Milliləşmək
Canlı işlər, tarixi dəyişikliklər bizə göstərir ki, hər cəmiyyət, hər fərd, hər dürlü ənənəsindən, müqəddəsatından, imkan və etiqadından az-çox əl çəkdiyi halda milli dilindən əsla və əsla vaz keçməmişdir. Və heç vaxt da keçəməz. Çünki hər millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaxlaşmış deməkdir.
Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti, hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz.
Dünyada bədbəxt o millətdir ki, özgə millətin silahından ziyada dil və ədəbiyyatına əsir olaraq yaşamaqdadır. Hələ, zəmanəmizdə milli ədəbiyyatına malik olmayan bir millətə hədd-rüşkə çatmamış bir bala nəzərilə baxıb cəmiyyəti-əqvam ailəsinə qəbul edilməməsi, öz müqəddəratının özünə verilmək istənilməsi bizim kimi öz dil və ədəbiyyatını sevməyənlər üçün nə gözəl bir dərsi ibarətdir.
Əlifba və ədəbiyyatlarının mövcudiyyəti min il qabaqlara çıxaran və bununla köhnə bir mədəniyyətə sahib olduqlarını iddia edən millətlər boş görüntü üçün deyil, iştə bu gün üçün, bugünkü cəmiyyəti-əqvamın imtahanı üçün hazırlanırlardı. Və bu gün də özünü qanan hər millət səbilikdən qurtulmaq, həddi –rüştə çatmaq və ya onu keçib mərtəbeyi-əhəmiyyətə yetişmək üçün bütün var qüvvələrini milli dil və ədəbiyyatlarının tərəqqisinə sərf etməkdə və bu səyin dərəcəsi nisbətdə istibdad və cəhalətin pəncəyi-zalimindən qurtulub hürriyyət və müsavata nail olmaqdadırlar. Çünki bu gün ən acı təcrübələrdən sonra qəti və müsbət bir həqiqət olaraq qəbul edilmişdir ki, insanları qara cəhalətdən, istibdaddan xilas edən yalnız və yalnız ədəbiyyatdır.
Müstəbid hökumətin, keyfi İdarənin, zalimanə üsulun ən böyük düşməni ədəbiyyatdır. Ədəbiyyat olan yerdə istibdad, istibdad olan yerdə ədəbiyyat yaşıyamaz. Bu səbəblə idi ki, müstəbid və zalım padşahlar keyfi idarələrinin bəqayi-davamı üçün ən ziyada müraciət etdikləri tədbir ədəbiyyatı qısmaq, hürr mətbuatı yox etməkdi.
Milli ədəbiyyatın silahdan min kərə güclü, əhəmiyyətli olduğunu bu gün hər dürlü qail və keşməkeşlər içərisində ola-ola ən ziyadə qeyrət və səylərini milli ədəbiyyatın tərəqqisinə, ülumun nəşrinə sərf edirlər. Çünki yaxşı bilirlər ki, xalq hürriyyət və müsavatın qədrini, ləzzətini ancaq və ancaq öz milli dilləri ilə anlaya bilərlər. Və yenə ancaq bu anlayışla hürriyyət və istiqlalın mühafizəsi uğrunda fədayi-can edə bilərlər.
İştə bu düşüncələrə görədir ki, bu gün xüsusiyyəti-milliyyənin yeganə şüarı olan “milli dil”in mühafizə və tərəqqisi uğrunda ən ziyadə çalışanlar sosialistlərdir. Bu isə onlar üçün təbii bir qüsur deyil, bəlkə fəzilətdir.
Doğrudan da görürüz ki, dil məsələsində ən mütəəsib millətçilik edənlər yarımmədəni hindlilər, əfqanlar, türkmanlar deyil, mədəni ukraynalılar, polyaklar, bolşevik ruslar, sosialist gürcülərdir.
Əcəba biz nasıl?
Burada türkcəmizin göyçəkliyindən, türk ədəbiyyatı tarixindən bəhs edəcək deyiləm. Ancaq burasını yada salmaq istəyirəm ki, fransız dili Qərbdə nə isə, Yaxın Şərqdə də türk dili odur.
Qərbdə fransız dili nə cür ümumi dil xidmətini görürsə, Yaxın Şərqdə, yəni Qafqaziyada, İranın yarısında, Türkistanda, Rusiyanın cənubi qərbində, Krımda, Anadoluda, Rum elində, Suriyada, İraqda türk dili öyləcə ümumi dil vəzifəsini görür. Oralarda bir türk bir arpavuza, bir ərəb bir kürdə, bir iranlı bir gürcüyə, bir erməni bir ruma, bir yəhudi bir assura məram anladacağı zaman mütləq türkcə söyləməyə məcburdur. Çünki onların heç biri o birinin dilini bilməz, lakin hər kəs az-çox türkcə bilir.
Türk dili oralarda bütün dillərə hakimdir. Türkcənin bu hakimiyyəti qarşısına imdiyə qədər heç bir dil çıxmamışdır. Hərçəndi bir vaxt ərəb və fars dilləri osmanlıların az bir qisminə, onların rəsmi yazılarına hakim olmuşdur. Lakin heç vaxt ümumi xalqa, xalq ədəbiyyatına hakim olmamış və ola bilməz də. Türk dilinin Yaxın Şərqdəki hakimiyyətinə şahidlər axtarmaq lazım deyil, onunla danışan 60-70 milyonluq böyük bir kütlənin şahidliyindən daha möhkəm nə ola bilər?
Türkcənin yazı və mətbuat aləmindəki zəifliyinə gəlincə bundan qüsur, bəzilərinin sandığı kimi, türkcənin özündə, onun əskik və qabalığında deyil, başına bəla etdiyi əlifbasındadır. Doğrudan da türkcəmizə danışıq və ahəngini olduğu kimi göstərməyə, yazmağa əslayaramayan ərəb əlifbasını qəbul edəndən sonra öz varlığını, öz istiqbalını itirmiş və bu günə qədər ərəbliyə əsir olaraq həqiranə ömür sürmüşdür.
Vaxtdır ki, həqiqi, ictimai bir inqilab ilə dilimizi bugünkü yaramaz və çirkin əlifba əsirliyindən qurtarıb öz təbiətinə, öz istiqlalına uyğun bir əlifba qəbul edəlim. Və bunun sayəsində dilimizə danışıqda qazandığı ümumilik şərəfini mətbuatda da qazandıralım. Və bu yol ilə xalqa savad öyrədəlim, onlara qolayca bilgi və maarif qapılarını açalım.
Hamıya ümumi təlim verəlim, elmin ləzzətini datdıralım. Və ancaq bundan sonra camaatdan hürriyyət, ədalət və müsavat qanunlarına tamamilə riayəti, istiqlal yolunda, xalqçılıq uğrunda can verməyi istiyəlim.
Yoxsa özgə cür hamısı boş, hamısı qayırma, hamısı küy-kələkdir. Zaman, ehtiyac və həyat bu gün bizdən çox şeylər gözlüyür, daha ciddi, daha xeyirli, daha əqilli, daha elmi yolda çalışmamızı tələb edir.
Qurduğumuz xalqçı cümhuriyyətdə hər zaddan qabaq xalqın murad və mənfəətini nəzərə almaq lazım gəlir. Cümhuriyyətimizin bünövreyi-əsasını meydana gətirən qara xalqın üzünü ağartmaq, üstlərindən cəhalət qaranlığını qaldırmaq, məişət ağırlığını atmaq xalqçılığın şah əsəri, yeganə vəzifə olur.
Xalqçılar bu vəzifə və şah əsərini isə ancaq milli ədəbiyyat vasitəsi ilə vücuda gətirə bilərlər.
Milli ədəbiyyat xalqçıların əlində parlaq bir məşəldir. Ancaq bu məşəl ilə xalq hürriyyətin mənasını düşünər, müsavatın imkanını qanar, ədalətin doğruluğunu görər, istiqlalın qədər və qiymətini bilər.
Şu qədər ki, milli ədəbiyyatın parlaq bir məşəl halını alması, ondan layiqilə istifadə etmək üçün o millət, o xalq tərəfindən sevilməsi, ona qiymət verilməsi, ona hörmət edilməsi şərtdir. Xüsusilə buna xalqdan artıq xalqçılar, xalq idarəsi başında əyləşən ağalar riayət etməlidirlər.
Görəlim bizim ağalarda, bizim xalqçılarda bu hünər, bu fəzilət varmı?
İştə, can alacaq əsil nöqtə!
Ömər Faiq
“Azərbaycan” qəzeti, 21,
24 təşrini-sani (noyabr) 1919,
№ 327. 328
Kitabxana.az · https://kitabxana.az/works/nemanzade-millilesmek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Molla dayı! Gözümün ağı-qarası bircə oğlum var. O bir yaxşı balaydı! Od, qığılcım kimi bir yerdə oturmazdı. Küçədə bir uşaq onun qorxusundan elinə aşıq ala bilməzdi. Rüstəm kimi oğul idi! Kimin ne həddi var idi ona bir söz deyə? Gücü çatmayanı daşnan vurub yıxırdı.Molla, bir gün oğlum qonşum Məşədi Heydərin papağına bir daş vurdu, Məşədinin papağı üç aişin yol getdi. Xülasə, belə bir oğul tək düşərdi. Evə gedəndə od kimi gedib nə varsa götürüb yeyərdi, anasının ağzı nədi ona bir söz deyə, gözümüzün ağı-qarası bircə oğuldu! Molla dayı! İndi evim yıxılıb, qapım çırpılıb, gözəl, ağıllı oğlan dəli olub. Mən ağılsız baxdım onun-bunun sözünə, biçarəciyı qoydum şkolaya. Bilirsənmi necə dəli olub? Bax, gəlir dinməz-söyləməz oturur, açır kitabı, mırt-mırt deyə-deyə durur. Əgər Allahdan qorxmayıb çörək verməsən, istəməyəcək. Nə qədər deyirəm oğul, bir çıx küçəyə oyna, könlün açılsın, heç deyəsən bununla deyilsən, elə mırt, mırt, mırt…
Axır Çərşənbə“Köhnə günə gün çatmaz, çalasan günü günə”. Doğrudan belədir. Hanı o keçən günlər? Bir vaxt var idi, Allah ölənlərinizə rəhmət eləsin, axır çərşənbə günü rəhmətlik xan, torpağı sanı yaşayasınız, əlində tənbəki çubuğu, papaq əyri, çıxardı güllüyə, hamı camaat, ağsaqqal, qarasaqqal dövrhadövr əyləşərdilər, Kor Muqdusi koxa başlardı “Koroğlu”nu. Vallah, elə zurnaçı hələ dünyaya gəlməyib. Cavanlar çıxıb güləşərdilər, boğuşardılar, ta axşama kimi. Axşam olanda hamının kefi kök dağılıb gedərdik. Bax bayram belə olar.Doğrusu, bu çərşənbə menim xoşuma gəlmədi. Hərçəndi əvvəlki kimi bir çoxluca tüfəng, tapança, fişəng, taraqqa atdıqsa, amma genə əvvəlki kimi olmadı: ne qoç döyüşdürmək, ne at çapmaq, nə güləşmək. Bunlar olmadı. Deyəsən, camaat lap dinlərindən və məzhəblərindən çönüblər. Belə bayram olar? Heyif o zamanlar! Elə, aşna, xeyir-bərəkət də onlaman getdi. Genə az-çox xeyir-bərəkət varsa da, bu müsəlman övrətlərinin ucundandı. Bacılarımız heç öz dinməzhəblərin əllərindən ötürməyiblər: çərşənbə axşamı yaxşıca çərşənbə dinşemək, sübh tezdən yeddi dəyirmanın suyuna çimməyə məşğuldular, qəbiristanda köhnə rəhmətliklərin başdaşını çox qabiliyyətləri çöndərərdilər. Allah o bacıların qəlbindəki mətləbini yerinə yetirsin. Bax, bayram belə olar!
SirkəBu arvadların məkri ve hiyləsi olmasa, adam min il yaşar! Mən özüm çox yaxşı bilirdim ki, bizə sirkə qoymaq düşməz. Rəhmətlik nənəm deyərdi: bizə sirkə qoymaq düşməz.Rəhmətlik nənəmin bir ağ xoruzu var idi. Rəhmətlik sağlığında onu çox istərdi. Çünki bu xoruz xoruzların seyidi idi. Hansı evdə o olsa o evə cin gəlməz, bəla enməz, həmişə təhnə-tabaqda bərəkət olar. Bir neçə gün bundan qabaq nənəmin xoruzu ağacdan yıxılıb öldü. Gecə mən yəqin elədim ki, bir ziyan toxunacaq, çünki gecə sağ gözümün üstü elə uyuşurdu. Allaha təvəkkül deyib yatdım. Sabahdan ki, xoruzun meyitini yerdə gördüm, fikirnən bağçanı gəzirdim, bir də gördüm, bağçada bir küpə, içində sirkə. Bədbəxt arvad məndən xəlvət sirkə qoyub. Vay, evin yıxılsın, yıxdın mənim evimi! Tez gəlib “üç talaq, məndən boşan” – deyib arvadı evdən qovdum. İndi uşaqlar mələyə-mələyə qalıb. Bunların hamısı sirkənin xeyri oldu. Amandı, Molla dayı, buna bir əlac.
Qəribə QutuPeterburqda çıxan “Ülfət” qəzeti idarəsindən bu günlərdə Zaqafqaz ruhani İdarəsinin adına poçt vasitəsilə bir yekə qutu “pasılka”göndərilmişdi ki, çəkisi on yeddi put iyirmi altı girvənkə idi. Həmin qutu Tiflis poçtxanasuna yetişən günü poçt qulluqçuları görürlər ki, qutu öz-özünə tərpəşir. Zəmanənin rahatsız olmağı cəhətindən poçt naçalniki lazım bilir hökumətə xəbər versin. Qaradovoylar və soldatlar tökülüb gəlirlər və başlayırlar qutunu ehtiyat ilə açmağa. Qutunun üst taxtasını götürən kimi görürlər ki, qutuda üç nəfər qamı yoğun molla əyləşib.Sual-cavabdan sonra mollalar cavab verirlər ki, bizi “Ülfət” qəzeti göndərdi ki, birimiz Qori darülmüəllimində Firidun bəy Köçerlinin əvəzinə və birimiz də Rəşid bəy Əfəndiyevinəvəzinə müəllim olaq. Üçüncü molla da cavab verir ki, məni də “Ülfət” göndərdi Ağayevin yerinə “İrşad”a müdir olam və lazım gələndə müsəlman vilayətini gəzəfn və camaata vəz nəsihət edəm, çünki Ağayev başarmır.
Başqa şairlərin şeirləri
Qazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
AğlaramGənə yeni başdan dərdlərə düşdüm,Alışdım, dutuşdum, yandım, ağlaram,