– Qapını yaxşı ört, saata bax, gör neçədir.

– Mən baxmışam, sən bax!

– Mən də baxmışam, düz on ikini vurur. Qadın xeylağı, indiyəcən haradaydın?

– Bəs, kişi xeylağı, sən haradaydın?

– Mən iclasda.

– Mən də iclasda.

– Sənin nə iclasın var, gecə vaxtı?

– Bəs sənin nə iclasın var?

– Mənimkini özün bilirsən.

– Mənimkini də sən bilirsən.

– Yox, bilmirəm!

– Bilmirsən, bil!

– Sən ailə sahibisən axı, evdarsan!

– Sən də ailə sahibisən.

– Mən qulluq adamıyam, vacib işim olur.

– Mənim də vacib işim olur.

– Deməli, qulluğa girmisən?

– Girəndə nə olar?

– Nə olacaq, körpü qalar çayın o tayında!

– Qalsın görək, qalsın!

– Deməli, sənin ürəyindəndi?

– Sənin ürəyindən olanda, mənim niyə olmasın?

– Sən mənnən qoz-qoz oynayırsan, deyəsən?

– Qoz-qoz deyil, aşıq-aşıqdır bəlkə?

– Deməli, belə başlamısan?

– Belə, bir az da belədən o yana.

– O yan olanda bizimki tutmayacaq!

– Tutmaz, dünəndən tutmasın.

– Nə var, sənin üçün daha yaxşı!

– Yaxşı yox, lap əla!

– Bilirik, sən çoxdanın əlaçısı imişsən.

– İndiyəcən harada yatmışdın?

– Yatmışdım, indi lap ayıldım!

– Get əl-üzünü yu, dünyaya yaxşı bax!

– Baxmışam, çox baxmışam, amma sənin kimisini görməmişəm.

– Şagirdinəm də!

– Allah kəssin belə usta-şagirdliyi.

– Əvvəl ustanı kəssin!

– Belə karxananın ustasını da, şagirdini də!

– Amin, amin!

– Zəhər dilini kəsməyəcəksən?

– Zəhər sifətindən yağır!

– Dur cəhənnəm ol!

– Cəhənnəm yerin, məkanın olsun!

– Lənət sənə, kor şeytan, ha!

– Şeytanın səsi gəlir.

– Sonra da, haşa buradan, yoldan ötənlər deyirlər, filankəs arvadını boşayır.

– Boşamasan, kişi deyilsən.

– Doğru deyirsən, kişi olsam, gecəyarısına qədər arvadla çənə-boğaz vurmazdım!

– Etiraf eləyirsən ki, di köp, otur yerində!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri