Xalqa ziyan verən xeyir gətirməz,Yaxşıya peş görən yamanı bilsin.Bağ salıb yetirməz, bol bar götürməz,Bağbana verməyən amanı bilsin.

Güvənməsin qanadına, qoluna,Arxalanan qaratikan koluna,Dərin quyu qazan elin yoluna,Nifrətə gələcək gümanı bilsin.

Atalar demişdir döyülər döyən,Çox qazanar çor deyənə can deyən,Sıxarlar qan qusar özünü öyən,Əzərlər, öyrənər xam onu bilsin.

Nadan nəsihəti almaz deyərlər,Qanan heç yadından salmaz deyərlər,Qan tökən qələbə çalmaz deyərlər,Yaşadan yaşayan zamanı bilsin.

Vicdanı olmayan çəkinər nədən,Yaxşını bəyənməz pis yola gedən,Pozar həyatını əyrilik edən,Şor tapmaz itirsə xamanı, bilsin.

Xalqa xoş gəlməsə yazdığın əsər,Əhli-hal içində verərmi səmər,Tələsən, təntiyən, tədbirsiz kəsər,Atalar demişdi damanı bilsin.

Adam var adamı dərinə salar,Adam var adamdan min ilham alar,Adam var zəhməti sevməz ac qalar,Qışda mala tapmaz samanı bilsin.

Adam var ki, yetik olsan halına,Gücü çatmaz bir yük tuta dalına,Yol azan, göz dikən özgə malına,

Torpağa qatarlar umanı bilsin.

Zülmətə son qoyur günəşin nuru,Gözünə görünür bulannıq, duru,Kim desə aləmdə çalacam suru,Gərək yeri, göyü, səmanı bilsin.

Vəlini eşidər kamala çatan,Ölümə layiqdi vətəni satan,Bir karvan batırar yolunu azan,Aləmdə xar edər sarvanı bilsin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən