Kamil sənətkar ol, mehriban oğlum,Arada çox gəzmə aciz avara,Gecəni gündüzə qataraq çalış,Bir namus, qeyrətə, bir etibara.

Dərs al, oxu, öyrən, təmiz ad qazan,Yaxşı, qabaqcıl ol, yaradan, yazan,Ölər, itər, batar yolundan azan,Dilindən od alan tez yanar nara.

Eşit bu sözləri, unutma qəti,Uyma fırıldağa, sev həqiqəti,Namərdə, zalıma çəkmə minnəti,Öz pulun olmasa getmə bazara.

Sakit ol məclisdə havayı gülmə,Nəfsinə aldanma, lovğalıq bilmə,Qatarından qalma, eldən üzülmə,Sayıq olsan bil ki, düşməzsən dara.

Qəlbin çox düz olsun, pis yola getmə,Qarşına gələndən salamsız ötmə,Əmək sev, ərinmə, tənbəllik etmə,Həyatın şən olsun güvənmə vara.

Miskinli Vəlini salma nəzərdən,Öyrən bu sözləri, yada sal hərdən,İnsana mərifət üstündü zərdən,Dosta yalan satma düz ol ilqara.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri