Bahar
Səhifə 1 / 5
Gəncə çayının coşqun ləpələri bahar günəşinin qızıl saçlarını böyük bir həyəcanla çimdirməyə başlamışdı. Bahar fəzasına məxsus pənbə buludlar mayıs gülünün qırmızı yanaqlarını kirşanlamağa hazırlanırdı. Şimali Midiyanın lətif təbiəti bağçaların boyuna biçdiyi yaşıl və çiçəkli donu tikib, bitirmək üzrə idi.
Kəpəz dağından əsən külək fəzada nazlanan buludları Xanəgah kəndinin meşələrinə doğru sürdüyü zaman, şam ağacları da ağır-ağır başlarını əyirdi.
Yağış bir saat əvvəl dayanmışdı, buludların suvardığı çöllər, meşələr, bağ-bağçalar gülürdü.
Yasəmənlər dağınıq saçlarını yaşıl budaqların üstünə sərib qurudur, xanəndə bülbüllər qızılgülün yanağındakı tərləri silmək üçün gül budaqlarını tərpədir, lalələr isə piyaləsini qaldırıb, bahar cəmiyyətinin şərəfinə içmək istəyirdi. Nərgiz gülü şadlığından yaşarmış gözlərini silərək, bahar səhnəsinə tamaşa edir, bənövşələr başını çiyinlərinə qoyub düşünür, bəstəkar kəkliklər isə meşə səyahətinə çıxan gənc bir şairi qarşılamaq üçün salam musiqisini çalırdı.
Gənc İlyas adəti üzrə evdən çıxıb çayın kənarına gəlirdi. O, hər gün çay kənarındakı bağçaları, bağları gəzər və şairlər ilə görüşərdi.
O, çay tərəfinə getdiyi zaman Gəncə xalqı da xəlifə tərəfindən göndərilən fərmanı eşitmək üçün məscidə tərəf gedirdi. Xəlifədən gələn fərman Atabəy Məhəmmədin təsdiq edilməsini Gəncə xalqına xəbər verirdi. İlyas bu fərmana o qədər də əhəmiyyət vermirdi. O, dəstələri yarıb Məsudiyyə məhəlləsinə keçdi və Çobanlar qəbiristanının yanı ilə gedərək çayın kənarına endi. Şəhər xalqı məsciddə məşğul olduğu üçün çay kənarında gəzən səyahətçilərin sayı çox az idi.
İlyas ətrafı gözdən keçirərək öz-özünə dedi:
– Belə yaxşıdır. Burada azad düşünmək mümkündür. Bura gənc bir şairin yaradıcılığı üçün daha əlverişlidir.
Həmişəki yerinə gəldi, böyrü üstündə yıxılmış söyüd kötüyünün üstündə oturdu. Lakin meşənin boşluğuna baxmayaraq özünü rahat hiss etmirdi. Sanki onu amansız bir hadisə gözləyirdi.
İlyas bu gün hər tərəfdə bir qeyri-adilik hiss edirdi. Ətrafa yayılan bülbülün səsində də bir həyəcan duyur və düşünürdü; o səs bir şadlığın içərisindən yox, bir həyəcanın içərisindən süzülüb çıxan iniltilərə bənzəyirdi.
İlyas öz-özünə:
– Bülbülün səsinə hər kəsdən artıq şairlər tanışdır, – deyərək ayağa qalxdı, bütün diqqətini səfərbərliyə alıb, ətrafı gəzməyə başladı.
O, bülbülün dolaşdığı qızılgül budaqlarının ətrafına gəldi, çox ehtiyatla əyilib qızılgül kollarının dibini nəzərdən keçirdi və həyəcanlı quşu rahatsız edən səbəbləri öyrənmək istədi. Gənc şair qızıl gül kollarının dibində ilanların qıvrılıb yatdığını və bülbülləri rahatsız etdiyini bir neçə dəfə görmüşdü. Lakin bu dəfə İlyas qızıl gül kollarının dibində heç bir şey görmədi. Bülbül isə çırpınır və səslənirdi.
Külək şiddətlə əsirdi. Qızılgülün şaxələri bir-birinə qarışmışdı, tikanlar külək qarşısında şiddətlə yırğalanır və qızılgülün incə yanaqlarını cırmaqlayırdı.
Gənc şair bunu görərkən əlini uzadıb gülün budaqlarını bir-birindən ayırdı, araladı. İndi bülbül yaralı gülün ətrafında dolaşıb ağlarkən, şair də kənarda durub bu vəziyyətə tamaşa edir və öz-özünə deyirdi: “Əcəba, belə bir təbiətdə şair olmamaq mümkündürmü?!”. Sonra gəlib yenə yerində oturdu, coşqun çaya tamaşa etməyə başladı. İki gündən bəri davam edən yağışlar nəticəsində Gəncə çayı daşmışdı. Əbubəkr, Bazarcuq, İsfahan kəndlərindən gələnlərin soyunub çayı keçməsi şairi bir qədər məşğul etdisə də, onu əsas fikrindən ayıra bilmədi. Onun şüurunda, bahar, təbiət, şeir və sənət düşüncələri birinci yeri tuturdu. O, bahar möcüzələrinin qolları arasına girərək mənliyindən çıxmış və şeir ilahəsinin qolları arasında nazlanırdı. Nəhayət, əlini uzadıb qoynundan bir dəftər çıxartdı, qələmdanı da çıxarıb yanındakı daşın üzərinə qoydu, fikrində, zehnində bəsləyib bişirdiyi misraları kağıza köçürtdü və bahar təbiətinə nəğmələr bəstələdi.
Çay kənarında gəzənlərin sayı artırdı. Ətrafında dolaşanların ona diqqət verməsi və ara-sıra yanından keçərək yazılarına nəzər atması, şairin fikrini pozurdu. Buna görə də o, dəftəri büküb yenə də qoynuna qoydu, qələmdanı da bağlayıb qurşağından asdığı heybəsinə saldı. O, şeir yazdığı zaman yazısına baxmağa qoymazdı, hətta tamamlamadığı əsərini də bir kəsə oxumazdı.
Şair Kəmaləddin ilə Zəhir ona yaxınlaşdılar, görüşdülər, İlyasın əlini sıxdılar. Sonra Zəhir ona sual verdi:
– Təzə nə yazırdın?
– Bir şey yazmaq istəyirdim, lakin hələ bitirməmişəm. Bitməyən əsər haqqında danışmağı sevmirəm, bəlkə təzə əsər haqqında fikrim də dəyişdi.
Zəhir İlyasın bu fikri ilə razılaşmadı. O yenə sözündə dayanaraq:
– Biz də şairik, – dedi, – biz öz yazılarımızı hər kəsə oxuyur və onlardan məsləhət alırıq. Bəzən qulaq asanlar bizə fikirlər və məsləhətlər də verirlər, bununla bəzən şeirlərimiz bədiiləşir və zənginləşir. Lakin sən daima bu üsulun əleyhinəsən, öz şerini bir xəzinə kimi gizlədirsən. Bu isə iki şeydən birisidir. Ya xəsislik, ya da qorxaqlıqdır. Bunların heç birisi şairə yaraşan xasiyyətlərdən deyildir. Sən daima özündən yaşca artıq və sənətcə köhnə olan adamların nəsihətini eşitməlisən.
Zəhirin bu sözlərini Kəmaləddin də təsdiqlədi. Onlar söhbətlərini bitirdikdən sonra İlyas qalın qaşlarını dartaraq cavab verdi:
– Son sözlərini geri götür, mənim barəmdə xəsis sözünü işlətmək haqsızlıqdır. Mən elə bir şair olmaq istəyirəm ki, şeir süfrəmdən minlərcə şairlər qismət aparsınlar. Mən elə bir əsər yaratmaq istəyirəm ki, məndən sonra gələn şairlər mənim təsirimdən çıxa bilməsinlər. Mən qorxaq da deyiləm. Şeirlərimi hər yerdə oxuya bilərəm, lakin hər kəsin yanında oxuya bilmərəm, çünki hər kəsə hər şey lazım deyil. Mən beş misra şeri götürüb küçə-küçə gəzdirən və oxuculardan təqdir və tərif gözləyən şairlərdən də deyiləm. Gizlətmək çirkinlik üçün deyil, mən şeir oxuduğum zaman ancaq öz təbimdən məsləhət alıram. Başqasının fikirləriylə misralar düzəltməyin əleyhinəyəm.
İlyasın bu sözləri onun ətrafında yığılanları razı salmadı. Onlar yenə də təzə yazılan şerin oxunmasını tələb etdilər. Əbül-Üla və Fələki də Zəhirin və Kəmaləddinin fikirlərinə qoşuldular. Əbül-Üla gülümsünərək dedi:
– Hərgah sən özün başqasının fikrindən öz şerində istifadə etmək istəmirsənsə, ona sözümüz yoxdur, lakin şerindən başqaları istifadə etməlidir. Hərgah sənətin yaxşı sənət isə, qoy başqaları da sənin yolunu davam etdirsin. Şerin bitməmişsə, qoy bitməsin, sonra bitirərsən.
Nəhayət, İlyas yaşca özündən böyük olan Əbül-Ülanın sözündən çıxmaq istəməyərək dəftərini qoynundan çıxarıb bitirmədiyi şerini oxudu.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-bahar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məhsəti xanım xəstəlik yatağında idi. Neçə gündü ki, süfrə başına gələ bilmirdi.Nahar vaxtı idi, Rəna süfrəni açıb Nizamini nahar yeməyinə çağırdı. Nizami yenə də səliqə ilə qələm və kağızını yığışdırıb yanındakı heybəyə qoydu və pilləkənlərdən qalxıb süfrə başına gəldi. Süfrə olduqca yoxsul idi. Orada süddən və arpa çörəyindən başqa heç bir şey yox idi. Nizami oturdu, nahar yeməyinə başlarkən Rəna ona sual verdi:
Vahid AzərbaycanQızıl Arslan Şimali Azərbaycanın bəzi hissələrini gəzdikdən sonra məmləkətin vəziyyəti barəsində Atabəy Məhəmmədə uzun bir məruzə məktubu göndərmişdi. O, məktubu yazırdı:“Üsyanların əsas səbəbi üsul-idarənin köhnəlməsi və qanunların qabalığıdır. Məmləkətin xalqı iki hissəyə ayrılmışdır. Acizlər, əzilənlər mühacirətdədirlər. Qolunda və qəlbində qüvvət hiss edənlər isə üsyan cəbhəsindədir. Səlcuqilər Azərbaycanda hökumət qurduqları yüz ilin müddətində islamın zühurundan bəri ərəblərin qurduqları üsul-idarədən istifadə etmişlər. Hazırkı vəziyyətdə peşəkarları şəhərə, kəndlini isə torpağa təhkim etmək imkan xaricindədir. Səlcuqilər dövründə və hazırkı hökumətin iş başına keçdiyi birinci illərdə yerli hakimlər xalqın etimadını tamamilə itirmişdir.
Atabəy MəhəmmədAtabəy Məhəmməd Qızıl Arslanın məktubunu Kirmandan Həmədana qayıtdığının ikinci günündə aldı. O, məmləkətin vəziyyətini çox da yaxşı hiss etmirdi. Bağdaddan gələn xəbərlər xəlifənin təzə bir qüvvətə istinad etməyə hazırlandığını bildirirdi. Əyyubilərin Misirdə böyük bir səltənət qurmuş fatimilərə qalib gəlməsi xəlifədə təzə bir ruh oyandırmışdı. O, xilafəti türklərin təsirindən qurtarıb əyyubilərin nüfuzuna tapşırmaq istəyirdi.Xəlifənin Atabəy ölkələri içərisində dolaşan təbliğatçıları əyyubilərin lehinə olaraq geniş təbliğat aparırdı. Musildə, Xarəzm şahlarının sərhəd şəhərlərində atabəylərə qarşı sui-qəsd hazırlanırdı.
Fitr bayramıGəncə hakiminin ürəyi iki hiss ilə çırpınırdı, birisi şadlığından, ikincisi isə qorxusundan idi. Bir tərəfdən Bağdad xəlifəsi göndərilən qızların yetişməsini Əmirə yazıb razılıq vermişdi. Xəlifə xüsusi olaraq Dilşadın gözəlliyindən şadlandığını qeyd etmişdi.Lakin Əmirin aldığı ikinci xəbər onun qorxusuna səbəb olmuşdu. Atabəy Məhəmmədin Azərbaycan səyahətinə çıxması xəbəri gələndən bəri Əmir öz müqəddəratının nə cür həll ediləcəyi barəsində düşünürdü. O bilirdi ki, Atabəy ayağını Şimali Azərbaycanın sərhədinə qoyan kimi ona minlərcə ərizə veriləcəkdi. Çünki o, xalqın hazırlıq gördüyünü çox yaxşı bilirdi.
Başqa şairlərin şeirləri
Elə müəmmadır aşıq sənəti,Bir isimdə dörd hikməti dərindi.
Ekran qaralanda...– Qurtardı bugünkü verilişlərimizDinləyin sabahın proqramını. ...
Könlün istəsə qəm dərdiğə dəva, qədəh içKönlün istəsə qəm dərdiğə dəva, qədəh iç,Özüni etmə qəmü dərdə mübtəla, qədəh iç.
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,