Səhifə 1 / 3

– Sən tabağını götür burdan çəkil!

– Hara çəkilim?

– Parapetin o biri tərəfinə çəkil!

– Nə üçün? Sən bazarbaşısan, nəsən?

– Heç zad deyiləm.

– İndi ki, heç zad deyilsən, get tullanmağına!

– Mən sənin mənfəətin üçün deyirəm. Orada müştəri də çox olar. Götür tabağını!

– Gedə, rədd ol başımdan get, nə vermisən mənə ala bilmirsən? Qoymazsan beş şahı çörək pulu qazanaq?!

– Dur bura gəl! Sənə sözüm var.

– Nə sözün var? Sənin tayın-zadınam?

– Yox, tayım deyilsən, amma sənə mənfəətli bir iş deyəcəyəm. Dur bura gəl!

– Sən olasan bu ayın sahibi, məndən qəmişini çək! Dadaş canı, yaxamdan əl götür! Məni alverdən qoyma! Görürsən ki, matışkələr şey alır.

– Ada, kiçin birisi, bura gəl! Ucuz şey var, yarı qiymətinə satacağam.

– Nə satmaq istəyirsən?

– Dur bura gəl! Lap suyu qiymətinə satacağam!

– Mən nə bilim ki, sən nə satırsan? Gədə, satılan şeyin adı olmazmı?

– Yaxşı püstə var.

– Hara püstəsidir?

– Damğan püstəsidir, özü də lap yaxşısı!

– Lazım deyil, malım çoxdur.

– Lazımın deyilsə də gəl, bir qiymət ver görək. Lap ucuzdur.

– Əl çək məndən! Yoxsa bu saat kirdavoyu çağıraram.

– Çox axmaq adamsan! Nə üçün başına söz girmir, yaşamaq istəmirsənmi?

– Əlbəttə ki, istəyirəm. Yaşamaq istəməsəydim, halal kəsb etməzdim...

Bu söhbətlər, bir nəfər naməlum şəxslə «Metropol» otelinin qabağında tabağını qoyub quru meyvə satan bir müsəlman arasında gedirdi. Söhbət olduqca uzun çəkdi. Naməlum şəxs tez-tez saatına baxır, tabağçı müsəlmandan şeylərini götürüb oradan başqa yerə getməsini tələb edirdi. Quru meyvə satan ağzı ilə ona cavab verir, əlləri ilə də öz quru meyvələrini təmizləyir və sahmana salırdı.

Naməlum şəxs onun söz qəbul etməməsini görüb, şey almaq üçün yanaşan uşaqlara və qadınlara dedi:

– Bunun daş-tərəzisi düz deyil. Bayaqdan fikir vermişəm, müştəriləri aldadır.

Bu sözlərdən sonra müştərilər ötüb gedirdi.

– Sən öləsən, bu saat kirdavoyu səsləyərəm!

– Səslə, axmağın birisi! Sənin öz canına rəhmin gəlmir.

Tabağçı yerindən tərpənmir, yenə də şeylərini düzəldirdi. Tabağını silir, kisələri doldururdu və əllərini bir-birinə vurub bağırırdı:

– Gəl müştəri, gəl!! Damğan püstəsidir! Gəlin dodağıdır! Qara kişmişdir! Haldan qara, baldan şirin!

– Badam, ay madam! Gəl qadanı allam!

– Dizmarıdır! Ağa malıdır!

– Riçindir! Plov üçündür!

– Almasan da tamaşasına gəl!

Bir faytonun səsi eşidildi. Quru meyvə satan tələsik dönüb arxasına baxdı:

– Gəldi, müştəri gəldi! Gəl, madam, yaxşı püstə-badam, ləbləbi, yar ləbi!

Quru meyvə satan faytonda varlı bir müştərinin gəldiyini zənn edirdi. Lakin bir saniyədən sonra məlum oldu ki, faytonda gələn Bakı general-qubernatoru Nakaşidzedir.

Quru meyvə satan, ata-baba qaydası ilə, iki əllərini dizlərinə qoyub baş əydi. Lakin onun əyilən başı daha yuxarı qalxmadı. Parapet ətrafını və Olkinski küçəni müdhiş bir qurultu titrətdi. Küçəyə baxan pəncərələrin şüşələri qırılıb tökuldu. Parapet ətrafında və Olkinski küçədə olan camaat qaçışırdı. Bir çoxları erməni-müsəlman davasının təzədən başlandığını zənn edirdi.

Hələ bombanın tüstüsü dağılmamışdı ki, atlı kazaklar hadisə olan yerdən qırağa bir nəfər də olsa adam buraxmırdı.

General Nakaşidzenin başı parçalanmışdı. Ağzını tez-tez açıb yumur, qanlara boyadığı Bakıya vida edirdi.


1905-ci ilin may tətilləri başqa tətillərə heç də bənzəmədi. Bakı bolşevikləri az müddət içində, çarizmin erməni-müsəlman qırğını salmaqda nə kimi bir məqsəd daşıdığını fəhlə kütlələrinə anlatdı və çarın xain siyasətini lazımi qədər ifşa edə bildi.

Çar hökumətinin fəhlələrinin beynəlmiləl həmrəyliyini pozmaq üçün meydana atdığı bu xain siyasət, işçilərin çarizmə qarşı nifrətini daha da artırmış oldu. Bakı fəhlələri bütün Rusiyanı bürüyən inqilaba səs verərək, öz həmrəyliyini elan edir və tətilə başlayırdı.

Yerli hökumət özünü itirmişdi; Bakıda fəhlə hərəkatını boğmaq üçün son silah olaraq işlətdiyi milli qırğınlarla da əsas məqsədinə çata bilməmişdi.

May tətilləri Bakı burjuaziyası və onun arxasında duran çarizm üçün yeni və böyük bir zərbə idi. Fabriklər, zavodlar, mədənlər, müəssisələr bir-birinin dalınca tətilə başlayırdı. Nakaşidzeyə atılan bombanın səsi kimi qurultu salan tətil səsləri də bütün mədənlərdə qurultu qoparmışdı. Nobel qardaşları şirkətinin fabrikləri, zavodları, mədənləri, emalatxanaları tamamilə tətilə başladı.

Bolşevik fəhlələr fəhlə rayonlarına yola düşdü. Xatisovun, Şibayevin, Levinsonun zavodları da tətil etdi. Elektrik stansiyası dayandı. Elektrik vasitəsilə hərlənən maşınlar hərəkətdən qaldı. Bibiheybətdə, «Kaspi» şirkətinin müəssisələrində, mədən və emalatxanalarında işlər dayandı. «Moskva» cəmiyyətinin qazanlarından buxar buraxıldı, maşınlar səsini kəsdi, emalatxanalar susdu.

Tətil Ramana rayonuna da keçdi. Mantaşevin müəssisələri işini dayandırdı. Balaxanı—Sabunçu rayonunda kontor fəhlələri öz tələblərini verdilər. «Votan» şirkəti yavaş-yavaş tətil qarşısında titrəməyə başladı.

Aramazd, Mirzoyev, Krasilnikov, «Molot», Ter-Akopov, Saruxanov şirkətlərinin fəhlələri tətilə qoşuldu.

Hacı Zeynalabdin Tağıyev öz toxucu fabrikindən tətil elan edildiyi xəbərini alar-almaz, əlini-əlinə vurub dedi:

– Rəhmətlik Nakaşidze belə günlərdə mənə necə lazım olurdu!..

Hacının öz təbirincə, fabrik fəhlələri «ədəbsizlik edib», iyirmi dörd maddədən ibarət bir tələbnamə vermək istəyirlərmiş.

Hökumət əvvəldə olduğu kimi yenə də fəhlələri rəhbərsiz qoymağa və onları tutmağa qərar verirdi.

Hökumət Montini axtarırdı, lakin Bakıda bu adda bir fəhlə yox idi; Montin Çupatov adı altında öz fəaliyyətində davam edirdi. Buna görə Keşlə rayonunun polis rəisi Bakı qəzası polis rəisinə may ayının onunda belə bir raport verdi:

«...O — Çupatov, deyilənlərə görə, Rusiyanın on altı şəhərində gəzib, ancaq fəhlə məsələsi ilə məşğul olmuşdur. Həmin bu məsələni Çupatov indi Ağşəhər və Qarasəhər fəhlələri arasında da genişləndirməyə başlamışdır. Çupatov fəhlələr arasında böyük nüfuza malikdir. Məsələn, o hər hansı bir məsələ üçün fəhlələrə müraciət etdikdə, bütün fəhlələr bir səslə «Sən necə istəsən, elə də edəcəyik — deyirlər».

Qubernator, Çupatov adı ilə çalışan Montinin may tətillərindəki fəaliyyətini nəzərə alıb, tutulmasına əmr verdi.

May ayının on birində Şibayev zavodunun həyətində üç yüzə qədər fəhlə yığılmışdı. Çupatov (Montin) fəhlələrin tələbləri haqqında danışmaq üçün zavod müdirinin kabinetinə getmişdi. Polislər Çupatovu tutmaq üçün zavodun həyətinə girdilər.

Pavluşa, Əsgər, Məmməd və başqa fəhlələr Montini aralığa alıb polislərə qəti etiraz etdilər. Nəhayət, qorxuya düşmüş polislər qayıdıb getdilər.

Gənc Montin yoldaşlarını götürüb, tətilə çıxmayan müəssisələrə doğru irəlilədi.


Bomba partladıqdan yarım saat sonra Hacı öz xanımının qulağına bir şey pıçıldadı; lakin, onun dediyini evdəkilər ancaq bir saatdan sonra bildilər.

Xanımın xüsusi dərzisi, əlində qara bir boqça içəri girdi. Bütün ev qulluqçularını böyük salona topladılar. Əvvəl xanım, sonra Hacının, ondan sonra da bütün ailə üzvlərinin və ev qulluqçularının qollarına qara bağladılar. (Bu hal yalnız Hacının evində deyil, bütün müsəlman burjuaziyasının evində görünürdü). Hacı Nakaşidzeni müsəlman tərəfdarı hesab edir, onun yasını saxlayırdı.

Bəzi avam adamların dilindən: «Rəhmətlik Nakaşidze müsəlmanların əlindən getdi» sözlərini də eşitmək olardı.

Nakaşidzenin öldürülməsi ermənilər tərəfindən müsəlmanlara qarşı bir nümayiş olduğunu avam xalqın zehninə yerləşdirmək o qədər də çətin deyildi; avam müsəlman xalqı fevral hadisələrinin iç üzünü anlamamışdı. Bu yolda erməni və müsəlman ruhanilərinin geniş kütlə arasında apardığı təbliğat da az iş görmürdü.

Bakı komitəsinin erməni və müsəlman fəhlələri arasında apardığı izahat işləri fəhlələrə güclü təsir bağışlayır və məsələni aydınlaşdırırdı, lakin bir-biri əleyhinə qaldırılmış geniş avam camaatı baş salmaq asan bir iş deyildi; hələ bu da var ki, Zaqafqaziya bolşevikləri yalnız hökumətlə deyil, menşevik, daşnak və sair millətçi partiyalarla da mübarizə aparmaq məcburiyyətində idilər.

1905-ci ilin may ayı, bütün Zaqafqaziyada başlanmış partiya mübahisəsinin ən şiddətli zamanına təsadüf etmişdi. Zaqafqaziya bolşevikləri, millətçi partiyalarla — daşnaklarla, federalistlərlə, anarxistlərlə və başqaları ilə amansız mübarizə aparırdılar.

Millətlər çar xəyanəti nəticəsində tökülmüş qanda boğularkən, bolşevizmin düşməni olan partiyalar bolşeviklərin fəhlələri hökumətə qarşı aparılan mübarizə bayrağı ətrafında toplamalarına mane olurdular.

Həmin bu mühüm günlərdə Tiflisdə kropotkinçi anarxist Sereteli və Qoqoliyə qarşı böyük mübahisə təşkil edilmişdi; bu mübahisələrdə menşeviklərin və eserlərin liderlərini məğlub etmək lazım gəlirdi.

Bu mühüm və tarixi günlərdə, çar hökumətinə qarşı fəhlə sinfinin vahid cəbhəsini düzəltmək lazım gəldiyi bir zamanda, menşeviklər Zaqafqaziya bolşeviklərinin çar hökumətinə qarşı düzəltmək istədikləri mübarizəyə və silahlı üsyan şüarına maneə törətməyə başlamışdılar. Avam müsəlmanların gözünü boyamaq istəyən Hacı Zeynalabdin Tağıyev Bakıda çıxardığı «Kaspi» qəzetində qara xətt içərisində belə bir elan dərc etdirmişdi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri