Hacı Səməd xanın müharibə hazırlığı
Hacı Səməd xanın səfərbərliyi olduqca müvəffəqiyyətlə qurtarmışdı. Bütün Azərbaycan xanları və əşirətlər öz atlısı ilə Marağaya və Savucbulaq ətrafına gəlmişdi. Hacı Səməd xanın komandası altında min nəfərə qədər rus piyada qoşunu, on min nəfərə qədər də İran atlısı vardı.
Ərdəbil, Sərab, Gərmrud, Ocan, Abbas və Çardovlu tərəflərindən nə qədər dəyərli atlılar var isə hamısı Səməd xanın əmrini alan kimi Savucbulaq tərəfinə axıb gəlməyə başlamışdı. Hacı Səməd xan qələbə üçün tələsirdi, çünki bu müharibə onun gələcəyini həll edəcəkdi. Bunun üçün də hələ Şahsevən və Qaradağ xanları gəlib yetişmədən müharibəni başlamağa qərar verdi, çünki o, osmanlılara əlavə qüvvə gəlməsindən qorxurdu.
Savucbulaqda olan düşmən dəstəsinin qüvvəsi mühüm bir qüvvə deyildi, buna görə də Hacı Səməd xanın bu qədər dəyərli bir qüvvə gətirməsi nəticəsində Savucbulaqda həyəcan başlanmışdı.
Tütünçüoğlu göndərdiyi məktubda Savucbulağın həyatını təsvir edərək yazırdı.
€Yerli xalq Savucbulağı işğal etmiş dəstənin qələbəsinə inana bilmir, şəhərin hər tərəfində ümidsizlik və həyəcanlar hiss edilir. Gecələr xalq uzun karvanlarla şəhərdən köçüb gedir, şəhərdə bir nəfər də olsa varlı və tacir qalmamışdır. Onlar öz ailələrini və öz sərvətlərini toxunulmaz yerlərə göndərmişdir, şəhərdə yalnız əlsizayaqsızlar və yoxsullar qalmışdır. Bizim öyrəndiyimizə görə, Hacı Mirzağa və Hüseyn Fişəngçinin bütün ümidi Təbriz xalqınadır. Onun zənninə görə, bu dəstə Təbriz altında görünən kimi Təbriz xalqı rusların əleyhinə ümumi qiyama başlayacaqdır. Onların İran mücahidləri arasında yaydıqları müraciətnamələrdə də bu fikirlər ifadə olunur. Müraciətnamələrin birisində:
«İran mücahidləri, cərgələrinizi düzəldin, qələbə günləri yaxındadırl Təbriz xalqı sizi ürək döyüntüləri ilə gözləyir, onlar sizinlə bərabər çar hökumətinə qarşı qiyam etmək üçün əlində silah sizi gözləyir) – deyə yazırlar. Lakin bu kimi müraciətnamələr ümidsizlik və həyəcanlara qalib gələ bilmir, görünür ki, Təbrizdən ümidverici xəbərlər ala bilmirlər. Bu saatda Hacı Mirzağa Büllurinin Təbrizə məktub aparan qasidləri yola düşdü, onların yanına gizli adamlar qoşmuşam. Adamlarımız onları Təbrizə qədər təqib edib, məktubları kimlərə verdiyini öyrənib sizə xəbər verəcəkdirə.
Hacı Mirzağa Bülluri və Hüseyn Fişəngçi öz məktublarını demokratlara və siyasi işlərdə iştirak edən şəxsiyyətlərə yox, özləri kimi avantürist və lil suda balıq tutmaq istəyənlərə göndərirdi. Onlar Qaraməlikdə, Sürxabda, Lilabad və Həkimabadda olan məhlə lotuları və avam millətpərəstlər, mövhumatçı və molla qulaqlardan ibarət idi. Biz bunlara qarşı da tədbirlər görmüşük. Bu kimilərin təşkil etdikləri və Savucbulaqdan gələn dəstəyə kömək etmək üçün düzəltdiyi dəstənin nəfərləri yüz faiz bizim adamlarımız idi. Onlar bir hadisə üz verdiyi zaman özlərini tək görəcəklərdi, bunlardan bəzilərini çağırıb, danışdırıb məsələnin həqiqətini anlatmışdıq. Hər halda Təbrizin bu macəraya qoşulmaması məsələsini təmin edə bilmişdik.
Bütün Təbriz yaxın günlərdə baş verəcək hadisənin intizarını çəkir, çar konsulu cəbhə vəziyyətindən lazımi xəbərləri əldə edə bilirsə də, Təbrizdəki əhvali-ruhiyyəni öyrənə bilmirdi, o, yerli xalqın gələn dəstəyə qoşulub ruslara hücum edəcəyindən qorxurdü.
Bunlara baxmayaraq, konsul hər ehtimala qarşı hazırlıq görürdü, konsulxanadakı lazımlı vəsiqələri bağlatdırıb göndərirdi. Son günlər Ninanın verdiyi xəbərlərə görə, bəzi bağlıları gecələr konsulxana mütərcimi Mirzə Ələkbər xanın evinə göndərirlərmiş.
Yek ok
Müharibə başlandı. Lakin bütün xalqın heç gözləmədiyi bir halda Hacı Səməd xanın məğlub olmaq xəbəri Təbrizə yayıldı. Osmanlıdan gələn dəstənin komandanı Helmi bəy və siyasi komandan İbrahim Fovzi dəstənin hərbi keyfiyyətini nəzərə alaraq Savucbulaqdan çəkilməyə qərar vermişdi, lakin bu qərar həyata keçmədən əvvəl Hacı Səməd xanın hücumu başlandı, buna görə də Helmi bəy Səməd xanı məşğul etmək üçün bir qədər qüvvə irəli sürməklə, Savucbulağı boşaltmağa başladı.
Hacı Səməd xanın on mindən artıq qüvvəsinin qabağını saxlamaq üçün Helmi bəy dörd yüz atlı göndərib ətrafdakı dağ keçidlərini kəsmişdi. Hacı Səməd xan öz yanında bir qədər rus piyadası və iki minə qədər inanılmış İran atlılarından ehtiyat saxlayaraq, qalan qüvvələrini üç hissəyə ayırıb Savucbulaq üstünə hücum əmrini verdi.
Mərkəzdən hücum edən qoşuna Məmmədəli şahın qatırçısı və naiblərindən Qoçəli xan Müvəffəqiddövlə komanda edir və sağ cinaha Hacı Səməd xanın fərraşbaşısı Seyid Həsən xan Salar Mükərrəm komanda edirdi: sol cinah isə Hacı İsmayıl xan Əmir Tumanın komandasına tapşırılmışdı.
Savucbulaq üzərinə üç tərəfdən şiddətli hücum başlanmışdı, çar dövlətinin atlıları hücum əmrini alan kimi atları mahmızlayıb müstəqim xətt ilə şəhəri götürməyə çalışırdı.
Hamıdan qabaq Qoçəli xan Müvəffəqiddövlə sürətli bir surətdə Tatau çayını keçib şəhəri götürmək üzrə idi, lakin ətraf keçidləri tutmuş kürd atlıları Qoçəli xan dəstəsini şəhərin kənarında yaxalayıb şiddətli tüfəng atəşinə başladılar.
Müvəffəqiddövlə kürdlərin qızğın tüfəng atəşlərinə baxmayıb, əlində siyirmə qılınc, dİrəli, irəlilə qışqıra-qışqıra atlının qabağında çapırdı. Lakin Müvəffəqiddövlənin ürəyindən dəyən bir güllə onu atdan yıxdı. Müvəffəqiddövlə öldükdən sonra onun atlıları arasında həyəcanlar başladı, bu həyəcan bir məğlubiyyətlə nəticələnməsin deyə Savucbulaq konsulluğuna namizəd olan bir rus zabiti öz atlı dəstəsi ilə hücuma başladı.
Hələ kürdlərin səngərlərinə yaxınlaşmadan rus zabitini vuruk atdan saldılar. Qarışıqlıq başlandı. Çardovlu atlısı Müvəffəqiddövlənin ölümünü görürkən Savucbulağa hücum etmək istəmədi, çünki onların kəndləri Savucbulaq hüdudunda olduğu üçün savucbulaqlıların intiqam alacağından qorxurdular. Bunlar Savucbulaq kürdlərinə öz qonşuluq sədaqətlərini göstərmək üçün Savucbulaq ətrafında yerləşmiş dörd yüz nəfər kürdlə birləşərək, öz silahlarını Hacı Səməd xana qarşı çevirdilər və mərkəzi açıq buraxaraq Hacım Səməd xana hücuma keçdilər.
Hacı Səməd xanın ehtiyat qüvvəsi düşmənin cəbhəni yardığını zənn edərək, əlində olan bütün hərbi ləvazimatı, topları və cəbbəxananı tökərək pozğun bir halda qaçmağa başladı.
Sağ cinah Seyid Həsən xan Salar-Mükərrəm və İnayətissəltənə ilə bərabər kürdlər tərəfindən mühasirəyə alınmışdı. Hacı İsmayıl xan öz qardaşı İnayətissəltənənin təhlükə qarşısında qaldığını görürkən Savucbulağa girməkdə olan Şahsevən atlılarına geriyə qayıtmaq əmrini verdi və sağ cinahı qurtarmaq üçün hücuma keçdi. Helmi bəy və İbrahim Fovzi Hacı Səməd xan ordusunun pozulduğunu gördükdə təzədən Savucbulağa girdi, şəhərdə az bir qüvvə buraxaraq Hacı Səməd xanın pozulmuş dəstələrini təqib etməyə başladı.
Konsul cəbhə xəbərlərini gizlədirdi, yerli mətbuatın bu barədə bir söz yazmasına imkan buraxılmırdı, buna baxmayaraq, Hacı Səməd xanın məğlubiyyət xəbəri bir ildırım sürəti ilə hər tərəfdə eşidildi.
Rus hərbi dairələri Təbrizi boşaltmaq işini çox ehtiyatlı bir surətdə aparırdı, onlar Təbriz xalqına bu qorxunu bildirməmək və həyəcana imkan verməmək üçün şəhərə atlı dəstələri çıxarmışdılar. Hacı Səməd xan konsulxanaya yazdığı məktubunda:
«Cənab general! Əlimizdə olan qüvvəni yersiz tələf etməmək üçün Savucbulaq altında ciddi müharibəyə girişməkdən boyun qaçırdım. Düşmənlə Marağa altında meydan müharibəsinə hazırlaşıramə – deyə təskinlik verirdi. Biz isə bunlara inanmırdıq, çünki Tütünçüoğlunun göndərdiyi məktublar Səməd xanın bir daha qüvvə toplayacağı və osmanlılara qarşı duracağı ümidlərini vermirdi.
Biz gündə iki-üç kərə məktub alır və cəbhənin vəziyyətindən xəbər tuturduq. Cəbhədən qayıdan Şahsevən və Xalxal atlıları Savucbulaqdan Miyandab şəhərinə qədər bütün kəndləri və şəhərləri qarət edə-edə çəkilirdi. Miyandab xalqı ailəsini götürüb qaçır və öz malını kürdlərin talanına buraxırdı. Ciqato çayı minlərlə qərq olmuş insan meyitlərini və boğulmuş mal-qara cəmdəklərini axıdıb Urmu gölünə aparırdı.
Tütünçüoğlunun yazdığına görə Təbrizə cazadlıqə gətirən bu dəstənin nəfərləri uşaqları beşikdən açıb yerə qoyur və beşiyi ata yükləyib aparırdı. Yazılan məktublarda deyilirdi ki, hər kəsin libası təzədirsə, ittihadi-islamçılar öz paltarlarını ona geyindirib, özü isə onun təzə paltarını geyir.
Bu xəbərlər Təbrizdə hər kəsi düşündürürdüsə düşündürsün, hər kəsə nə cür təsir edirdisə etsin, lakin sərdar Rəşid üçün bu xəbərlər bayram xəbərindən daha nəşəli və daha xoş idi, çünki Səməd xanın bu məğlubiyyəti ona qalibiyyət müidəsi verirdi, çünki o bu məğlubiyyətdən sonra Səməd xanın Təbrizdə baş saxlaya bilməyəcəyini bilirdi. Sərdar Rəşid Hacı Səməd xanın bu məğlubiyyəti nəticəsində həmişəlik Azərbaycan əyalətini soya biləcəkdi.
Tütünçüoğlunun son məktubunu Marağa şəhərindən aldıq. O, məktubunda yazırdı:
«Hacı Səməd xan Marağada yerləşərək əlindəki az qüvvə ilə Helmi bəy dəstəsinin qabağını almağa və onu Təbrizə buraxmamağa çalışır. Hərgah o, qaçmaqda olan qoşunu bir yerə yığa bilsə və yerli xalqın məhəbbətinə istinad etmək imkanını əldə edə bilsəydi, bu başıpozuq dəstənin qabağını saxlamaq çox da çətin deyildi, çünki Marağada hərbi ləvazimat həddindən artıqdır, eyni zamanda Helmi bəy dəstəsinin əlində də heç bir şey yoxdur. Lakin Marağa xalqı Hacı Səməd xanın bütün planlarını pozdu, onlar osmanlıların intiqamından qorxaraq, Marağanı müharibəsiz vermək qərarına gəldi.
Bu gecə yerli xalq Hacı Səməd xanı qorxudub qaçırmaq üçün şəhərin kənarında ot anbarlarını yandırıb «kürdlər şəhərə girdi? deyə hər tərəfə səs saldılar, misli görünməmiş bir həyəcan başladı, yatağından dəhşətlə qalxan qoşun böyükləri qışın soyuğuna baxmayaraq, çılpaq atı minib qaçdılar.
Topçular səngərlərdə topların açarını çıxarmadan qaçdılar, bir çoxları sərbaza oxşamasın deyə tüfəngini də özü ilə aparmamışdır. Səməd xanın yanında bir neçə nəfər nökərindən başqa kimsə yox idi. Hacı Səməd xan öz ağırlığını apara bilmədiyi kimi əlində olan nəqd paranı da apara bilməmişdir, ordu üçün xərcləyəcəyi bir xurcun rus kağız pulunu qoyub qaçıbdır.
Hacı Səməd xan beş-altı il ərzində Təbrizdən hər nə qədər dövlət qarət etmişdisə, hamısını burada qoyub qaçıbdır. Bu saat düşmən atlıları Marağaya girdi, hələlik ərkani-hərb gəlməmişdir, lakin Hacı Mirzağa Bülluri, Hüseyn Fişəngçi buradadır. Hazırda Hacı Səməd xanın evinin qarəti qurtarmışdır, evlərə od vurduqda gizlin əsləhə anbarı partladı, çox qiymətli şeylər tələf oldu.
Marağa xalqının bu xidmətinə baxmayaraq, gələnlər yenə də «düşmən şəhəridimə deyib qabağa gələn ev-eşiyi qarət edirlər.
Düşmənin Təbrizə gələ bilməsi bir-iki gün çəkər, siz orada hazırlıq görün, hələlik onlar etdikləri qarətləri yerbəyer eləməklə məşğuldurlar. Osmanlıların dilindən eşitdiyimiz ümumi söz, Təbriz dövlətli şəhərdir? sözlərindən ibarətdirə.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-haci-semed-xanin-muharibe-hazirligi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1904-cü ilin noyabrında Tiflisdə Qafqaz komitələrinin bolşevik konfransı çağırıldı. Buraya toplanmış on beş nümayəndənin iştirakı ilə III partiya qurultayının çağırılması uğrunda geniş təbliğat və mübarizə təşkil edilməsi qərara alındı.Tiflis konfransına getmiş Bakı nümayəndəsinin, konfransın qərarları haqqındakı məruzəsini dinləmək üçün bu gün Jenya da iclasa gəlmişdi.
Zidd fikirlər məngənəsində1904-cü ilin axırları idi. Bakı ən mühüm, ən tarixi günlər keçirirdi. Bakı proletariatı bir tərəfdən çar hökuməti, o biri tərəfdən də çar burjuaziyası ilə barışan menşeviklərlə mübarizə aparmağa məcbur olmuşdu.Zubatovçuluq, şendrikovçuluq fəhlə sinfinin vücuduna daraşdığı bir zamanda Zaqafqaziya partiya təşkilatlarının rəhbərləri özünü Bakının köməyinə yetirdilər.
Menşeviklərin yeni xəyanətiBu günkü iclasda menşeviklər çıxışda bulunacaq idilər. Bolşevik fəhlələr bir-birinə xəbər vermiş, iclasda müvəffəqiyyət qazanmaq üçün vaxtında hazırlıq aparmışdılar.Pavluşa ilə Vasya iclasa çox gec gəldilər. Çox hissəsi menşeviklər tərəfində duran Bibiheybət fəhlələri sevinir və iclasda müvəffəqiyyət qazanacaqlarını düşünürdülər. Menşeviklər tərəfindən İlya Şendrikov çıxış etdi.
Menşeviklər burjuaziya xidmətindəHacı Zeynalabdın Tağıyevin özü də «1904-cü ilin axırları qorxulu və qarışıqdır» deyirdi.Bu gün həmin qorxulu günlərdən birisi idi.
Başqa şairlərin şeirləri
Ol deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Müxəmməs-tərcinüma: Ey şövqi-ruxun gün kimi əşyaya mücəllaEy şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,
Ey istəyən yari, sevən dildariEy istəyən yari, sevən dildari,Mülki-məhəbbətdə gərəkdir ixlas.
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur