Səhifə 2 / 2 · 50%

Rus dilbəri özünə göstərilən bu təntənə nəticəsində mənə demək istədiyi sözləri sanki unutmuşdu. O, Arşakın həm özü, həm də evindəki şeylər və zənginliklərlə maraqlanırdı. O, yemək və içməyə əhəmiyyət verməyərək yalnız evlərə və evlərin divarlarındakılara, tağlara, taxçalara baxır və bizə cürbəcür suallar verirdi. Nəhayət, o, bir Anadolu kəndlisi şəklinin qarşısında durub uzun dəqiqələr tamaşa elədi, şəkildə görünən zatın başındakı sarıqlı fəs, əynindəki gen və biçimsiz şalvar, onun ayağındakı qıvraq çarıq qızın diqqətini özünə cəlb etmişdi.

Sanki qız qoca şəklinin saqqalındakı ağ tüklərdə qara bir zamanın tarixini oxuyaraq, heyrət dənizlərinə qərq olmuşdu. Şəkildəki qocanın alnındakı qırışıqların görünüşü qız üçün bir xəritə görünən dağ silsiləsinin görünüşündən daha heyrətli idi. Kişinin şəkli ilə yanyana bir də qoca qadın şəkli var idi. Qadın qoca olduğuna və saçlarının tamamilə bozardığına baxmayaraq, çöhrəsində görünən təravət onun gənclikdə malik olduğu gözəlliyi tanıdırdı. Şübhəsiz ki, rus qızını bu şəklin sahiblərinin qiyafələri daha artıq maraqlandırırdı.

Qız nəzərini şəkillərdən çəkərək Arşaka müraciətlə dedi:

– Bu qiyafədə adamları birinci kərə görürəm. Bunlar kimdir? Hansı bir məmləkətin əhalisi bu cür geyinir?

Nədənsə qızın bu sualından sonra Arşakın vəziyyəti birdən-birə dəyişdi. Qayıdıb stolun ətrafında oturdu, kədərli adamlar kimi qutudan bir papiros götürüb yandırdı, dərin bir nəfəs vuraraq dedi:

– Dünya belədir. O şəkillər mənim talesiz həyatımın qəmli bir tablosudur. O şəkillərdə mənim uşaqlıq və gəncliyimin bədbəxt və qara tarixi gözlənmişdir.

Qız etiraz edərək:

– Bu qədər naz-nemət, bu qədər zənginliklər içində yaşadığınız halda yenədəmi özünüzü xoşbəxt hesab etmirsiniz? – deyə soruşdu.

– Dünya belədir, xanım 1 Daima zəhərlər şirinlərin dalında gizlənirl Daima insanları məhv edən bədbəxtlik bəzən insanlara xoşbəxtliyin pərdəsində yanaşmış olur. Bu gün sizin naz-nemət içində gördüyünüz Arşak hazırkı dünyanın ən bədbəxt bir adamıdır. Mənim dünyada heç bir zaman üzüm gülməmişdir, bəzən gülsəm belə, o da uğursuz həyatıma istehza gülüşlərindən ibarətdir.

Arşakın bu sözləri məni titrətdi. Mən onu Təbrizə gəldiyim gündən tanıyırdım, lakin onu özü dediyi kimi bədbəxt bir adam yox, təbiətin yaxşılıqlarını mənimsəmiş olan bir gənc kimi tanıyırdım. O, hər şeydən əvvəl, öz inqilabçı əqidəsilə də zəngin və xoşbəxt idi. Mən onun saçlarının gənc ikən vaxtından əvvəl ağarması səbəblərini onun ağır günlər keçirməsində yox, nəsli bir əlamət olduğunda arayırdım.

Uzun aylar cəbhələrdə birlikdə çalışdığımız bu qəhrəmanı indiyə qədər öyrənmədiyim üçün öz-özümü danladım.

Təbriz inqilabının bu yorulmaz qəhrəmanı və əks-inqilabın bu inadkar düşməni indiyə qədər özünü mənə tanıtmamışdı. Buna görə mən rus qızının səsinə səs verib, Arşakdan şəkil sahibləri barəsində danışmağı rica etdim.

Arşak barmağı ilə şəkilləri göstərib dedi:

– Onların birisi Süleyman əfəndi, o birisi də Salihə xanımdır.

Mən soruşdum:

– Onlar kimdir?

– Birisi mənim atam, birisi də anamdır.

– Siz erməni dinini sonramı qəbul etdiniz?

– Xeyr! Mənəvvəldən də erməniyəm, erməni ailəsində doğulmuşam. Atamın adı Suren, anamın adı isə Marodur. Atam Tiflis kəndlərindən idi, bir kiçik təsərrüfatı var imiş, mənim yadıma çox az gəlirlər.

Qız soruşdu:

– Bəs bunlar kimdir?

– Mənim evimə qonaq gəldiyiniz üçün sizi kədərləndirmək istəmirəm, çünki mənim başıma gələn fəlakətləri yazmaq üçün mahir bir yazıçı lazımdır, məncə onu lazımi qədər təsvir etməyi bacarmayacağam.

Qız yenə də öz sözündə inad göstərdi, Arşak isə məcbur qalıb öz keçmişini danışmağa başladı:

– Mən Türkiyədə doğulmuşam, orada osmanlı hökumətinin hər cür bəhanə ilə yerli erməniləri, asoriləri və kürdləri qırdırdığı sizə məlumdur. 1890-cı ilin avqustunda, gecə bizim kəndə də belə bir basqın oldu. Qırılan qırıldı, qaçan qaçdı. O zaman mən bir yaşında idim, ata və anamı öldürdükdən və evi daşıyıb apardıqdan sonra, məni də yatağımdan yerə atıb, yorğan-döşəyimi aparmışdılar. Məni öldürməmişdilər, çünki gələcəkdə mənim daha da fəlakətli və faciəli günlərim olacaqmış... Bir gün keçəndən sonra atamın dostu və qonşu kəndli Süleyman əfəndi kəndə gəlib, ata-anamın meyidini yudurdu» basdırır və məni dağılmış evimin torpaqları üstündən götürüb gedir. Süleyman əfəndinin övladı yox idi, onun arvadı Salihə xanım məni öz uşağı kimi döşlərində yatırıb böyütdü, mən beş yaşa çatdıör zaman Süleyman əfəndi ilə arabaya oturub çölə getdikdə o mənim üzümdən öpərək: «Doğrudur, sən bizim oğlumuzsan, lakin sənin başqa atan var idi. Bu gündən etibarən sənin adını Arşak Surenyans qoyuram. Suren rəhmətlik mənim yaxşı dostum idi, sən böyüdükdən sonra həm mənim, həm də rəhmətlik Surenin çırağını yandırmalısanp deyir. Mən çox xoşbəxt yaşamağa başladım .Kənddə mənim bacarığımı, xoşbəxtliyimi hər kəs danışardı. Süleyman əfəndi və arvadı Səlihə xanım çox qocalmışdı. Təsərrüfat işlərinin hamısını əlimə almışdım . Qocalar bundan şadlanır və mən böyüdükdə daha da rahat yaşayacaqlarına inanırdılar. Lakin daşnaklar mənim xoşbəxtliyimi əlimdən aldılar. On yaşına çatmışdım. Payız idi, tezdən öküzləri arabaya qoşub taxıl dərzlərini daşımaq üçün çölə getmişdim, gecə çox gec qayıtdım. Dərzləri açıb tayaya yığdım, öküzləri açıb tövləyə apardıqda qapıları açıq görüb şübhələndim, kibrit çəkib tövlədə heç bir şey görmədim, oğru gəldiyini zənn edib tez evə qayıtdım. Süleyman əfəndi bir az ağır eşidərdi, buna görə də dəhlizdən cana, analp deyərək, Salihə xanımı səslədim, cavab gəlmədi, içəri girib kibrit çəkdim. Onların ikisini də doğramışdılar. Səhərə qədər meyitlərin yanında oturub ağladım, səhər kəndlilər gəldi, arabaya qoşduğum öküzlərdən başqa bir şey qalmamışdı, onları satdım, meyitləri basdırdıq, onlara ehsan verdim, qırx gün orada qaldım, qırx gündən sonra həmin bu iki şəkli cibimə qoyub qəbirləri üstünə gedib, səmimi və mehriban qocalarla vidalaşdım. İrana gələn karvanlara qoşulub vətənimi atdım.

Bu sözlərdən sonra Arşakın gözündən bir damcı yaş düşdü, söhbətlərdən təsirlənmiş rus gözəli də ağladı və titrək bir səslə:

– Yaxşı da edib oradan çıxıbsınız, – dedikdə Arşak:

– Bəli, yaxşı edib çıxdım, – dedi. – Lakin fəlakətlər, bədbəxtliklər də oradan məni təqib edə-edə gəldi. Karvanla Xoy şəhərinə gəldim, bir neçə gün yersiz və işsiz dolandım, nəhayət, zərgər dükanı olan Ohanes ağanın yanında ev nökəri durdum. Bir il onun evində, bağçasında işlədim, nəhayət, o mənim qabiliyyətli uşaq olduğumu görüb dükanına şagird götürdü. Onun bir oğlu tüfəng qayıran, bir oğlu başmaqçı, üçüncü oğlu da rəssam idi. Mən bu sənətlərin üçünü də öyrəndim. Mən yaxşı sənətkar olmuşdum, onlar məni buraxmaq istəmirdilər, mən özüm də getmək istəmirdim, onlara öyrəşmişdim. Xüsusən onların tək qızları Varvara ilə sevişmişdik, bir-birimizi həddindən artıq sevirdik. Mən son zamanlar ancaq onun üçün yaşayırdım. Qıza olan sevgim sənətimə olan sevgilərimi də canlandırır və mənim şüuruma təkan verirdi.

Ohanes ağa və onun arvadı bizim sevgimizi bilirdi, onlar buna mane olmadılar, biz Varvara ilə nişanlandıq. Toy hazırlığımız bitmişdi. Bir həftədən sonra biz gələcək xoşbəxt ailənin təməlini qoyacaqdıq. Günün birində Varvaranın böyük qardaşı təzə qayırdığı cMartirə tüfəngini əlləşdirdiyi zaman güllə açılıb Varvaranın ürəyinin başından dəydi. Mən tüfəng səsini eşitdikdə o biri otaqdan tələsik gəldiyim zaman bədbəxt Varvara da son nəfəsini çəkirdi, o mənim qucağımda can verdi. Son nəfəsdə gözlərini açıb baxdı və gözündən həyatın son damcılarını buraxdı, göz qapaqlarını yumdu, sanki o, bir söz demək istəyirdi, lakin bacarmadı. Mən onun nə demək istədiyini dərhal hiss etdim və dodaqlarımı qanı çəkilməkdə olan dodaqlarına qoyaraq:Varvaral Eşit, sənin ölümünlə mənim də ailə həyatım öldün

– dedim. Zənn edirəm ki, Varvara bu sözlərimi eşitdi. Mən Varvaradan sonra Xoyda ancaq bir həftə qala bildim. Ohanes ağanın ailəsi məni sevgilimin qəbrindən ayırıb evə apara bilmirdi, çünki mən evə qayıdıb qızın qatilinin üzünə baxa bilmirdim. Birinci həftə bitdikdən sonra qızın qəbrinə bir dəstə gül qoydum və gecəyarısı qəbiristandan qalxıb, birbaşa Təbrizə yola düşdüm. Həmin sol tərəfdə gördüyünüz şəkil mənim Varvaramın şəklidir. Onu özüm çəkmişəm, həmin şəkil mənim son sevgimin unudulmaz abidəsidir.

Mən Varvaranın şəklinə baxdığım zaman Arşaka dönərək:

– Səni başa düşürəm, əziz dostum, sənin Varvaran unudulacaq Varvara deyildir, – dedim.

O,başına hərəkət verərək:

– Bəli, unudulacaq deyildir, indi isə vaxtımı iyirmi nəfər yetimlə keçirib, gələcək bədbəxtliyi gözləyirəm, – dedi.

Bir neçə dəqiqə heç kəs danışmadı, yenə də Arşak özü sükutu pozaraq:

– Belədir, xanım qız, on doqquz yaşlarında saçları ağaran, iyirmi dörd yaşlarında isə qocalan Arşakın həyat tarixi bundan ibarətdir. Bundan sonra xoşbəxt və zəngin hesab etdiyiniz adamların həyat tarixini soruşmayın, çünki adam böylə söhbətləri danışdığı zaman keçirdiyi fəlakətləri bir daha yaşamış olur, – dedikdə qız:

– Mən həm Əbülhəsənbəy, həm də sizinlə bəzi söhbətləri danışmaq üçün gəlmişdim, bu qəmli söhbətlərdən sonra hərgah məni eşitmək üçün vaxtınız varsa, icazə verin danışım.

Mən də, Arşak da qızdan danışmasını rica etdikdən sonra, o, söhbətə başladı:

– Mən yalnız öz tərəfimdən yox, anamın tərəfindən də yanınıza gəlmişəm. Atam Təbrizə bizə pərəstar olmaq üçün gəlməmişdir. Mühüm bir vəzifə üçün Qafqaz canişini tərəfindən buraya göndərilmişdir. O, tək deyil, onun bir ingilis yoldaşı da vardır. Onlar burada casus təşkilatı düzəltməyə çalışırlar. Bunun üçün də anam çox qorxur, çünki onların düzəltdiyi təşkilat yerli xalqın əleyhinədir. Heç şübhə yoxdur ki, cənab Əbülhəsənbəyin və cənab Arşakın bizimlə olan səmimi tanışlığı davam edəcəkdir. Siz bizim və biz sizin evinizə gedib-gələcəyik. Buna görə də sizdən çox rica edirəm ki, atamın yanında bəzi sözləri danışmayasınız, çünki yandarmın və xəfiyyə təşkilatı üzvlərinin dostu olmaz, onlar vəzifə üçün ən yaxın adamlarını da qurban verə bilərlər. Bir də sizdən rica edirik ki, tanımadığınız qadınlarla tanış olmayın, onları evinizə gətirməyin, çünki atamın əlində olan materiallardan görünür ki, Təbrizə bir çox casus qadınlar gətirilmişdir. Mən sizə bunları demək üçün gəlmişdim. İndi isə icazə verin mən gedim.

Mən də, Arşak da qızdan razılıq etdik və qaranlıq düşəndə onun qolundan tutub evlərinə yola saldıq. Yol uzunu yenə də sevgi barəsində təzə fəlsəfələrdən deyirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri