«Şəfəqi-sorx» nam İran qəzetəsi deyir ki: Qacar xanədanı təxti-tacdan məhrum olmalıdır. Çunki bunların vaxtında İran dilənçi halına gəlmişdir.

Ali Qacarı sevir, əlbət ki, İran milləti,
Məmləkət təqdir edir artıq bu zişan milləti.

Bunların əhdində İran iftixar etməkdədir,
Elm-ürfanilə millət iştəhar etməkdədir,
İngilislər gündə bir səmtin şikar etməkdədir
Qoymamışlar vadiyə qəflətdə nadan milləti
Etməmişlər zərrə də olsa pərişan milləti.

Məmləkət hər yan dəmir yol, yoxdur eşşəkdən nişan,
Millət öz mülkündə hərgiz olmamışdır bağban,
Getməyir Şirazə burdan on bir ayda karvan,
Etməmişlər yəksər eşşəkçi, şütürban milləti,
Satmamışlar gündə bir biarə heyvan milləti.

Mollalardan ötrü açmış əlli cür darülfünun,
Məmləkət bidətlər içrə qalmamışdır vajkun,
Olmasın bu xanədanın təxt-tacı sərnükun,
Qoymamışdır çünki hər işdə hərasan milləti
Hər tərəfdən çulqamışdır elm-ürfan milləti.

İndi ki, bunlar bitirmiş öz böyük xidmətlərin
Vardı bir təklifi İranda olan millətlərin
Arxivə qoysunlar artıq padşah həzrətlərin
Şahsız qoysunla bir no’ilə əl’an milləti
Ali Qacarı sevir, əlbət ki, İran milləti.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira