Keçirəm Bakının küçələrindən,bu günü qürbətdi, dünəni Vətən.Varlılar, kasıblar zəmanəsidi,zalımlar, yazıqlar zəmanəsidi.Hacılar, tacirlər zəmanəsidi,təzə mühacirlər zəmanəsidi...

Sökülür, tikilir Bakı yenidən;Onu ictimai bir mülkiyyətdənşəxsi mülkiyyətə keçirir Zaman,gözümün önündə dəyişir insan.

Təzə dükanlarda hər nə istəsən,satan çox, alan yox, bazara əhsən!Satıcı danışmır, qiymət üstədi,milləti soymaqda millət ustadı.Yüzillik satılan mehmanxanada,tərcümə edilib: "həyat" "hiyat"a."Patronun" dilinə yatmır Naxçıvan,təki rahat yatsın xarici mehman.

Bəzəkli bir ledi mey-məzədəydi,yellər oynayırdı mavi telində.ofisant – elmlər namizədiydi,pivə paylayırdı padnos əlində.Filan kafedrada onu bir zaman,tərif eləyərdi hörmətli dekan.Parlaq gələcəyi, milli şüuru,Bir də deyərdi ki, kişi qüruru...

Gecənin yarısı qəhqəhə, gülüş,polisin əlində rezin dəyənək.Çıxır kazinodan bir ütülənmiş,təzə mülkədardı, köhnə dümbələk.Dünən tanıyırdım o dələduzu,bu gün bankir olub, ləqəbi "Arzu".

"Halallıq" deyəndə tərpənir bığı,əvvəl rəhmi gəlir, sonra acığı.Ali məclislərdə ali bir nəfəs,adını demirlər, "Hacı filankəs!"Öz əli, öz başı, öz ixtiyarı –nə məni tanıyır, nə Bəxtiyarı.

Yubiley keçirir kimsə vurhavur,Ədalət Allahın yadından çıxır.Bir şəhid evində yasin oxunur,burda can bəslənir, orda can çıxır.Biri "Mersedes"ə hissə axtarır,o biri çörəyi nisyə axtarır.

Budur, bir qocanın qoltuqağacı,satır medalları qəpik-quruşa.Xarici bir turist – kolleksiyaçı,alır o medalı, əsayla qoşa.Baxır aldığına – əla suvenir, –qoca qəhərlənir, xanım sevinir.

Üzü təbəssümlüm, gözü suallım,"doğmalar" içində sən necə təksən.Qoltuqağacını satan zavallım,qalxsan, indi nəyə söykənəcəksən?!Arxada uçurum, qabaqda Zaman,İNSANDAN İNSANLIQ İSTƏYİR İNSAN.

noyabr, 1995

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri