Könüldə min qəmim vardır ki,pünhan eyləmək olmaz.Füzuli

— Hər payız dərdimi pıçıldayaraq,Tökülür ağacdan sapsarı yarpaq.Dinlə, o həsrətlə səslənən qovaq,Mənim ürəyimdir, mənim ürəyim.

Məhəbbət sonsuzdur, ömürsə qısa,Nə ola, sədaqət əbədi qalsa!Kimin ürəyində bir tel qırılsa,Mənim ürəyimdir, mənim ürəyim.

Üzlərdə, gözlərdə sevgi oxunur,Məhəbbət ürəkdən ürəyə qonur,Gözəllər gözündə o atəş, o nur,Mənim ürəyimdir, mənim ürəyim.

Bulağam, suyumdan doyunca için,Çəmənəm, mehriban-mehriban keçin.Min çiçək içindən bir lalə seçin —Mənim ürəyimdir, mənim ürəyim.

Nəbinin qəlbində min bir dilək var,Çələng toxumağa gül var, çiçək var,Nə qədər dünyada sevən ürək var,Mənim ürəyimdir, mənim ürəyim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar