Həm ölüm, həm əbədiyyət
Qarşıda çağlayan mavi dənizdir,Ordan bir mavi yol uzanır göyə!Dalğalar dilində ilahi sözdür,Uçur səmalara "sevirəm" — deyə.
Sevgin üfüqlərdən endi mənimçin,Bənzərdim dənizdə tənha yelkənə.Ürəkdən ağlasam mən için-için,Mehriban-mehriban gülmə sən mənə.
Ömrün ayrı-ayrı iziylə keçdik,Dərdlər də, qəmlər də bizə bəllidir,Bilirəm cahanda çox gec görüşdük,Yaxşı ki, görüşdük, bu təsəllidir.
Ümid körpüsündən həsrətlə keçdim,Sevgi qapısını döydüm bir sabah.Təəccüb doğurdu gözlərdə eşqim,Təəccüb heyrətə dönərmi, Allah?
Yenə bir mavi yol uzanır göyə.Ürəkdə torpağa, səmaya heyrət.Sevgisə sirrini açmır kimsəyə:Sevgi həm ölümdür, həm əbədiyyət!
30 dekabr 1993
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-hem-olum-hem-ebediyyet
← → düymələri ilə keçid, R — təsadüfi şeir