Araz kənarında
Araz çayı böyük Culfa düzünü iki hissəyə ayırır. Çayın cənubunda İran Culfası, şimalında isə Rusiya Culfasıdır.
Sakit-sakit, sanki bir şey hiss etmədən bilmədiyi yerə axıb gedən Araz çayı hələ tamamilə buzlaşmamışdı.
Yanları xəfifcə donmuş, bununla da ağ şərf kimi qumlar üzərinə döşənmiş bir çayın bir tərəfində Rusiya inqilabı qan dənizində boğulur, o biri tərəfində isə əzilmiş kütlələr, üsyan deyə, gözlərini açırdılar.
Bütün Rusiyanı sarsıdan 1905-ci il inqilabı Araz çayı üzərindən çoxdan adlayıb keçmişdi. İnqilab kütlələri dalğalandırdığı bir gündə, çay yenə də sükutunu pozmur, yenə də çar qamçılarının qorxusundan səsini çıxarmır və axırdı.
Yağış şiddətlə yağırdı. Dekabrın buzlu yağışı havada donub özünü ovçu tüfənginin qırmaları kimi mürgüləməkdə olan çayın mavi yanaqlarına çırpırdı. Şiddətli küləklərlə gələn dekabr yağışları, Arazın köynəyini qaldırıb köksündəki balıqları göstərirdi. Lakin çay yenə də dinmir, yenə də çar jandarmlarının göz ağartmasını unuda bilməyənlər kimi görünürdü.
Yağış Rusiyadan yeni keçən müsafirlərin hərəkətinə imkan vermirdi. Hər kəsin əynində nəyi vardısa buzlamış, vücudunu buzdan qayrılmış bir heykəl şəklinə salmışdı. Müsafirləri yağış çıxılmaz bir vəziyyətdə qoymuşdu. Hər kəs daldalanmaq üçün örtülü bir yer axtarırdı.
Müsafirlərin bir qismi palçıq divarların dibində sıra ilə düzülmüşdü.
Müxtəlif siniflərdən olan bu müsafirlərin birisi bürüncəyə, o biri yorğana, bəziləri də palaz və cecimə bürünmüşdü. Müsafirlərdən bir çoxu – bu dağılmışda heç vaxt sağlam bir hava görmədim – deyə Culfa mühitinə nifrət yağdırırdı.
Mən bunların heç birinə əhəmiyyət vermirdim. İnqilaba başlamış bu kəndli ölkəsində, az da olsa inqilabdan bir nişanə olub-olmamasına diqqət yetirirdim. Bir kəndli iki böyük səhəngi xurcuna salıb uzunqulağının üstünə aşırmışdı. Çayçı dükanlarına su daşıyan bu gənc: «Əz-xuni cavanani-vətən lalə dəmidə» deyə oxuyurdu.
Kəndlinin, doğrudan da, özünü inqilab qaldırmış bir məmləkətdə hiss etdiyi görünürdü, çünki bu sözləri eni əlli metrdən çox olmayan Araz çayının şimal tərəfində danışmaq olmazdı.
Mən yanımda duran iki nəfər gənc qızın ölümcül halda titrədiyinə baxmayaraq, şadlanırdım. Özümü azad bir torpaqda hiss edirdim. Qızlar da köhnə bürüncəklərilə bərabər bir parça buza dönmüşdülər. Onlar nə fars, nə də türk qızı idilər. Rusca danışırdılar.
Müsafirlərin gözü Culfa düzünün başında olan dağ burnuna dikilmişdi. Bununla bərabər, qızlara baxan və onları başdan-ayağa gözdən keçirənlər də az deyildi. Lakin qızlar bunların heç birinə əhəmiyyət vermirdi. Müsafirlər Dərədüz burnuna baxdığı üçün qızların da gözləri o tərəfə dikilmişdi. Uzaqdan görünən hər bir qaraltı üzlərdə böyük bir şadlıq oyadırdı.
Fəqət bir az keçəndən sonra yenə də ümidsizlik doğuldu. Dağ burnunda toplanmış qaraltılar şimal küləyinin qarşısında müqavimət göstərmədən dağılıb gedirdi.
Avtomobil gəlməyəcəyini bilirdim, çünki inqilab hərəkatı genişləndiyindən Culfa–Təbriz yolundakı hərəkətin qeyri-adi bir şəkil alacağı aydın idi. Bəzən avtomobilin həftələrlə gəlmədiyini də söyləyirdilər.
Müsafirlər arasında cürbəcür səslər eşidilirdi:
– Vallah mən bu dövlətlərin işinə lap məəttələm. İşə qarışıb beş-on nəfər lotu-potunu yerində oturtmurlar. İnqilab bizim nəyimizə gərəkdir? Məgər biz indiyə qədər azad deyildikmi? Ticarət dayanıb, alış-veriş, gediş-gəliş kəsilibdir.
– Hərgah torpaq bizimdirsə, mən çox yaxşı tanıyıram. Bizdən heç bir şey çıxmaz. Verək urusa, ingilisə, qurtarsın getsin. Yoxsa belə getsə, torpaq və mülk saxlamaq da mümkün olmayacaq.
– Canım, inqilab harada idi? Hamısı dinsizlik... Hamısı vələdüzzinalıq. Budur bax, hələ möhkəm inqilab olmamış bu günə düşmüşük. Yağışın altında qırılırıq. Kəlamüllaha and olsun! And olsun çağırdığım Hüseynə! Bunlar mədəniyyəti pozacaqlar. Nə ruhani tanıyırlar, nə halal, nə haram qanırlar.
– Allah özü bunların cəzasını verəcək. Nəyimizə lazımdır məşrutə? Bir şey ki, Quranda yoxdur... Kimin nəyinə lazımdır?!
– Bəlkə də, sizə lazım deyildir; çünki ehtiyacımız yoxdur. Amma bizə lazımdır.
Bu cür səsləri çox eşidirdim. Yanımda duran gənc qızların səbri tükənmişdi. Kiçik qız böyüyə müraciətlə:
– İraida, bu fəlakətin səbəbi sənsən. Mən İranı tarixdə də oxumaq istəməzdim, – deyə bacısını tənqid edirdi.
Böyük qız onu sakit etməyə çalışaraq:
– Darıxma, – deyirdi, – bizə burada bir qorxu yoxdur. Bura Rusiya müstəmləkəsidir. Hər bir rus burada hakimdir. Bunlar ən adi bir rusdan böyük Allahdan qorxduqları kimi qorxurlar.
Kiçik qız çox acıqlandı:
– Sus! – dedi. Rusca danışma. Müstəmləkə xalqının hakim millətləri görməyə gözü yoxdur. Mümkün olduqca rusca danışmağı burax. Şərqlilərin rusları görəcək gözləri yoxdur. Sən bilirsənmi biz haradayıq? Rusların xalqı son köynəyinə qədər soyduğu bir yerdə!
– Bilirəm, bilirəm, bizə heç bir şey olmaz. Şərqlilər qadınlara, xüsusən sarısaçlı qızlara nəhayət dərəcədə ehtiram bəsləyirlər. Bunu mən bir çoxlarından eşitmişəm.
– Bu bizim üçün daha da qorxuludur. Bunlar bizi gözləri ilə yemək istəyirlər. Bizi bunların əlindən nə kimi bir qüvvə qurtara bilər?
Bu söhbətlərdən sonra böyük qız da titrəyir və ağlayırdı; o, artıq cavab vermirdi. Bunu görərkən kiçik qız onu məzəmmət etməkdən vaz keçdi və dedi:
– Ağlama, İraida, hər nə olubsa keçibdir. Baxaq görən taleyimiz bizə nə verəcəkdir.
Avtomobil gəlmədi. Ümid kəsilmişdi. Təbrizə getmək üçün faytonlar da vardı; qızlar bir-iki faytona yanaşdı. Fəqət onlar kimi tez getmək üçün bir çoxları tələsirdi. İyirmi nəfər tacir birdən faytonçulara para uzadırdı: qızlar isə həyacanla geri çəkilib, yenə də divarın dibinə sıxılırdılar. Görünür, qızlarla bir faytonda Təbrizə getmək üçün tacirlər bir-biri ilə rəqabətə başlamışdılar.
Qızlar nə edəcəklərini bilmirdilər. Özlərini itirmiş, o tərəf-bu tərəfə boylanırdılar. Bunlar hansı tərəfə dönürsə, həris tacirlər də yaxalarını, üst-başlarını düzəldib qızların qarşısına keçirdilər. Qızlar bunların əlindən yaxa qurtarmaq üçün bir vasitə axtarırdılar.
Faytonçularla tacirlər «barışnya, gedək» deməkdən yorulmurdular. Bir tərəfdən «sulanmış» gözlə baxan tacirlərin hücumu, o biri tərəfdən də yolların qorxulu olması xəbəri müsafir qızların ürəyini sarsıdırdı. Onlar dünyanın mərhəmət və yardımından ümidini kəsmiş adamlar kimi yarımağlar gözlərini adamların üzünə dikirdilər. Kiçik qız mənimlə tanış olmadığına baxmayaraq:
– Bu yollardan iki qızın bir faytona minib Təbrizə yalqız getməsi mümkündürmü? – soruşdu.
Mən bunlara nə cavab verə bilərdim?
– Yalqız gedənlər də olur. Burası müsafirin özündən asılıdır. Məncə tək getmək məsləhət deyil, – dedim.
Başqa bir sözüm yox idi. Qız yenə də soruşdu:
– İnqilabçılar nə üçün bu yolları düzəltmirlər?
– İnqilab, görünür ki, hələlik tamamilə qalib gələ bilməmişdir. Çünki yolların ətrafında məskən salmış xanları əzmək üçün çox vaxt lazımdır.
Qızlar məndən qənaətləndirici bir cavab ala bilmədikləri üçün bir-birinin üzünə baxmağa başladılar. Kiçik qız yenə də sükutu pozub soruşdu:
– Burada gecələmək üçün mehmanxana varmı?
– Xeyr, yoxdur!
– Bəs müsafirlər harada gecələyirlər?
– Çayçı dükanlarında. Bəzən tanış tacirlərin və ya hökumət məmurlarının evlərində.
– Əcəba, qadın müsafirləri ilə kişilər bir yerdəmi gecələyirlər?
– Xeyr! Qadın müsafirləri olanda çayçı dükanının ortasından pərdə çəkirlər.
Bu sözdən sonra aralığa yenə də sükut çökdü. Səs gəlməyirdi. Yağış da kəsilmişdi. Yağışdan əmələ gəlmiş gölməçələr piy kimi donmağa başlayırdı.
Adamlar çamadan, xurcun, yorğan və döşəyini götürüb bir tərəfə çəkilməyə hazırlaşırdı. Çayçı Cəbrayılbəy və Nayib Məhəmmədhüseynin şagirdləri müsafirlərin arasına yayılıb «Yaxşı mənzilimiz var», – deyə qışqırır, müsafirlərin əlindən çamadanlarını qapırdılar. Bunun üstündə bir-birləri ilə rəqabət aparırdılar. Mən yanımda duran bir iranlıdan: «Bu rəqabət nə üçündür? Şagirdlər xalqı nə üçün zorlayıb şeylərini almaq istəyir?» – soruşdum. İranlı mənim üzümə baxıb:
– Bunlar çayçı şagirdləridir. Hərgah bir kərrə, iki kərrə müsafir aparmazsa, dükan sahibi onu saxlamaz! – dedi.
Bu halda iki nəfər çayçı şagirdi gəlib qızların şeylərini götürmək istəyirdi. Qızlar isə şeyləri əllərindən buraxmayırdılar.
Mən işə müdaxilə edib bu uşaqları qızların ətrafından dağıtmağa müvəffəq oldum. Şeylərini götürüb gedən adamlar qızlara da getməyi təklif edirdilər. Öz qonaqlarını evinə aparmaq istəyən yerli tacirlər də vardı. Bunlardan Molla Həsən Məhəmmədzadə mənə yanaşaraq «yoldaşlarınızı da götürüb bizim bəndəxanaya buyura bilərsiniz» – dedi.
Mən:
– Bunlar mənim yoldaşım deyil,– dedikdən sonra Molla Həsən daha məni evinə təklif etməkdən vaz keçib, bir söz demədən uzaqlaşıb getdi.
Bundan sonra daha başqaları yanaşdı. Yenə də mənim qızlarla tanış olmadığımı bilib əhəmiyyət vermədən getdilər.
Müsafirlərdən çox az adam qalmışdı. Mən də şeylərimi götürmək üçün adam axtarırdım. Qızlar durduqları yerdə ayaqlarının birini qaldırıb o birini qoyurdu. Uzaqda durub bunların haraya getməsini öyrənmək istəyən tacirlərin də vəziyyəti belə idi. Onları da soyuq əldən salmışdı.
Divarın dibində bir mən idim, bir də qızlar. Qızlar artıq ağlayır, bunu gizlətməyə çalışırdılarsa da bacarmırdılar.
Bunların çıxılmaz vəziyyətdə qalması məni də düşündürürdü. Qızların salamat və rahat bir yerdə gecələməsi lazım idi. Bu isə İran Culfasında heç mümkün deyildi. Burada hökumət nə inqilabın əlindədir, nə də köhnə hökumətin.
Bu yerlərin hakimi gəncəli Məhəmmədovlar, müvəkkilləri olan Hacı Hüseyn ağa, onun qardaşı Məşədi Məhəmməd Bağır, bir də Tağıdır. Bütün idarə bunların əlindədir. Bu isə bütün başıpozuqluğun birinci səbəbi idi.
Kiçik qız bir daha mənə yanaşaraq soruşdu:
– Əcəba, bizə yardım əlinizi uzadıb Rusiya sahilinə qayıtmağımıza kömək edə bilərsinizmi?
– Əfv edərsiniz! – dedim. – Bu, heç də mümkün deyil. Körpü və tamojna bağlanmışdır. Sabah saat doqquza qədər oradan kimsəni buraxmazlar. Siz gərək avtomobil gəlib-gəlməyəcəyini Rusiya sahilində ikən öyrənib, sonra bu tərəfə keçəydiniz.
Günəş Şüca düzündəki dəvə karvanlarının başı üstündən ötüb Qardaş təpələrinin dalında gizlənməyə başlamışdı. Günəş çəkildikcə şimal qorxuları yenə də artırdı. Rus çar konsulu agenti Jarskinin cürbəcür paltarda olan xəfiyyələri dışarı çıxıb ətrafı köpək kimi qoxulayır və Rusiyadan İrana keçənlərin kim olduqlarını öyrənməyə tələsirdi.
Hava getdikcə soyuyurdu. İran sahilləri yenə də arxasını şimalın buzlu küləklərinə vermişdi. Yenə şimal küləyi inqilabçı ölkənin qabırğalarına ox kimi sancılırdı. Şimalın xəfiyyəsi və şimalın küləyindən qorxan İran kəndlisi başını tısbağa kimi qınına çəkib həm küləkdən qorunmaq, həm də çar xəfiyyələrinə görünməmək üçün tez-tez sivişib qaçırdı.
Poçt-teleqraf rəisi avtomobilin olmadığını eşidib məni evə qaytarmaq üçün gəlmişdi. Yanında kiçik oğlu ilə bərabər bir neçə poçt xidmətçisi də vardı. Şeylərimi götürdülər. Qızlar plaşa bürünərək bir cüt büt kimi durmuşdu. Donmuş plaşları bir-birinə toxunduqda xışıltısını uzaqdan eşitmək olurdu. Onları buraxıb getmək vicdanıma sığışmadı, onları da aparmağı qərara aldım. İstədim ki, İranda vəhşi və qadın düşkünləri varsa poçt rəisi kimi ziyalı və tərbiyəli adamların olduğunu da görsünlər. Yanaşaraq dedim:
– Xanın evində gecələmək üçün gedirsinizmi? Xanın ailəsi sizi rahat edər. Xanımı da tərbiyəli və hörmətli bir qadındır.
– Ev sahiblərinə zəhmət olmazsa, məmnuniyyətlə gedərik, – deyə onlar şeylərini götürmək istədilər. Poçt xidmətçiləri qızların şeylərini götürdülər. Dinc addımlarla sanki yeni həyata doğru irəliləməyə başladılar.
Xanın qadını onları çox hörmətlə qəbul etdi. Qızları üst-başlarını qurutmaq və dəyişmək üçün xüsusi otağa göndərdi. Mən də başqa otağa keçib paltarımı dəyişdim.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-araz-kenarinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1903-cü il aprelin 27-də keçirilən nümayiş Bakıda ümumi tətillər zəminəsini hazırladı. Bakı komitəsi, müxtəlif millətlərdən ibarət olan Bakı fəhlələri arasında həmrəylik duyğularının əmələ gəldiyini və inkişaf etdiyini gördü.Mayın birində ümumi tətil gözlənilirdi. Özünü itirmiş yerli hökumət işçilərin ortaya atdıqları tələblərə burjuaziyanı razı salmaq əvəzində, Rusiyanın başqa yerlərində olduğu kimi, Bakıda da fəhlələrin həmrəyliyini pozmaq işini əsas götürmüşdü.
İyul tətillərinə qarşıTətillərə qarşı soyuqqanlılıqla hərəkət edən yerli hökumətin siması dəyişdi. Polis və neft sənayeçiləri öz arxasında silahlı çar qoşununu gördülər.Qoşun yavaş-yavaş xırda yığıncaqları dağıtmağa başladı.
Jenya milyonçu evindəJenyanın vəziyyəti ağırlaşmışdı. Sergey Vasiliç artıq işə çıxa bilmirdi. Xəstələndiyi və zəiflədiyi üçün işdən çıxarılmışdı; buna görə də ailənin yaşayışı çox çətinləşmişdi. Jenya bilirdi ki, onu fabrik və zavodlarda işə götürməyəcəklər. Onun özü də o kimi yerlərdə işləmək istəmirdi, çünki Bakı polisi onu tamamilə öyrənmiş və tutmaq üçün təqibə başlamışdı. Jenya özünü polis əlinə verməmək üçün bütün vaxtını Bakı hərbi general-qubernatoru Əlixanovun evində keçirirdi. Əlixanovun ev xidmətçisi Serafima onu polis əlinə verməmək üçün öz yanında saxlayır və gizlədirdi. Lakin bu həyatı uzun müddət davam etdirmək mümkün olmayacaqdı, çünki Serafima yaxın günlərdə Əlixanovun evindən çıxıb evlərinə getməli idi.Buna görə də Jenya həm polisin təqibindən qurtarmaq, həm də ata-anasına kömək etmək üçün varlı bir evdə qulluğa girməyə çalışırdı.
Hacının evində ziyafət1904-cü ilin noyabrında Tiflisdə Qafqaz komitələrinin bolşevik konfransı çağırıldı. Buraya toplanmış on beş nümayəndənin iştirakı ilə III partiya qurultayının çağırılması uğrunda geniş təbliğat və mübarizə təşkil edilməsi qərara alındı.Tiflis konfransına getmiş Bakı nümayəndəsinin, konfransın qərarları haqqındakı məruzəsini dinləmək üçün bu gün Jenya da iclasa gəlmişdi.
Başqa şairlərin şeirləri
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
VarÜrəyimiz çiçəklənir,Elin əcəb cəlalı var.
Bu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdənBu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdən**Ey əql dəvani-bəzmi-idrak,