Rusiya sahilində
Səhifə 4 / 4 · 75%
Mis Hannanın pasportunu Culfa jandarm polkovniki Ştraube vizə etmişdi. O bu gün İran sahilinə keçə bilərdi, mən onun odasına girərkən o:
– Pasportum gəlmişdir. İndi biz İran sahilinə keçə bilərik, – deyə sevindi.
Mən isə:
– Təəssüf olsun ki, mən yarın gedə bilməyəcəyəm, – dedim.
– Nə üçün?
– Pasportumun vaxtı keçmişdir. Yeni pasport isə hələlik düzəlməmişdir.
– Çoxmu gözləmək lazım gəlir?
– Bir-iki gün. Mənim arkadaşlığımı qəbul etsəniz, qalınız, yenə də xidmətinizdə bulunaram, – dedim.
Qız tərəddüd göstərmədən dedi:
– Sizə zəhmət olmazsa, məmnuniyyətlə qalaram, çünki bu səfərimdə sizdən ayrılmaq istəmirəm.
Qız əlimi səmimiyyətlə sıxdı və pasportum hazır oluncaya qədər gözləyəcəyini bildirdi. Bu gün mən Səttar Zeynalabdinovun evinə nahar etməyə dəvət olunmuşdum: Səttar Zeynalabdinovun İran inqilabındakı rolu böyük idi. Maddi yardım cəhətdən heç vaxt geridə qalmazdı. Onun düzəltdiyi bu ziyafətə qızı da aparmaq və onun gənc qadını ilə tanış etmək, Culfada qaldığı günlərini onunla keçirməsini istəyirdim, lakin mən qızın o ziyafətə getməkdən boyun qaçıracağından qorxurdum. Hər halda ona təklif etməli idim, çünki onu oteldə yalnız buraxıb getmək uyğunsuz olardı. Ehtiyatla yanaşaraq:
– Xanım qız! Sizə bir söz demək istərdim. Bilmirəm, sözümü qəbul edəcəkmisiniz? – dedim.
– Sizin hər bir təklifinizi bir dost məsləhəti kimi qəbul etməyə hazıram, – deyə qız cavab verdi.
– Məni yaxın dostlarımdan birisi nahara dəvət etmişdir. Mən sizin də o ziyafətdə iştirak edib, onun yeni evləndiyi iranlı xanımı ilə tanış olmanızı arzu edirəm.
Qız heç düşünmədən dedi:
– Belə təkliflərdə siz «Hanna qalx, filan yerə gedəcəyiz» deyə bilərsiniz. Bu sözümü yalnız bu gün üçün deyil, tanışlığımızın davam etdiyi bütün müddət üçün deyirəm. Çünki mən artıq sizinlə tanış olmaqla şərəfdən, qorxusuzluqdan başqa bir şey görmədim. İndimi getmək istəyirsiniz?
– Bəli, indi getməliyik.
– Elə isə on beş dəqiqəlik vaxt verin, – deyə ayağa qalxdı. Mən balkona çıxdım.
Şübhəsiz ki, o, tualetini düzəltmək, paltarını dəyişdirmək istəyirdi. Səttar Zeynalabdinov özü dalımızca gəlmişdi. Biz dəhlizdə oturub miss Hannanı gözləyirdik, bir azdan sonra o, incə ipək yay paltarında çıxdı, onun saçlarından və gözlərindən başqa hər şey ağdı.
Qız Səttarla tanış olduqdan sonra qolumdan tutdu:
– İndi gedə bilərik, – dedi.
Səttarın evi uzaq deyil. «Oriant»ın dalında idi. Biz onun balkonuna çıxdıqda süfrə başında Şeyxov, Əliqulu Qəmküsar, Ələkbər yoldaş, Ağa Məhəmməd Hüseyn, Baxşəli ağa, Nağı İsmayılovu gördük.
Qız birinci növbədə Səttara müraciətlə:
– Bəs xanımınız haradadır? – deyə soruşdu.
Səttar utandı, qıza cavab verə bilmədi.
Mən:
– Xanım içəridədir, qonaqlarını məmnun etmək üçün ziyafət hazırlığına özü nəzarət edir, – deyərək qadının örtülü olduğunu və kişilərlə bir süfrədə otura bilmədiyini gizlətmək istədim.
– Mən onunla tanış olmalıyam, – deyə qız israr etdi. Səttar bundan məmnun qaldığını söylədi və:
– Buyurun, xanımla tanış olunuz, – deyə miss Hannanı xanımın odasına müşayiət etdi.
Yemək süfrəyə verilmişdi, biz miss Hannanı gözləyirdik. Bir azdan o çıxdı və:
– Siz məni gözləməyin, mən naharı xanımla birlikdə etmək istəyirəm, – deyə yenə də otağa qayıtdı.
Miss Hanna getdikdən sonra mənim pasport məsələmi müzakirə etdik. Şeyxovun nə vasitə ilə pasport alacağından xəbərim yoxdu. Bu məsələ məni çox narahat edirdi. Şeyxov məsələni aydınlaşdıraraq dedi:
– Burada dükan saxlayan Cəbrayıl bəyin qardaşı Əbülhəsən bəy bizim ən yaxın tanışlarımızdandır. Pasportu o öz adına alıb bizə verməyə söz vermişdir. Culfadakı İran konsulu çar casusu olduğundan və jandarm polkovniki Ştraube və pristav Yaşşoltla sıx əlaqədə bulunduğundan yoldaşın öz adına pasport almaq qorxulu idi.
Şeyxov bu sözlərdən sonra pasportu cibindən çıxarıb masanın üzərinə qoydu.
Mən öz kiçik fotoşəklimi pasportun üzərinə yapışdırmalı idim, çünki onsuz pasportun etibarı yoxdu. Fotonun üzərinə də konsulun möhürü vurulmalı idi.
Şeyxov Səttarın qulluqçusunu çağırıb:
– Get konsulun katibi Həsəni tap, söylə ki, Şeyxov səni çağırır, – deyə tapşırdı. Biz hələ naharı bitirmədən Həsən gəldi, Şeyxov pasportu ona verib dedi:
– Konsulun möhürünü bu pasportdakı fotonun üzərinə vurub gətirərsən.
Gənc Həsən gülərək getdi və çox çəkmədi ki, hazırlanmış pasportu gətirdi. Bu gənc konsul katibinin Əbülhəsən bəyin qardaşı oğlu olduğunu sonra öyrəndim.
İndi Əbülhəsən bəy idim, özüm də Şəbüstər mahalından, 26 yaşım vardı, pasportumu da vaxtı bitmiş pasportumun əvəzində almışam.
Nahar yeməyi bitdi, bir azdan sonra miss Hanna gülə-gülə otaqdan çıxıb yanımıza gəldi, onun boynunda bir maddə qiymətli inci gördüm. Şübhəsiz ki, onu amerikalı qıza Səttar yoldaşın xanımı bağışlamışdı. Qız Səttar yoldaşa razılıq etdi və bu görüşdən xeyli məmnun qaldığını izah etdi. Axşam saat beşdə Səttar yoldaşın evindən çıxdıq, qız onun xanımı ilə ikinci dəfə vidalaşdı.
«Oriant» otelinə qayıtdıq. Bir az istirahət etmək lazımdı, çünki axşam yeməyinə Hacıyev Məmmədhüseynin evinə dəvət olunmuşduq.
– Siz bir az istirahət edin, – deyə Hannanı odasına ötürmək istədim.
– Pasport məsələniz necə oldu? – deyə maraqla soruşdu.
Mən pasportu cibimdən çıxararaq ona göstərdim. Hanna şadlığından hoppanmağa başladı.
– Yarın gedəcəyikmi? – deyə əllərimdən tutub sıxdı və tuflisinin dabanları üzərində fırlanaraq məni də fırlatdı.
– Bəli, gedəcəyik, hazırlaş, – deyə onu tək buraxaraq çıxdım.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-rusiya-sahilinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1904-cü ilin noyabrında Tiflisdə Qafqaz komitələrinin bolşevik konfransı çağırıldı. Buraya toplanmış on beş nümayəndənin iştirakı ilə III partiya qurultayının çağırılması uğrunda geniş təbliğat və mübarizə təşkil edilməsi qərara alındı.Tiflis konfransına getmiş Bakı nümayəndəsinin, konfransın qərarları haqqındakı məruzəsini dinləmək üçün bu gün Jenya da iclasa gəlmişdi.
Zidd fikirlər məngənəsində1904-cü ilin axırları idi. Bakı ən mühüm, ən tarixi günlər keçirirdi. Bakı proletariatı bir tərəfdən çar hökuməti, o biri tərəfdən də çar burjuaziyası ilə barışan menşeviklərlə mübarizə aparmağa məcbur olmuşdu.Zubatovçuluq, şendrikovçuluq fəhlə sinfinin vücuduna daraşdığı bir zamanda Zaqafqaziya partiya təşkilatlarının rəhbərləri özünü Bakının köməyinə yetirdilər.
Menşeviklərin yeni xəyanətiBu günkü iclasda menşeviklər çıxışda bulunacaq idilər. Bolşevik fəhlələr bir-birinə xəbər vermiş, iclasda müvəffəqiyyət qazanmaq üçün vaxtında hazırlıq aparmışdılar.Pavluşa ilə Vasya iclasa çox gec gəldilər. Çox hissəsi menşeviklər tərəfində duran Bibiheybət fəhlələri sevinir və iclasda müvəffəqiyyət qazanacaqlarını düşünürdülər. Menşeviklər tərəfindən İlya Şendrikov çıxış etdi.
Menşeviklər burjuaziya xidmətindəHacı Zeynalabdın Tağıyevin özü də «1904-cü ilin axırları qorxulu və qarışıqdır» deyirdi.Bu gün həmin qorxulu günlərdən birisi idi.
Başqa şairlərin şeirləri
Ağlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
İstərMənim divanəvəş könlüm,Bir zülfi-piçü tab istər.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.