Bakı Komitəsinin xətti-hərəkəti
Montinin yoldaşları məhkəmə qapısında durub onu gözləyirdi. Salonun qapısından çıxanlar danışır, üzlərindən narazılıq tökülürdü.
– Vallah, billah, işləri xarab eləyən hökumətin özüdür!
– Əlbəttə ki, özüdür! Haramzadanın birisi dünyanı vurub bir-birinə; padşahın pristavını bihörmət edib, necə dəfə dustaqdan qaçıbdır, buyurun görək, belə bir adamı azad buraxmağın nə mənası vardır?
– Hökumət başına nə gül töksün? İnqilab hərəkatı bütün Rusiyanı yerindən qopartmaq istəyir. Hökumət haramzadaları bir cür sakit etməyə çalışır. Buraxmasın nə eləsin, bayırdakılar dinc dururmu?
– Belədir, hər adam bunun mənasını anlamaz! Bu gün lazım olsa azad edər, sabah yenə də lazım olarsa tutub qalaya soxar.
Bu söhbətlər gedərkən Montin məhkəmə qapısından çıxıb yoldaşlarına tərəf gəlirdi. Əl sıxmaq, qucaqlaşmaq və öpüşmək bitdikdən sonra Montin yoldaşları ilə birlikdə erməni-müsəlman qırğını haqqında buraxılan şayiələri müzakirə üçün çağırılmış iclasa getdi.
İclasda aparılan müzakirələr nəticəsində hökumətin erməni-müsəlman qırğını hazırlamaqla, inqilab hərəkatını qardaş millətlərin qanı ilə boğmaq istədiyi meydana çıxdı.
İclas erməni və Azərbaycan dilində intibahnamələr çap etmək, iki millətin arasında izahat kampaniyaları aparmaq, hökumətin bu cinayətini ifşa eləmək qərarına gəldi.
İclas qurtardı. Hamı iclasdan birlikdə çıxdı. Vasya intibahnamə buraxılmasının əleyhinə idi.
Onların hamısı birlikdə Sabunçuya getməli idilər. Sergey Vasiliçi görmək lazım idi; onun xəstəliyi şiddətlənmişdi, daha yerindən qalxa bilmirdi.
Vasya Sergey Vasiliçin evində yenə də söhbəti erməni-müsəlman qırğını məsələsi üzərinə qaytarıb:
– Mən razı deyiləm, — dedi. — Mən elə bilirəm ki, erməni-müsəlman hadisəsi baş verə bilməz. Belə bir şey olsaydı, onu daşnaklar və hınçakistlər hamıdan əvvəl bilərdilər.
Ayrapet gülərək dedi:
– Mən çox təəccüb edirəm ki, Vasya menşeviklərə inandığı kimi, daşnaklara da inanır. Şüurlu adam onlara inanarmı? Onlar xaindirlər, onlar bolşevik fəhlələri nüfuzdan salmaq üçün hər bir xəyanətlə barışa bilərlər. Mən sənin intibahnamə buraxmaq əleyhinə olduğuna heç bir məna verə bilmirəm.
Vasya bu sözlərə etiraz edərək dedi:
– Əsli olmayan məsələ haqqında intibahnamə buraxmağın və xalqın beyninə şübhələr yerləşdirməyin nə mənfəəti vardır? Bu belə olsa, hər iki millət bir-birinin əleyhinə hazırlıq aparar.
Pavluşa da Vasyaya etiraz edərək:
– Mən Bakı komitəsinin fikrini doğru hesab edirəm. Biz öz vaxtında fəhlələri xəbərdar etməliyik. Biz öz sözümüzü güllələr atılmadan qabaq söyləməliyik. Belə mühüm bir zamanda Bakı komitəsinin kütlələrə rəhbərlik etməsi tamamilə yerli və doğrudur. Kütləvi xainanə bir siyasət yürüdən hökumətin təbliğatı qarşısında rəhbərsiz qoymaq, onların kor-korana milli qırğına sürüklənməsinə soyuqqanlılıqla baxmaq misli görünməmiş bir cinayətdir. Bakı komitəsi bu məsələni vaxtında qarşılamalıdır. Qoy kütlələr bizi dinləməsin, sonra «Bakı komitəsi kütlələri xəbərdar etmədi» deyə məzəmmət edən də olmaz; Bakı komitəsinin doğru yol götürdüyü meydana çıxar.
Qırğın başlandıqdan sonra işə başlamaq düzgün xətti-hərəkət deyildir.
Hökumətin bu barədə hazırlıq aparmasına gəldikdə, bu o qədər də təəccüb ediləcək işlərdən deyildir, çünki çar hökuməti bu siyasəti Zaqafqaziyadan əvvəl bir çox yerlərdə həyata keçirmişdir. Rus-yəhudi və polyak xalqları arasında səpilən toxum, burada da səpilə bilər.
Sergey Vasiliç də Pavluşanın sözlərini təsdiq edərək:
– Bakı komitəsinin xətti-hərəkəti olduqca düzgündür, — dedi. — Mənə qalırsa biz yubanmışıq. Biz bu işi bir az da əvvəldən başlamalı idik. Sizə vəsiyyət edirəm: menşeviklərdən birdəfəlik əlaqəni kəsin. Milli partiyalara inanmayın!
Əsgər danışdı:
– Bu şayiələr çıxandan bəri mən Nobel mədən və zavodlarında çalışan fəhlələr arasındakı köhnə dostluğu görmürəm. Yoldaşlar bir-birini köhnədə olduğu kimi qarşılamırlar, salamlar çox ağızucu verilir. Bəzən yoldaşlar bir-birini görəndə özünü görməməzliyə vurur. Daşnaklar fəhlələri zəhərləmişlər. Mən dünən istirahət zamanı bu məsələyə çox diqqət verdim. Yoldaşlar əvvəldə olduğu kimi qarışıq oturmamışdılar. Erməni erməninin, azərbaycanlı isə azərbaycanlının yanında oturmuşdu. Onlar bir-birlərini danışdırdıqda və sual verdikdə ya etinasız cavab alır, ya da heç almırdılar. Yoldaşlar! Bu vəziyyət göstərir ki, bu şayiələr, fəhlələrin yoldaşlıq ruhunu zəhərləmişdir. Mən çox zaman demişəm, yenə də deyirəm: Vasya bəzən elə axmaq-axmaq danışır ki, adam bunun normal bir adam olduğundan şübhələnir. Vasya görmürmü ki, avam fəhlələr bu şayiələrin səbəbini hökumətdə deyil, bir-birində axtarırlar? Mən bütün vicdanımla deyirəm ki, hökumətin bu xəyanəti təsirsiz qalmamışdır. O şayiələr fəhlələrin ruhunu zəhərləmişdir.
Vasya təbii halından çıxmışdı. O, Əsgəri danlamağa hazırlaşırkən Jenya içəri girdi. Ona görə də Vasya öz sözlərini deyə bilmədi.
Jenya Sergey Vasiliçin yatağının yanına gəlib onu öpdü, sonra anasını öpərkən anası:
– Bu gün Jenyanın anadan olan günüdür, — dedi.
Jenya gətirdiyi şeyləri stolun üstünə qoydu. Məmməd, Əsgər və Ayrapetlə görüşdü, Pavluşa ilə Vasyaya heç əhəmiyyət də vermədi, əllərini də sıxmadı. Soyunmaq üçün içəri otağa keçdi. Bundan istifadə edən Pavluşa və Vasya ayağa qalxıb getmək istədilər.
Sergey Vasiliç onlarla Jenya arasında olan ixtilafı bilirdi, buna görə də onları səslədi:
– Ey uşaqlar, oturun! Bu gündə doğulanın xatirinə oturmaq istəməsəniz də, bu günlərdə ölməyə hazırlanan yoldaşınızın xatirinə oturun!
Nə Pavluşa, nə də Vasya danışdı. Öz yerlərində oturdular. Bir azdan sonra Jenya da gəlib anasının yanında oturdu, Məmməd və Əsgərlə söhbətə başladı.
– Yoldaşlar nə haldadırlar?
Əsgər:
– Hamısı buradadır, — dedi, — gərək ki, kefləri də yaxşıdır. Sənin kefin necədir?
– Necə olacaqdır? Orada çalışıram, ürəyim isə buradadır.
– Eybi yoxdur. Orada işləməyin də lazımdır.
Pavluşanın fikri keçmişlərdə gəzirdi. O, Jenya ilə həmin bu evdə keçirdiyi günləri, saatları, hətta dəqiqələri xəyalından keçirirdi; onun qabağında səmimi, nəvazişkar, eyni zamanda qorxmaz və inadkar Jenya durmuşdu.
Jenya çay stəkanlarını stolun üstünə qoyarkən yenə də Vasya ilə Pavluşa qalxıb getmək istədi. Bu dəfə Jenyanın anası bunlara mane olub əyləşdirdi.
Çay içildi. Nahar yeməyini də birlikdə yedilər. Sergey Vasiliç Ayrapetə dedi:
– Ayrapet, sən bu uşaqları barışdır. Hansı birisi müqəssirsə, özəyə ver, qoy təşkilat onu intizam altına alıb düzəltsin.
Jenya qəti bir səslə dedi:
– Mən buna razıyam.
Vasya Pavluşadan qabaq cavab verdi:
– Onda sən qazanmazsan, yazıq olarsan.
– Yazıq olan ancaq anlamayanlardır!
Pavluşa:
– Sən inadçısan, — dedi.
– Mən inadçıyam, lakin mənim inadım Vasyanın inadı kimi boş deyildir. Mündəricəsiz və prinsipsiz inadın cəmiyyət üçün heç bir əhəmiyyəti yoxdur. Vasya partiya tərbiyəsini və partiya intizamını mənimsəməkdən acizdir. O, həyatda hər şeyi təhrif edən və hər şeyi əyri görən bir ünsürdür. O, partiyalılıq işini də təhrif edir, yanlış anlayır, onu öz düşüncəsilə ölçür. Vasya bütün diqqətini iş yaratmağa deyil, yersiz sözlər yaratmağa sərf etməkdədir. Məni görən zaman sözünü gizlədir, ən adi bir sözü bitərəflərin yanında oğru kimi danışır, bunu da o, partiya tərbiyəsi və partiya taktikası hesab edir. Mən Vasyanı bir çox dəfə simasızlıqda təhmətləndirmişəmsə, o, mənim səhvimdir. Mən 1904-cü ilin fevralından başlayaraq Vasyanın simasını tamamilə aydınlaşdıra bilmişəm.
Vasya özünü saxlaya bilməyib acıqlı soruşdu:
– Necə? Necə? 1904-cü ilin fevralında mən nə iş görmüşəm ki, sən də mənim simamı aydın etmiş olasan?
Jenya çox soyuqqanlılıqla onun cavabını verdi:
– Heç qızışma, qışqırma da. Mən Pavluşa deyiləm, sən onun üstünə qışqıranda sözünü yadından çıxartsın.
– Mənə də Vasya deyərlər! Bununla məsələ həll olunmur. Birisinin simasını göstərmək üçün isbat və vəsiqələr lazımdır.
Jenya dedi:
– Onların hamısı vardır. Məni yaxşı eşit: o zaman ki, Zaqafqaziya bolşeviklərinin təşkilatını düzəltmək məsələsi dururdu, o zaman ki, menşeviklərin əleyhinə mübarizə başlanmışdı, o zaman ki, partiyanın III qurultayını çağırmaq uğrunda menşeviklərdən tamamilə ayrılmaq siyasətini müdafiə etmək lazım idi, sən Vasya nə iş görürdün?
– Necə nə iş görürdün?
– Sən o zaman leninçi bolşeviklər təşkilatı düzəltmək uğrundakı mübarizəyə nə kimi kömək edirdin? Menşevik hərəkatına kor-korana qoşulan Bibiheybət fəhlələri arasında işlədiyimiz vaxt və Montinlə bərabər şendrikovlara atəş açdığımız bir zamanda sən Vasya bir necə kərə şendrikovlara qarşı çıxışda bulundunsa da, həmişə öz aramızda bizi tənqid edirdin. Sən menşeviklərdən ayrılmaq siyasəti ilə razı deyildin. Heç olmazsa sən bu günlər özünü göstərə idin. Bakıdakı menşeviklərlə inadlı mübarizə aparaydın. Sən bilirsən ki, üçüncü qurultayın çağırılması uğrunda gərgin mübarizə davam edir? Sən bilirsən ki, hazırda menşevik mərkəzi komitəsinin nümayəndəsi Qlebova Bakıdadır və menşeviklər bizə qarşı inadlı bir cəbhə düzəltmişlər? Sən Vasya, belə bir gündə nə işdəsən? Səndən soruşuram, cavab ver! Hansı bir müəssisəyə getdin? Hansı fabrikin fəhlələri arasında izahat kampaniyası apardın? Heç yerdə! Ağzına su alıb oturmuşsan, nə bolşeviklərin lehinə, nə də menşeviklərin əleyhinə bir söz danışırsan.
Vasya ona acıqlı baxaraq dedi:
– Başqalarından danışma, özündən danış, nə üçün hərəkatdan ayrıldın?
– Mən hərəkatdan ayrılmamışam, hərəkatı yanlış anlayanlardan ayrılmışam. Mən Vasya kimi adamları sevmirəm. Özünü fövqəladə bir biliyə malik adam kimi göstərməyə çalışan, əslində tənbəl, sözbaz, biliksiz, hətta biliyini artırmaq istəməyən, siyasi biliyi cəhətdən savadsız, boş-boş fikirlərlə silahlanan yalançı bolşeviki görmək istəmirəm! Onun mübarizə apardığı düşmən, təpəsindən dırnağına qədər silahlanmışdır. Vasya gec-tez bizdən tamamilə ayrılacaqdır. Qarı arvadlar kimi söz gəzdirmək, eşitdiyi sözü dəyişdirib məqsədinə uyğun bir şəkildə demək, insanların qəlbini öyrənib onda öz pis söhbətləri üçün mövzu aramaq, öz yüksəkliyini başqalarının alçalmasında bilmək bolşevik işi deyildir!
Vasya, məndən incimə! Sən hələ bolşevik ola bilməmişsən! Sən yarımçıq bolşevik olsaydın, yenə də dərd yarı idi. Sən hazırda bizdən ayrılmaq üçün son addımlarını atmaqdasan. Pavluşa, mən bu sözləri səni Vasyadan ayırmaq üçün demirəm. Siz Vasya ilə bu dostluğu uzun yaşada bilməyəcəksiniz. Səndə müstəqil bir düşüncə olsaydı, ya Vasyanı düzəldər, ya da ondan tamamilə uzaqlaşardın.
Vasya nə qədər uydurucu, demaqoq bir adamdırsa, sən də bir o qədər tez inanan, avam, iradəsiz, şəxsi həyatında başqalarının fikrindən asılı olan bir bolşeviksən. Sən elə bilirsən ki, tək-tək partiya üzvlərinin fikri komitənin və təşkilatın fikridir? Belə deyil! Tək-tək fikirlər bir yerdə yığılıb partiyanın qəlbirindən keçəndən sonra bir həqiqi fikir halına düşmüş olur.
Pavluşa birkərəlik bunu iqrar etməlidir ki, o hələlik Vasyanın iradəsindən asılıdır. Pavluşada bolşevikliyə yaraşan şəxsi təşəbbüs yoxdur. Vasya Pavluşanı bir hərəm qadını kimi azadlıqdan məhrum etmək istəyir. Pavluşa mənimlə görüşmək istəmir. İndi mən bu yoldaşların yanında Pavluşadan soruşuram: təşkilat bir kərə də olsa sənə qədəğən etmişdirmi ki, mənə qoşulmayasan? Mənim barəmdə ya partiya komitəsi, ya rəhbərlikedici yoldaşlardan birisi sənə rəsmi, ya qeyri-rəsmi bir söz söyləmişdirmi?
Pavluşa cavab verdi:
– Yox, təşkilat mənə heç bir söz deməmişdir.
Vasya da danışdı:
– Biz təşkilat üzvüyük, təşkilat tək-tək üzvlərdən ibarət deyildirmi?
Jenya dedi:
– İndi ki, elədir, o zaman sən Vasya öz sözünü təşkilat vasitəsilə deməlisən. Özbaşına olaraq təşkilat adından danışmağa haqqın yoxdur! Bolşevik təşkilatı başıpozuqlar təşkilatı deyildir. Sən də, Pavluşa da işinizi-peşənizi buraxıb məni öyrənirsiniz, məndən haqq-hesab istəməyə çalışırsınız. Tezdir hələ, sizin qüvvəniz buna qabil deyildir. Məni sizdən də əvvəl öyrənənlər vardır. Onlar sizin kimi savadsız da deyillər, mətanətsiz və iradəsiz də deyillər. Onların qəlbi də möhkəm, iradəsi də möhkəmdir. Təşkilatı idarə edənlər bizim hamımızı özümüzdən də gözəl tanıyırlar.
Axşam qaranlıq düşüncəyə qədər oturdular. Jenyanın şəhərə qayıtmaq vaxtı yetişdi. Pavluşa iki fikrin arasında çapalayırdı: «Jenyanı şəhərə aparsınmı? Bundan Vasya açığlanmazmı?».
Jenya paltosunu geydi. Getməyə hazırlandı. Anasını və atasını öpüb ayrılarkən Əsgərə dedi:
– Əsgər yoldaş, məni şəhərə qədər ötür.
Əsgər ilə Jenya getdilər. Pavluşa Vasyanın, Vasya da Pavluşanın üzünə baxa-baxa qaldılar.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-baki-komitesinin-xetti-hereketi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
«Müfəssəl deklarasiya dinləmək üçün vaxt olduqca azdır. Birləşmiş iclas Bakını müdafiə tədbirlərinin müzakirəsinə həsr edilməlidir.Tiq-Çonson
XXIV. Esterin həbs edilməsiBolşeviklərin həbsə alınması və onların əmlakının və hərbi ləvazimatın müsadirə edilməsinə dair çıxarılan qərar Esterə olduqca ağır təsir bağışladı. Esterin zənnincə bütün bolşevik işçilər həbsə alınacaq və edam ediləcəkdi. O, bolşeviklərə məhəbbət bəsləyir və onların hökumət başından çəkilməsinə çox kədərlənirdi. Esterin bolşeviklərə bəslədiyi hüsn-rəğbətdə, Vahanla olan səmimi əlaqəsi də mühüm rol oynamaqda idi.O, daima qəlbində «Bolşeviklər yaxşı və xalqın qeydinə qalıcı adamlar olmasaydı, Vahan onlara qoşulmazdı» deyə düşünürdü.
XXV. Bolşeviklər Həştərxana gedir«Mən ingilis imperializmi ilə birləşib Almaniya imperializminə qarşı müharibə etmərəm. Mən vətənimə hücum edən bütün imperialistlərə qarşı amansız mübarizə aparacağam.Petrov
XXVI. «Üçüncü Bahadır şah»Şahzadə Bahadır xanın şərəfinə verilən ziyafətdə Bakı ziyalısından başlayaraq, Bakı milyonçusuna qədər hamı iştirak etdi. Türklərin şəhərə yaxınlaşmasını görüb Bakı kəndlərinə, xüsusən Mərdəkana yığılmış «müsavat» partiyası rəhbərləri də bu ziyafətdə iştirak edirdilər.Ziyafətdən üç mühüm məqsəd vardı. Onlardan biri ziyafəti təşkil edən Hacı Zeynalabdin Tağıyevin daşıdığı məqsəd idi.
Başqa şairlərin şeirləri
Sevda sitəmindən cismim səd parə,Qəm ləşkəri bu hicrana mil çəkər.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki