Jenya milyonçu evində
Səhifə 1 / 2
Jenyanın vəziyyəti ağırlaşmışdı. Sergey Vasiliç artıq işə çıxa bilmirdi. Xəstələndiyi və zəiflədiyi üçün işdən çıxarılmışdı; buna görə də ailənin yaşayışı çox çətinləşmişdi. Jenya bilirdi ki, onu fabrik və zavodlarda işə götürməyəcəklər. Onun özü də o kimi yerlərdə işləmək istəmirdi, çünki Bakı polisi onu tamamilə öyrənmiş və tutmaq üçün təqibə başlamışdı. Jenya özünü polis əlinə verməmək üçün bütün vaxtını Bakı hərbi general-qubernatoru Əlixanovun evində keçirirdi. Əlixanovun ev xidmətçisi Serafima onu polis əlinə verməmək üçün öz yanında saxlayır və gizlədirdi. Lakin bu həyatı uzun müddət davam etdirmək mümkün olmayacaqdı, çünki Serafima yaxın günlərdə Əlixanovun evindən çıxıb evlərinə getməli idi.
Buna görə də Jenya həm polisin təqibindən qurtarmaq, həm də ata-anasına kömək etmək üçün varlı bir evdə qulluğa girməyə çalışırdı.
Əlixanovun arvadı Zərrintac xanım günlərin birində Jenyanı çağırıb, əlindəki «Kaspi» qəzetini ona göstərərək dedi:
– Yaxşı qulluq yeri vardır. Mən sənə məsləhət görürəm ki, bu evdə qulluğa girəsən. Hərgah lazım olarsa, mən də kömək edərəm.
Jenya çox sevindi və qəzeti alıb Serafimanın otağına gəldi, qəzetdə yazılan elanı oxumağa başladılar...
Elan
«Qarderob saxlamaq üçün savadlı bir rus qızı lazımdır. Yaşı iyirmidən yuxarı olmamalıdır. Ailəsinin Bakıda olmaması və özünün təmiz, tərbiyəli olması qulluğa qəbul olunmaq şərtlərinin birincisidir.
Qulluğa qəbul olunmaq istəyənlər, səhər saat doqquzdan, gündüz üçə qədər Hacı Zeynalabdın Tağıyevin Gorçakovski küçədəki kontoruna müraciət edə bilərlər».
Elan Jenyanı sevindirdi. Hacının evinə qulluğa girəcəyinə böyük ümidlər bağlayırdı; milyonçu evini öyrənəcək, həm də aldığı maaşla ata-anasını dolandıracaqdı. Lakin Jenyanı məyus edən bir məsələ var idi, o da paltar cəhətincə yoxsul olması idi. Köhnə paltarla Hacının kontoruna buraxılmamasından qorxurdu. Oturub düşündü. Serafima onun fikrə getdiyini görüb soruşdu;
– Nə üçün durub getmirsən? İndi yaxşı vaxtdır, kontor açılmış olar.
– Nə ilə gedim? Sən bilirsən ki, dilənçiləri milyonçu evlərinə buraxmazlar.
Serafima bir az düşündü. Jenyanın bu sözündən kədərləndi. Taxta çamadanını açıb Jenyanın qabağına qoydu:
– Götür, — dedi, — bu paltarları geyin get. Bu da ayaqqabı. Oturmaq vaxtı deyil. İşə götürsələr sənə paltar da, ayaqqabı da verəcəklər, işə götürməsələr yenə də qayıdıb bura gələrsən, nə qədər ki, mən buradayam, bir təhər dolanarsan.
Serafima Jenyaya ürək təskinliyi verdi, onu geyindirdi. Jenya saxta pasportunu, vəsiqələrini götürüb qapıdan çıxdı. Əynindəki paltarı gözdən keçirib öz-özünə dedi:
– Ucuz paltar olsa da, təmizdir, səliqəlidir!
Jenya nə qədər ki, Hacının kontoruna gəlməmişdi, qulluğa götürüləcəyinə ümidi çox idi; lakin kontorun dəhlizinə girdiyi vaxt ümidsizləşməyə və ruhdan düşməyə başladı, çünki kontorun dəhlizi qulluğa girmək istəyən qızlarla dolu idi. Hamısının əlində «Kaspi» qəzeti vardı; qızlar həyəcanlı surətdə elana baxır və dəhlizdə gəzinirdilər. Jenya bir onlara, bir də özünə baxdı, tər onu basdı. Qulluğa girmək üçün gələnlərin hamısı qiymətli paltar və incə ayaqqabı geymişdi; baş örtüləri də modadan düşmüş örtülərdən deyildi. Onların hamısı qəzetdəki qulluq şərtlərini oxuyur, yavaşca qalxıb böyük güzgünün qabağından keçir, özünün yaraşıqlı olub-olmamasını yoxlayır, qəbul edilib-edilməyəcəyi haqqında düşünürdü.
Jenya da bir tərəfdə büzüşüb oturmuş, bir qarın çörək, bir az da maaş üçün yığılan bu bədbəxt qızlara tamaşa edir, onlara yazığı gəlirdi.
Dəhlizi ətir, hil, mixək qoxusu bürümüşdü. Qızlardan bir çoxu xanımın qulluğuna çağırıldığı vaxt yaxşı təsir buraxmaq üçün ətirlənmişdi. Bəziləri də xanımla danışarkən ağzından pis iy gəlməmək üçün dişlərinin altına hil və ya mixək parçaları salmışdı. Qızların hamısı özü ilə məşğul idi. Qulluğa qəbul olunmaq üçün gözəllik birinci rol oynayacaq idi.
Qızlar bir-birilə danışır və başqalarını göstərib cürbəcür sözlər deyirdilər:
– İnanmıram!.. Onu qəbul etməzlər.
– Nə üçün?
– Hacının xanımı çox zərifdir. Onun pişiyi də, qapısındakı köpəyi də gözəl olmalıdır. İnanmıram ki, o kürsünün üstündə oturan qızı yaxına qoysun.
– O qız gözəl, təmiz qız deyilmi?
– Boynu qısadır. Ayaqları kobuddur. Boy-buxunu yaxşı deyil, qaşları da seyrəkdir.
– Gözləri çox gözəldir. Bir ona bax, necə yalvarıcı gözləri var!
– Bir tək gözdən nə çıxar? Alnı da qısadır. Beli yoxdur.
– Deyəsən bəzək də vurmuşdur.
– Hansı?
– Odur, qapının sol tərəfində duran!
– Yaşı iyirmidən çoxdur. Gözlərinin altı da tuluqlanmışdır.
– Orada büzüşüb oturan gözəldir. Amma əyin-başı yoxdur. Kəndli qızına oxşayır. Gözəlliyi üçün də özünü belə tox tutub.
– Heç inanmıram ki, onu xanımın yanına buraxsınlar.
Son sözlər Jenyaya aid idi. O, iki dəfə ayağa qalxıb getmək istədi, lakin ürəyindəki dərdlər onu yenə geri qaytardı. Hara gedəcəkdi? Nicatını qulluğa girməkdə görmürdümü?
Kontorun qapısı açıldı. Qulluğa girmək üçün gələnlərin ərizələrini yığdılar və:
– Burada oturunuz, bir-bir çağıracağıq, — dedilər.
Dəhlizdə misli görülməmiş bir həyəcan başladı. Hər kəs nə vaxt çağırılacağı haqqında düşünür, cürbəcür xəyallara dalırdı; kah da qulluğa qəbul ediləcəyini milyonçu evində aldığı maaşı ac qalmış ailəsinə göndərəcəyini düşünürdü.
Kontorun qapısı açıldı, ərizə sahiblərini bir-bir çağırmağa başladılar. Hər kəs içəridən çıxır, yenə də dəhlizdə durub həyəcanlı dəqiqələr keçirirdi. Saat üçün yarısında Jenyanı səslədilər.
Bir nəfər kontorda oturub qabağına anket vərəqəsi qoymuşdu. Anketi doldurmağa başladı:
– Adın nədir? — Klavdiya.
– Atanın adı nədir? — Dmitri.
– Familiyan nədir? — Belousova.
– Haradansan? — Aşağı Volqadan.
– Hansı şəhərdən? — Krasnoyardan.
– Təhsilin nədir? — Dördüncü sinfi qurtarmışam.
– Burada kimin var? — Heç kəsim yoxdur.
– Ərə getmisənmi? — Yox.
– Neçə yaşın vardır? — İyirmi.
– Mənzilin haradadır?
– Mənzilim yoxdur.
– Axırıncı günlər harada yaşayırdın?
– General Əlixanovun evində.
Kontor xidmətçisi telefonu götürüb Hacının xanımını səslədi.
– Sona xanım, — dedi, — verdiyimiz elan nəticəsində iyirmi bir nəfər rus qızı qulluğa girmək üçün gəlmişdir... Bəli, hamısı üçün düzəltmişəm. Yuxarı? Çox gözəl!.. Anketlərdəmi?.. Baş üstə!
Kontor işçisi anketləri götürüb Jenyaya dedi:
– Gəliniz, Xanımın yanına getmək lazımdır.
Kontor xidmətçisi Jenya ilə bayıra çıxanda dəhlizdə gözləyənlər arasında dərin bir həyəcan başladı. Onların zehninə görə Jenyanı işə qəbul etdikləri üçün yuxarı mərtəbəyə aparırdılar. Lakin kontor xidmətçisi:
– Hamınız dalımca gəlin! — dedikdə, bu həyəcan qismən sakitləşdi.
Mərmər pilləkanlara salınmış qiymətli xalçaların üstü ilə yuxarı çıxan qızlar özlərini böyük güzgülərdə görürkən, işıqlı həyata getdiklərini düşünür, pilləkanlardan necə qalxdıqlarını hiss etmirdilər.
Qızları Hacının böyük salonunun dalındakı kiçik dar balkonda saxladılar. Onları xanımın nəzərindən keçirmək üçün bir-bir çağırıb içəri aparırdılar. Gedənlərdən heç birisi qayıdıb qızlar olduğu balkona gəlmirdi. İçəri girənlərin taleyindən heç kəs xəbərdar deyildi; onlar qəbul edildimi, edilmədimi, bunu bilən yox idi.
İçəridən qızları çağırmaq üçün səs çıxanda balkonda duranların ürəyi bərk döyünürdü.
Qızlardan hansı biri içəri çağırılanda balkonda olanlar bir-birinə:
– Yəqin ki, bunu qəbul edəcəklər, — deyib həsrətlə ah çəkirdilər.
Jenya doqquzuncu çağırışda içəri girdi.
Hacının xanımı məxmər divan üstündə oturub kitab oxuyur və papiros çəkirdi. Jenyanı görən kimi yanında oturan Hənifə xanıma dedi:
– Görünüşü çox gözəldir, görüm batini necə olacaqdır.
Hənifə xanım da Jenyaya diqqətlə baxaraq:
– Gözəldir, — dedi. — Göründüyünə görə əl dəyməmiş qızdır.
Jenya milyonçu evini böyük bir diqqətlə gözdən keçirirdi.
Qəbul olunacağına ümid etmədiyindən müvəqqəti olaraq beş-on dəqiqədən istifadə edir, oradakı zənkinliyə tamaşa etməyi bir qənimət hesab edirdi.
Jenya özünün qulluğa qəbul olunması üçün xanımın bircə kərə baxması və icazə verməsinin lazım gəldiyini düşünürdü, lakin o, burada qulluğa götürülmək üçün bir çox mərhələlərdən sonra icazə veriləcəyini bilmirdi.
Xanım, Jenyaya indiyə qədər o eşitmədiyi bir çox suallar verməyə başladı. Bu suallar kontorda verilən suallara heç də bənzəmirdi.
– Yazmaq bacarırsanmı?
– Bəli, bacarıram.
– Anlaşılacaq bir surətdə yaza bilirsənmi?
– Bəli, yazım aydındır. Xəttim çox gözəldir.
– Get otur, yaz görüm.
Xanım bu sözü dedikdən sonra Jenyanın yanında oturan yaşlı bir rus qadını Jenyanın qolundan tutub kiçik, girdə bir stolun yanına gətirdi. Orada kağız, qələm və mürəkkəbqabı qoyulmuşdu. Jenya qələmi götürdü, xanımın nə kimi sözlər diktə edəcəyini gözlədi, bu vaxt gözü stolun üstündəki cürbəcür yazılara rast gəldi. Bu yazılar, xanımın yanına gələn və qəbul olunmayıb qayıdan qızların yazıları idi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-jenya-milyoncu-evinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Amerika rəisi — cümhuri Kuliç tərk-silahə aid nitqində söyləmişdir ki, mən tamamilə tərki-silahə tərəfdar olmayıb, təhdidi-silahə tərəfdar deyiləm.*Hərbçu olsam da mən sülhə tərəfdarəm hənuz
Balaca felyeton«Fasdakı milli hərəkət işində də Moskva barmağı var imiş...» (Teleqraflardan)*Gər yapmasa Şura sənədin əldə bir alət
İrandan məniİran şahının dərbar naziri Paris qəzetləri müxbirlərinə demişdir ki, şahın pulsuzluq xəbəri doğru deyildir: çünki satdığı imtiyazlar üçün İngiltərədən təxsisat alır.*Atdılar girəm ki, millət mülki-İrandan məni
İran milləti«Şəfəqi-sorx» nam İran qəzetəsi deyir ki: Qacar xanədanı təxti-tacdan məhrum olmalıdır. Çunki bunların vaxtında İran dilənçi halına gəlmişdir.*Ali Qacarı sevir, əlbət ki, İran milləti,
Başqa şairlərin şeirləri
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi