Xoşbəxtlik barəsində
İstirahət evində, nədənsə, adamın dili açılır, çox danışmaq, hər işə qarışmaq istəyirsən. Pensiyaçılardan biri, qoca müəllim, nərdtaxta oynayanların içinə mübahisə saldı:
– Ay camaat, yığışdırın bu şartaşartı, sözüm var sizə.
Oynayanlar müəllimin söhbətini maraqla dinlədilər.
Nərdtaxtanı qatlayıb kənara qoydular.
Müəllim "Cavanlar" jurnalının bu nömrəsini göstərib soruşdu:
– Yəqin oxuyursunuz bu jurnalları?
– Oxuyanımız var!
– Burada mübahisə açıblar. Bəlkə buna sizdən cavab verən ola?
– Nə mübahisədir?
– Nə soruşurlar?
– Soruşurlar ki, xoşbəxtlik nədir?
– Xoşbəxtlik barəsində danışmaq özü şirin söhbətdir.
– Bu söhbəti salan, deyəsən, özü xoşbəxtdir.
– Yox, oxuculardan fikir soruşurlar.
– Xoşbəxtlik nəyə deyilir?
Müəllimi dinləyənlərin hamısı söhbətə qarışmaq istədilər:
– Burada çətin bir hökm ola! Kim nə cür, hərənin öz fikri var.
– Məsələ odur ki, hansı fikir düzdür? Bunu cavanlar bilmək istəyirlər.
– Məncə, birinci xoşbəxtlik – sağlamlıqdır.
– Cavanların çoxu bunu bilməz. Çünki hamısı buz baltası kimidir. Sağlamlıq əldən çıxandan sonra, əl-ayağın əsəndə qədrini bilirsən.
– Sağlamlıq, əlbət ki, böyük nemətdir, ancaq xoşbəxtliyi tamam buna bağlamaq düz olmaz. Bəzi sağlam oğlanlar var ki, küçələrdə avaradırlar, əməlli-başlı bir peşələri, işləri də yoxdur, tum çırtdamaqla məşğuldurlar. Ya da konsertləri, rəqs meydançalarını gəzib özlərinə yeni dəbdə geyim axtarırlar.
– Məncə, xoşbəxtlik odur ki, yaxşı bir evin ola!
– O qədər mülkədar, kapitalist var idi ki, bir yox, yüz ev, imarət sahibi. Amma həmişə ömrü başağrısı ilə keçir, qaşqabağından zəhər yağırdı.
– Xoşbəxtlik ona deyərəm ki, vəfalı ürək dostun ola, sadiq, etibarlı.
– Onun hamısı ayrı mətləblə bağlıdır, sənin cibin boş, özün əfəl olandan sonra hansı dost sənə yaxın gələr? İndi havayı dost azdır, milçək şirəyə yığılar. "Pulnan aşar hər iş!"
– Gözəl, mələk kimi arvadın ola!
– Əə, sən də söz danışdın. Dünyada hər bədbəxtlik göyçək arvadlının başına gəlir.
Oturanların hamısı güldülər, mübahisəyə qarışdılar.
Hər kəs başqasını dinləmədən, təsdiq etmədən öz fikrini deyirdi:
– Şirin yuxun ola, özü də məsum uşaq yuxusu!
– Yayın bürküsündə sərin pivə, qışın şaxtasında tut arağı, erkək ətinin kababı! Cücəplov... Xoşbəxtlik bu deyilmi?
– Əsil övladın ola!
– El içində hörmət ayrı nemətdir!
– Sandıq dolusu pulun ola.
– Böyük qulluğun, nazirlikdə də adamın, arxan ola!
Qoca müəllim sanki hamıya bir cavab verib söhbəti kəsmək istədi:
– Bilmədiniz, qardaş! Yemək-içmək, gəzmək, firavan yaşamaq insanı cismən təmin edər. Amma xoşbəxtlik ayrı şeydir. Siz deyənlərin hamısı, bəlkə nemət sayılar, ancaq həqiqi xoşbəxtlik onunla əmələ gəlməz.
– Bəs xoşbəxtlik nəyə deyirsən, ay müəllim?
Müəllim hamını süzdü, sağ əlini yuxarı qaldırıb şəhadət barmağı ilə, sanki üfüqləri göstərərək dedi:
– Xoşbəxtlik, əsl xoşbəxtlik nə siz deyənlərdir, nə də bu cavanların jurnalında yazılanlar! Ürəyindəkini gizlətməyi, hətta qəbrə aparmağı hünər sayanlar, XX əsrdə nədənsə çoxalıb. Bunlara təəccüb etməmək mümkün deyil. Bunlar xoşbəxtliyi ayrı şeydə axtarırlar. Mənim aləmimdə, dünyada xoşbəxtlik odur ki, ürəyindəkini, başmdakını hər yerdə deyə biləsən! Həmişə, hər yerdə, hər kəsə ürəyindəkini deyə biləsən! Bax, bundan böyük xoşbəxtlik yoxdur. Məncə, bütün ölkələr, xalqlar, dövlətlər, başçılar öz vətəndaşlarına bu böyük və çox nadir neməti bəxş etsələr, dünyada zülm, kədər yox olar, ədalət bərpa olar, yer üzü işıqlanar, cənnətə dönər. İnsanlar "yüngülləşər", gözəlləşər, mələyə dönər! Yoxsa bu olmayınca əsl tərəqqi, kamil mədəniyyət, həqiqi sərbəstlik boş söhbətdir! Bu olmayınca, beyinlərdən şiş, ürəklərdən yara, ciyərlərdən vərəm, zehinlərdən tüstü-duman, qəlblərdən kin-küdurət tamam kəsilməyəcək! Mən buna inanıram.
Məclisə dərin, uzunsürən bir sükut çökdü!
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-xosbextlik-baresinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Düzünü deyirsən?– Lap düzü belədir.
Möhür və məhəbbətIBəri başdan deyim ki, hörmətli oxucular bu söhbəti Şərq ədəbiyyatında görüb oxuduqları mehr və məhəbbətlə qarışıq salmasınlar. Çünki o yazılarda lirika, burada isə yumor, orada səmimiyyət, burada isə məharət, orada birlik, burada isə ayrılıq... təsvir olunur. Xülasə, təfavüt çoxdur və qabarıqdır.
İki dəfə doğulanlarDədə-babadan görmüşük ki, insan bir dəfə doğular, bir dəfə də ölər. Şah olsun, hambal olsun. Varlı, ya kasıb olsun. Adam bir dəfə doğular.Amma indi görürsən ki, bir dəfə nədir, elə adamlar var ki, iki dəfə, ya bir neçə dəfə doğulurlar. Özü də beləsi bir deyil, iki deyil, çoxdur. Uzağa getməyək, lap bizim qapıbir qonşumuz montyor Qələndər!
Qəm qəmi gətirər, dəm dəmi!Divar nəm yıxar, igidi qəm!*El sözü*
Başqa şairlərin şeirləri
Badi səba,tərəhhüm elə binavalərə,Arzum yetir vətəndə olan aşinələrə.
ƏsliRast gəldik şükr gördüm cəmalın,Məhşərə qaldı divanım Əsli
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,