Hər təbibə söylədim dərdim dəvasın görmədim,Möhnət ü dərdi-qəmin heç intihasın görmədim,Bu cahanın bir həqiqi aşinasın görmədim,Hər kimin çəkdim cəfasın bir vəfasın görmədim

Cövrünü çəkdim əbəs hər nakəsi-bədtinətin,Payimal oldum axır gərdişi-kəm fürsətin,Həm rəfiqü həmdəmin, yarın, həmi həm söhbətin,Hər kimin çəkdim cəfasın bir vəfasın görmədim

Verdi hər dəm könlümü tufanə çeşmi-pürnəmim,Əksik olmaqdan mənim gündən günə artar qəmim,Olmadı dünyada hərgiz bir müvafiq həmdəmim,Hər kimin çəkdim cəfasın bir vəfasın görmədim

Bəxt isə dönmüş əgər, iqbal isə olmuş yaman,Möhnət ü qəm çəkməyimdən oldum axır mən aman,Qövm ü qardaşı, rəfiqi bir-bir etdim imtahan,Hər kimin çəkdim cəfasın bir vəfasın görmədim

Ey Nişat, oldum qəmi-hicrilə sərgərdan həray,Dönmədi rayımla hərgiz gərdişi-dövran həray,Ya əmirəlmöminin, Heydər, şahi-mərdan, həray,Hər kimin çəkdim cəfasın bir vəfasın görmədim

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq