Cənub küləkləri Xəzər dənizinin həyəçanlı qəlbini bir daha coşdururdu; dalğalar suya enmiş təyyarənin qanadları kimi sahilə hücum edirdi.

Küləklər, sahil bağındakı söyüd ağaclarının sükutunu pozur və qızıl Bakının yaxın gələcəyindən dastanlar oxuyurdu.

Dənizin qəlbi, həyatının ikinci dövrünə təzəcə qədəm qoyan bir gəncin qəlbi kimi döyünürdü.

Kiçik dalğaları qaz sürüsü kimi qabağına qatıb kişləyən cənub ruzigarı, şabalıd rəngli mazut silsiləsini Bakı limanının ağ daşlarına çırpırdı.

Mazut uğrunda mübarizə əsasında başlayan cənub küləkləri davam etdikcə «Kursk» gəmisi də öz vuğarını itirmiş və böyük bir hovuza atılmış qoz qabığı kimi fırlanırdı. Cənubdan və şərqdən əsən bu qudurğan küləklər, qızıl Bakının başı üzərində bir-birinə toxundukca Bakı mühiti də bir mübarizə sahəsinə dönməyə başlayırdı.

Bakı görünür; xəritədə şimaldan bir nəhəngin burnu kimi dənizin böyrünə girmiş qara nöqtə böyüməkdədir.

Gəmi sürətlə üzür, göyərtədən baxan iki qızın nəzərləri isə neft buruqlarından təşkil olunmuş meşələrə düşdükcə onlar nəşələnir və məqsədə yaxınlaşdıqları üçün sevinirdilər. Rayanın gözləri dənizin suyu kimi mavi, Leylanın gözləri isə suyun üzərində çırpınan mazut giləsi kimi qara və qumraldır.

Bakı görünür; qısır və otsuz təpələr, oraq kimi əyilərək böyük bir limanı qucağına alır, qocaman şəhər dəxi göz önündə təcəssüm etməyə və böyüməyə başlayırdı.

Zirzəmilərində minlərcə vərəmli işçilər olan daş qalalar, alman məmarlığına təqlid ilə tikilən burjua sarayları, işçilərin sümükləri üzərində qurulan binalar bütün əzəməti ilə dənizə baxırdı.

Arxasında tənbəllər bəslənən pəncərələr göründüyü kimi, ağzını cənuba açaraq geniş nəfəs almaq istəyən burjuaziya dəxi gəmidən baxan durbinlərin şüşələri qarşısında canlanırdı.

Əski qafasını yeni binaların qoltuğundan göstərən, çürümüş omba sümüyü kimi bozaran və əski dünyanın məzar daşı qədər dikələn minarələrin gözü də «Kursk» gəmisini salamlayır və yenə də mürgüləyirdi. «Kursk» gəmisində gələn müsafirlər artıq hər tərəfi görürdü.

Onlar Şirvan xanlığının sümükləri üzərində duran və yumurta kimi ağaran qübbələri gördüyü kimi, daş yığınlarından ibarət olan Xansarayına və Sultanxəlil hərəminin qanlı poemalarını oxuyan bacalara da tamaşa edirdilər.

Şah məscidinin minarəsində ulayan və müsəlmanları məscidə çağıran bayquşun səsi də, Sultanxəlilin zindanındakı altı yüz illik sümüklərin tarixindən parçalar deyirdi.

Təzəpir məscidinin asimanxəraş minarələri başındakı aypara, çarlıq dövrünün sönmüş dəhşətlərini nişan verən kilsələr görünürdü.

«Kursk» gəmisi, insan qanlarını küçələrindən təmizləmək üçün suya çuman Səbayel şəhəri məhəllələri ilə limana doğru irəliləyirdi. İndi isə cənub-qərbdən Bayıl, şərqdən Suraxanı, şimaldan və qərbdən isə Balaxanı, Sabunçu rayonunun buruqları görünməyə başlamışdı.

Qara şəhərin tüstüləri, «Kursk» gəmisini istiqbal edirkən Qız qalasının əndamına toxunan qeyri-adi küləklərin barmaqları da, min illərdən bəri açılmamış tarix kitabını vərəqləyirdi. Burnu Qafqaz-Merkuri körpüsünə toxunarkən, «Kursk» gəmisi fikirli adam kimi köksünü ötürərək diksindi.

Hər kəs şeylərini gəmidən çıxarmağa tələsirdi. Leyla və Raya isə öz yerindən hərəkət etməmişdi, çünki onları Ənzəli şəhərindən Bakıya müşayiət edən doktor Araratyan belə məsləhət görmüşdü.

Xanımları qarşılayan menşevik, daşnaq və eser rəhbərləri, müsafirlərin çoxluğu nəticəsində, gəmiyə girmək və xanımlara təqdim olunmaq imkanını əldə edə bilmirdilər.

Doktor Araratyan xanımların darıxdığını hiss edərək, onları körpünün üstünə gətirdi.

Qızlar yeni qədəm qoyduqları bolşevik şəhəri ilə maraqlanırdılar.

Raya doktor Araratyana müraciətlə:

– Rica edirəm, bolşevikləri mənə göstərin, mən onlarla çox maraqlanıram, – dedikdə, doktor Araratyan müsafirlərin şeylərini yoxlayan gənc bir məmuru göstərərək:

– Baxın, bu bolşevikdir, – dedi.

Bir azdan sonra yoxlayıcı məmur onlara yanaşaraq:

– Hərgah icazə versəydiniz, sizin də şeylərinizi yoxlardıq, – dedi.

Şeylər yoxlandıqdan sonra yoxlayıcı məmur nəzakətlə:

– Şeylərinizi alıb gedə bilərsiniz! – dedikdə, Leyla Araratyana müraciət edərək:

– Mən inanmıram, – dedi, – bu məmur bolşevik deyildir.

Raya təəccüblə:

– Nə üçün? – deyə soruşdu.

Leyla dedi:

– Çünki bolşeviklər haqqında eşitdiyim qabalıqlardan heç birisini bunda görmədim. Bu qayət nəzakətli bir məmurdur.

Araratyan dedi:

– Bu məmur – məni tanıdığı üçün xanımlara hörmət göstərmək məcburiyyətində qaldı.

Araratyanın bu sözündən sonra Leyla sakit oldu, lakin Rayanın qane olmadığını çöhrəsindəki narazı baxışlar bildirirdi. Raya və Leyla doktordan ayrılaraq, körpünün üstündə dolaşmağla ətrafı gözdən keçirirdi. Qarovul postunun taxta divarına yapışdırılmış bir müraçiətnamə Rayanın diqqətini cəlb etdi:

«Komissarlar Sovetinin Bütün Bakı işçilərinə müraçiəti

Yoldaşlar!

Ərzaq böhranı davam etməkdədir. İşçi, soldat nümayəndələri soveti və onun icraiyyə orqanlarının bütün təlaşına baxmayaraq, böyük miqdarda alınan taxıldan, ən az bir hissəsini gətirmək mümkün olmuşdur.

Bu zəminədə, yəni aclıq zəminəsindəki həyəcan sizin ruhunuzu sıxdığından biz bir daha sizə müraçiət edirik: həyəcan və səbirsizlik lazım deyildir. Aclıq, fitnəkarlar üçün gözəl bir zəminədir.

Yoldaşlar! Düşmənlərin akitasiyasına qapılmayın!»

Raya müraçiətnaməni oxuyarkən Leyla xanım ona yanaşaraq:

– Nə oxuyursan, – deyə soruşduqda, Raya müraçiətnaməni bir daha oxudu və əlavə etdi:

– Təəssüf edirəm ki, müraçiətnamənin yarısı cırılmışdır.

Doktor Araratyan da gəlib müraçiətnaməni gözdən keçirtdi və:

– Ağılsız bir müraçiətnamədir, – dedi, – bu həriflər ac işçilərə dil tökmək və yalan vədlər verməkdən əl çəkmədilər.

Araratyanın sözlərindən sonra Raya heç bir söz demədi, ancaq o, bolşeviklərin nə qədər ağır vəziyyətdə yaşadığı və onların xarici düşmənlərlə bərabər, daxildə də böyük düşmənlərlə mübarizə aparmaq məcburiyyətində qaldıqlarını hiss etdi.

Körpü üstündə cürbəcür səslər eşidilirsə də, qəzet satanların səsi bütün bu səslərə üstün gəlirdi.

– Bakı ac qalmayacaqdır!

– Mərkəzi Komitənin teleqramı!

– Qızıl Moskva Bakı işçilərini unutmamışdır!

Bu səsin ətrafına toplananlar çox idi, qəzetlər əldən-ələ gəzirdi.

Bu qəzetlərlə, qazanılmış qələbənin aclıq böhranı nəticəsində təhlükə altında qaldığını hiss edən Bakı əməkçiləri maraqlandığı kimi, bolşevikləri süni aclıq təhlükəsi ilə boğmaq istəyən daşnaq, menşevik və eserlər də maraqlanırdı.

Araratyan qəzetdən bir nüsxə aldı və böyük hərflərlə yazılmış bir xəbər oxudu:

«Radio ilə Bakıda Şaumyana xəbər verin. Tezliklə Xasavyurd–Petrovsk xətti düzələcəkdir. Bakı üçün hər bir şey müntəzəm surətdə göndəriləcəkdir.

Hər nə cür olsa taxıl göndərəcəyik!..

Ağçaqabul cəbhəsini möhkəm etmənizi rica edirik. Ruhdan düşməyin!»

Raya:

– Demək ki, Bakı aclıq təhlükəsindən xilas olmaq üzrədir, – dedi, – taxıl olsa, hər iş düzələr.

Araratyan isə gülümsünərək:

– Yavrum, – dedi, – biz də qəzet işini bilirik. Bunların hamısı uydurma xəbərlərdir. Saritsın şəhəri çoxdan Krasnov ordusu hissələrinin əlindədir.

Bu xəbərləri Bakı bolşeviklərinin qazanında bişirirlər, lakin fayda verməz, çünki bütün Rostov – Bakı dəmir yolu çar generallarının əlindədir. Hərgah biz, bolşeviklərin işçini yaşada bilmək qabiliyyətinə malik olduğuna inana bilsəydik, mədəni ingilisləri Bakıya dəvət etmək üçün dəfələrlə Həmədana və Ənzəliyə getməzdik.

Körpü üstü artıq boşalmışdı. Araratyanın məiyyətindəki xanımların istiqbalına tələsmiş daşnaq, menşevik və eser partiya rəhbərlərindən Melik-Elçiyan, cəbhə komandanı və ərkani-hərb miralayı Avetisov, tabur komandanı Hamazasb, onun sevgilisi, Araratyanın qızı – Ester xanım, menşevik və eser rəhbərlərindən Velonts, İvanov, Nəccarov, Ayollo, Sadovski və sairələri əskəri nizam ilə dayanaraq təzə gələn qonaqları salamlamaq üçün hazırlaşmışdılar.

Doktor Araratyan böyük bir iftixarla xanımları onların istiqbalına gələn rəhbərlərlə tanış edirdi.

– Bu, Leyla xanımdır. Əlahəzrət ingilis kralının fəxri yaveri, Hindistan, Dehli tac-taxtının vəliəhdi, həşəmətli şahzadə Bahadır xanın nişanlısıdır.

Bu sözdən sonra rəhbərlərin başı, ağaca dırmanmış tağdan sallanan balqabaq kimi əyildi. Doktor Araratyan Raya xanımı təqdim edərək dedi:

– Bu xanım, hörmətli, əzəmətli, miralay Tiq-Çonsonun nişanlısı Raya xanımdır! – Rəhbərlərin başı uşaq əyləncələrində birinci yeri tutan və gipsdən qayrılmış pişiklərin başı kimi əyilib, yenə qalxdı.

Doktor Araratyan sonra doktor Yusifidisi təqdim etdi:

– Bu cənab, möhtərəm xanımların xüsusi doktorudur. Olduqca möhtərəm və ziyalı bir zatdır.

Rəhbərlərin hamısının dişləri ağardı və əlləri irəli uzandı.

Britaniya imperializminin məhəbbəti ilə ağırlıq edən başlar bir çox dəfə əyildi və ingilis missiyasının qabaq dəstəsi olan bu kiçik qrupu bir neçə dəfə salamladı. Vizitqaların ətəkləri qartal qanadları kimi sağa və sola dönürdü. Onlardan hər birisi xanımlara səmimiyyət göstərmək üçün cürbəcür əda və hərəkətlərdə olurdu. Körpü üstündə uzun nitqlər söyləməyə imkan olmadığından, Sadovski irəli keçərək xanımlara «xoş gəldiniz» mərasiminə başladı:

– Mədəniyyət tarixinin ilk səhifəsini çevirmək və London ilə Zaqafqaziya əlaqəsinin ilk qədəmini atmaq ancaq bizə müyəssər oldu. Bizə birinci olaraq bu şərəfi qazandıran hər iki xanıma müraciətlə: «Xoş gəldiniz!» deməklə, özümüzü son dərəcə bəxtiyar hesab edirik.

Sadovskinin sözündən sonra, gələcək «səadətin» nəşəsini daşıyan başlar bir daha ağırlıq etdi.

Doktor Araratyanın çöhrəsindəki şadlıq əsərləri, körpüyə gəlmiş «rəhbərlərə» qarşı fövqəladə bir iftixarı nümayiş etdirir və ürəyində deyirdi: «İstər eserlər, istərsə menşeviklər, erməni milli sovetinin möhtərəm nümayəndəsi olan Araratyana minnətdardır, çünki onlara bu şərəfi qazandıran yalnız mənəm!»

Körpüdən çıxmaq lazım gəlirdi. Lakin xanımların şeylərini götürmək üçün çağırılan hamballar geri qayıtmaq məcburiyyətində qaldı, çünki xanımların şeylərini faytona daşımaq şərəfi, yenə də daşnaq, eser və menşevik rəhbərlərinə qismət oldu.

İvanov Rayanın, Sadovski Leylanın, Hamazasb isə öz sevgilisi Esterin qolundan tutub dışarı çıxdıqda, Ayollo gözünü hər tərəfə çevirərək daşımaq üçün bir şey aradı. Bu şərəfə nail olmaq vasitələrini görmədiyindən, o da yalnız Leyla xanımın çətirini və cibindən körpü üstünə saldığı dəsmalını aparırdı. Velonts, Elçiyan və Avetisov tamamilə bu iftixardan məhrum qaldılar, çünki qabağa düşənlər macal vermədilər.

Onlar xanımların kölgəsi kimi sürünüb körpüdən çıxmaq istərkən, Araratyan onları dayandırdı.

– Ağalar, bir az dayanın! – dedi. – İşimizin mühüm bir cəhəti qalmışdı. Fotoqraf dalınca göndərdiyimiz adam bu saat gələcəkdir, xanımların şəhərə varid olmaq təntənəsini bir yadigar olaraq çəkdirməliyik.

Bir neçə dəqiqə dayandılar; hər kəs götürdüyü şeyləri qoyub yanında durmuşdu. Fotoqraf gəldi. Şəkil alındığı zaman Velonts və Elçiyan fürsətdən istifadə edərək xanımların arxa tərəfində durdular. Sadovski, İvanov bunları dümsükləyib irəli soxulmaq istədisə də fotoqrafçı:

– Ağalar, rica edirəm, tərpənməyiniz! – deyərək onları sakit elədi.

Küçələr və körpünün qarşısı işsiz camaatla dolmuşdu. Bunlardan bir çoxu İrandan gələn müsafirləri qarşılamaq və onların gətirdiyi şeyləri almaq istəyən alış-verişçilərdi.

Sadovski bu möhtəkirləri Leyla xanıma göstərib:

– Bunların hamısı bolşevik fəlakətinin qurbanlarıdır, xalq acdır, çılpaqdır, yemək axtarır. Biz bunları ölümdən qurtarmaq istəyirik.

İvanov bu sözləri dediyi zaman alış-verişçilər də İrandan gələn alış-verişçilərə yanaşaraq düyü, kişmiş və sair şeylərin qiyməti üzərində çənə döyürdülər.

İvanov Raya xanımın, Hamazasb Ester xanımın, Sadovski Leyla xanımın qolundan tutub faytona oturtdular. Müsafirləri aparan faytonların başı «Metropol» otelinin qarşısında, ayağı isə körpüdə idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Sərdar Rəşidin iç üzü

Mahru özünə verilən tapşırığı unutmamışdı. O gecə saat on birdə otağında oturub, sərdar Rəşidin onu öz yanına çağırmasını gözləyirdi, çünki sərdar Rəşid Mahru olmadan yeməz, içməzdi, hər gecə onun şərab piyaləsini Mahru doldurmasaydı, dilinə şərab vurmazdı.Bu gecə nədənsə sərdar Rəşid Mahrunu çox təxirlə öz yanına çağırdı. Mahru sərdar Rəşidin otağına girdiyi zaman o, əlindəki qələmlə qabağındakı bloknota bəzi şeylər qeyd edirdi: O, Mahrunu gördüyü zaman qələmi yerə qoyub:

27 dəq
Hacı Səməd xanın müharibə hazırlığı

Hacı Səməd xanın səfərbərliyi olduqca müvəffəqiyyətlə qurtarmışdı. Bütün Azərbaycan xanları və əşirətlər öz atlısı ilə Marağaya və Savucbulaq ətrafına gəlmişdi. Hacı Səməd xanın komandası altında min nəfərə qədər rus piyada qoşunu, on min nəfərə qədər də İran atlısı vardı.Ərdəbil, Sərab, Gərmrud, Ocan, Abbas və Çardovlu tərəflərindən nə qədər dəyərli atlılar var isə hamısı Səməd xanın əmrini alan kimi Savucbulaq tərəfinə axıb gəlməyə başlamışdı. Hacı Səməd xan qələbə üçün tələsirdi, çünki bu müharibə onun gələcəyini həll edəcəkdi. Bunun üçün də hələ Şahsevən və Qaradağ xanları gəlib yetişmədən müharibəni başlamağa qərar verdi, çünki o, osmanlılara əlavə qüvvə gəlməsindən qorxurdu.

8 dəq
Çar konsulu Təbrizi tərk edir

Hacı Səməd xan qaçıb Təbrizə gəldi. O, utandığından konsulxanada mənzil edə bilmədi, birbaş atını sürdü özünün qədim dostu Hacı Mehdi ağa Kuzəkünanininf qapısına. Orada bir neçə saat mənzil etdi. Konsul bu xəbəri eşidən kimi onu yanına çağırıb lazimi qədər söydü və təcili surətdə Təbrizdən Rusiyaya yola düşməsini əmr etdi.Hacı Səməd xan getdi. Lakin çar konsulunun özü də gedirdi.

14 dəq
Qarət başlandı

Təbriz əhalisi, təzə gələn qonaqların nə cür hərəkət edəcəyini bilmirdi. Bir neçə gün onları öyrənmək və sonra da bazar-dükanı açıb ticarətə başlamaq istəyirdilər. Karvansaralar, hücrələr boşaldı!. mışdı, şeyləri evlərə və toxunulmaz yerlərə daşımışdılar. Bütür ticarət yerləri və sərraf dükanları bağlı idi, yalnız çörək bişirən ve ət satanlar açıq idi ki, bunlar da əhalinin ehtiyacı üçün çalışırdılar, çünki təzə qonaqlar birinci gündən özlərini göstərməyə başladılar, şəhərə ərzaq gətirənlərin atlarını ordu üçün müsadirə etdilər, bun: görə də şəhər xalqı öz malını gizlətməyə qərar verdi.Mən evə çəkilməmişdim. Məşədi Kazım ağanın hücrəsinde otururdum. Məşədi Kazım ağa hücrəni açmaq istəməsə belə mən onu məcburən açdırırdım, çünki bizim əhali ilə bərabər təzə gələnləri baykot etməyimiz yaxşı düşməzdi. Lakin hücrə sahibsiz deyildi. hücrənin ətrafında yüz nəfərə qədər sivil paltarında mühafizəçilər gəzirdi. Yerli inqilab komitəsinin birinci, ikinci gündə verilən göstərişləri Məşədi Kazım ağanın hücrəsindən verilirdi. Hacı Mirzağa Büllurinin məni Helmi bəyin yanına çağıracağı və məni orada həbs etdirmək istəyəcəyi bəlli idi. O, Təbrizdə istədiyi adamları tutdurur və cərimə etdirirdi. Onlar birinci gün Təbriz xalqının özlərinə hüsnrəğbət bəsləmədiyini gördükdə, Hacı Mirzağa Bülluri bunu də bizim onlara qarşı tutduğumuz düşmənanə vəziyyətlə əlaqədar bilirdi. Buna görə də o, Helmi və İbrahim Fovzi bəyə müraciətlə, Təbrizdəki gizlin qüvvələr tərk-silah olunmadan və onların rəhbərləri həbsə alınmadan Təbrizdə səfərbərlik etmək və xalqı intizam altına almağın mümkün olmayacağını söyləmişdi.

19 dəq

Başqa şairlərin şeirləri