Ovçu insaf eylə tökmə qanını,Qıyma qatarından qala ceyranı.Yara vurub qəsd eyləmə canına,Azad eylə ana-bala ceyranı.

Ananı itirsən diyarbədiyar,Körpə bala ağlar, çəkər ahu-zar,Gedəndə tapşırıb böyük sənətkar,İncitməyin hər mahala ceyranı.

Vurğunun sözləri iz salır daşa,Tapşırıb ellərə o başdan-başa,Bəsləyib göstərə qardaş qardaşa,Öpüb qucağına ala ceyranı.

Kənarda saxlayın atəşdən, nardan,Tikandan, afətdən, borandan, qardan,Qanlı ovçulardan, zalım şahlardan,Qoymayın kəməndə sala ceyranı.

Qurdu, quşu göz evindən itirin,Ətrafında qızılgüllər bitirin,Oxşayın, öyrədin, dilə gətirin,Tez yetirin bir kamala ceyranı.

Miskinli Vəli də gedər aradan,Qalmaz bu dünyada hər addım atan,Hanı Vurğun kimi yazıb yaradan?Nəqş edə, tarixə sala ceyranı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri