Gələndə dünyaya baxar üzünə,Balanın adını anar analar,Qəlbini oxuyar özü-özünə,Oxşayar dərdini qanar analar.

Zəhmət çəkər gecə-gündüz bəsləyər,Şirin layla tutar, şirin səsləyər,Tez böyütmək, tez yetirmək istəyər,Balanı öz canı sanar analar.

Balanın qəhrindən qəsd edər cana,Az qalar ki, olsun dəli, divana,Axan göz yaşları qarışar qana,Balasından olsa kənar analar.

Ağlasa ağlayar, güləndə gülər,

Övlada ömründən kəsər, pay verər.Naqabil kəs ana qədrin nə bilər?Balanın halına yanar analar.

Analar çalışar qeydə qalmağa,Böyüdüb, yetirib ilham almağa,Qaranlıq yoluna işıq salmağa,Saxlayar dəstində fanar analar.

Vəli söylər gözün ağı, qarası,Ürəyinin, ciyərinin parası,Balanın zərrəcə olsa yarası,Dayanar ürəyi donar analar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri