Lakin
Şeir yazdığım gün məğrur oluram,ilham ki, xəfifcə sinəmə dolur,bir şeh damlası tək büllur oluram,dünya dünyada yox, məndə əks olur.
Sonra... bir ağsaçlı sərkərdə kimi,bəzi namərdləri bağışlayıram.Mən öz üzərimdə öz qələbəmi,düşmənimlə birgə alqışlayıram.
Çaylar damarımdan axır elə bil,yollar ürəyimdən keçir dəmadəm.Gecəni-gündüzü sanki yer deyil,misradan-misraya fırlanan mənəm.
Bir sükut içində gurlayır səsim,qışın buz qarında çiçəklənirəm.Bəzən heç bilmirəm –masam üstəmi,ya yer şarınamı dirsəklənirəm.
Lakin...mən dediyim xoşbəxt anımda,elə bil qolumdan bir qol tutmayır.Prometey can verir gözüm önündə,qaniçən qartala gücüm çatmayır.
Bəlkə də yeridir, qoy deyim elə,təəssüf, yanılıb bəzi şairlər, –ən məğrur oğullar bəzən qartala,bəzən də pələngə bənzədiliblər.
Necə... oxşardımı çayırla çəmən,ya dağla səhralıq, ya sükutla səs?Dünya elədir ki, qanı tökülən,heç vaxt qan tökənə oxşaya bilməz.
Mənim taleyimdi bəlkə də ilham,yerdə axtarmışam bəxt ulduzunu.Bəlkə bir şeirlə parlayacağam,qoy şair dostlarım desinlər bunu.
İlham ürəyimin aynasındadır,ilhamsız bir sözə meylim yox mənim.Fikrim səyyarələr dünyasındadır,lakin yerdən ayrı yerim yox mənim.
Bəzən yolum üstə duman, sis oldumən bildim: gecələr səhərsiz olmazDünyaya gəlməyim xəbərsiz oldu,dünyadan getməyim xəbərsiz olmaz.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-lakin
← → düymələri ilə keçid, R — təsadüfi şeir