Jenya ilə gənc oğlanın söhbət və hərəkətində yeni bir dövr başlamışdı.

Jenya qarşısındakı yeməklərə və sair şeylərə olduqca etinasız baxırdı, özünü son dərəcə qəmli və yorğun göstərirdi. O, başını əlləri arasına alıb oturmuşdu.

Gənc, Jenyanın bu hərəkətini yeni bir təşəbbüsün başlanğıcı hesab edirdi. Bunu öyrənmək üçün bir yol axtarırdı.

– Bu gün mənim gözəl dostum həyatdan narazı qalan düşüncəli bir qıza bənzəyir, — dedi.

Jenya:

– Elədir, — dedi. — Həyat insanı yorur. Həyat olduqca yekrəngdir. İnsanın bu gün etdikləri dünənkilərin ardı deməkdir. Sanki mənim günlərimin hamısı bir ölçüdə, bir şəkildə və bir çərçivədədir. Mən şəxsən bir-birinin eyni olan günləri tez-tez keçirməklə ölümə doğru tələsməkdəyəm. Mənim həyatım qəmli bir həyatdır. Şəhərdə yaşamaq sizə rahatlıq və nəşə verir, lakin mən hisli, kirli Sabunçuda doğulmuşam, böyümüşəm, oxumuşam, orada da ölməliyəm. Mən qəfəsə salınmış bir quş kimiyəm. Qanadım var, lakin uçmağa imkan yoxdur; özümü bir dustaq kimi hiss edirəm. Həyatımı bürüyən şərtlər mənə bu dairədən çıxmağa yol vermir.

Mən və mənim kimi bir çoxları həyat şəraitinin təsirində olaraq, dünyanın ancaq müəyyən bir yerində həyat keçirmək məcburiyyətindəyik. Uzaqlara demirəm, Bakıdan qırağa çıxmaqdan, Xəzər dənizi ilə Qara dəniz arasındakı kiçik sahəni görməkdən belə məhrumam.

Gənc, Jenyanın bu sözlərindən çox sevindi. Jenyanın bir səyahət üçün zəminə hazırlamaq istədiyini duydu. Gözlərində dərin xəyanətlərin gizli sirləri dolaşmağa başladı.

– Gözəlim, mədəni və varlı Bakıda yaşamaqdan yoruldunmu?

Jenya:

– Mənim dırnağım yerində olmayanlar yaylalarda, mədən sularında, gözəl dəniz sahillərində, Avropa səyahətində həyat keçirirlər... Bəs mənim hisli-paslı Sabunçuda yaşamağım yorucu deyilmidir?

Gənc soruşdu:

– Siz səyahət etməkmi istəyirsiniz?

Jenya:

– Səyahəti sevirəm, — dedi, — xüsusilə Qara dəniz sahilləri ilə maraqlanıram.

– Bu o qədər də çətin bir şey deyil ki...

– Mənim üçün çox çətindir.

– Bu səyahəti sizin üçün düzəltməyi mən öz öhdəmə götürürəm.

– Siz məni bu qədərmi sevirsiniz?

– Sevgimin adi sevgilərdən olmadığına and içirəm. Bu sevgi müvəqqəti deyildir. Mən hətta sevgiyə: «Müvəqqəti bir hadisə, tez sönən bir məşəl» deyib səhv edənlərlə də razılaşa bilmərəm. Mən əsil sevginin müvəqqəti olmadığına inanıram. Mən doğulduğum gündən bir ay bundan əvvələ kimi görmədiyim və tanış olmadığım, hətta haqqında bir gün də olsa düşünmədiyim bir qız üçün indi hər saat, hər gün düşünürəm, onu heç vaxt unuda bilməyəcəyimi hiss edirəm.

Jenya:

– Doğrudur! — dedi. — Mən bütün bunları sizə qarşı bəslədiyim səmimi əlaqələrdə təcrübədən keçirməkdəyəm. İndi mən də həqiqət saymadığım bir işə inanıram: dünyada ikitərəfli sevgi ola bilərmiş! Siz: «Əsil sevgi xarici qüvvə məhsuludur», deyə onun təhlil edilməsinin mümkün olmadığını iddia edirsiniz, lakin mən o xarici qüvvəni təhlil etmiş və həmin sevginin səbəblərini anlamışam. Mən indi bilirəm ki, bir-birini sevən iki gəncin ruhu və daxili duyğuları da bir-birinin eynidir. Buna görə də onlar bir-birindən ayrı yaşaya bilməzlər.

Gənc həm Jenyaya qulaq asır, həm də düşünürdü. Onun düşüncələrini görünüşündən oxumaq çox da çətin deyildi. O, iki yolun ayrıcında durmuşdu — həm Jenyanın, həm də özünün gələcəyi haqqında düşünürdü. O sevir, lakin özünü o sevgidən çəkindirirdi, çünki onun vəzifəsi ilə sevgisi bir yerdə yaşaya bilməzdi. Vəzifəsi imkan versəydi, bəlkə də o, Jenyanı sevər və ondan ayrılmazdı, bəslədiyi xain fikrindən də əl çəkərdi.

Gənc qızı tutdursunmu? Jandarmların əlinə versinmi? Onun sürgünlərdə, dustaqxanalarda çürüməsinə imkan yaratsınmı? Bu kimi düşüncələr gənc casusu uzun zaman öz təsiri altına aldı, lakin yenə o xain fikirlərindən əl çəkmədi, öz-özünü danlamağa başladı: «Sən çox axmaq fikirlər edirsən! Sən vəzifəndə qalib çıxsan, yalnız Jenya deyil, yüzlərlə Jenyaları əldə edə bilmək imkanı yarada biləcəksən!»

Jenya da düşünür, öz-özünə deyirdi. «Mən bu casus gənci necə olursa-olsun məğlub edəcəyəm! Bu adam uzun zaman çalışması nəticəsində çar jandarmeriyasından böyük bir mükafat deyil, ağır cəza alacaqdır. Bu adamı tutduğu casusluq yolundan qaytarmaq mənim vəzifəm deyil, buna vaxtım da yoxdur. Bu gənc də, bunun kimi yüzləri də çar polisinin xain məqsədi yolunda istifadə edilən bir alətdir».

Jenya bu fikirlərlə məşğul ikən gənc casus da öz düşüncəsinə yeni bir şəkil verməyə başlamışdı: «Bəlkə də bu qızı polis xidmətinə keçirə bildim... Bəlkə də biz əməkdaşlıq edə bildik. Hərgah belə bir qız mənimlə bərabər çalışmağa razı olarsa, mən nə işlər görə bilərəm?!»

Çox düşündülər. Nəhayət, gənc səssizliyi pozdu:

– Əmin olunuz, sevdiyim! Siz Qara dəniz sahillərini səyahətə gedəcəksiniz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Hacı xan

Poçt-teleqraf rəisi ilə mən hamıdan əvvəl yatağımızdan çıxıb əl-üzümüzü yuduq, balkona çıxarkən Hacı xanın bizdən əvvəl qalxdığını gördük. Bərabər oturub bir o qədər söhbət etmişdik ki, onun qulluqçularından biri gəlib baş əyərək:– Cənab xan, hamam hazırdır, – dedi.

17 dəq
Təbriz yollarında

Şeylərimiz faytonda idi, nəhayət, Ələkbər yoldaş da bir böyük paket rus papirosu gətirib faytona qoydu və:– Bunlar da yollarda duran çar soldatlarına hədiyyədir, – dedi.

25 dəq
Birinci iclas

Səhər erkən qalxmışdım. Hüseynəli əmi bizdən də tez yuxudan durub həyəti sulamaqda idi. Mən ona bir məktub verərək Mirzə Əhməd Süheylinin evinə gördərdim. Məktubda evdə oturub məni gözləməsini yazmışdım. Çünki başqa yerdə iclas etmək mümkün deyildi. Hacı Əli, Abasəli qəndfüruş və başqa inqilab rəhbərlərinin qapısında xəfiyyələr dolaşdığından o tərəflərə dolanmaq mümkün deyildi.Səhər çayını Mirzə Əhmədin evində içməli idik. Hüseynəli əminin samovarı hazırlamasına baxmayaraq, biz Əlekbər yoldaşla birlikdə Mirzə Əhmədin evinə getdik.

7 dəq
Nina ilə ikinci görüş

Nina məni bir saatdan bəri gözləyirmiş, mən içəri girdikdə o, gözlərinə inanmayan bir adam kimi üzümə baxdı və əllərini üzünə tutdu. Nina daima ağlamaq istədikdə əllərini üzünə tutardı, bunu Təhminə xanımın qızları da bilirdi, bunun üçün də Nina əllərini üzünə tutarkən Təhminə xanımın qızları dışarı çıxdı.Nina ağlayırdı, mən onun əllərini üzündən çəkdim, saçlarını oxşamağa başladım. Bu oxşamadan aldığım səmimi hislər vücudumun hər yerinə yayıldı.

5 dəq

Başqa şairlərin şeirləri