Atabəy Məhəmməd
Atabəy Məhəmməd Qızıl Arslanın məktubunu Kirmandan Həmədana qayıtdığının ikinci günündə aldı. O, məmləkətin vəziyyətini çox da yaxşı hiss etmirdi. Bağdaddan gələn xəbərlər xəlifənin təzə bir qüvvətə istinad etməyə hazırlandığını bildirirdi. Əyyubilərin Misirdə böyük bir səltənət qurmuş fatimilərə qalib gəlməsi xəlifədə təzə bir ruh oyandırmışdı. O, xilafəti türklərin təsirindən qurtarıb əyyubilərin nüfuzuna tapşırmaq istəyirdi.
Xəlifənin Atabəy ölkələri içərisində dolaşan təbliğatçıları əyyubilərin lehinə olaraq geniş təbliğat aparırdı. Musildə, Xarəzm şahlarının sərhəd şəhərlərində atabəylərə qarşı sui-qəsd hazırlanırdı.
Atabəy Məhəmməd belə bir zamanda Qızıl Arslanın məktubunu aldı, məktubda qoyulan məsələlərdən Atabəyin tükləri qabardı və dərhal qısa bir məktub yazıb təcili qasidlə Təbrizə göndərdi:
Əziz və möhtərəm hökmdar!
Məktubunu aldım. Göstərdiyin məsələlər barəsində yaxından danışmaq lazımdır. Məktubumu alan kimi bir neçə günlüyə Həmədana gəlməlisən.
Atabəy Məhəmməd.
Qızıl Arslan məktubu alan kimi Həmədana hərəkət etdi. O, Atabəy Məhəmmədin məktubla razılaşmayacağını bilirdi, lakin öz əqidəsində möhkəm durmağı və Azərbaycanda lazımi islahatın tətbiq edilməsi məsələsini bir daha şifahi olaraq Atabəy Məhəmməddən tələb etməyi qərara almışdı.
Atabəy Məhəmməd Qızıl Arslanın özünün təzə tikdirdiyi “Atabəy Məhəmməd Rübati” adlı malikanəsində qəbul etdi. Qızıl Arslanın şərəfinə verilən təntənəli ziyafət bitdikdən sonra Atabəy Məhəmməd Qızıl Arslanı öz xüsusi otağına çağırıb:
– Otur, qardaşım! – dedi və gülərək sözünə davam etdi: – Məktubun o qədər qorxulu məktubdur ki, onu həyata tətbiq deyil, ələ alıb oxumaq belə qorxuludur. Hər nə olursa olsun, məktubu əvvəldən axıra qədər oxudum. Yazdıqlarını həyata keçirmək mümkün olsaydı, qardaşın da buna razı olardı. Lakin hazırkı vəziyyət və hazırkı şərait daxilində elə çətin arzuları meydana atmaq, dünyada oturub cənnət üçün düşünmək deməkdir. Əziz qardaşım, məmləkətimizin, hüdudlarında baş verən hadisələr bizim daxili islahat haqqında düşünməyimizə imkan vermir. Mən bilirəm ki, sən məmləkətin düşdüyü bu qədər ağır vəziyyətə soyuqqanlılıqla məktubunda islahat deyə göstərdiyin ən xırda bir məsələni həyata keçirmək istəsən, vəziyyət daha da ağırlaşacaqdır. Sən bilirsən ki, xəlifə öz siyasi və ruhani nüfuzunu itirmişdir. Daha açığı, xəlifəlik öz dövrünü yaşamışdır. Vaxtilə onun məmləkətlərə təyin etdiyi ən adi hakimlər belə özü üçün taxt-tac hazır etdirmişdir. Xəlifə hazırda ancaq bunları bir-birinin əleyhinə qaldırmaqla başını dolandırır. Lakin məmləkətə sahiblənmək üzərində bir-birini boğmaqda olan hökmdarlar Bağdad çuxurlarına düşüb qoxumaqla xəlifə adlanan bu diri meyiti basdırmağa cürət etmir, yaxud bunu istəmir, çünki hər kəs bir-birindən qəsb edəcəyi məmləkətin qəbaləsini xəlifənin möhürü ilə rəsmiyyətə salmağa çalışır. Xəlifələrin özləri isə belə alış-verişləri göydə axtarırlar. Onlar şəhvətpərəst, sərxoş adamlardır. Hər cür sazişə gedə bilərlər.
Əldə etdiyim məlumata görə xəlifə neçə müddətdən bəri Səlahəddin Əyyubi ilə xəlvəti müzakirə aparır. Xəlifə sərxoş da olsa Səlahəddinin böyük bir nüfuza malik olduğunu bilməmiş deyildir. O bu gün İraqda, Musil və başqa yerlərdə işə başlarsa, bütün kürdləri bizim əleyhimizə qaldıra bilər. Belə bir vəziyyətdə xəlifə hüququnun azalması, təriqət məsələlərinin aradan qaldırılması məsələsini qoymaq məmləkəti bikərəlik hərc-mərcə düşürmək kimidir.
Məmləkətdə təzə vergi üsulunu tətbiq etdikdə yüz minlərcə müftəxora maaş vermək, onlar üçün maliyyə idarəsi düzəltmək lazımdır. Hazırkı üsul dairəsində hər hakimdən müəyyən vergi almaqla da hökuməti idarə edə bilərik. Elə də torpaq qanunlarıdır. Torpaq qanunları dəyişdiyi zaman bütün mülkədarlar bizim əleyhimizə üsyan qaldıra bilər.
Məhkəmələrdə ruhanilərin nüfuzunu azaltmaq fikrini bir kərəlik burax. Bu yol elə qorxulu bir yoldur ki, Məmun kimi bacarıqlı bir xəlifə bu yolun yarısından qayıdıb qaçdı.
Sən məktubunda göstərdiyin məsələlərin hansı birisini həyata keçirsən rəqiblərimiz dərhal ondan istifadə edəcəkdir. Sən Şərqdə təkfir olunmaq çirkabının nə qədər zərərli olduğunu bilmirsən. Bir kərə ruhanilər və xəlifə bizi dindən kənar hesab edərsə heç bir qüvvət bizim mövqeyimizi saxlaya bilməz.
Azərbaycan xalqının bir neçə illik vergisini bağışlamaq məsələsinə etirazım yoxdur, əlverişli bir zamanda bu barədə təşəbbüs edərik.
Köhnə hakimlərin məsələsi tədricilik tələb edən məsələlərdəndir. Onların hər birisinin minlərcə nüfuz sahibi tərəfdarları vardır.
Gürcüstan məsələsi elə də qorxulu bir məsələ deyildir. O məsələ həll olunduğu zaman Şirvan məsələsi də həll olunar. Çünki Gürcüstan bizim əlimizdə olduqdan sonra Şirvan şahlarının istinad edə biləcəyi bir yer qalmır. Orta Asiyadan bizə qorxu yoxdur. Çünki Orta Asiya hökmdarlarının içərisində olan boğuşmalar bizim üçün böyük qələbələrin müjdəsini verir.
Sənin məktubunu oxuduqdan sonra Azərbaycanı lazımi qədər səyahət etmək və öyrənmək qərarına gəlmişəm. Bəlkə də səyahətimdən sonra, məktubundakı məsələlərdən bəzilərini bir daha müzakirəyə qoyarıq.
Lakin sənə bir daha tapşırıram, xəlifə hər nə olursa olsun onun rizasını əldə etmək lazımdır. Ona göndərilən cariyələri saxlamaq lazım deyildi, getmələrinə icazə verməklə çox yaxşı iş gördün.
Şirvan şahlığı ilə müdara etmək lazımdır. Özün bilirsən ki, xəlifə şahlığın ləğv edilməsi təklifini rədd etdi.
Farslar və ərəblərin iş başından götürülməsini tədrici bir surətdə həyata keçirməsək, kütləvi qovuluşlar Bağdadda yaxşı təsir bağışlamaz.
İranlılar və ərəblər bir zaman hakim olduqları üçün dilləri də hakim dil olub qalmışdır. İndisə məmləkətdə hakim sənsən, sənin dilin də hakim dil olmalıdır. Sənə tapşırıram, xələtlərin Azərbaycan dilində danışanların çiyninə salınmalıdır.
Sən məktubunda mühüm bir məsələni qeyd etməyi yadından çıxarmırsan. O məsələ, ərəb və farsların əlindəki ucsuz-bucaqsız torpaqlar və malikanələr məsələsidir. Onlar ölkələri işğal etdikləri zaman sulu, bərəkətli, qiymətli yerləri öz aralarında bölüşmüşlər. Yerlilərdən bir çox kəndlər və malikanələr, rübatlar, pənəyirlər və bazarçaları zorlayıb əllərinə keçirmişlər. Bu yerləri tədrici surətdə xalisə torpağı şəklinə salmalısan. Bunu ərəb və farsların əlində olan malikanələrin qonşusunda olan yerli mülkədarların vasitəsilə həyata keçirə bilərsən. Qonşu kəndlilər istərsə onlar malikanələrindən məhsul ala bilmədiyi üçün satmağa məcburiyyət hiss edər və az bir qiymətə olsa da, satıb gedə bilərlər.
Məktubunda yazılan başqa məsələlər haqqında tək-tək danışmaq istəmirəm. Buna görə də qəti olaraq tapşırıram:
Hər hansı bir qanun Qurandan alınmışsa, ona toxumamalısan. “Qan bahası” və sairlər də bura daxildir.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-atabey-mehemmed
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Londonda Misir millətçilərinin kral və kraliçəyə su’i-qəsd etmələrindən qorxurlar. (Bugünkü teleqraflardan)*Qorxaram ən doğrusu bu tazə üsyandan bəri,
GəlirəmƏhməd şah İrana gəlib yenə də taxtına əyləşmək üçün Parisdən hərəkət eləmişdir. (İran qəzetlərindən)*Millətimdən, vətənimdən nigaranəm, gəlirəm
Balaca felyetonİnkilislər verdikləri sərbəstlik və’dələrinə Hicazda, Fələstində əməl etmədikləri üçün Hicaz kralı Hüseyn müğavilənaməni imza etməmişdir.*Sən öylə zən edirdin doğrudan da bir xilafətsən
Balaca felyetonFransanın mürtəce dairələrinin naşiri-əfkarı «Libertə» qəzeti yazır ki: Lenin yollarına sədd çəkməkdən ötrü Parisdə olan əlli min Nikolay zabitinə istinad edə bilərik.*Tənbəlin şəhrdə miqdarı çatır əlli minə
Başqa şairlərin şeirləri
Nəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Bu yandadıGedər ikən bu ümmana tuş oldum,Bəhrlər çalxanır, göl bu yandadı.
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,