Birinci pərdə vaqe olur bir kənd qolçomağının evində. Evə kənd ağsaqqalları və bir çox başqa kəndlilər toplaşmışdır.

Qolçomaq Qasım əlində təsbeh evi dolanır.

Qasım — (kəndlilərə) And olsun bu Kərbəla türbətinə, (əlini vurur təsbehə) siz bilirsiniz hər şeyə yalandan and içmək olsa da, bu təsbehə olmaz. Öləndə də bizi qurtaran budur. Yenə and içirəm. Mənim siz kəndlilərə yazığım gəlir. Yoxsa, mənə nə vardır? Mən hər çür olsa, köçümü sudan çıxaracağam.

Hüseyn — Bəs elə isə, nə üçün iki put un verib bağçamı əlimdən çıxaranda mənə yazığın gəlmədi?

Qasım — (gülür və məclisə deyir) Bax, indi mən deyənlər bir-bir zühura gəlir. Mən sizə demişdim ki, birisinin ağlı qaçmasa, allahı danmaz. Birisinin başı xarab olmasa, gedib komsomola yazılmaz. Birisinin ağlı qaçmasa malını şərikli eləyib, ağrımaz başına dəsmal bağlamaz. Budur, bax, bu Hüseyndən nümunə götürün!

Hüseyn — Çox gözəl, qoy nümunə götürsünlər.

Qasım — Bəli, nümunə götürsünlər. Hərkah sən dəli olmasan, gətirib alver işini bura qatmazsan. (Məclisə) Siz allah heç bunun bir məsələyə dəxli varmı? Nə var, nə var, buna iki put un vermişəm və bağçası da mənim behimə çıxıbdır. Siz allah, bir bunun ağlına baxın!

Hüseyn — Sən öləsən, heç təsbehi-zadı aralığa çəkmə! Kərbəlanın özü də gəlsə, sizin işinizə kömək etməz. Daha cib doldurmağın vaxtı deyildir.

Qasım — Balam, de görüm, axır səni bura kim çağırdı? Qoymazsınız xalq qohum-qardaşını yığıb ölüsünə bir həmd-surə oxutdursun?

Hüseyn — Yox, məsələ ölü məsələsi deyil! Həmd-surəni bu diri ölülərə, bu avam kəndlilərə oxumaq istəyirsən. Onu da ki, biz qoymayacağıq. (Barmağını silkələyir). Gözünü yaxşı aç və məni tanı!

Qasım — Ada, sən nəçisən! Ay lütün birisi, qoy o adam danışsın ki, onun bir şeyi olsun. Nəyin sahibisən?

Hüseyn — Mən?

Qasım — Bəli, sən!

Hüseyn — (gülür) Əvvələn budur ki, heç bir zadım olmasa da, səsim vardır. İkincisi isə hökumət mənimdir. Adamın gözünü çıxararam!

Qasım — (gəlib oturur yerində) Mən heç! Allah atana rəhmət eləsin.

Hüseyn — Öz atana rəhmət eləsin.

Qasım — İndi ki, bizim öz evimizdə də danışmağa haqqımız yoxdur, daha nə danışaq?

Əli kişi — (Hüseynə) Ay Hüseyn, sən olasan vicdanın, qoy görək Qasım nə demək istəyir?

Hüseyn — Qoy desin. Mən onun ağzını tutmamışam. Ancaq dediyim odur ki, yekəağız danışmasın.

Qasım — (açıqlı qalxır). Mən yekəağız danışmıram. Yekəağız sənsən ki, 60 yaşında atan burada otura-otura sən ağzına gələni danışırsan.

Hüseyn — Atam kimi avam adamları başa salıb sizin fırıldaqlarınızı onlara qandırmalıyıq.

Qasım — Burada bir fırıldaq yoxdur. Mən deyirəm ki, camaat bir kor öküz və bir çolaq atını da əldən çıxarmasın. Kommunist firqəsi özü deyir ki, qoy hər kəs özü işləyib, özü yesin. Daha nə kolxoz bazlığdır?

Hüseyn — Bax, fırıldaq da bundan ibarətdir. Hərkah kor öküzlü və çolaq atlılar tək başına qalarsa, o vaxt siz onları rahatçasına boğub özünüzə qul qayırarsınız. Elə ki, kolxoz oldular, onda kor öküz dönüb traktor olacaqdır. Çolaq atların yerində əkindən, toxumtəmizləyən maşınlar qoyulacaqdır. Onda fatihəni və həmd-surəni sizə oxuyacağıq.

Qasım — Əlbəttə, sənə əl verər. Çünki sənin bir pişiyin də yoxdur.

Hüseyn — (gülür) Mənim hər şeyim vardır. Kooperativim vardır. Kredit cəmiyyətim vardır. Kənd təsərrüfat bankım vardır. Birisi malını, heyvanını gətirər; o birisinin də əvəzində hökumət kredit verər. Borc maşın verər.

Qasım — Xəyalpilov!

Nəzər — Boş və quru vədə.

Abdulla — Göz boyamaq!

Qulaməli — Biz kolxozda heç bir şey itirmirik. İtirdiyimiz bir şey varsa, o da sizin ağır sələmli borclarınız və söyüşlərinizdir. Kolxoz olmağı bizə heç kəs təklif etməsə də, onu həyatımız tələb edir. Sizinlə və ehtiyacla mübarizə üçün indi bir əl kifayət deyildir.

Qasım — (oxuyur)
Sən get özün bir kərə
Kolxoza gir, Qulaməli!
Kəndlilərə rəhm edib
Qazma qəbir, Qulaməli!
Kəndliləri qoy qala
Öz komasında, ağa.
Kolxoz işin qoy qala.
Bə’zi para axmağa.

Hüseyn — (Qasıma)
Öz başına noxta vur,
Yoxdu daha köhnə kənd.

Qulaməli — Oldu sənin son günün
Qursan əgər əlli fənd.

Əli kişi — Yoxsul eşitməz səni,
Əvvəli bir şir idin.

Şə’ban kişi — Əvvəli bir şir idin,
İndi tökülmüş dişin.

Qasım — Vallah! Billah! And olsun
Atam ağa Şərifin sümüklərinə.

Hüseyn — Salavat çevirin!

Qasım — Eşidəndə ki, birisi kolxoza girib, lap ağlamağım gəlir. Mən heç vaxt bunların dağılmasını istəmirəm.

Qulaməli — Bu kimi tülkü dillərini qoy dursun. Kəndlini sizdən başqa heç kəs dağıtmaz. (Şə’ban kişiyə) Şə’ban kişi, düzünü söylə, sən iki ildir ki kolxozdasan. Mənfəətdən başqa nə görmüsən?

Şə’ban kişi — (qalxır) Mən yoxsul kəndliyəm. Yaltaqlıq zad da bilmərəm. Öz əlimin bərəkətindən hökumətə də ehtiyacım yoxdur. Bu kənd hamısı bilir ki, mənə çılpaq Həsənin oğlu deyirlər. (Qasıma) Əlbəttə, bu adı da sizin kimi qolçomaqlar mənə qoymuşdu. Çünki soymalı bir şeyim yox idi. Amma indi bu ayaqqabılarım! Baban patinka geyməyibdir. Bu əynimin paltarı! Evimdə illik azuğam. Qəndim, çayım. Bax bu da cibimin pulu! (Bir dəstə çervon göstərir.)

Qüdrətəli — Onlardan mənə də verərlərmi?

Şə’ban kişi — Niyə vermirlər? Kooperativ bizim deyilmi? Doğrusunu deyirəm, hər yeri dişimə vurub naümid olandan sonra gedib kolxoza yazıldım. Kaş bu, beş il qabaq olaydı!

Əli kişi — (kəndlilərə) Vallah Şə’ban kişi doğru deyir. Keçən qış mən həman bu Abdullanın özündən üç put un istədim. Dedi ki, qızını verməsən verərəm.

Məclisdən — Tfu, sənin zatına lənət!

Hüseyn — (qalxır) Bax, indi məsələ aydınlaşdı. Hökumətin cibi sizin cibinizdir. Pul lazım olanda oradan götürün! Pulu salanda da öz cibinizə salın.

Qulaməli — Yoldaşlar!

Qasım — (qalxır). Otur yerə, qardaş! Otur! Mənim evim qiraət komasi deyil ki, yerindən qalxan durub boşboğazlıq eləsin. İclasınızı aparın ora.

Kəndlilər — Qoy danışsın!

Qulaməli — Əvvələn budur ki, heç darıxma! (məclisə) Yoldaşlar! Torpaq yalnız biz kəndlilərin öz qarnını doydurmaq üçün deyildir.

Abdulla — Bəli, fabrikdə lotu-potulara çörək borcluyuq.

Qulaməli — (əynini-başını göstərir) Yoldaşlar! Bunları toxuyub kəndə göndərənlər də bizdən çörək istəyirlər.

Abdulla — Cəhənnəmə istəyir, qora istəyir.

Qulaməli — Biz kolxoz vasitəsilə istehsalı artıra bilməsək, onlarla olan əlaqəmiz möhkəm olmayacaqdır.

Nəzər — Heç olmasın. Dibindən olmasın.

Qulaməli — Siz bu qarnı piyli tülkülərin sözünə baxmayın!

Qolçomaqlar — Tülkü atandır. Tülkü özünsən!

Şə’ban kişi — (Hüseynə) Heç bir-birinizə dəyməyin! Sən götür bir kağız. Hər kəs kolxoza girmək istəyir, adını yaz!

Hamı birdən — Yazılırıq! Yazılırıq!

Hüseyn əlində qələm irəli keçir.

Qasım — (tələsik qalxır ayağa). Deyin görüm müsəlmansınız ya yox?

Məclis — Müsəlmanıq!

Qasım — Qur’ana inanırsınız ya yox?

Məclis — (bə’zi səslər) Əlbəttə inanırıq.

Qüdrətəli — Qur’anın burada nə işi vardır?

Qasım — Necə nə işi vardır? (Cəlala.) Ada Cəlal! Tez get məscid həyətindən Molla Nəcəfi çağır! Qoy bir istixarə eləsin. Hərkah yaxşı gələrsə, özüm də girəcəyəm.

Qulaməli — Kolxozda töylə yoxdur!

Qasım — Heyvan özünsən! (Cəlala) Ada, durma, get!

Hüseyn — Ay avam kəndlilər! Qur’an hara, kolxoz hara? Şəriət hara, təsərrüfat hara? Hərkah Qur’ana baxsaq, mülkədarların torpaqlarını da özünə qaytarmalıyıq.

Qasım — Biz hamımız müsəlmanıq. Allaha şükür, dinimizdən, məzhəbimizdən əl də çəkməmişik. Qur’an nə desə, odur. Mənim atam-anam onu bizə gətirənə fəda olsun. (Molla Nəcəf gəlir.) Bax, indi sözün doğrusunu allahın kəlamı söyləyəcəkdir.

Hüseyn — (oxuyur)
Molla Nəcəf, yubanma!
Eylə bir istixarə!
Bərkə düşüb qolçomaq,
Dərdinə eylə çarə.

Qulaməli — Əski həyat ölməyə
Başladı, durma, molla!
Dinc oturub boş yerə
Boynunu burma, molla!

Hüseyn — Molla Nəcəf yardım et,
Müştərək oldu torpaq.
Bu işə əngəl quran
Dördcə nəfərdir ancaq!

Şə’ban kişi — İldə taxıl yığırdın
Müftə, müsəlləmcə sən.
Aç kitabı, çarə tap,
Yoxdu xüsusi xirmən.

Qolçomaqlar — Bunlara asma qulaq,
Çünki müsəlman deyil.
Hər biri bir komsomol,
Sahibi-vicdan deyil!

Molla Nəcəf salavat çevirir və qur’anı açır.

Kəndlilər — Yə’ni nə olmuş ki?

Molla Nəcəf — Sakit olun! Allahın kəlamına mütəvəccih olun! Xudavəndi-aləm öz kəlami-şərifində buyurur ki, «La-xeyrə fi həzihil ümur»

Kəndlilər — Yə’ni nə olsun ki!

Molla Nəcəf — Xudavəndi-təbarək və taala öz qur’ani-şərifində buyurur ki, bu işdə xeyir yoxdur.

Abdulla — E’tiqadı olmayanın zati-südünə lə’nət!

Nəzər — Xudavənda! Səni tanımayanları öz qəzəbinə giriftar elə!

Qasım — (kəndlilərə). Buyurun! Bu allahın kəlamı, bu da siz. Bunu da mən özümdən deyirəm?

Kəndlilər bir-birlərinə baxırlar.

Rüstəm — (bayırdan çığıra-çığıra gəlir). Mö’cüzə oldu! Mö’cüzə oldu!

Kəndlilər ayağa qalxır.

Molla Nəcəf — (tələsik). De görüm, ey allahın bəndəsi, nəcə mö’cüzə! Məkər nə vaqe olubdur? (Camaata.) Camaat, salavat çevirin!

Camaat — Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd.

Rüstəm — Xələf Heybət oğlu dünən özünü kolxoza yazdırdığı üçün bu gün atı daşdan düşüb ölmüşdür.

Molla Nəcəf — Bir salavati-qərra daha!

Məclisdən — Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd.

Molla Nəcəf — Xudavənda! Sən mö’minlərin canını, malını öz hifzi-himayətində saxla!

Qasım — Bəli, bu da mö’cüzə!

Kəndlilər həyəcana düşürlər.

Molla Nəcəf — And olsun o çağırdığım Hüseynə! And olsun çahardah mə’sumə! Mənə yəqin olmuşdur ki, bizim kəndi bəla tutacaqdır.

Abdulla — (tələsik). Molla Nəcəf, məkər yenə xəbər vardır? (Öz-özünə) Sübhanəllah! Xudavənda, sən bizə nicat ver!

Molla Nəcəf — (boğazı tutula-tutula). Dünən gecə xiftən namazını qıldım. Başım səcdədə bu yazıq xalqın halını düşünürdüm. O fikir içində məni yuxu apardı. (Əllərini göyə tutur) Xudavənda, sənə pənah aparıram!

Qolçomaqlar — Molla Nəcəf, nəql elə, daha bizdə taqət qalmadı.

Molla Nəcəf — Elə ki, huşa getdim onda gördüm ki, kəndin üstünü bir qara duman tutmuşdur. Tüstünün kənarında bir ağ atlı durmuşdur.

Qolçomaqlar — Allahümmə səlli əla Mühəmmədin və ali Mühəmməd.

Molla Nəcəf — Ağ atlının başında yaşıl əmmamə. Barmağını hara tutursa, alovla tüstü də o tərəfə hücum edir.

Qolçomaqlar — (ağlaya-ağlaya) Molla Nəcəf, bəs, sonra necə oldu?

Molla Nəcəf — Həzrətin ayağına yıxıldım. Yalvardım. Amma həzrət məndən üzünü çevirdi.

Saleh — (Bayırdan çığıra-çığıra gəlir) Mö’cüzə! Mö’cüzə! Mö’cüzə!

Molla Nəcəf — (Əllərini göyə qaldırır) Xudavənda! Bu nə müsibətdir? Bu nə bəladır? Yenə nə mö’cüzədir?

Saleh — Nə olacaqdır? Bu gecə Şahverdinin nənəsi Nisa qarı görmüşdür ki, göydən bir odlu bulud düşdü. Buludun içindən əlində oddan məş’əl olan bir zat çıxmışdır.

Molla Nəcəf — Allahın bəndəsi! Tabım kəsildi. Dalını söylə!

Saleh — Həman nurani kimsə əlində məş’əl kolxozun taxıl tayalarına tərəf getmişdir. Bir neçə dəqiqə içərisində taxıl tayalarını yandırıb yenə də buluda minib gözdən qeyb olmuşdur.

Qolçomaqlar — Bu da bir mö’cüzə!

Molla Nəcəf — Ey mö’minlər, qorxun allahın qəzəbindən! Qayıdın allahın yoluna!

Kəndlilər heyrətlə bir-birlərinə baxırlar.

Qasım — (məclisə) Buna sözünüz nədir? Göylər, buludlar, qəzavü-qədər ki, bizim ixtiyarımızda deyildir. Yenəmi gözünüzü açmayacaqsınız? Yenədəmi bu gədə-küdənin sözünə baxacaqsınız? Deyin görüm, indi sözünüz nədir?

Şə’ban kişi — Mənim özgələrlə işim yoxdur. Ancaq dediyim odur ki, nə qur’an, nə də mö’cüzədən qarın doymaz. Təsərrüfatı qaldırmaq və əl-ələ vermək lazımdır.

Qolçomaqlar — (kəndlilərə baxıb oxuyurlar)
Biz demədikmi kolxoz,
Fayda verən şey deyil.
Biz demədikmi, kişi,
Şaşma, bu işdən çəkil!
(Şə’ban kişiyə)
İndi necə bax, sizə
Eyləmiş allah qəzəb.
Söyləmədik: kolxozu
Kəndimizə salma dəb?!

Molla Nəcəf — Molla Nəcəf heç zaman,
Söyləməmişdir yalan.
Molla deyir daima,
Sən ulaq ol, mən palan.

Hüseyn — Anlamışam mən nədir
Molladakı mö’cüzə.
Yüz belə mö’cüz çıxa
Faidə verməz sizə.

Qulaməli — İş belə getməz, sizin
Masqaları yırtarıq,
Aləmi mö’cüz tuta
Biz sözümüzdə varıq!

Hamı komsomolçular birdən oxuyurlar:

Tutmadı baş hiylələr,
Anlaşılıbdır tələ.
Köhnə zamanlar keçib,
Həll olunub məsələ.

Pərdə düşür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri