Qətibə başını əlləri arasına alıb Hüsaməddini diqqətlə dinləyirdi. Lakin Hüsaməddinin bir saatdan bəri ortalığa atdığı məsələlərin heç birisi Qətibənin eşitməmiş olduğu məsələ deyildi, çünki Hüsaməddin daima Qətibəni gördüyü zaman bu cür söhbətlərdən başlayırdı. O yenə də sözünü öz qəhrəmanlığından başlamışdı:

– Mən yalnız Araz ölkəsinin qəhrəmanı deyil, bütün Azərbaycanın tanınmış və sınanmış qəhrəmanıyam. Siz özünüz bilirsiniz ki, Əmir həzrətlərinin hökmranlığı ancaq mənim qılıncımın sayəsində möhkəm olur. Pozulan cəbhələr, boğulan üsyanlar, tökülən qanlar, yüzlərcə qurbanlar da buna şahiddir. Bunun səbəbinədir ki, atanız mənim xidmətlərimi sizin gözəlliyinizlə mükafatlandırmaq vədəsini vermişdir. Atanız indi də öz sözünün üstündə durubdur, lakin mən sizdə bu meyli görə bilmirəm. Siz mənə adi adamlara baxan kimi baxır və mənim qəhrəmanlığımı qiymətləndirmirsiniz. Çox təəssüf ediləcək bir haldır ki, mənim sevgimi, mənim səadətimi yoxsul bir şairin əlinə tapşırmaq istəyirsiniz.

Qətibə burada Hüsaməddinin sözünü yarımçıq qoyub dedi:

– Belə bir vədəni sənə atam da vermiş olsa səhv etmişdir. Bu çox köhnəlmiş bir işdir. Qədimdə belə işlər var imiş; padşahlar çıxılmaz bir vəziyyətdə qaldığı zaman belə bir elan verirlərmiş: “Hər kəs bu qalanı fəth etsə, filan pəhləvanın başını gətirsə, qızım onundur”.

Sən Hüsaməddin də bunumu istəyirsən? Əvvəla, sən hələlik öz qəhrəmanlığını nə Aran, nə də Azərbaycanda bir kəsə göstərə bilməmisən. Hələ sən çox gəncsən, nə müharibələr görmüsən, nə də qalalar fəth etmisən. Sən ancaq Məhsəti xanım məsələsində baş verən üsyanlarda silahsız üsyançıların evlərinə girib dəfləri, udları, kamançaları sındırıb pəncərədən küçəyə atmısan. Bunların hamısı öz qiymətində bir xidmətdir. Lakin bu xidmətlər gözəl bir qızın – Qətibənin qiyməti deyil. Atam məni ucuz satmaq istəyirsə, bu günün özündə Bağdada qayıdaram.

Sənin qılıncın sayəsində möhkəmlənən bir hökuməti isə nə qədər düşünürəmsə görə bilirəm. Sən onu bilməlisən ki, böyük bir adama, yaxud böyük bir hökumətə arxalana bilməyən bir qılınc, kimin əlində olursa olsun, bir parça dəmirdir.

Mən yenə də sənə verdiyim köhnə nəsihətimi təkrar edəcəyəm. Sən Dilşadı sevməli və ona evlənməlisən. Mən onun Fəxrəddinlə görüşüb sevişməyinin əleyhinəyəm. O həm gözəldir, həm də oxuyub çalan və qanacaqlı bir qızdır. Sən bu nəsihətimi qəbul etsən, yenə də dostluğumuz davam edə bilər. Biləks, sənin mənimlə tez-tez görüşüb sevgi söhbətlərini təkrar etməyinə icazə verməyəcəyəm.

Hüsaməddin acıqlanaraq öz həsəb-nəsəbi haqqında danışmağa, soyadının ərəb xəlifələrinə böyük xidmətlər göstərdiyini saymağa başladı:

– Məni tanıyırsınızmı? Mən böyük Buğanın1 nəvəsiyəm.

Qətibə öz etidalını pozmayaraq:

– Bəli, tanıyıram. Sən “Şərabi” ləqəbilə adlanan kişinin nəvəsisən!

– Rica edirəm, mənim babama “Şərabi” adı verməklə onu təhqir etməyəsiniz. Bu ləqəbi mənim babama azərbaycanlılar vermişlər. Çünki Azərbaycan ancaq mənim babamın qılıncı sayəsində Mütəvəkkilbillah xəlifəyə boyun əymiş. On beş xəlifə tərəfindən hörmət və ehtirama nail olan bu ailəyə qarşı nifrət bəsləmək üçün əsaslı bir sübutunuz varsa, mənə açığını söyləməlisiniz.

Qətibə yenə də soyuqqanlı bir surətdə cavab verdi:

– Hüsaməddin, sən ağıllı ol, bir tarix nə qədər yüksək və şərəfli olursa olsun, dəyəri olmayan varislər üçün heç mənziləsindədir. Mən səni dəyərsiz hesab etmirəm. Lakin bu dəyər bir qəlbi ələ alacaq və öz məhəbbətini bir qəlbə aşılayacaq mahiyyətdə deyil. Ağıllı qızlar ərə getdikləri zaman keçmişləri yox, gələcəyi nəzərdə tutmalıdırlar. Mən də o qızlardanam! Mən bir adamda gələcəyin xariqüladəliyini əldə edə biləcək mahiyyəti görməsəm, ona ərə getməyəcəyəm.

Sənə məsləhət görürəm, babalarının şöhrətilə yaşamaq fikrindən əl çək. Çünki tarixdə məşhur olan ailələrin hədd-hesaba gəlməyən varislərini tənbəl və dəyərsiz bir vəziyyətə qoyan ancaq babalarının şöhrəti ilə yaşamaq fikirləri olmuşdur.

Hüsaməddin Qətibədə özünə qarşı oyanan dönüşü Qətibənin İlyasla görüşməsi ilə əlaqədar bilərək:

– Mən o qədər də uşaq deyiləm, – dedi və başını aşağı salıb uzun zaman danışmadı.

Qətibə isə:

– Uşaq olmadığını bildiyim üçün hər bir məsələyə uşaqcasına yanaşmamağını tövsiyə etdim, – dedikdə Hüsaməddin hövsələsi darıxmış bir halda dedi:

– Qətibə, gəlin örtülü danışmayaq. Siz haman şairlə görüşdüyünüz gündən bəri fikrinizi, tövrünüzü, söhbət və hərəkətinizi dəyişdiniz. Siz sanki bir ay bundan əvvəlki Qətibə deyilsiniz. “Mən kişiliyin qəhrəmanlıq nümunələrini ancaq sənin şəxsiyyətində görürəm!” dediyinizi unutdunuzmu? Bir az bundan əvvəl sizin özünüz məni atanızın yanına elçi göndərməyə məcbur edirdiniz. Sizin özünüz izdivac məsələsinin tez bitirilməsinə tələsirdiniz. İndi nə oldu? Mən alçaldım, yaxud bu az müddətdə siz ucaldınız?

Qətibə hovuzun başından qalxıb qərənfil güllərini qoxulaya-qoxulaya dedi:

– Nə sən alçaldın, nə də mən ucaldım. Fikirlər və düşüncələr yüksəlir, səviyyələr dəyişir. İnsanlar hər gün düşündüyünü düşünərsə, həyat tərəqqi etməz, bugünkü insanlar dünənki insanlar deyil, dünən bizə çox uzaqdır, gələcək yüz il olsa belə o bizə çox yaxındır. Həyat, məişət keçmişin üzərində qurula bilməz, o dala getməkdir, ağıllı adamlar həyatı gələcəyin üzərində qurmağa çalışırlar. Mazilərimiz bəşəriyyətin gəncliyi dəfn edilən bir məzardır. Orada oturub məhv olan gəncliyə ağlamaq günah deyil, lakin onunla yaşamaq sadəlikdir. Biz gələcəklə yaşamalı və onu təminedici bir surətdə qurmalıyıq.

İndi mənə cavab ver görüm, sənin əlində mən tələb etdiyim gələcəyi qurmaq üçün nə kimi imkanlar vardır?

Hüsaməddin qəti cavab verə bilmədi, çünki xəlifənin nəvəsini yaşatmaq üçün onun əlində böyük bir sərvət yox idi. Buna baxmayaraq o, Qətibəyə sual verdi:

– Bəs dalınca kölgə kimi süründüyünüz o yoxsul şairin əlində nə kimi imkanlar vardır? Sizin tələb etdiyiniz xəyali bir gələcəyi haman yoxsul nə ilə təmin edə biləcəkdir? Bir sınıq qələmdanı və köhnə heybəsindəki bir dəstə qaralanmış kağızları iləmi?

Qətibə güldü:

– Sən məni başa düşmədin, – dedi. – Sənə əvvəlcə dedim ki, mən fövqəladəlik daşıyan adamları sevirəm. O, yoxsul olsa da, onda böyüklük var. Məni gələcəkdə onun səbəbinə hər kəs tanıya bilər. “Bu, filan məşhur şairin qadınıdır!” – deyə xalq məni barmağı ilə göstərər. Mən onun yaradıcılığında iştirak etdiyim üçün tarixə də düşə bilərəm. Bütün məsələ bu fikrin üzərində qurulmuşdur. Lakin bunu misal olaraq deyirəm. Mənim bu fikrim qəti deyil. Sən məni dünyaya tanıda biləcək bir qəhrəman ola bilsən, mən heç vaxt atamın sözündən çıxmaram.

Hüsaməddin cavab verməyə macal tapmadı, çünki cariyələr bağa çıxıb, Qətibəni səsləyərək:

– Atanız sizi nahar süfrəsinə dəvət edir, – dedilər.


1 Buğa – hicri 234-cü illərdə Azərbaycanda xəlifələrə qarşı düzələn üsyanlar zamanı Mütəvəkkil xəlifə tərəfindən Azərbaycanı qanlar içində boğmaq üçün göndərilmişdi. Babək üsyanından sonra, təzə üsyanları idarə edən məşhur Məhəmməd ibn-Bəis Samiriyə şəhərinin məhbəsindən qaçıb Azərbaycana gəlmiş və orada bir hökumət təşkilinə başlamışdı. Xəlifə Mütəvəkkil, Bəisin üsyanını boğmaq üçün Həmduya ibn-Əlini (ərəb tarixində məşhur olan Fəzl Sədinin nəvəsidir) böyük bir ordu ilə Azərbaycana göndərdi və Azərbaycan hökumətini ona tapşırdı. Mütəvəkkil Həmduya ilə bərabər Zirək türki və ibn-Sisl adlarında iki məşhur komandanı da onun yanına qoşdu. Azərbaycanlılar bu ordunu Təbriz ilə Mərənd arasında lazımi qədər döydü. Nəhayət, Mütəvəkkil xəlifə türklərdən Buğanı böyük bir qoşunla Azərbaycana göndərdi. Azərbaycanlılar yenə də ibn-Bəisi ələ vermədilər. Nəhayət, bir xəyanət nəticəsində İbn-Bəis həbsə alındı (Müəllif).

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri