XXV. Bolşeviklər Həştərxana gedir
«Mən ingilis imperializmi ilə birləşib Almaniya imperializminə qarşı müharibə etmərəm. Mən vətənimə hücum edən bütün imperialistlərə qarşı amansız mübarizə aparacağam.
Petrov
12 avqust, 1918-ci il.
Leyla xanım telefonda Türkiyə əks-kəşfiyyatı bürosu ilə danışırdı:
– Hacı Zeynalabdin cənablarının evidir... Bəli... xaricdə nömrə 11, daxildə 4... vəsiqə 21, vasitə 41... təftiş 55... Dolmabağça 16... dinləyin, şifahi nömrə 2.
Bu gün bolşeviklər Bakını tərk edir. Onlar Sovet hökumətinə məxsus olan bütün qiymətli şeyləri və hərbi ləvazimatı toplayaraq on üç paroxoda yükləmişlər.
Mərkəzi Kaspi Diktaturasının etirazına baxmayaraq, Moskvadan Sovet hökumətinin göndərdiyi bütün şeyləri, Şaumyan özü ilə aparır. Şeylərin burada qalması və Bakını işğal edəndən sonra hökumətimizin əlinə keçməsi ən mühüm qələbələrdəndir. Buna görə də mən miralay Keyvort və Bahadır xanla danışdım. Radio vasitəsilə general ilə də danışıldı. Bolşeviklərin həbs və hərbi ləvazimatın müsadirə edilməsi qərara alındı. Hər halda hərbi ləvazimatın və başqa vəsaitin əlimizə keçəcəyi şübhəsizdir.
Cəbhədə də işlərimiz yaxşıdır. Mühüm rol oynamaqda olan Petrovun hərbi qüvvələri cəbhəni buraxıb Rusiyaya çəkilir, ingilislərlə Mərkəzi Kaspi Diktaturası Petrovu saxlayaraq Türkiyə əleyhinə istifadə etmək istəyirdi.
Bu gün Petrov onlara rəsmi yazmışdı:
«Mən İngiltərə imperializmi ilə birləşib, Almaniya imperializminə qarşı müharibə etmərəm».
Bu sözlər eynilə Petrovun ağzından çıxan və hökumətə rəsmi surətdə yazılan sözlərdir. İndi artıq Bakının müdafiəsi, başıpozuq, ruhu düşkün Bakı qoşunu ilə ingilis təlimatçılarının öhdəsinə qalır. Bu gün yerli qoşunun vəziyyətini və qüvvəsinin nədən ibarət olduğunu göstərən rəqəmləri miralay Keyvort, kapitan Stoks və Bahadır xan müzakirə etdilər və öz mülahizələrini bütün məlumatla bərabər Ənzəlidə, general Denster-Vilə göndərdilər. Həmin məlumatın surəti qarşımdadır. Dinləyin, telefonda oxuyuram.
«İngilislərin gətirdiyi tüfənklərdən başqa yerli qoşunun əlində 6 min tüfənk vardır.
Bütün yerli qüvvə 22 batalyona təqsim edilmişdir. Onların hər birində 150-dən 500-ə qədər adam vardır. Cəbhəni müdafiə qüvvəsi olduqca zəifdir. Tikanlı məftil qətiyyən yoxdur. Cəbhənin sol qanadında ingilis Şimali Stafford alayının bir hissəsi yerləşmişdir. Bu hissə olduqca zəifdir, sayı 100 nəfərdən artıq deyildir. Şimali Stafford alayının bir hissəsi də cəbhənin mərkəzinə yaxın olan mövqelərdədir. Bunlar da sol qanadda yerləşən qüvvənin miqdarından artıq deyillər. Bu hissələrin ən zəif cəhəti burasındadır ki, onları əvəz edəcək qüvvə çatmır. Cəbhəni bir neçə kərə özbaşına buraxıb gedən iki yerli batalyon vardır. Bu günkü müzakirədə, sol cəbhədə mütləq məftil hasar çəkilməsi qərara alınmışdır.
İngilislər, hərbi plan üzrə hazırkı cəbhəni Türkiyə ordusu əlində olan mövqelər hesabına irəli aparmaq istəyirlər. Çünki Türkiyə ordusunun işğal etdiyi cəbhə dəyişilmədiyi təqdirdə Türkiyə topları doku limanda duran paroxodları, hətta «Yevropa» və «Metropol» otelində yerləşən ingilis ərkani-hərbini döyməyə müvəffəq olacaqdır. İngilislərin çəkdiyi hərbi plan qarşımdadır. Onu sabah göndərəcəyəm. Bu plan üzrə cəbhəni üç-dörd kilometr irəli atmaq üçün başlanan hücum, şəhərin qərb tərəfindən başlanmalıdır. Bu hücumu müvəffəqiyyətlə aparmaq üçün yerli qoşunu yenidən təşkil etmək layihəsi hazırlamağa başlamışlar.
Bu layihəni həyata keçirmək üçün miralay Keyvort Ənzəlidə ingilis missiyası rəisi general Denster-Vilə müraciətlə miralay Uordenin və bir neçə kiçik rütbəli zabitin göndərilməsini rica etmişdir.
Yeni gördüyümüz işlərin ən mühümü yerli qoşun arasında apardığımız təşviqatdan ibarətdir; bu təşviqat nəticəsində yerli qoşun hissələri kütləvi surətdə istirahət tələb edir. Yerli qoşunu yenidən təşkil işində əsas maneələrdən biri də qoşunun istirahət tələbindən ibarətdir. Bu təşəbbüs nəticəsində sol qanaddakı ingilis Stafford alayının yüz nəfərlik hissəsi ehtiyatsız qalmış olacaqdır. Bundan da əlavə Stafford alayının vəziyyəti ümidsizdir. Çünki bunun ehtiyatı olan yerli qoşun çox uzaqda yerləşdirilmişdir.
Palçıq vulkanı hissəsindəki cəbhəni, Stafford alayının «D» bölüyü müdafiə edir. Bahadır xanın mənə dediyinə görə, bu bölüyün komandanı kapitan Sparro hərbi biliyi olmayan mətanətsiz və zəif bir adamdır. Bahadır xan cəbhənin belə vəziyyətindən olduqca rahatsızdır. Onun fikrincə Bakının taleyini Palçıq vulkanı cəbhəsi həll edəcəkdir. Buna görə də oranı möhkəmlətmək üçün bu gecə saat dörddə şahzadə Bahadır xanın özü də müxtəsər ləvazimatla Palçıq vulkanı cəbhəsinə gedəcək və sabahdan müharibədə iştirak edəcəkdir. Bunu da təkrar etmək istəyirəm ki, o tərəflərdə yerləşən ingilis qoşununun ehtiyatını təşkil edən iki yerli batalyon hazırda Biləcəri ətrafındadır. Lakin daşnaq rəhbərlərinin gizli iclasından alınmış yazılı məlumata görə bu qoşun, müharibədə iştirak etməyəcəkdir.
Şəhər içərisində ingilislərin iki yüz nəfərdən artıq ehtiyat qüvvəsi yoxdur. Şəhər içərisində iş görmək üçün canlı qüvvəyə böyük ehtiyacımız var. Burada «müsavat» üzvlərindən, təşviqat üçün yarayan və camaat arasında işləməyi bacaran təşkilatçı adamlar çox azdır.
İngilislər gəldikdən sonra bolşeviklərin iş başından çəkilməsilə də Bakıda vəziyyət dəyişməmişdir. «Müsavat» partiyası üzvləri və mart hadisəsində məğlub olub çəkilənlər hələ şəhərə gəlməmişlər.
Yerli üsyan məsələsi əvvəlki kimi bir xəyal olaraq qalır. Mart üsyanında məğlub olan müsəlman varlıları ikinci bir üsyana cəsarət etmirlər. İngilislərin şəhərə gəlməsi də bu fikri söndürməkdədir. Erməni milli sovetinin üzvü doktor Araratyan üçüncü kərə Ənzəliyə, ingilislərin yanına gedib qayıtdı. Araratyan ingilislərə üç maddəlik bir tələbat vermişdi.
Onlardan biri Yerevan ermənilərinin vəziyyəti məsələsi idi. Araratyan Yerevandan güclü hərbi ləvazimat olduğunu göstərməklə ingilislərin diqqətini cəlb etmək istəmişdir. Buna cavab olaraq ingilis generalı, o ləvazimatın müttəfiqlərin istifadəsinə yaramadığını göstərmiş və Yerevan məsələsindən boyun qaçırmışdır.
Bir tələb də, Culfa ermənilərinin İngiltərə tərəfindən müdafiəsidir. General bu tələbatı da rədd etmişdir. Çünki Culfa ingilislər işğal edən yerlərdən çox uzaqdır. Həm də o tərəflərdə İngiltərə kapitalistlərinə lazım olan bir şey yoxdur.
Üçüncü tələb, Bakının müdafiə məsələsindən ibarət idi, buna qarşı da general müsbət bir cavab verməmişdir. O, müdafiə işlərini Bakıdan yerli qoşunun öhdəsində qoymuş və təlimatçılar göndərəcəyini qeyd etmişdir.
General bütün tələblərə cavab olaraq Araratyana məktub yazmışdır. Hələlik məktubu ələ gətirmək mümkün olmadı.
Bu gün diktatura üzvlərindən Sadovski haman məktubun surətini Araratyandan alıb mənə verməyi öhdəsinə götürdü. Ayın 8-də yerli hökumətlə ingilislərin birləşmiş iclası oldu. İclasda danışılan məsələlərin stenoqramını almışam, sabahkı məlumatla göndərəcəyəm».
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-xxv-bolsevikler-hesterxana-gedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Alman-osmanlı nüfuzunun nümayəndələri Təbrizi boşaltmazdan əvvəl, inqilab komitəsi bir neçə məsələni də həll etmək istəyirdi.Həmin məsələlərdən birisi də sabiq alman konsulxanası, tərcümanlarından Əbülfət Mirzənin evini axtarmaq və bəzi məsələləri aydın etməkdən ibarət idi. Bizim aldığımız məlumata görə almanlar Əbülfət Mirzənin vasitəsilə Təbrizdə bir çox işlər görür və adamları öz ətrafına yığırdılar.
Sərdar Rəşidin evində axtarışAlman konsulxanasına məxsus vəsiqələr yoxlandığı zaman bizim üçün gizli və qismən də şübhəli qalan bir çox məsələlər həqiqət şəklinə keçdi. Biz bu vəsiqələrdən sərdar Rəşidin iş mteodunu və kimlərlə əlaqədə olduğunu, hansı hökumətə satıldığını təyin etdik. Sərdar Rəşid almanlara böyük bir para müqabilində böyük vədlər vermişdi. Bir tərəfdən İran valisi olan bu adam, o biri tərəfdən də hələ Helminin dəstəsi Təbrizə girməzdən əvvəl Almaniya dövlətindən yüz min tümən para alıb bunun müqabilində hökumətə təyin olunduğu zaman yerli xalqları rusların əleyhinə qaldırmaq və Təbrizdə toqquşmalar yaratmağı öhdəsinə götürmüşdü.Əbülfət Mirzənin evindən tapılan yazılı vəsiqələr sərdar Rəşidin bu xəyanətini sübut edirdi. Buna görə 4di ki, Helmi ilə birləşərək bizi həbsə almaq və Təbriz xalqını rus təbəələri və Təbriz erməniləri üzərinə qaldırmağa çalışırdı.
Gizlin sirlərHelmi və İbrahim Fovzi öz dəstələrinin qalib gələ bilməyəcəyini lazımınca təyin eləmişdi, çünki bir alay qüvvətində də olmayan bu dəstə Rusiyanın güclü qoşun hissələri ilə deyil, Araz çayı kənarındakı sərhəd qarovulları ilə də qarşı-qarşıya gələ bilməzdi. Lakin bunlar Türkiyə ərkani-hərbinin qərarını həyata keçirməli idi. Tam bu günlərdə Ənvər paşa Sarıqamış və Kars üzərinə hücuma başlamışdı. Helminin dəstəsi İran və Aleksandropol dəmir yollarını işğal etməklə rusların arxasını təhdid edəcək və Ənvər paşanın Kars tərəflərini əldə etmək hərəkətini asanlaşdıracaqdı. Bu səbəbdəndir ki, Helmi Təbrizdə özünə verilən nəsihətləri və göstərilən həqiqətləri qəbul edə bilmədi, o, min nəfərlik bir dəstəni məhv etsə belə, 30 dərəcə soyuqda Sarıqamışa hücum edən Ehsan paşa qol ordusunun hərəkətinə yardım göstərməli idi. Helminin ərkan-hərbi Sofyanda idi. Onun dəstəsi isə Sofyanın şimalında və şimal-şərqindəki möhkəm mövqelərdə yerləşdirilmişdi.Helminin gecə ikən Təbrizi buraxması və orada heç olmazsa yüz nəfərlik bir qarnizon qoymaması özlərinin gələcəkdə Təbrizə girəcəklərindən ümidlərini kəsdiklərini göstərirdi, onlar pozulub çəkiləcəklərini Təbrizdən hərəkət etməzdən əvvəl bilirdilər.
İntihar ərəfəsindəBirdən-birə yadıma düşdü. Miss Hannanın nə vəziyyətdə olduğundan xəbərim yox idi. Şübhəsizdir ki, o, osmanlılarla bərabər çəkilib gedə bilməyəcəkdi, çünki onlar çəkilərkən Təbrizə girə bilmədilər. Miss Hannanın özü də Helmi ilə bərabər getmək istəmirdi, o, «Təbrizdə məhv olmaqdan qorxmuram, lakin osmanlılara qoşulub getməkdən qorxuram? demişdi.Mən miss Hamnanı, rus qoşununun qabaq dəstələri şəhərə girdiyi zaman xatırladım. Şeşgilandan gəlirdim, yolum onun qapısından düşəcək idi. Onunla görüşməyi və vəziyyətini yoxlamağı düşünürdüm. Mən onun qapısının qabağına gəlirkən xidmətçisi kiçik təbrizli oğlan məni görər-görməz dəhşətli bir surətdə: