Səhifə 1 / 2

İranda ad qoymaq və uşaq doğulduğu zaman böyük ziyafətlər təşkil etmək adət deyildir. Ad günü və doğulan günün bayramı yalnız müqəddəslərə və padşahlara məxsus bir işdir. Məsələn, peyğəmbər və imamların anadan olan günü bayram edildiyi kimi, padşahın da anadan olan günü bayram edilməkdədir.

Bizim tanış olduğumuz ailələrdə dörd oğlan, bir də qız doğulmuşdu. Bunların bəziləri bir ay, hətta iki ay bundan qabaq doğulduğuna baxmayaraq, Nina üç aydan bəri xəstə olduğundan uşaqlara ad qoyulmamışdı. 17-ci ilin fevralında Nina yavaş-yavaş xəstəlikdən durmağa və dışarı çıxmağa başlayırdı. Lakin onu işləməyə buraxmırdıq. O, konsulxanada işləməyə can atsa da, biz ona mane olurduq, çünki bu günlər onun işləməsinə ehtiyac da yox idi. Amerikalı qız, Frikson, Mirzə Ələkbər xan və başqaları lazımi xəbərləri gətirirdi.

Məşədi Kazım ağanın təklifinə görə doğulan uşaqlara ad qoyulması bayramını 1917-ci il martın doqquzuna, yəni Novruz bayramına qədər təxirə salmaq lazım idi. Nina buna razı olmadı, o. martın birində uşaqların adını qoymağı məsləhət görürdü, çünki martın birində Məcidin də on yaşı tamam olurdu. Nina deyirdi ki, anadan doğulan beş nəfər uşaq gələcək İranda təzə nəslin başlanğrcidir. Buna görə də bu bayramı Novruz bayramı ilə qarışdırmayib ayrıca keçirək. Məşədi Kazım ağanın gəlinləri Töhfə və Sənubər bir qız, bir oğlan, Mahru xanım bir oğlan, Təhminə xanımın gəlini, Həsənağanın arvadı Nazənin xanım bir oğlan, Nabat xanım da bir oğlan doğmuşdu. Doğrudan da, bu uşaqların hamısı, Ninanın qayğısı sayəsində yaşayan mədəni ailələrdə doğulmuşdu. Buna görə də Nina təbiətin bu böyük hadisəsinə diqqət verir və bu hadisələri təntənəli bir surətdə qeyd etməyə çalışırdı.

Nina ziyafət təntənəsini öz evində düzəltmişdi. Bu ziyafətdə gözə çarpacaq yeniliklərdən biri də Ninanın miss Hannanı dəvət etməsi idi.

Məşədi Kazım ağa Ninanın bütün göstərişlərini yerinə yetirmişdi. Ziyafətə lazım olan hər şey hazırlanmışdı. Ziyafət gündüz saat üçə təyin edilmişdi. Ziyafət salonunda Şərq və Qərb qadınlarının qədim qiyafəsini göstərən heç bir şey yox idi. Təhminə xanim kimi qoca bir qadın belə tamamilə avropalı kimi geyinmişdi. Onun danışığı da Təbrizin başqa qadınları danışan mövzulardan uzaq idi, çünki Təhminə xanım yeddi-səkkiz ildən bəri Ninanın evində olmuş və indiki söhbətlərin mövzusunu ondan almışdı. İstər Təhminə xanım, istərsə də onun qızları və gəlini xeyli inkişaf etmişdilər. Buna görə də Məşədi Kazım ağa tez-tez:

– İnqilabdan nə qədər dövlət qazandımsa öz yerində, lakin iki nəfər mədəni və savadlı gəlinim bütün dövlətimdən qiymətlidir,

– sözünü təkrar edirdi.

Çağırılan qonaqların hamısı vaxtında gəlmişdi. Başqa adam yox idi. Qadınlar Mahru, Nabat, Sənubər, Töhfə, Nazənin, Təhminə xanım, bir də Məşədi Kazım ağanın arvadından ibarət idi. Ziyafətdə yeddi-səkkiz nəfər qadın və bir bu qədər də kişi olmalı idi.

Qonaqlar miss Hannanı gözləyirdilər. Küçədən fayton çarxlarının səsi eşidilən kimi otaqdakıların hamısı pəncərəyə, dəhlizə qaçırdı. Çox intizardan sonra Məşədi Kazım ağanın faytonu miss Hannanı gətirdi. Gəlinlər və Nina onu məhəbbətlə qarşıladı, onun əlini sıxa-sıxa, öpə-öpə salona daxil etdilər. Miss Hanna məniməlimi sıxdı. Onu Məşədi Kazım ilə tanış etdim, o hamı ilə tanış olduqdan sonra Ninanın yanına gəldi.

– Çox təəssüf edirəm ki, mən indiyə kimi özümü böyük bir təhlükədən qurtarmış adamla bu qədər gec tanış oldum, - dedikdə Nina:

– Özümüz tanış olmasaq da, gördüyümüz iş və daşıdığımız vəzifə bir-biri ilə sıxı əlaqədar idi. Sizinlə bu yaxın zamanda tanış olmağımıza baxmayaraq, mən sizi bacıdan artıq sevirəm, – deyərək onu bir daha öpdü, miss Hama isə Ninanın şübhələrini dağıtmaq üçün:

– Mən Əbdülhəsənbəydən gördüyüm insaniyyəti heç bir şərqlidən görməmişəm, – dedi.

Nina gülərək:

– Bir çox avropalı vardır kı, düşüncə etibarilə şərqlilərdən qat-qat aşağı durur, Əbdülhəsənbəy şərqli olduğuna baxmayaraq, mədəni avropalı qədər mütərəqqi bir düşüncəyə malikdir.

– Elədir! – Miss Hanna dedi. – Son zamanlar mənim yeganə arzum, sizin onunla birlikdə qurmaq istədiyiniz xoşbəxtliyi görməkdir. Mən bunu qəlbən arzu edirəm.

Onlar söhbət edə-edə gəlib davanın üstündə oturdular. Nina miss Hannanın əlini əlinə alaraq onunla əylənməyə başladı.

Bizim hər birimiz bu iki qızın təzə başlamış dostluğundan şadlanırdıq, xüsusən mən bu iki qızla başladığım romanın nə ilə qurtaracağı haqqında daim rahatsız olurdum. Mənim rahatsızlığım hamıdan artıq Nina tərəfindən idi, çünki onun məndən inciməyə və məni ikiüzlü hesab etməyə haqqı vardı.

Lakin nəticə mən düşündüyüm kimi çıxmadı, onlar birinci görüşlərindən bir-birinə rəqib kimi yox, bir dost kimi baxdılar, xüsusən Nina bütü» hərəkətində amerikalı qızı sevdiyini nişan verirdi. Mən bir daha insanları öyrənmək işində savadsız olduğumu hiss etdim. Mən qadın qəlbini kişilərin arşını ilə ölçməkdə səhv etmişdim. Mən ancaq bu gün anladım ki, kişilərin qəlbi ilə qadınların qəlbi eyni xüsusiyyətə malik deyildir və bir qadının qəlbi də başqa qadının qəlbimə bənzəməz. Qızlar söhbəti gətirib məhəbbət fəlsəfəsinə çıxardılar. Özüm hiss etmədən dodaqlarımdan belə bir cümlə çıxdı:

– Hərgah sən filosof olmaq istəyirsənsə, şəkilcə, quruluşca bir-birinə oxşayan və eyni zamanda cəhətcə bir-birindən fərqli olan milyonlarla insan qəlbini öyrən, – dedikdə həm Nina, həm də miss Hannanın mənə baxıb güldüklərini gördüm. Daha otura bilmədim. Çünki mən adətim üzrə bir fikirdən silkələnmək üçün ayağa qalxmalı idim. Qalxdım, hamı da qalxdı, bir neçə baş o tərəf-bu tərəfə dolandıqdan sonra Məşədi Kazım ağa əlini döşünə qoydu və yemək otağının qapısını göstərməklə:

– Buyura bilərsiniz! – dedi.

Yemək süfrəsində güllər və çiçəklərdən, bir də şirnidən başqa heç bir şey yox idi. Təzə doğulan uşaqları gətirdilər, onları cərgə ilə güllərin içərisinə düzdülər. Nə atalar, nə də analar indi nə edəcəyini bilmirdilər. Nina bir kağız çıxarıb göstərdi.

– Bu kağızda dörd qız adı vardır. Bunları yazıb örtülü bir qabın içərisinə tökmək lazımdır. Hər qızın anası o yazılardan birini götürməlidir. Adların hansı birisi çıxarsa, qıza həmin adı verməliyik, – dedikdə Məşədi Kazım ağa danışdı:

– Əvvələn mən ərz etmək istəyirəm ki, Nina xanım əvvəlcə o adları bizə oxusun.

Hamı razı oldu.

Nina qız adlarını oxudu:

  1. Mehriban

  2. Nərgiz

  3. Solmaz

  4. Həyat

Bu adların hamısını Məşədi Kazım ağa bəyəndi. Sonra da Nina oğlan adlarını oxudu. Onlar da:

  1. Qəhrəman

  2. Səyyad

  3. Aslan

  4. Səttar

5, Cavad ağa)

  1. Əvəz?

Heç kəs etiraz etmədi, adlar yazılıb bir qaba töküldü, analar əlini uzadıb kağızları çıxardılar. Birinci növbədə Sənubər əlini uzadıb bir kağız çıxardı, oxuyub bərkdən dedi:

– Solmaz!

Oğlanların da anaları kağızları çıxardılar. Birinci növbədə Mahru xanımın oğlunun adı Cavad ağa, ikinci Nabat xanımın oğlu Səttar, üçüncü Töhfə xanımın oğlu Əvəz, dördüncü Həsənağanın oğlu Səyyad adını qazandı. Nina uşaqları bir-bir ötürüb öpdü və analarının qucağına verdi, həm də anaların hər birisinə bir qiymətli hədiyyə bağışladı. Nina və mən təzə doğulanların gələcək səadəti barəsində bir qədər danışdıq, nəhayət, amerikalı qız söz alaraq ayağa qalxdı:

– Əziz xanımlar və möhtərəm ağalar! Mən Şərqi bir şərqli kimi tanıya bilməsəm də, bir Avropa şərqşünasından daha artıq tanıyıram. Mən Şərqdə illərdən bəri yaşadığıma baxmayaraq, mədəni ailədə olduğum birinci kərədir. Bu ailə yalnız Şərqdə deyil, Avropa ailələri içərisində belə nümunə olacaq bir ailədir. Təzə doğulan balacaların ad bayramında iştirak etdiyim üçün özümü xoşbəxt hesab edirəm, çünki bu bayram ən xoşbəxt bir günə təsadüf edir, mənim balaların ad günü bayramına gətirdiyim hədiyyə balaların özü və anaları üçün böyük bir hədiyyə olmaqla bərabər, bütün İran, bəlkə də, bütün Şərqi və Qərbi Rusiya xalqları üçün də mühüm bir hədiyyə hesab oluna bilər. Bu hədiyyəmlə mən sizi və bütün əsir xalqları təbrik edirəm.

Miss Hanna bunu dedikdən sonra əlini atıb redikülündən bir kağız çıxarıb Ninaya verdi. Nina kağızı oxuyub miss Hannanı qucaqlayıb dodağından öpdü və o, məclisə müraciətlə:

– Yaşasın xalqların azadlığı, məhv olsun çar mütləqiyyətil

Miss Hannanın verdiyi kağızda II Nikolayın taxtdan düşürüldüyü və Rusiyada üsuli-idarənin dəyişildiyi xəbər verildi. Nədənsə konsul bu hadisəni gizlətmişdi. Xəbər Vaşinqton vasitəsilə Tehrana və Tehrandan da Təbrizə – Amerika konsulxanasına verilmişdi.

12 Bunlar Ninanın dərnəyində iştirak edən, vaxtı ilə Maralan səngərlərində öldürülən gənclərdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Jenya səyahət istəyir

Jenya ilə gənc oğlanın söhbət və hərəkətində yeni bir dövr başlamışdı.Jenya qarşısındakı yeməklərə və sair şeylərə olduqca etinasız baxırdı, özünü son dərəcə qəmli və yorğun göstərirdi. O, başını əlləri arasına alıb oturmuşdu.

4 dəq
Jenya Batumiyə gedir

Gənc xəfiyyə həddindən artıq sevinirdi. Nə üçün də sevinməsin? Bu səfərində o iki quşu bir güllə ilə vuracaqdı: həm gizli ədəbiyyat aparan Jenyanı Batumidə ədəbiyyatla bərabər tutduracaq, həm də Batumidə fəhlə hərəkatı rəhbərlərini öyrənib jandarm idarəsinə xəbər verəcək idi.Biletlər yumşaq vagona alınmışdı. Hambal, Jenya ilə gənc casusun çemodanlarını kupeyə qoydu. Orada iki nəfər başqa adam da oturmuşdu. Onlardan birisi Moskva taçirlərindən idi. O, çay əkini işləri ilə tanış olmaq üçün Çakvaya gedirdi. İkincisi də bir erməni keşişi idi. Onun oğlu Odessa şəhərində evləndiyi üçün atasını toya çağırmışdı.

12 dəq
May nümayişi

1902-ci ilin yazı Bakı jandarmeriyasının ən qudurğan, ən quduz vaxtına təsadüf edirdi — bu vaxtlar Bakı «nadinc» fəhlələr ilə dolu idi.Cənubi Rusiyadan sürgün edilənlər, jandarm və polisin təzyiqindən qaçanlar və sürgündən gələnlərin hamısı Bakıda idi. Bunun üçün də çar jandarmeriyası əvvəlkilərə nisbətən Bakıya daha artıq diqqət verir, ciddi qüvvələrini Bakıya toplayırdı. Rusiyada şöhrət qazanmış Lavrov, ondan geridə qalmayan Ronic, şeytanlıqda ad qazanmış Tisissa və başqaları çarın əmrinə görə Bakı jandarmeriyası üçün səfərbərliyə alınmışdı. Bakı mədən dairələrində jandarm və polis nəfərlərinin qədəri birə on artırılmışdı.

17 dəq
Jenya yolunu «azmışdır»

Jenya 1902-ci ilin may nümayişindən sonra qudurğan Bakı polisinin diqqətini daha artıq cəlb etmişdi. O, daha ata-anası yaşayan evdə də yaşaya bilmirdi, çünki polis və jandarmlar evi tez-tez axtarırdılar. O, paltarını dəyişərək Bakı polisinin nəzərindən çox uzaqda gəzirdi. O, Ladonun mühüm bir fikrini həyata keçirmək üçün çoxdan bəri hazırlaşırdı.Onu ancaq ev qulluqçuları sırasında görmək olurdu. Ev qulluqçuları ilə bərabər gedər və başqa yerlərdə əylənərdi. Onu bu kimi yerlərdə bir kərə Əsgər, bir kərə də Pavluşa özü görmüşdü.

10 dəq

Başqa şairlərin şeirləri