Yaylaq məsələsi
Bakıda yaylaq söhbətləri tez başlanır, martın narın, seyrək və səssiz yağışları kəsilən kimi, şimal küləyi dayandımı, istilər yada düşür. Apreldə, mayda Bakı evlərinin eyvamnda adamların ailəliklə əyləşib nahar elədiyini, çay içdiyini görərsən. Mühəndislər sağ olsunlar ki, indi eyvansız ev tikmirlər. Çünki doğrudan da belə milyonlu, izdihamlı, cənub, sənaye şəhərində açıq havada əyləşmək bir istirahətdir.
May günlərindən birində Mirzə Qədirin dənizə baxan eyvanında nahardan sonra dostlar söhbətə əyləşmişdilər. Məsləhətləşirdilər ki, yayı harada keçirsinlər. Hər kəs öz arzusunu bildirir, tanışlarını öz yanma çağırırdı:
– Canın üçün, Balaoğlan, Kislovodskinin bazarına çıxdımmı, qaraçaylılar başıma dolanırlar. Şaqqanı endirib kilosu bir manatdan, bir manat on qəpikdən təptəzə ət verirlər ki, bişirmək nədi, çiy-çiy yemək istəyirsən!
Əmirəli vacib bir hesabı yoxlayan adam kimi barmaqlarını bir-bir büküb sayırdı:
– Kəhrəba kimi kərəsini, kərpic kimi qaymağını, şüşə kimi balınımı deyim, şirin əriyini, turş gilasını, tər kahısını, sərin çiyələyini deyim, hansını deyim? Mən həmişə ağız ləzzətini o yaşıl təpələrdə görmüşəm. Yamacları dolanıb Xram vozduxa ya qalxanda elə bilmişəm cənnətin yeddinci qatındayam. Başımda da əlvan qanadlı məlakə! Beşgünlük dünyada gərək elə gün keçirəsən ki, sabah qocalanda arzu-kamın qalmasın, peşman olmayasan. Başın haqqı, düzünü deyirəm!
Əmirəli nağılını elə ürəkdən danışırdı, eşidən deyərdi bu kişi dünyada ayn yer görməyib, getdiyi yaylağa həmişəlik vurulub.
Balaoğlan bunlara xüsusi diqqətlə qulaq asırdı. Ona görə qulaq asırdı ki, Əmirəli hamıdan əvvəl ona müraciət edir, başına and içib inandırırdı. Bir də Balaoğlanın öz deyəcəyi var idi. O, Əmirəlinin Kislovodsk təbliğatını çox eşitmişdi, təzə də bir söz gözləmirdi. Bilirdi ki, Əmirəli yeyib-içən, keyf çəkən adamdır. Getdiyi yerdə birinci məqsədi mədə-bağırsaq məsələsidir.
Buna görə də Balaoğlan hərifin cavabına söz axtarırdı. Özünün yaylaq tədbirlərindən danışacaqdı:
– Əmirəli, qardaşım, dedin qurtardın, di mənə qulaq ver! Qoy bu kişilər də eşitsinlər: sənin Kislovodskini görmüşəm də, sənin təriflərini dönə-dönə eşitmişəm də. Düzdür, belə həvəs ilə deyib-danışırsan, amma mən ki o Kislovodskidə bir gün görməmişəm. Atama lənət görmüşəmsə. Görməmişəm, qardaş! Qulaq as, gör nə deyirəm: yemək, içmək, nə bilim, yağ, qaymaq ki deyirsən, doğrudur. Axı, istirahət, yaylaq, elə qarın otarmaq deyil, a qadan alım! Yeməyi insan hər yerdə tapar da, yeyər də. Yemək nə olsun?
Əmirəli müsahibinin sözünü kəsmək istədi:
– Bəs sən yaylağa, görünür, oruc tutmağa gedirsən?
– Oruc tutmasam da, qarın otarmağa getmirəm.
– Bəs niyə gedirsən – yatmağa?
– Qulaq as. Sən mənə de görüm, həmin o Kislovodski yaylağında bəslənib kökələndən sonra neçə sutka ilə bilet növbəsinə dayanırsan ki, evinə qayıdasan? Neçə yerdə basabasa düşürsən? Neçə adama yalvar-yaxar eləyirsən?
– Sezonun axırında iki gün əziyyət çəkəndə qiyamət olmaz ki, Balaoğlan?
Məclisdəkilər güldülər. Balaoğlan söhbəti dayandırmadı:
– İki gündə iki aylıq istirahətin bumundan tökülür.
– Vaqon bileti səni qorxutmasın, beş şahı artıq verəndən sonra bilet paketdə evə gələcək!
– Əşi, qulaq as, Kislovodskidə olan kök, qara milçəklər hansı yerdə var? Dünyanın heç yerində! Bir şəhərdə ki kanalizasiya olmadı, oranın üfunəti insanı təngə gətirər. Sən niyə birtərəfli danışırsan, Əmirəli? Onu da de, bunu da de!
– Birtərəfli niyə, lap düzü belədir ki, danışıram.
– Qulaq as, gör nə deyirəm. Gəl, daşı ətəyindən tök, bir dəfə də mən deyəni eşit. Bax, karvanını sür lap bu yaxma, Bakı bağlarına, gör nə görərsən! Əmirəlinin canı üçün, sarı əncirin altında, ağ qumun üstündə, dolu çarhovuzun yanında qara şam qabağımda, naxışlı nərdtaxtanı ki açıram, zərlər rəqqasə kimi hoppanır, hər dəfə düşeş-dübeş verir. Sən bu mənzərəni harda görə bilərsən, əzizim. Atalar da deyib: ab, atəş, xak, bad! Yəni, suyun da, günəşin də, havan da, torpağın da yanında, evin içində! Bu istirahəti sən niyə qiymətləndirmirsən, canım! Gecələr də ləpələrin laylası ilə, münəccimlər kimi ulduzları saya-saya yuxuya gedirsən.
– Duranda da görürsən, yastığın, yorğanın su içində.
– M ən sudan qorxan deyiləm, gecəyarısı dənizdə az çimməmişəm!
– O keyfi Allah mənə qismət eləməsin, Balaoğlan!
Burayacan susub papirosuna güc verən Cəmilbəy, sanki, iki dostun mübahisəsindən bezib işə qarışdı:
– Yalan sözdür, Əmirəli, söz güləşdirməyin! Bağ da yalandır. Kislovodski də naçarlıqdan olan şeydir. Əfvayı sözdür, əfvayı!
O, ayağa qalxıb şəhadət barmağını silkələdi, eşidənləri hədələyən kimi səsini ucaltdı, ahəngini dəyişdi, gözləri parladı:
– Yaylaq demişəm, bax, bizim qaragöz meşəli, durnagöz bulaqlı Gəncə dağlarına. Ağır keçələri açıb, alaçığı qurursan, içinə girən kimi görürsən vəhşi təbiət səni gözləyirmiş, kəhər at kimi kişnədi. Yağış göydən şıdırğı tökür, ildırım çaxır, göy guruldayır, qoyun-quzu mələşir, sel yamaclar boyu şaqqıldayır. Bədəninə birdən-birə üşütmə gəlir, bürüncək axtarırsan. Çoban hər qoyunun altından iki quzu çıxarıb alaçığa qaçırdır... Yaylaq demişəm buna! Bu dədə-baba kənd mənzərəsinə. Nə radio, nə qəzet, nə konsert. Qara qoyunun əmcəyindən çıxan südü soyumamış başına çəkirsən. Buğda yuxasından yazın ətri, yumurtadan yarpız iyi gəlir. Bilmirsən dünyanın harasındasan, hansı əsrdəsən. Yaylaq, bax, belə olar. Yoxsa Kislovodskinin küçələrində boynuvun qalstukunu bəıkitmək, üfürə-üfürə basanoşka geymək, gündə iki dəfə üzünə ülgüc çəkmək ki, artistkalar baxsınlar... Restoranlarda da oturmaq üçün kürsünün növbəsində durmaqdan qıçlarına qara su enmək... Yox, yox, qardaş, bu yaylaq olmadı, oldu əsl başağrısı, ürək sıxıntısı. Əmirəli, acığın tutmasın, burda sənin təbliğatına aldanan olmayacaq! Məndən soruşsan, nə kurort, nə də Bakı bağı. Dağ, laləli dağlar! Ana təbiətin qucağındakı rahatlıq harda var?
Müsahiblərin bugünkü söhbəti Mirzə Qədirə xoş gəlmirdi. Əvvəl güman edirdi ki, axşam sərini düşər, mövzu dəyişər, keçib gedər. Sonra gördü yox, yoldaşlar elə-belə, qəsdən yaylaqları təhlil eləyir, öz mülahizələrini deyib təkid edirlər. Maqazin müdiri Əmirəli danışdıqca vəcdə gəlir, başqalarına macal vermirdi. Mübahisə aparanlar ev sahibinə müraciət etmirdilər. Bilirdilər ki, faydasızdır. Mirzə Qədir hər il məzuniyyətini maraqlandığı ölkələrdə səyahətlərdə, gəzməkdə keçirər, gördüklərindən də mətbuata müəyyən səhifələr, lövhələr yazardı. Bugünkü söhbəti eşitsə də, iştirak etmək, yer seçmək, yaylaq bəyənmək qəsdi yox idi. Üzünü Əmirəliyə tutub müəllim ahəngilə, ahəstədən, lakin get-gedə səsini ucaldaraq danışdı:
– Bayaqdan bəri söhbətinizi diqqətlə eşidirəm. Sözüm yox. Bir manatlıq əti, kərəni, balı, qaymağı... Hamısı nuş olsun. Sözüm yox. Əmirəli, mənə aydın olmayan bir-iki mətləb var ki, istərdim sizdən eşidə idim. Bütün bu dadlı şeyləri alıb süfrənizə ki düzmüsünüz, sizin müsahibləriniz, həmdəmləriniz kim olacaq? Başınıza kim yığılacaq?
Əmirəli Mirzə Qədirin sualına güldü, başını yellədi:
– A sağolmuş, həmdəmə nə var! Dünyada birinci həmdəm, müsahib cibindəki pul! Pulum olandan sonra yoldan keçən handa bir xanım məclisimdə məmnuniyyətlə əyləşəcək!
Əmirəli təzədən qızışdı:
– Bilirsiniz ki, mən özüm dədə-babadan subay adamam. Subaylığı da, necə ki soltanlıq, üstün tuturam. Getdiyim yerdə heç vaxt korluğum olmayıb. Ev sahibindən xahiş eləyən kimi adam çağırır, mənim bazarıma, xörəyimə, sahmanıma, istirahətimə nə lazımsa, necə ki var, yerbəyer eləyir. Şimali Qafqazda mənim kimi vaxt keçirməyə gələnlər nə çox!
– Görünür, hər il sizin həmdəmləriniz dəyişir, təzələnir?
Əmirəli iftixarla əlini sinəsinə qoydu, razılıq işarəsi verdi:
– Bəli, bəli, atalar yaxşı deyib: hər şeyin təzəsi!
– Dostun köhnəsi deyiblər, axı?
– Yox, Mirzə Qədir, köhnəlik mövhumatdır. Təzəsi, mən təzəpərəstəm: siz qəzetdə də deyirsiniz ha! Novator! Mən soltanlıq buna deyirəm. Mən özüm də bir cür novatoram. Hamı evlənir, mən yox!
Əmirəli sağına, soluna baxdı, kənardan eşidənlər olmasın deyə, ehtiyatla əyilib Mirzə Qədirin qulağına pıçıldamaq istədi:
"Yoxsa, məzlum bir Allah bəndəsinin sifətinə neçə il baxmaq olar? Bu, zülmdür ki! Yox, mən buna dözə bilmərəm!"
Mirzə Qədir ayağa qalxıb eyvanda bir qədər gəzindi, təkrar bu söhbətə qarışmağına məyus olub susdu, alnını ovxaladı, qarşısındakı qəzeti götürdü. Deyəsən, açıb oxumaq istəyirdi. Nədənsə qatladı, bir də qatladı. Yumruğu ilə sürtüb yastıladı, yenə qatladı, kiçiltdi, cibinə qoymaq istəyəndə nə fikirləşdisə, əlində silah kimi düz tutub silkələdi. İrəli yeridi, nəsə demək istədi. İndi o, üzünü Əmirəliyə yox, Cəmilbəyə tutub bir qədər əsəbi tərzdə, sanki dediklərini qiraət ilə, maşında yazılmaq üçün aydın ifadə edirdi:
– Dostum, görünür, bizim işləmək barəsində olduğu kimi, dincəlmək barəsində də ixtilafımız var.
Əmirəlinin səsi təkrar eşidildi:
– Dincəlməyin nə ixtilafı? Hər kəsin puluna minnət!
Cəmilbəy özündən şübhələndi:
– Mirzə Qədir, bizim həmfikir olmağımıza kim şübhə edə bilər?
– Dincəlmək cürbəcür olur.
– Əlbəttə, hər kəsin bir zövqü!
– Mən qarın barəsində, işrət barəsində demirəm.
– Libas, geyinmək, keçinmək...
– Xeyr, mən ayrı şey deyirəm. Mən köklü bir məsələni demək istəyirəm.
Mirzə Qədir susdu, ətrafa baxındı. O istəyirdi ki, bu mətləbi heç kəs eşitməsə də, Əmirəli eşitsin... Qəsdən onun yox, yenə ərk elədiyi Cəmilbəyin adını tutdu:
– Cəmilbəy, dincəlmək də böyük məsələdir. İnsan gələcək işini, niyyətini, arzu və planlarını bəzən dinclikdə düşünür, arxayın zamanda düşünür, ruhlanır. Dincəlmək cəmiyyətin vətəndaşlara bəxş etdiyi bir vacib hüquqdur. – Mirzə Qədir bir qədər susdu, əlavə etdi: – O adamlar yaxşı dincələrlər ki, onların buna haqqı olsun! Bəli, dincəlmək haqqını qazanmaq lazımdır! Özü də alın tərilə qazanmaq! Belə bir haqqı qazanan adamların hansı yaylaqda, hansı məskəndə, hansı vaxtda – bağda, dağdamı, havada, ya dənizdəmi dincəlməyə tamamilə ixtiyarı var. Qaldı müsahib barəsində. Əlbət ki, istirahətlə gərək təmin olunasan. Mən mənəvi təminatdan danışıram. Güləşqabaq, xoşsifət, mərifətli, düşüncəli, mühakiməli, qanacaqlı yoldaş mənə musiqidən də munis, əzizdir. Yoxsa, Allah göstərməsin, bir yonulmamış, nahəmvar ilə müsahib olsan, dünyanın neməti yığılsa, yenə ruhun əzabda olacaq. Sizi bilmirəm, mənim xasiyyətim belədir. İstəmədiyim, təbiətimə yad bir vücud ilə bir saat müsahiblik eləmək illərin sürgünündən ağırdır. Ağırdır, çünki, burada mənəvi əzab, ruhun əzilib xırpalanması var.
Məclisdəkilər Mirzə Qədirin sözlərinə bəhs açmadılar. Hər kəs ürəyində o kişinin arzusunu düşünür, özünü belə bir yoldaşlıq ləyaqətində sayır, başqalarında isə qüsurlar axtarmağa çalışırdı. Əmirəli düşünürdü ki, Mirzə Qədir – bu qədər gəzən, yazan, danışan adam, yenə müsahibdən şikayətlənir. Ya içkidə, oyunda hərif axtarır, ya da məclis qurmağa pulu çatışmır. Qənaət ilə dolanan adamın nə yoldaşı, nə yoldaşlığı? Əmirəli istəyirdi bu barədə müsahiblərlə danışıb öyrənsin, ancaq bilmirdi kimdən başlasın. Hər kəsə yanaşanda sanki Mirzə Qədirin mənalı, zəhmli baxışları onu vahiməyə salırdı. Bilmirdi belə sözü necə, harada danışsın?..
Müsahiblərin söhbəti bir neçə saat çəksə, axşamdan xeyli keçsə də, yaylaq məsələsi yenə həll olunmadı...
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-yaylaq-meselesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Böyük Vətən müharibəsi günlərində, sovet xalqının öz doğma yurdunu, öz azadlığını, səadətini, öz xoşbəxt həyatını qaniçən german faşizmindən müdafiəyə qalxdığı bir gündə istər-istəməz xalqımızın tarixi ənənələri adamın xatırına gəlir. Bu gün cəbhələrdə nemes işğalçıları ilə döyüşən və müstəsna qəhrəmanlıq nümunələri göstərən Kamal Qasımovların, Məzahirlərin və yüzlərcə başqa vətən oğullarının hünərini gördükcə ata-babalarımızın, ümumiyyətlə bütün xalqımızın mübariz və məğrur keçmişi yada düşür.Azərbaycan xalqının tarixi həmişə həqiqət, ədalət uğrunda mübarizə tarixi olmuşdur. Gənclər və qocalar, qadınlar və kişilər öz ömürlərini, yaşayışlarının məna və məzmununu istilaçılara, zalımlara, zorakılara, xalq əmək və səadətinin qəsbkarlarına qarşı döyüşlərdə görmüşlər.
İsrafilQızıl almaAna "Məlik Məmməd" nağılını demişdi ki, uşaq yuxulasın. Uşağın isə başı yastıqda, gözləri səqfdə idi. Hərdən vacib şeyi xatırlamış kimi, qalxır, balkonda məşğul olan anasını çağırır, soruşurdu:
Qardaşlar(Döyüşən orduda)*İki ay əvvəl Sovet İnformasiya Bürosunun məlumatında adı çəkilən Babayev Mahmud budur, həmin bu arıq, zirək oğlandır. O, Kürdəmir rayonundandır. Yayın istisində üç ay vəhşi faşistlərə qarşı vuruşmuşdur. Axırıncı kəşfiyyat çıxışında dörd yoldaşı ilə bərabər 11 nəfər faşisti əhatə etmiş, üçünü öldürmüş, səkkizini əsir tutmuşdur. Yaralandıqda belə, döyüş meydanını tərk etməmiş, 12 saat vuruşmuşdur. Babayev iki ay xəstəxanada yatıb sağalmış və təkrar öz hissəsinə döyüşə qayıtmışdır. Babayev deyir:
Qəzəb maşınlarıAbbas deyər bu sözləri sərindən,*Arxı vurdur, suyun gəlsin dərindən,*