələri sızladan ana fəryadları, nə təsəllilər onu qaytara bildi. Dustaqlardan, sürgünlər və katorqalardan danışıldımı, ananın ağlar üzündə təsəlli arayan xoş xəbər intizarı doğurdu. Gedəndən-gələndən ərini soruşurdu. Deyilənə görə onu cəbhələrin hansındasa görən olmuş, o əliyalın səngərdə dolaşır, divanə kimi səslənir, düşmənə daş, kəsək atır...
Arvadı bu xəbərə də qane idi. Sevinirdi.
– Olsun, - deyirdi, - divanəliyinə də razıyam. Ancaq sağ olsun. Onu məhəbbət o günə salmışdır. Əli əlimə çatsa, körpəmin təbəssümlü baxışını bir dəfə görsə, saf-sağlam olacaqdır...
Bu xəbərlər də yalana çıxdı. Cəbhələr dağıldı. Ordular qayıtdı. Ara sakitləşdi. Onu "gördüm " deyən olmadı. O, ala-qaranlıqda yuvasını itirmiş tərlan kimi yox oldu... Göz yaşı qadınların həm acizliyi, həm də gücüdür. Onlar ürəklərini əzən dağlar qədər müsibəti damcı-damcı əridib axıdar, könüllərini təskin edərlərdi.
Ananın da yolu bu idi.
Aylar dönür, illər keçirdi. Həyat qayğısı, ehtiyac ananı qapı-qapı gəzdirirdi. Xanımlar onu uşağına görə qulluqçu götürmürdülər. Meşələrdə meyvə, səhralarda yemlik, tarlalarda taxıl başağı da yox idi.
Bir axşam ana sevinclə qayıtdı. Ərinin ölümündən bəri, üç ildə, yalnız indi, birinci dəfə üzündə bahar küləyi kimi gülüşlər oynadı: Arzu aşbazxana süpürmək vəzifəsinə götürülmüşdü.
Baharın uzun günlərindən sonra yayın isti havaları gəldi. İnsanlar paltardan yüngülləşdi. Yelpiklər, ventilyatorlar işə düşdü. Su budkalarının qabağı doldu. Uzaq dağların buzları parçalanıb, şəhərə gətirildi. Xoşbəxtlər, boğucu istilərdə dolu şəhəri buraxıb süzən maşınlarda, karetalarda, zınqırovlu faytonlarda tablolar kimi gözəl və bəzəkli yaylaqlara getdilər.
Şəhərin ağır havasından, bürkülü mühitindən qurtarıb, zümrüd qoftalı dağların qucağına atılanlar suların, quşların, küləklərin səsində şad bir nəğmə duyur, yaylaqların fərəhi ilə dünyaya yenicə gəldiklərini təsəvvür edirdilər.
Lakin ananın doğma balaları bundan uzaq idi.
Zəngin təbiət səxavətli qucağını açıb, torpağın həqiqi övladlarını gözlərkən, bəzəkli karetalar ona ögeyləri gətirirdi. Yerin əsl övladı kimlər tərəfindənsə anasından "uzaqlaşdırılırdı." Onlar bahar südündən məhrum idilər. Alt qatların rütubətli, vərəmli bucaqlarına təhkim edilmişdilər. Bir qarın çörək üçün bir əsrlik ömrü çürütməyə məcbur edilmişdilər.
Ana yandırıcı iyul günləri içində zəif bədənini damcı-damcı əridir, uşağını bəsləmək üçün çırpınırdı... Bir səhər, dünyanı partladan bir dəhşət onu yuxudan ayıltdı. Axşamkı sakit və rahat aləmdən əsər də qalmamışdı. Şəhərə od vurulmuşdu. Dünya anlaşılmaz bir gurultu içində titrəyirdi, üfüqlər alovlanır, göy barıt iyi ilə dolmuşdu.
Ana uşağını yerə qoydu. Pəncərədən boylanıb baxdı.
– Dünya od tutub, yanır, davadır...
İtirdiyi ərini xatırladı. Balasına zaval gələcəyindən qorxub geri çəkildi, onu bağrına basdı. Hərarətli dodaqları ilə, gurultudan vəhimələnən uşağının ağlar gözlərini öpərkən başına ağır bir şey dəydi. O heç bir şey duymadı. Heç bir şey anlamadı. Köhnə tüfəngi çiyninə aldı, ayaqyalın, başaçıq, körpəsi qucağında küçəyə çıxdı.
O, minlərlə ağlar qalmış qadına, uşağa qoşulub qaçırdı. Nalələri söndürmək, səngərdə qızmış hərbiyyələrin qəlbini daş kimi saxlamaq üçün mərmilər qaçanların başına yağdırılırdı. Hər addımda adamlar dəstə ilə yerə sərilirdi. Tüstü dünyanı bürümüşdü. Heç kəs heç kəsi tanımırdı. Ana, bir əli tüfəngdə, bir əlində balası, saçlarını küləklər daraya-daraya, topuqlarını daşlar parçalaya-parçalaya qaçır, qaçırdı.
O nə üçün qaçırdı?
Alovlarda yanmış, közərmiş bədənini ölümdən qurtarmaq üçünmü qaçırdı?
Yox!
O, bir təsəlli, bir mərhəmət, bir ümid ocağına çatmaq üçünmü qaçırdı?
Yox!
Bu dünyada o, nə təsəlliyə, nə ümidə, nə mərhəmətə inanmırdı. O, taleyin amansızlığına, ömrün ağırlığına, həyatın əzabına, gecələrin hiyləsinə, gündüzlərin dəhşətinə inanırdı.
O yalnız və yalnız bir şey üçün qaçırdı: əziz və məsum körpəsini bu nagəhan yanğınların içindən çıxarmaq, onun körpə bədənini qorumaq üçün qaçırdı. O nəfəsi ilə böyütdüyü balasını köksü ilə qorumaq istəyirdi. Toplar səslənərkən balasını sinəsində gizlətməyə çalışırdı. Körpə isə bu dəhşətdən hürküb ağlayırdı.
Ananın açıq sinəsinə güllə dəydi. Əlini sinəsinə qoydu. Birdən qanlı barmaqları sünbül kimi havada titrədi, torpaqlara yıxıldı, hərəkətsiz qaldı. Uşaq qucağından yerə düşmüşdü. Qalxıb ananın başı üstündə ağlamağa, fəryad etməyə başladı.
Toplar gurlayır, güllələr yaralı kimi inləyir, atlar kişnəyir, təkərlər şaqqıldayır, qılınclar parlayırdı. Ananın sinəsindən qan tökülürdü. Uşaq çapa-çapa gələn atlıları görəndə qorxdu, daha bərk qışqırdı. Anasını çağırdı. Süngüsündə qırmızı lent titrəyən bir atlı yerə endi. Körpənin göz yaşlarını silib, üzünə baxdı. Uşaq "ana" deyib ağlayırdı. Atlının gözləri yaşla doldu. Bu səsdə o, vaxtilə qoyub getdiyi ailəsini xatırladı.
Torpaqlara sərilmiş qadına diqqət etdi. Tanıdı. Dağınıq saçlı başını qaldırıb dizləri üstə qoydu. Arzu həmişəlik olaraq dünyaya göz yummuşdu... Ailəsinə səadət gətirən ata ixtiyarsız ağladı. Lakin o, dünyadan göz yaşlarını silməyə and içdi. Uşağı qucağına alıb atına mindi, çapa-çapa uzaqlaşdı.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-ana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İstirahət evində, nədənsə, adamın dili açılır, çox danışmaq, hər işə qarışmaq istəyirsən. Pensiyaçılardan biri, qoca müəllim, nərdtaxta oynayanların içinə mübahisə saldı:– Ay camaat, yığışdırın bu şartaşartı, sözüm var sizə.
Hərənin öz işi varÇörəyi ver çörəkçiyə,*Bir çörək də artıq!*
Şərait yoxdurAdam gərək naşükür olmasın. Qəzanın işidir, görürsən bəzən birinin əli gətirmir, bədbəxtlik basır. Qulluğunda, qazancında, ya səhhətində pozğunluq olur, düzəlmir. Onda şikayət deməyin də, eşitməyin də təhəri var.Amma Məftilin işi elə deyil, axı, qardaş! Ayrı cürdür!
Yaylaq məsələsiBakıda yaylaq söhbətləri tez başlanır, martın narın, seyrək və səssiz yağışları kəsilən kimi, şimal küləyi dayandımı, istilər yada düşür. Apreldə, mayda Bakı evlərinin eyvamnda adamların ailəliklə əyləşib nahar elədiyini, çay içdiyini görərsən. Mühəndislər sağ olsunlar ki, indi eyvansız ev tikmirlər. Çünki doğrudan da belə milyonlu, izdihamlı, cənub, sənaye şəhərində açıq havada əyləşmək bir istirahətdir.May günlərindən birində Mirzə Qədirin dənizə baxan eyvanında nahardan sonra dostlar söhbətə əyləşmişdilər. Məsləhətləşirdilər ki, yayı harada keçirsinlər. Hər kəs öz arzusunu bildirir, tanışlarını öz yanma çağırırdı:
Başqa şairlərin şeirləri
Mən səndən bir yaşıl budaq istədim,Sən mənə bəxş etdin zümrüd meşələr.
Mən neylirəm o dilbəri, şirindil olmasa?Mən neylirəm o dilbəri, şirindil olmasa?Bülbül baharə eşq yetirməz gül olmasa!
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Etiqadın ilə möhkəm bil yəqin ey pürxirədEtiqadın ilə möhkəm bil yəqin ey pürxirəd,Ciddü cəhd verməz səmər ta olmasa həqdən mədəd.