Ey cəfapişə ki ayini-vəfa bilməzsən,Rahi-birahə gedib qeyri cəfa bilməzsən

Ey ləbi-ləl ki yox mehr ü vəfadan xəbərin,Səxt bimürvət olubsan, necə daşdır ciyərin

Şəm tək eşqin odına ki məni yandırdın,Çünki gördün yanıram, çəkdin ətək, yandırdın

Səni gördüm, mən əzəl yari-vəfadar oldum,Sözünü söyləyib iqrarıma inkar oldum?

Ey mənimlə qılan iqrar edən inkar axır,Rəhmə gəldinmi ola, ey büti-xunxar axır

Aşiqi-pak nəzər dilbərini pak istər,Eşqi pak olmayan əlbəttə ki napak istər

Hüsn əhlində gərək mehr ü vəfa lütf ü həya,Aşiqin daxi gərək olmaya haqqında riya

Qərrə sən gər özünə, etmə gəlin munca xəyal,Ki bu şəhr içrə fələk çoxlara göstərdi zəval

Əhli-hüsnün o qədər dövləti payəndə deyil,Eşqin əyyamı kimi xürrəm ü fərxunda deyil

Ey gözəllik çəmənində açılan laleyi-al,Bəndənin sözünü dür tək sədəf-guşuna al

Tanrı verdi sənə bu hüsnü, məgər cövr edəsən?Sən gərək aşiqinə rəhm qılıb qövr edəsən

Ol zamandın ki sənə aşiqi-didar oldum,Gövhəri-hüsnünə can ilə xəridar oldum

Mən ki oldum səbəbi-zinəti-ruxsar sənə,Məndən özgə kim idi söylə xəridar sənə

Gövhəri-sərf idin, ab ilə rəngin yox idi,Xakə aludə idin, gərd ü qubarın çox idi

Həzər et, gövhəri-nasüftəni edərlər süftə,Alan olmaz anı, sən gər verəsən lap müftə

Nə deyim, anda sənə mən kimisi var idimi,Ya dürri-hüsnünə bir kimsə xəridar idimi

Bağban tək olubən qönçə zamanında sənin,Gül açan dəmdə olurdum daxi yanında sənin

Zib ü zinət verübən eylədim adəm səni mən,Eylədin adəm olub aləmə rüsva məni sən

Mərdi-sərraf kimi gərd ü qubarın silibən,Bil əyan gövhəri-zatında sifatın bilibən

Yəni mən gövhəri-ruxsarına zinət verdim,Canımın nəqdini ol gövhərə qiymət verdim

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq