Ürəyim yaman dolubdur,Bülbül ölüb, gül solubdur,Dedilər, Əmrah ölübdürDedim, yalandır, yalandır!

Abdı-müğənnisi elinÖldü, göz yaşımı silin!Səsi gəlsin “qonçəgülün”Könlüm talandır, talandır.

Ölüm şərbətini içdi,İşıq Sıraclıda köçdü,Mən demirəm, dünya heçdi,Saz, söz qalandır, qalandır.

Qəm, xəncərin qalsın qında,Qoy dincəlsin bu çılğın da,Ürək, məni qəm dağındaGəl, az dolandır, dolandır!

Mirvarid, gəl batma qəmə,Ölüm aman vermiş kimə?Vur mizrabı sarı simə,Aşıq, amandır, amandır!

Dünya fani, biz köçəri,Saz, söz qalandır, qalandır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm