Ərəblər kəndi – Naxçıvan şəhərinin qərbində Araz çayının İran sahilindədir.

Biz bu kəndə axşam vaxtı yetişdik, burada bir çox çayçı dükanı vardır. Biz burada mənzil edərək Şahtaxtı, Noraşen, Xobək, Qıvraq kontrabandaçılarının vasitəsilə Şahtaxtı kəndinə keçəcək idik.

Şiddətli yağışlar davam edirdi. Araz çayı daşıb sahilləri basmışdı. Kontrabandaçılar bu gecəni və sabah gündüzü Ərəblər kəndində qalmağı bizə məsləhət gördülər. Biz isə hər birimiz bir çayçı dükanında düşməyi məsləhət görmüşdük, tutulsaq, hamımız bir yerdə tutulmayaq, – deyə hərəmiz bir tərəfə dağılmışdıq.

Mən Qulaməli adlı bir kişinin dükanında mənzil etmişdim. Dükan olduqca hisli, kirli, kəsafətli idi, burada nəfəs almaq belə mümkün deyil. Palçıqdan qayrılmış və üstünə həsir salınmış dar bir səkidə oturmuşduq. Yanımda Müslüm adlı gənc bir kontrabandaçı vardı. O mənə müraciətlə:

– Siz də qandrabandçımısınız? – deyə sordu.

– Xeyr, – deyə cavab verdim.

– Qorxmayın, buradakıların hamısı bir peşədədir.

– Olsun da, mənim heç bir şeyim yoxdur.

– Qəlbin sınmasın, nigaran da qalma, çünki mən səni ilk dəfədir ki, görürəm. Ona görə də səni xəbərdar etmək istəyirəm.

– Nədən?

– Bu kəndə qandraband mal aparmaq üçün gələnlər kəndin xanının yanına gedib ondan razılıq almalıdırlar, yoxsa çaydan mal keçirməyə və bu kəndə gəlməyə kimsənin ixtiyarı yoxdur.

– Xan kimdir? – deyə soruşduqda gənc cavab verdi:

– Şükürpaşa xandır. Maku xanı Murtuzaqulu xan İqbalüssəltənənin əmisi oğlu.

– O, çox varlıdırmı?

– Varlıdır. Ərəblər kəndindən əlavə yenə də kəndləri var, qapısında donuzu əskikdir. Amma Murtuzaqulu xanla araları yoxdur, qanlıbıçaqdırlar. Maku xanının adamları burada dolana bilməz.

Mən bu sözdən sonra bir az rahat olub çayı içməyə başladım. Hələ çayı içib qurtarmamışdım ki, yaşlı bir kişi içəri girərək soruşdu:

– Qulaməli dayı, təzə qonağın neçə nəfərdir?

– Bircə nəfərdir. Qalanlarını tanıyırsan.

– Qonağın kimdir? – deyərək bir də soruşdu.

Çayçı məni göstərərək:

– Budur bax, bu əmioğludur, – dedi.

Əlində ağac olan kişi mənə yanaşaraq:

– Buyurun, qardaşoğlu, sizi cənab xan hüzuruna çağırır, – dedikdə məni heyrət götürdü. Öz-özümə «əcəba, bu haramzada məndən nə istəyir?» – dedim.

Yanımdakı Müslüm qulağıma əyilib yavaşca dedi:

– Qorxma, başqa şey ola bilməz. Səni qandrabandçı bilərək çağırmış, bir şey olarsa, biz buradayıq, xanın yanına gəlib danışarıq.

Mən heç bir söz demədən qoca kişinin qabağına düşüb xanın evinə yollandım, kişinin əlindəki fanarın işığı ilə ayağımızı daşların üstünə qoyub palçıqlardan və küçələrdən keçirdik.

Ara-sıra həmin kişi də:

– Qardaşoğlu, buradan buyurun, – deyə palçıqsız yerləri göstərirdi.

Xanın evinin ətrafındakı küçələr daşla döşənmişdi.

Xanın qapısında müxtəlif vəzifələr ifa edən qulluqçular qaynaşırdı. Həyətdən həyətə keçdik. Həyətlərin hamısında sısqa göz bəbəkləri kimi saralmış fənərlər yanırdı. Balkona oxşayan bir yerə çıxdıq. İşıqlı bir dəhlizin qapısında durmağı mənə əmr etdilər, məni gətirən kişi də qapıda duran tüfəngliyə müraciətlə:

– Bu qardaşoğlu xanın tələb etdiyi adamdır, – deyə məni ona təhvil verdi və qayıtdı.

Tüfəngli qapıdan içəri girməkdə olan bir gəncə müraciətlə:

– Xana ərz edərsiniz ki, buyurduğu adamı gətiriblər, – dedi və üzünü mənə tutub: – Deyəsən, burada bir az gözləməli olacaqsınız, çünki bu gün xan kef üstündədir. Bura xanın divanxanasıdır. Xan özü müqəssir olanların işinə baxır.

– Müqəssir kimlərdir? – deyə soruşduqda o, cavab verdi:

– Xanın itinə haydı, toyuğuna kiş, pişiyinə piş deyənlərdir. Xanın rəiyyətləridir, – bu sözləri tüfəngli adam irəli gəlib qulağıma dedi.

Mən heç bir söz demədim.

İçəridən gənc xidmətçi çıxaraq:

– Ağa buyurunuz. Xan sizi hüzura istəyir.

Xalçalarla döşənmiş bir dəhlizə girdik. Orada çıxarılmış ayaqqabıları görürkən, mən də batinkalarımı çıxardım. Böyük bir salona girdik. Pəncərənin qabağındakı döşəyin üstündə oturan xan özü idi. Salonun aşağı başında əlləri döşlərində olaraq bir neçə xidmətçi durmuşdu. Xanın bərabərində salınmış bir döşəyin üstündə də nazik qara əbaya bürünmüş bir zat oturmuşdu. Mən bunun xanın vəziri olduğunu sonradan öyrəndim.

Xan ayağımdan başıma qədər məni süzdü və təxir göstərmədən:

– Əyləşiniz, – dedi.

Xanın bərabərində, pəncərənin o biri tərəfində salınmış bir döşək üstündə oturdum.

Xan vəziri və bir də iki nəfər silahlı xidmətçisindən başqa hamının getməsinə icazə verdi.

– Səfa gətirmisiniz, müzəyyən buyurmusunuz. Buyurun görək, haradan təşrif gətiribsiniz?

– Cənab xan, Xoy şəhərindən gəlirəm, – deyə tez cavab verdim.

– Şübhəsiz ki, ora da siz Təbrizdən təşrif aparmışdınız?

Xanın bu sualından şübhələndim, onun bizi tanıdığını zənn etdim, gizlətməyərək doğrusunu söylədim.

– Bəli, Təbrizdən Xoy şəhərinə, oradan da Ərəblər kəndinə gəlmişəm.

– Xeyli xob! – dedi, – sizin daha Təbrizdə nə iş görüb, nə sənət sahibi olduğunuzu soruşmağa lüzum yoxdur. Bir məcburiyyət olmasaydı, siz yolunuzu bu qədər dəyişdirməz və uzaq salmazdınız, hər halda Təbrizlə Culfa arası bir o qədər də uzaq yol deyildir.

Öz ayağımızla tələyə düşdüyümüzü hiss edir və təəccüblə xanın üzünə baxırdım.

Xan da məni gözdən keçirirdi.

Xan nazikbığlı, saralmış sısqa çöhrəli, saqqalı qırxılmış, 30–35 yaşlarında gödək bir adamdır.

Xan müvəqqəti sükutu pozaraq dedi:

– Mən qafqazlılara düşmən deyiləm. Qorxmayın, kimliyiniz mənə bəllidir. Mənim qayınatam Xoy şəhərinin sabiq hakimi və məşhur inqilab düşməni sayılan Əmir Tumandır, mən özüm şəxsən sizin hərəkətinizdən narazı deyiləm, çünki sizin hərəkətiniz mənim qanlı düşmənlərimin əleyhinədir.

Mən bir söz demirdim, ancaq bir kərə:

– Cənab xan ixtiyar sahibidir, – dedim.

– Qorxmayın, burada sizə qorxu yoxdur. Maku xanının quldurları da bura gələ bilməz, özünüz də, yoldaşlarınız da xatircəm ola bilərsiniz. Lakin bu gecələr özünüzü Araz çayına vurub getməyinizə razı deyiləm, çünki su çox qorxuludur. Xeyli xob, indi buyurunuz şam süfrəsinə.

Şam yeməyindən sonra xan qolunun altındakı yumşaq balışa söykənərək oturmuşdu.

Bu halda iki manqal gətirildi. Manqalları gətirən iki gözəl uşaq bu dəfə iki padnosda firuzə başlı hoqqa və maşa gətirdilər.

Xan:

– Nəşələri hazırlayın! – dedi.

Uşaqlar əvvəlcə tiryəkləri gümüş və firuzə düzülmüş maşaların ucu ilə qızarmış közə tutub yumşaltdılar, sonra hoqqaların deşiklərinə yapışdırdılar və hoqqanın yanından asılan gümüş iynə ilə tiryəkin üstündən basaraq, hoqqanın içərisinə kiçik bir deşik açdılar.

Hoqqanın birisini Şükürpaşa xana, digərini isə onun vəziri Mirzə Cavad xana verdilər.

Uşaqlar qızarmış odu maşa ilə götürüb tiryəkin üstünə tutdular. Onlar isə tüstünü sümürüb udmağa və burunlarının deşiyindən dışarı buraxmağa başladılar.

Hər ikisinin tiryək dumanları arxasından işaran gözləri, gözəl uşaqların qırmızı oddan qızarmış çöhrəsinə dikilmişdi.

Mən bir onlara, bir də uşaqlara baxırdım, onların böyüdülmüş fotolarının xanın odasında vurulduğunu xatırladım və bunların Şərq saraylarına məxsus sevimli uşaqlar olduğunu yəqin etdim. Birisinin adı Qüdrətulla xan, digərinin adı isə Nəsrulla xan idi. Xan tiryəki çəkməmişdən sərxoş idi, uşaqlar bir əlləri ilə hoqqalara od tutur, digər əlləri ilə isə ara-sıra süfrədəki şirnilərdən götürüb onların ağzına qoyurdular.

Mənə də tiryək təklif etdilər. Adət etmədiyimi söylədim. Bir azdan sonra qapı açılıb üçüncü uşaq içəri girdi, əlində bir tar vardı.

Xan:

– Hüseynqulu xan, bir şey başla görək! – deyə əmr etdi.

Hüseynqulu xan tarı kökləmədən və bir şey çalmazdan əvvəl xan üzünü yanındakı Qüdrətulla xana tutaraq oxumağa başladı:

Aşiqi-ruyi-cəvani-xoşu nov xastəəm.
Vəz xuda söhbəti-ura bedua xəstəəm.
Aşiqi-rindü nəzərbazəmü miquyəm faş:
Ta budani ki beçəndin hünər arəstəəm.

Daha sonra xan barmağı ilə avizədəki şamlara xitabla oxudu:

Xoş büsuz əz qəməş ey şəm ki imşəm mən həm
Be həmin kar kəmər bəstəvü bərxastəəm.

Xan farsca oxuduqdan sonra oxuduğunu tərcümə etdi:

«Yeni böyüməyə başlayan gözəl cavanın çöhrəsinin aşiqiyəm.

Mən onun söhbətinə, Allaha etdiyim dualar nəticəsində nail olmuşam.

Rindəm və yalnız bir gözəlin üzünə baxmağa aşiq olduğumu gizlətməyirəm.

Bununla da sən mənim nə qədər hünərlərə malik olduğumu bilməlisən.

Ey şam, sən də öz qəmindən yandığın zaman, yaxşı yanmalısan, çünki mən də bu gecə yanmaq məqsədilə işə başlamışam».

Hüseynqulu xan həm çalır, həm də oxuyurdu. İstər xan, istərsə onun vəziri Mirzə Cavad Hüseynqulu xana əmr verməklə müəyyən qəzəllər oxumasını və müəyyən musiqiləri çalmasını tövsiyə edirdilər.

Nəşə son nöqtəsinə varırdı, xanın gözləri nə açıq, nə də qapalı idi, o, yatmaqla ayıqlıq arasındakı aləmlərdə dolaşırdı, gözlərini yenə də yarımçıq açdı, barmağı ilə otağın tavanına işarə edib oxudu:

Çərx bərhəm zənəm ər qeyri-müradəm gərdəd
Mən nə ənəm ki zəbuni kəşəm əz çərxi-fələk.

«Əgər dünyanın çarxı mənim kefimcə hərəkət etməzsə, onu tərsinə çevirərəm. Mən fələyin cövründən qorxan adamlardan deyiləm».

Onların həri ikisi danışırdı, lakin sözlərinin nə əvvəli vardı, nə də axırı.

Xan gözünü açaraq:

– Ağa, bəlkə, yatmaq istəyir? – dedi.

Tiryək daha çəkilmirdi, indi yalnız onun nəşəsi ilə əylənirdilər. Gözəl uşaqlar da oturub onların əmrini gözləyirdi. Nəfəsim tiryəkin tüstüsündən darılırdı, dışarı çıxmaq istəyirdim. Tar da çalınmayırdı, çünki ən kiçik bir hərəkət onların nəşəsini pozacaq və tiryək çəkmək üçün sərf edilən zəhmət hədərə gedəcəkdi.

Saatlarca oturdum. Mirzə Cavad xandan əvvəl ayıldı, vidalaşıb getdi, süfrə və sair şeylər də manqallar və hoqqalarla bərabər aparıldı.

Qüdrətulla xan nəşələr içində üzməkdə olan xanın yanından qalxıb mənim yanıma gəldi və:

– Ağa, buyura bilərsiniz, – deyərək qabağıma düşüb məni zəngin çarpayı qoyulmuş gözəl bir otağa gətirdi. Mən burada yatmalı idim.

Oğlan:

– Bəndəyə nisbət başqa bir əmriniz olsa, buyurunuz, – deyə məni rahatladıqdan sonra çıxıb getdi.

Səhər tezdən qalxdıq. Yağış dayanmışdı, göy üzü aydın və safdı. Xanın xidmətçiləri Araz çayının da sakitləşdiyi xəbərini verdilər.

Xan yuxudan çox tez durmuşdu. O bu gün divanxanada işlərə baxacağını söylədi. Çayı içdik, xanla bərabər qalxdıq, xanın divanxanası ilə maraqlanırdım, divanxanada iştirak etmək üçün müsaidə istədim.

– Buyurunuz, məhkəmə işlərimizlə tanış olmağınız yaxşıdır, – deyə xan icazə verdi.

Divanxana həyətinə çıxdıq. Balkonda bir çox kəndli durmuşdu, hamısı birdən xana baş əydi. Xan içəri girib döşəyinin üstündə əyləşdi. Vəziri Mirzə Cavad da dünən oturduğu yerdə oturub yeşikdən bir çox kağız çıxardı.

Mən pəncərənin digər tərəfində əyləşdim.

– Qafar Dursun oğlu! – deyə Mirzə Cavad səsləndi.

Gənc bir kürdü içəri gətirdilər. Mirzə Cavad onun kağız üzərində yazılmış təqsirini oxuyur, xan sakitcəsinə dinləyirdi.

«Qafar Dursun oğlu, Dizəcik sakini, Dudarlı kəndindən Cəfər ağanın qızını götürüb qaçmışdır. Atışmada Cəfər ağanın nökərlərindən Osmana güllə atıb öldürmüşdür».

– Bu sözlərin hamısı doğrudurmu? – deyə xan Qafardan soruşdu.

– Doğrudur, malım xanın canına qurban olsun!

– Bunun nəyi vardır? – deyə xan Mirzə Cavada müraciət etdi.

Mirzə Cavad yenə də kağıza baxdı.

– Beş yüz qoyunu, səkkiz inəyi, dörd atı, on bir baş öküzü və bir qədər də xırda heyvanı vardır.

Xan heç düşünmədən dedi:

– İyirmi baş qoyun, bir inək güllədən ölmüş Osmanın uşaqlarına verməlidir. Əlli baş qoyun, bir at, iki inək də cəriməsidir. Aparın anbara salın və xanın qərarını adamlarına xəbər verin.

Qafar qapıdan çıxdıqda ancaq bu sözləri dedi:

– Canımız xanın yolunda qurbandır.

İkinci müqəssir xanın rəiyyətlərindən Lelov adlı kürd idi. Mirzə Cavad bunun da təqsirnaməsini oxudu.

«Çərşənbə axşamı mal naxırdan qayıtdıqda xanın qaşqa danası naxırdan ayrılıb Lelovun bostanına girmiş, o, qaşqa dananı ağacla vurub öldürmüş, dana bıçağa da gəlməmişdir».

Mirzə Cavadın bu sözlərindən sonra xanın pozulmadığını görüb bir danadan ötrü qoca kəndlini cəzalandırmayacağına inandım. Bu halda xan danışdı:

– Dananın əvəzinə bir öküzünü gətirin. Həyasızlığının cəzası da yüz çubuqdur.

Cəza qərarını verdikdən sonra xan ayağa qalxdı və Mirzə Cavad xanla dışarı çıxdı, mən də onlarla çıxdım. Həyətdə kəndlini üzü üstündə yerə uzatmışdılar. Tumanını sıyırıb qıçalarına salmış və köynəyini də tamamilə də çıxarmışdılar. Bir nəfər onun başı, bir nəfər də ayaqları üstündə oturmuşdu.

Çubuqlar işə düşdü.

Kəndlinin bədəni bu çubuqlara davam gətirmədi, hələ ilk çubuqlardan sonra zolların yerində qan görünməyə başladı. Kəndli hərəkət edə bilməyir, yalnız yandırıcı bir səslə yalvarır və fəryad edirdi. Mən bu vəhşi mənzərəyə dözə bilmədim, əvvəlcə üzümü kənara tutdum; lakin dayana bilmədiyimi hiss etdikdə, xandan icazə alıb dışarı çıxdım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Xərabat

Öz evlərinə qapanıb xısın-xısın ağlayanların sayı, küçələrə çıxıb şadlıq edənlərin sayından bir neçə qat artıq idi. Zahirdə şadlıq edən gəncəlilər bu şadlığı dərin bir kədər kimi qarşılayırdılar.Azərbaycan hakimi Şəmsəddin Eldəniz təzəcə ölmüşdü. Onun yerinə oğlu Cahan Pəhləvan keçən gündən bəri Azərbaycan xalqının həyatı daxili müharibələrdə keçirdi. Cahan Pəhləvan Atabəy Məhəmməd iş başına keçdiyi zaman Azərbaycanın ən mühüm hissələri olan Marağa və Təbriz şəhərləri Ağ Süngər Əhmədin əlində qalmışdı. Buna görə də Atabəy Məhəmməd azərbaycanlıları, xüsusən aranlıları, səfərbərliyə alaraq Təbrizlə Marağanı qurtarmaq üçün uzunmüddətli bir müharibə təşkil etmişdi. Atabəy Məhəmməd Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib rəiyyətlərinə böyük qələbənin xəbərini elan edirdi.

23 dəq
Bahar

Gəncə çayının coşqun ləpələri bahar günəşinin qızıl saçlarını böyük bir həyəcanla çimdirməyə başlamışdı. Bahar fəzasına məxsus pənbə buludlar mayıs gülünün qırmızı yanaqlarını kirşanlamağa hazırlanırdı. Şimali Midiyanın lətif təbiəti bağçaların boyuna biçdiyi yaşıl və çiçəkli donu tikib, bitirmək üzrə idi.Kəpəz dağından əsən külək fəzada nazlanan buludları Xanəgah kəndinin meşələrinə doğru sürdüyü zaman, şam ağacları da ağır-ağır başlarını əyirdi.

29 dəq
Hüsaməddin

Qətibə başını əlləri arasına alıb Hüsaməddini diqqətlə dinləyirdi. Lakin Hüsaməddinin bir saatdan bəri ortalığa atdığı məsələlərin heç birisi Qətibənin eşitməmiş olduğu məsələ deyildi, çünki Hüsaməddin daima Qətibəni gördüyü zaman bu cür söhbətlərdən başlayırdı. O yenə də sözünü öz qəhrəmanlığından başlamışdı:– Mən yalnız Araz ölkəsinin qəhrəmanı deyil, bütün Azərbaycanın tanınmış və sınanmış qəhrəmanıyam. Siz özünüz bilirsiniz ki, Əmir həzrətlərinin hökmranlığı ancaq mənim qılıncımın sayəsində möhkəm olur. Pozulan cəbhələr, boğulan üsyanlar, tökülən qanlar, yüzlərcə qurbanlar da buna şahiddir. Bunun səbəbinədir ki, atanız mənim xidmətlərimi sizin gözəlliyinizlə mükafatlandırmaq vədəsini vermişdir. Atanız indi də öz sözünün üstündə durubdur, lakin mən sizdə bu meyli görə bilmirəm. Siz mənə adi adamlara baxan kimi baxır və mənim qəhrəmanlığımı qiymətləndirmirsiniz. Çox təəssüf ediləcək bir haldır ki, mənim sevgimi, mənim səadətimi yoxsul bir şairin əlinə tapşırmaq istəyirsiniz.

6 dəq
Fəxrəddin

Müşavirədə İlyas Fəxrəddinlə görüşərkən, birinci növbədə xaqanın göndərdiyi məktubu göstərdi. Şirvan xaqanı Əbülmüzəffər məktubda İlyası Şirvan sarayına dəvət edir və yazırdı:“Son şeirlərinizi oxudum, məndə böyük, unudulmaz bir təsir buraxdı. Xüsusən bahara yazdığınız şeir doğrudan da məndə həqiqi bir baharın nəşəsini yaratdı. Lakin məni düşündürən qorxulu bir məsələ vardır. O da Aran məmləkətinin düşdüyü ağır vəziyyətdən ibarətdir. Hazırda Aran və hətta Cənubi Azərbaycan belə hadisələr yuvasına dönmüşdür. Aranlılar və ümumiyyətlə azərbaycanlılar 515-ci illərdəki azərbaycanlılar olsaydılar, vəziyyət məni heç də düşündürməzdi. Hazırkı vəziyyətdə böyük şairin həyatına qarşı sui-qəsd edilməyəcəyinə əmin ola bilmərəm. Çünki Azərbaycan xalqının azadlıq duyğuları 515-ci illərdə olan şəkildə deyil. Onlardakı köhnə və ənənəvi azadlıq hissləri sönmüşdür.

6 dəq

Başqa şairlərin şeirləri