Səhifə 1 / 4

Şeylərimiz faytonda idi, nəhayət, Ələkbər yoldaş da bir böyük paket rus papirosu gətirib faytona qoydu və:

– Bunlar da yollarda duran çar soldatlarına hədiyyədir, – dedi.

Gün çıxarkən biz Təbriz şose yoluna düşmüşdük. Qarovul postlarının arası çox yaxın idi. Postların qabağından keçdikdə:

– Ey, day papiros! – sözlərindən başqa bir söz eşitmirdik. Keçmişdə gördüyümüz çayçı dükanlarının hamısı qarovul postuna çevrilmişdi, çar soldatlarının qorxusundan bir dənə də olsun çayçı dükanı qalmamışdı.

Biz Dərədizdən keçdikdə soldatlar yaş meyvə aparan bir kəndlinin yükünü dağıdırdı. Kəndli güc-bəla ilə səbətləri açıb yerə saldı və uzunqulağını bizləyib qaçdı.

Gəzmə kazak dəstələrinə rast gəlirdik, bunlar da kiçik karvanlara soxulur və «na çay» tələb edirdilər.

Onnəfərlik bir kazak dəstəsi faytonumuza yanaşdı. Bizi diqqətlə gözdən keçirdilər. Miss Hannanın və mənim iranlıya oxşamadığımızı görüb Ələkbər yoldaşa müraciət etdilər:

– Ey, pers! Tı Sattar xana znayeş?

Ələkbər yoldaş rusca çox gözəl danışa bilirdi, lakin özünü bilməzliyə vurub:

– Mənim Səttar xan-məttar xan bilməz, mənim ərəseydən idyot! – dedikdə kazak:

– Malodes pers, dayte na çay! – dedi.

Yenə də Ələkbər yoldaş özünü bilməzliyə vuraraq dedi:

– Mən çay içməz, vina da içməz: arax da içməz, namaz rabatay. Sən snayiş? Mənim müsəlman.

Kazaklar əl çəkməyib «na çay» sözünü Ələkbər yoldaşa başqa bir üsulla qandırmağa başladılar. Birisi əlini döşünə qoyub dedi:

– Sənin pul ver, mənim çay içər. Potom gedər, Təbrizə gedər, kuda istər gedər.

Bundan sonra Ələkbər yoldaş kazakları beş qran İran parası ilə razı saldı.

Bütün yolu bu cür hadisələrlə başa verdik. Amerikalı qız uzaqdan çar soldatlarının başını gördükdə gizlənməyə yer axtarırdı. Günəş qərbə doğru irəliləndikcə Mərənd şəhərinin uzaqdan görünən qaraltısı da get-gedə böyüməkdə idi.

Mərənd şəhəri keçmişdə gördüyüm şəhər deyildi, şəhərin ətrafında ehramlar kimi biri-digərinin yanına düzülmüş əsgər çadırlarının həddi-hesabı yox idi. Şəhərin küçələrində süvari və piyada qoşun hissələri qarışqa kimi qaynaşırdı. Bir hadisə baş verərkən hərəkət etmək üçün məhəllələrin bir çoxu sökülürdü.

Ətrafda soldat qışlaları da tikilirdi. Şəhərin hər tərəfində telefon xətti düzəlmiş və Mərənd şəhərinin həyatı cəbhə həyatı şəklini almışdı.

Biz poçt rəisi Əhməd xan Müqəymüddövlənin evində düşəcəkdik, Culfadan ona teleqrafla xəbər verilmişdi.

Əhməd xanın evinə yetişdikdə qaranlıq düşmüşdü. Bizi gözləyirmiş kimi fayton qapıda dayanan kimi xan dışarı çıxdı. Tanış olduq. Qulluqçuları şeylərimizi faytondan götürdülər. Miss Hannanın vəziyyəti yaxşı deyildi, yol isti idi, xüsusən axşam Mərəndə yetişmək üçün faytonçu çox sürətlə sürmüşdü. Əhməd xan həkim çağırmaq istədisə də, qız razı olmayaraq qulağıma yavaşcadan:

– Vanna olsaydı, çimsəydim, bəlkə, rahat olardım, – dedi.

Əhməd xan məsələni anladı:

– Ev hamamını hazırlatdırmışam. Gözəl vannası da vardır. Yoldan gəlib yorulduğunuzu bilirdim, – dedi. Sonradan otağa getdi, çox keçmədən xidmətçi qadın əlində ağ bir boğça olaraq çıxıb bağçanın o biri başındakı hamama tərəf getdi. Biz hələ balkonda oturmuşduq. Xanın arvadı da başında ağ çadra olduğu halda dışarı çıxaraq bizimlə tanış oldu və miss Hannanın tellərinə əlini gəzdirərək:

– Gəl qızım, gəl, qorxma, rahat olarsan, – deyə hamama apardı.

Bizim hamımızın yaxalanması iki saata qədər çəkdi. Hamamdan razı qaldıq. Biz İran evlərində belə mədəni hamam olduğuna heç də inanmazdıq.

Çay masası balkonda qoyulmuşdu. Xanın evinin qabağı çiçəklik və böyük bağçalıq idi. Onun dediyinə görə, Mərənd şəhərinin evləri tamamilə bağlıq və bağçalıq içindədir. Amerikalı qız yalnız bir stəkan çay içə bildi. Çox xəstə idi.

Mən:

– Bəlkə, siz rahat olmaq istəyirsiniz? – dedikdə, o:

– İcazə versə idiniz, rahat olardım, – dedi.

Əhməd xan ayağa qalxdı. Məni özü ilə bərabər götürdü, üç döşənmiş otaq göstərdi:

– Xanım üçün hansı birisini məsləhət görürsünüz, buyurub rahat olsun, – dedi.

Mən miss Hannanın özünü çağırıb məsləhət etdim.

– Hansı birisi olursa-olsun, – deyə miss Hanna ikinci otağa keçdi.

Xanın xidmətçisi olan gənc qız da onun sərəncamına verildi. Xanın arvadı da tez-tez onun otağına girir və səhhətinin nə yerdə olduğunu Əhməd xana xəbər verirdi.

Xanın övladı yox idi. Əlli yaşında gözəl, qarasaqqal, qarabəniz kişi idi. Arvadı da özü yaşda idi. Hər ikisi kirmanlı idi, farsca danışırdılar.

Xanın inqilabçı olduğunu və nəslinin də İran inqilabı və İranın təcəddüd tarixində tanınmış bir nəsil olduğunu mənə Culfa poçt rəisi söyləmişdi.

Axşam yeməyində özümüzdən başqa heç kəs yox idi. Xan xörəkdən sonra üzr istəyərək:

– Sizin şərəfinizə böyük ziyafət vermək lazım idi, – dedi, – bir səbəbə görə mən bundan vaz keçdim, çünki başqa adamlar olsa idi, səmimi söhbətlərimizə mane olacaqdılar. Bir də budur ki, adamlara etibar yoxdur. Şəhərin əksəri çar xəfiyyəsidir. Əmmaməlidən başlayıb börk geyənlərə qədər casusluqdan həzz alır, bu da Mərənd xalqında bir xüsusiyyətdir. Bunu inqilab zamanı da gördük. O zaman hər yer məşrutə tərəfində durdusa da, Mərənd əks-inqilab quyruğundan qopmaq istəmədi. İnanınız ki, bu namussuz şəhərdə tənha yaşamaqdayam, ürəyim qızacaq bir kimsə yoxdur. Hökumət başında oturandan, minbər başında oturana qədər inqilabın düşmənidir. Burada bir klub açılmışdır. Şəhərin tacirləri, əyanları, hökumət qulluqçuları və çar tərəfdarlarının hamısı bu kluba getməyə məcburdur. Orada çar zabitləri ilə tanış olmaq və satılmaq üçün əlverişli vasitələr vardır. Klubun və eyni zamanda zabitlərin yemək xərcləri mərəndlilərdən tutulur, şəhərin valisi belə istəyir.

– Vali kimdir? – deyə soruşdum.

– Məşrutəçilərin bombası ilə partladılmış Şüca Nizamın oğlu Müsərriza xandır, – deyə xan cavab verdi.

– Onu kim vali təyin etmişdir?

– Çar hökuməti. Çünki çar ordusu Araz çayını keçdikdə o, qurbanlar və hədiyyələrlə istiqbala çıxdı, general Snarskinin atının cilovuna düşüb evinə gətirdi, onun üçün də Mərənd hakimi təyin edildi. Ruslar hər işə əl uzatdı. Beynəlmiləl qanunları pozdular. İkinci «İnternasional»a ərizə verdiksə də, bir şey çıxmadı.

Əhməd xan sözünü bitirdi. Mən onunla danışmağa maraqlanırdım, çünki onun gənclikdən bəri inqilabi hərəkata qoşulduğunu eşitmişdim. Buna görə də bir neçə cümlə söyləməyə icazə istədim və yavaşca dedim:

– Əziz yoldaş Əhməd xan! Rusların beynəlmiləl qanunları pozmasından şikayət etməyə lüzum yoxdur. Çünki beynəlmiləl qanunlara baxan bir hökumət özgənin məmləkətinə soxulmaz. İkinci «İnternasional»ın da sizə bir köməyi ola bilməzdi, çünki o da kapitalistlərin bir cür istismar orqanıdır. Vaxtilə çinlilər də rusların əlindən Avropa kabinələrinə şikayətdə bulunub onların beynəlmiləl qanunları pozmasını göstərirdilər. Lakin onlar Çin hökumətinin ərz-hallarını açıb oxumadan zibil yeşiyinə buraxırdılar, çünki bir dövlət tərəfindən yapılan həyasızlıqda o biri dövlət də iştirak edir. İstər Uzaq Şərq, istərsə Yaxın Şərq məsələlərində olsun, bütün imperialist dövlətlərin fikri birdir, yalnız bir fərq varsa, o da təqsim məsələsindədir, biri artıq götürməyə, digəri isə az hissə almamağa tələsir. Bu kimi xəyanətləri və həyasız istilaları boğmaq üçün bütün ölkənin kütləvi üsyanı lazımdır. Hələlik böyük dünya hadisəsi də uzaqdır. İngiltərə-Yaponiya ittifaqı düzəlmişdir, rəqabət müvəqqəti də olsa, aradan qalxmışdır. İran işlərində də İngiltərə–Rusiya sazişi mövcuddur. Almaniyanın İngiltərə–Fransa–Rusiya əleyhinə düzəltdiyi cahangirlik təşkilatı da hələ uşaqdır, kaldır, yetişməmişdir. Odur ki, deyirəm, böyük dünya hadisəsi uzaqdadır. Bir sözlə, demək olar ki, ruslar da İranda qalacaqdır. Digər bir məsələ daha vardır ki, o da İran inqilabının dünya inqilabi təşkilatları ilə əlaqə bağlamasına mane olmuşdur.

Əhməd xan burada diksindi və:

– O məsələ hansıdır? – deyə soruşdu.

– Dinləyin, əziz yoldaşım, – dedim, tariximiz çox uzun, inqilabi tariximiz isə çox qısadır. Təcəddüd tariximiz dini mahiyyətdə və ittihad-islam şüarları ilə başlandığından beynəlmiləl inqilabçı təşkilatların diqqət nəzərini cəlb edə bilməmişdir. Biz burada misal üçün İranın təcəddüd tarixində görkəmli bir yer tutan Mirzə Ağa xan Kirmanlını götürə bilərik. O, inqilab məsələsinə din, məzhəb və ittihad-islam məsələsini bir yerdə həll etmək istəyirdi. Və ya onun yaxın rəfiqi və İran hökumətinin düşməni olan Şeyx Əhməd Ruhini götürmüş olursaq, yenə də o dini, məzhəbi inqilab şüarları ilə bir yerə qarışdırmaqdan əl çəkə bilmirdi. Bunların rəhbəri olan Seyid Cəmaləddin Əfqaninin özü də ittihad-islam əsasında bir inqilab yaratmağa çalışırdı. Əlbəttə, bu hərəkatın beynəlmiləl inqilabçı təşkilatlarla heç bir əlaqəsi ola bilməzdi. Buna görə də Əhməd Ruhi və İstanbul konsulu Mirzə Həsən xan Xəbirülmülk, Ağayi Kirmaninin öldürülməsi ilə onların başladığı hərəkat da bitdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Son iclas

Mən içəri girəndə balaca Məcidi çimdirib qurtarmışdılar. O, yatmaq istəmirdi, çünki neçə gündən bəri məni görməmişdi. Nina məni görərkən sevindi. Eyni zamanda mənim üzümə qorxa-qorxa baxırdı. O mənim ondan incidiyimi hiss edir və nə edəcəyini bilmirdi. Şübhəsiz, Təhminə xanım məsələni ona xəbər verməmişdi; çünki mən ona tapşırmışdım. Mən yenə də divanın üstündə oturmuşdum. Fəqət Nina adətinin xilafına olaraq bu gecə divanın üstündə oturmadı. Balaca Məcidimiz bunu hiss etdi. O, durub Ninanın donundan çəkə-çəkə gətirdi. Divanın üstündə oturdu, özü də aralıqda oturdu. Nina qara köynəyi çıxartmışdı. Mən gülümsündüm, «qara köynəyi nə üçün çıxartdın?» deyə soruşdum. Nina üzümə qorxa-qorxa baxıb dedi:– Doğrudan da, o nə söz idi dedin?

8 dəq
Təbriz çar kazakları əlində

Mən Səttar xanın qərargahı olan Əminəxizdən keçib Lilava məhəlləsinə getməli idim. Küçələrdə bu günə qədər görünməyən simalara təsadüf edirdim. Bu gün çar ordusunun pişdar dəstələri Təbrizə girəcəkdi. Çar himayəsində olanların qapıları çar bayraqları ilə bəzənmişdi. İnqilab dairəsindən köçüb gedən ailələr qayıtmaqda, əlinə bağlama, çamadan və sair şeylər götürmüş aristokratiya erməni məhəlləsindən köçüb öz evlərinə getməkdə idi.Avstriya, Rusiya, İngiltərə konsulxanalarında əyləşib inqilabın gözünə görünməkdən qorxanlar isə qışdan çıxmış tısbağalar kimi başlarını dışarı uzatmaqda idilər.

11 dəq
Ninaya məktub

«Əziz yoldaşım Nina! Bu gün biz Xoy şəhərinə yetişdik. Şəhərin dar küçələrindən bizi musiqi dəstələri müşayiət etdi. Şəhərin valisi də sosial-demokratlarla bərabər bizi ziyafət binasına yola saldı. Küçələr kütlələrlə dolmuşdu. Üzüörtülü və açıq qadınların müxtəlif söhbətlərini eşidirdik:– Qafqaz mücahidləridir.

2 dəq
Ərəblər xanı

Ərəblər kəndi – Naxçıvan şəhərinin qərbində Araz çayının İran sahilindədir.Biz bu kəndə axşam vaxtı yetişdik, burada bir çox çayçı dükanı vardır. Biz burada mənzil edərək Şahtaxtı, Noraşen, Xobək, Qıvraq kontrabandaçılarının vasitəsilə Şahtaxtı kəndinə keçəcək idik.

10 dəq

Başqa şairlərin şeirləri