Rusiya sahilində
Səhifə 1 / 4
Araz çayı çox sakit axırdı. Kiçik ləpələrin bir-birini təqib etməsi, bir-birinin ətəyindən tutub gedən səmimi yoldaşları xatırladırdı.
Araz çayını çox dinc keçdik, bələdçilər bizi dəmiryol xəttindən keçirib yolun üstündə olan Şahtaxtı kəndinə gətirdilər. Gecəni Kərim ağanın çayçı dükanında qalmalı olduq, çünki Culfadan Tiflisə gedən sərnişin qatarı Şaxtaxtı mövqifində gecə saat 3-də olacaqdı.
Biz Şahtaxtıda ikən Snarskinin Təbrizə gedən son əsgəri eşelonu gəlib Culfaya getdi. Çay içdik, yemək yedik, eyni zamanda da dükanda danışılan söhbətlərlə də maraqlanırdıq. Onlar Səttar xandan, Təbriz inqilabından danışırdılar.
Usta Baxşəli adlı birisi:
– Bu gün eşitdim ki, Məhəmmədəli şahın ölüsünü dalına sarıyıblar, – dedikdə marağım artdı və ixtiyarsız olaraq:
– Haradan eşitdin? – deyə sordum.
– Məşədi Əli bəyə Bakıdan qəzet gəlibdir, – dedi. Göndərib qəzeti gətirdilər.
«Kaspi» qəzeti idi. Oxudum:
«Tehran. 13 iyul. Röyter agentliyinin verdiyi xəbərlərə görə Rusiya səfarətinə girmiş Məhəmmədəli şah özünü çox rahat hiss edir. Bəxtiyarilər bütün hökumət idarələrini əllərinə almışlar».
Mən qəzeti oxuduqdan sonra fikrimi dəyişdim. Artıq Rəştə getmək, inqilab dəstələrinə qoşulub Tehran üzərinə yürüməyin vaxtı keçmişdi.
Yoldaşlarla məsləhət etdikdən sonra mən Təbrizə qayıtmalı oldum.
Yoldaşlarla vidalaşdım, çünki onlar saat üçdə Tiflisə yola düşəcəkdi, mən isə axşam saat yeddi qatarı ilə Naxçıvana, oradan da Culfaya gedəcəkdim.
Qatarımız Şahtaxtı stansiyasından şərqə doğru hərəkət etdikdə, günəş Maku dağlarının arxasından aşıb qərbə doğru enməkdə idi.
Yumurta kimi ağaran Ararat dağını arxada buraxdıqca əski Naxçıvanın qara heykəli kimi duran İlanlı dağa yaxınlaşırdıq. Teymurləng cahangirliyinin yadigarı olan palçıq qalalar və onların içərisindən başını çıxarıb keçmişinə dalısını çevirən qırıq minarələr də batmaqda olan günəşin sarı pərdələrinə bürünərək qatarımızı qarşılayırdı.
Ruzigar əsir və təpələrin qumlarını ölümə məhkum olmuş cahangirlik kitabının son vərəqləri kimi çevirirdi. Qırıq qala divarları, sınıq minarələr, təpənin üzərindən şimal yollarına gözünü dikən və şimaldan mərhəmətlər, medallar gözləyən xan evləri də vaqonun pəncərəsindən baxanlara Naxçıvanın Ehsan xan dövrünə aid dastanını oxuyurdu.
Naxçıvanda çox durmadıq, düşənlər düşdü, Culfaya gedənlər isə mindi. Yenə də qatar hərəkət edərək, on dəqiqə keçmədən Araz çayı sahillərinə düşdü. Qatar beli qırılmış ilan kimi burulur, torpağın üstünə döşənmiş rayları qucaqlayaraq keçir və yoxuşlara dırmanarkən dərin nəfəs alırdı.
Keçmişin minillik tarixini öz çürük gövdəsində daşıyan Vanqın kilsəsinin yanından keçib bütün varlığı ilə uyumaqda olan şəhərin xarabaları qarşısına yetişirdik.
Sağımızda Araz çayının İran sahilində daş yığınlarının içərisindəki katolik münzəvilərinə məxsus əski monastır çürük kəllələrin gözünə bənzəyən bacaları ilə qatarımıza baxırdı.
Qatarımız Culfaya gecə saat on birdə yetişdi. Stansiya qələbəlik idi. Gündüzləri isti və toz əlindən bayıra çıxa bilməyən Culfa xalqı gecələri stansiyaya toplaşıb dincəlir və sərinlənirdi.
Mehmanxana işçiləri vağzalda müsafirləri qarşılayır və öz təmiz odalarını təklif edirdilər.
Mən «Fransa» otelinə getdim. Bura Culfada birinci otel sayılmaqdadır, təmiz və mədənidir. Oteldə böyük qələbəlik nəzərə çarpırdı. Odaların bir çoxu Snarski ordusunun zabitləri tərəfindən işğal edilmişdi. Kiçik bir odada yer verdilər, üst paltarımı dəyişib yemək üçün otelin yay salonu olan balkona çıxdım. Masalar tutulmuşdu, zabitlər, müsafirlər, yerli tacirlər, İran Culfasından keçən hökumət məmurlarının hamısı şam yeməyində idi. Mən öz odamın pəncərəsi qarşısında qoyulan kiçik masanın başında oturdum. Gödəkboylu, sallaqbığlı, üzü qırxılmış dolu bir erməni mənə yanaşaraq:
– Nə buyuracaqsınız? – deyə soruşdu.
Türkcə danışırdı. Mən yemək sifariş etdim, sonra onun otel sahibi Qriqor ağa olduğunu bildim.
Birdən dəhlizdə səs-küy qopdu. Bir nəfər farsla mehmanxana xidmətçisi savaşırdı. Sonradan məlum oldu ki, fars, Ələmdar hakimi İqbal Nizamdır. O, əxlaqsız qadınların sərxoş olaraq haqq-hesabını verməkdən boyun qaçırmış və əlavə olaraq bilməyərəkdən üz dəsmalını şalvarı ilə bərabər əyninə geymişdir. Xidmətçi üz dəsmalını onun şalvarından çıxarıb təhqir etdiyi üçün hakim acıqlanmışdır.
Mən oturan masa ilə yanaşı qoyulan masada dörd nəfər oturmuşdu. Etdikləri söhbətdən tacir olduqları görünürdü. Bunların kim olduqları ilə maraqlanırdım. Mən adlarını eşidib uzaqdan tanış olduğum bir neçə adamı da Culfada tapmalı idim, çünki bunları tapmadan və İran pasportu düzəltmədən İrana getmək mümkün olmayacaqdı. Nə yediyimi, nə də içdiyimi bilmirdim. Bu adamlar sanki mənim axtardığım adamlar idi.
Masanı taqqıldatdım, yenə də otel sahibi yanaşdı, təzə xiyar istədim, eyni zamanda qonşu masada oturanları soruşdum.
– Şeyxov Nəsrulla, Baxşəli ağa Şahtaxtlı, Ağa Məhəmmədhüseyn Hacıyev, bir də Səttar Zeynalabdinovdur, Culfa tacirləridir, – deyə cavab verdi.
Mən sevindim, bu təsadüfün qayət əlverişli bir təsadüf olduğuna inandım və nə danışdıqlarını bilmək üçün onları dinlədim.
– Biz nə edə bilərdik? Vaxta ki, Təbrizdə pozğunluq üz verirdi, bir halətdə ki, camaat sel kimi axıb rus himayəsinə gedirdi, bir zamanda ki, inqilabçı Təbriz öz mücahidlərini, öz rəhbərlərini, hətta bir ovuc Qafqaz inqilabçılarını müdafiədə aciz idi, onda biz nə kimi yardım verə bilərdik?
Bunun Şeyxov olduğuna şübhə yox idi, Nina da vaxtilə bununla görüşüb onun qarabəniz, yoğun bir adam olduğunu mənə söyləmişdi. Arıq, beli bükülmüş, fəqət olduqca sevincli bir simaya malik ikincisi əlindəki şərabı içib yerə qoyduqda:
«Ey əcəl, mənim fəryadıma yetiş, bu dirilik məni həlak etmək istəyir» – məzmunlu bir şeir oxudu.
Bu da, şübhəsiz ki, qoca inqilabçı Hacıyev idi.
Üçüncüsü ucaboylu, qırmızıüzlü, olduqca görkəmli bir zat idi. Bu da Baxşəli ağa Şaxtaxtlı olacaq idi. Bu adam içməyirdi, daima papiros çəkir və dişini sümürürdü, bunun üçün şərab yerinə buzlu ayran hazırlamışdılar.
Dördüncüsü arıq, uzun, xırdagözlü bir kişi idi. Bu da Səttar Zeynalabdinov idi.
Təbrizin Qafqazdan gözlədiyi yardım, ancaq bunların vasitəsilə mümkün olur və bunlar Culfa inqilabçılarının qabaqda gedənləri idi. Görünür ki, onlar çoxdan oturmuşdu, gedəcəkdilər, sonra onları tapmaq mümkün olmayacaqdı.
Kiçik bir məktub yazıb Şeyxova göndərdim.
«Cümşüd cənabları ilə görüşmək istərdim».
Şeyxov «Cümşüd» kəlməsini oxuduqda təəccüb etdi, çünki bu ad onun inqilabi hərəkatda daşıdığı gizlin ad idi. O, mütəfəkkir və qara gözlərini mənə çevirdi və heç bir söz söyləmədən məktubun cavabını yazdı.
«Evimiz klubun dalısındadır. Klubu soruşsanız, nişan verərlər. Sabah saat ikidə gözləyəcəyəm».
Mən ancaq bu məktubu aldıqdan sonra rahat yeməyə başladım. Onların da asta və gizlin söhbətləri başladı. Heç şübhə yoxdur ki, mənim barəmdə danışırdılar.
Onlar başları ilə vidalaşaraq getdilər. Mənim üçün yeni çıxmış Ələmdar qovunu gətirmişdilər. Hələ qovundan yeməmişdim, saat ikiyə işləyirdi, birdən uzun dəhlizdə çar zabitlərinin hay-küyü başlandı. Bir çox iranlı və yerli tacirlər qaçıb getdi, qadınlar da həyət qapısından çıxıb başqa mehmanxanalara qaçırdılar. Zabitlərdən bir neçəsi xidmətçiləri döyüb, qadın tələb etmişdilər. Qadın gətirilmişdi, lakin zabitlərin hamısına qadın yetişmədiyindən dalaşmağa başlamışdılar.
Culfanın hər tərəfindən toplanmış 15 nəfərə qədər əxlaqsız qadın dəhlizin bir başında saxlanmışdı, zabitlər isə qılınclarını çəkib yenə də qadın tələb edirdilər.
– «Day babu!» – deyərək xidmətçiləri hədələyirdilər. Qadınlar qorxularından nə edəcəklərini bilmirdilər.
Otel sahibi qadınını götürüb qaçmışdı.
Zabitlərdən birisi dördüncü otağın qapısına qılıncla vurub:
– Burada qadın var, – deyə qışqırırdı.
Xidmətçi:
– Buradakı qız, Amerika Xeyriyyə Cəmiyyətinin üzvlərindəndir, o Təbrizə gedir, – dedikdə zabit qüvvətli bir təkanla qapını açdı.
Otaqdan dəhşətli bir qışqırıq eşidildi, bir azdan sonra gecə paltarında olan gənc bir qızı dəhlizə çəkdilər. Saçları dağınıq qız qorxusundan tir-tir titrəyirdi. O, gah almanca, gah ingiliscə yalvarırdısa da, sözünü eşidən yoxdu. Çar zabitlərinin qafasında iki şey hökm sürürdü: şəhvət və şərab.
Zabitin birisi namusu vəhşilər əlində olan amerikalı qıza arası kəsilmədən nitq söyləyir və deyirdi:
– Biz çarın yolunda Şərqə gedirik. Kim bilir, bəlkə, salamat qayıtmadıq. Xanım qız, siz mədəni bir qızsınız, bilməlisiniz ki, sizi özümüzə həmişəlik mal etmirik, bir gecə qalıb gedənlərdənik. Siz heç də təlaş etməyin, biz mədəni və ziyalı adamlarıq, çar zabitləriyik.
Qıza yardım etmək lazımdı, lakin müdaxiləyə cəsarət etmirdim. Pasportum vardı, canımdan qorxurdum, çünki qılınclar və boş butulkalar kəsməyə və əzməyə baş arayırdı. Onların sırasında ayıq olanları da vardı, lakin onlar da – qadın ver, – deyə qışqıranların səsinə səs verirdi.
Mən yüksək rütbəli 40–45 yaşlarında bir zabitə yanaşdım. O məni başdan-ayağa qədər gözdən keçirdi və yanında bir avropalı durduğunu hiss edincə:
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-rusiya-sahilinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1904-cü ilin noyabrında Tiflisdə Qafqaz komitələrinin bolşevik konfransı çağırıldı. Buraya toplanmış on beş nümayəndənin iştirakı ilə III partiya qurultayının çağırılması uğrunda geniş təbliğat və mübarizə təşkil edilməsi qərara alındı.Tiflis konfransına getmiş Bakı nümayəndəsinin, konfransın qərarları haqqındakı məruzəsini dinləmək üçün bu gün Jenya da iclasa gəlmişdi.
Zidd fikirlər məngənəsində1904-cü ilin axırları idi. Bakı ən mühüm, ən tarixi günlər keçirirdi. Bakı proletariatı bir tərəfdən çar hökuməti, o biri tərəfdən də çar burjuaziyası ilə barışan menşeviklərlə mübarizə aparmağa məcbur olmuşdu.Zubatovçuluq, şendrikovçuluq fəhlə sinfinin vücuduna daraşdığı bir zamanda Zaqafqaziya partiya təşkilatlarının rəhbərləri özünü Bakının köməyinə yetirdilər.
Menşeviklərin yeni xəyanətiBu günkü iclasda menşeviklər çıxışda bulunacaq idilər. Bolşevik fəhlələr bir-birinə xəbər vermiş, iclasda müvəffəqiyyət qazanmaq üçün vaxtında hazırlıq aparmışdılar.Pavluşa ilə Vasya iclasa çox gec gəldilər. Çox hissəsi menşeviklər tərəfində duran Bibiheybət fəhlələri sevinir və iclasda müvəffəqiyyət qazanacaqlarını düşünürdülər. Menşeviklər tərəfindən İlya Şendrikov çıxış etdi.
Menşeviklər burjuaziya xidmətindəHacı Zeynalabdın Tağıyevin özü də «1904-cü ilin axırları qorxulu və qarışıqdır» deyirdi.Bu gün həmin qorxulu günlərdən birisi idi.
Başqa şairlərin şeirləri
Ağlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
İstərMənim divanəvəş könlüm,Bir zülfi-piçü tab istər.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.