Mehdi Hüseyn · Nəsr
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Birinci hissə**Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:
Şeytanın barmağıTəmsil*Çox qədim zamanlarda yoxsul bir kəndli vardı. Onun cındırından cin hürkürdü. Özü də arıq və cılızdı. Ha əlləşirdisə, kasıblığın daşını ata bilmirdi, hətta taxılını döymək üçün də başqalarından qoşqu heyvanı istəməyə məcbur olurdu. Qonşusundan ikicə günlüyə aldığı öküzləri vələ qoşub, arpasını döydü, dənini ikitəkərli arabaya yükləyib, dağ ətəyindəki kəndin dəyirmanında üyütməyə apardı. Bir çətən külfəti acından batırdı. Fikri bu idi ki, necə olursa-olsun, bu axşam özünü dəyirmana yetirsin, yalvar-yaxarla dənini üyüdüb, gecə ikən də evinə qayıtsın. “Sən saydığını say, gör fələk nə sayır!” – deyiblər. Kəndli nə qədər tələsirdisə, öküzlər bir o qədər səbirli yeriyir, bəzən də üzə durub yolun ortasında dayanır, tənbəl-tənbəl quyruqlarını tərpədir, kəndlinin hay-hüyünü sanki eşitmirdilər. Kəndli qan-tər içində idi. Qırışlarla örtülmüş alnında tumurcuqlanan tər damcılarını əlinin tərsilə silməkdən yorulmuşdu. Günün istisindən az qala yazığın başı çatlayırdı. Öküzləri qırmancla döyəcləməkdən təngə gəlmişdi. Yolun kənarında kölgəli bir yer də yox idi ki, arabanı açıb, dincini alsın. Heç yerdə otdan, göyərtidən də gözünə dəymirdi ki, öküzləri bir az otarıb, sonra yola düşsün. Bu halda, tərs kimi, öküzlərdən biri soncuq atmağa başladı, arabanı o yan-bu yana dartaraq, yoldan qırağa çıxartdı, çökəyə tərəf sürüdü. Araba kəlləmayallaq aşdı. Kəndli özü də zərblə ağzıüstə yıxıldı və istər-istəməz “lənət sənə kor şeytan!..” – dedi.