Səhifə 3 / 3 · 67%

– Ağa, doğrudan da, dünən gecə buyurduqlarınız səhihdirmi?

– Hərgah məni bura iş üçün dəvət etmişsinizsə, gəlin iş adamı kimi danışaq, – dedim. – Mən, fəqət sizinlə görüşüb danışmaq və razılıq əldə etmək üçün indiyə qədər vəsiqələrin ifşa edilməsinə razı olmamışam. Hərgah siz bu xeyirxahlığı təqdir etmirsinizsə, mən bunun üçün sizə heç də yalvarmayacağam.

– Cənab ağa, bu nə fərmayişdir? Hansı vələdüzzina bu xidməti təqdir etməz?1 Ağa, siz nə fərmayiş buyurursunuz? Bu məsələ mənim həyat məsələm deyildirmi?

– İndi ki, bu məsələ sizin həyat məsələnizdir, o zaman bütün suallarıma doğru cavab verməlisiniz!

– Vicdanıma and olsun ki, mən ömrümdə yalan danışmamışam.

– Çox gözəl. Buyurun görüm Almaniya konsulxanası ilə nə zamandan bəri əlaqədarsınız?

– Rusiya konsulxanasında işə girdiyimin ikinci ili, demək ki, on beş il olar ki, alman konsulxanası ilə əlaqəm vardır.

– Bu əlaqə nə cür düzəlmişdir?

– Mən iki il idi ki, çar konsulxanasında xidmətə girmişdim, çarın taxta oturan günü bütün konsulxana əzaları konsulxanadakı ziyafətə yığışmışdılar. Mən o gecə Əbülfət Mirzə ilə tanış oldum. Mən hara gedirdimsə o məndən əl çəkmirdi. Nəhayət, biz onunla bir neçə kərə də görüşdük. Bunu çar konsulu da bilirdi, çünki görüşümüz rəsmi günlərdə olmuşdu. Günün birində konsul məni öz kabinetinə çağırdı, bir kağız götürüb qabağıma qoydu. Mən kağızı oxudum, orada mənim maaşımın ayda on tümən artırılması üçün hesabdara əmr verilmişdi, mən çox razılıq etdim, çünki o zaman mənim maaşım ancaq ayda iyirmi beş tümən idi.

Mən kağızı oxuyub konsulun yazı masasının üzərinə qoyduqdan sonra konsul əlavə olaraq dedi:

– Hərgah siz özünüzə tapşırılan vəzifələri layiqincə bitirmiş olsanız, gələn yanvardan maaşınız əlli tümən olacaqdır.

Mən:

– Çox razıyam. Allah imperatorun kölgəsini bizim başımızın üstündən əskik etməsin, – dedikdə konsul da:

– İndi ki, siz imperatorun kölgəsini bu qədər qiymətləndirirsiniz, o zaman imperator hökumətinin nüfuzlu və qüvvətli olması yolunda da çalışmalısınız, – dedi.

Mən onun nə edəcəyini və nə istəyəcəyini bilmirdim, yenə də tez-tez təşəkkürlər və məmnuniyyətlər izhar edirdim.

Nəhayət, konsul əsas məsələyə keçib soruşdu:

– Sizin Əbülfət Mirzə ilə əlaqəniz nə cürədir?

– Əlaqəmiz dostanədir.

– Bir-birinizin evinə gedib-gəlməyiniz vardırmı?

– Bəli, vardır.

– Elə isə nə üçün onu bizimlə işləməyə dəvət etmirsiniz?

– O, alman konsulxanasında çox gözəl maaş alır, oradan əl çəkəcəyinə ümid etmirəm.

– Ora ilə bərabər eyni zamanda bizdə də işləyə bilər.

– Nə iş görəcəkdir, mən ona təklif edərəm.

– Onun işi çox sadə və çox da yüngül bir iş olacaqdır. O, Almaniya konsulxanasına aid vəsiqələrin surətini çıxarıb bizə verəcəkdir. Bunun müqabilində isə biz ayda ona beş yüz tümən pul verəcəyik.

Konsul bu sözü dedikdən sonra, doğrusu bu qazancın böyük və zəhmətsiz bir qazanc olduğunu hiss etdim, öz-özümə: Bir belə gəlir mənbəyi olsaydı, mən özüm də qəbul edərdimə – dedim.

Mən düşünürdüm, nəhayət, konsul mənə sual verdi:

– Deyin görüm bunu baca bilərsinizmi?

– Zənnimcə, bacara bilərəm, – dedim, – çünki Əbülfət Mirzənin və ümumiyyətlə, Qacar şahzadələrinin tamahkar və rüşvətxor olduqlarını bilirdim.

Konsul mənə belə bir tapşırıq verdi:

– Siz bu işin düzəlməsi üçün onun yanına getməməlisiniz, təsadüf etdiyiniz zaman siz özünüz paraya ehtiyacınız olduğunu və maaşın məsarifə yetişmədiyini söhbət arasında deyərsiniz, heç şü»hə yoxdur ki, o da öz ehtiyaclarından söhbət açıb sizə deyəcəkdir. O zaman siz ona bu kimi gəlir mənbəyini göstərib onun razılığını ala bilərsiniz.

Mən bu söhbətdən sonra konsulun kabinetindən çıxdım. Bu işin üstündən bir həftə keçdi, peyğəmbər vəfatı günü idi, əhli-qüburi ziyarətinə getmişdim. Qayıdanda şahzadə Əbülfət Mirzəyə rast gəldim. Hava da gözəl idi, ikimiz də faytonları buraxıb söhbət edəedə gəlirdik.

Biz Rastabazara girincəyə qədər yüzə kimi seyid, dərviş, dilənçi qabağımızı kəsib pul istədi, mən bunu bəhanə edərək:

– Üst-başımızı təmiz görüb, cibimizi dolu hesab edirlər, daha bilmirlər ki, ayda aldığımız iyirmi beş tüməndir, hər nə qədər qənaət edirsən yenə də ehtiyac içindəsən.

Bu sözlərdən sonra şahzadə Əbülfət Mirzənin dərdi açıldı və mənə cavab verdi:

– Adımız şahzadədir, lakin gözümüzü dikmişik ayda əlli tümənə. Lakin biz bacarıqsız adamıq, bizim yerimizdə başqaları olsaydı, çox gözəl həyata keçirə bilərdi, – dedikdə mən soruşdum:

– Cənab şahzadə, biz nə edə bilərik? Konsulxanada nə iş görmək olar? – Bu sözümdən sonra şahzadə yavaşdan dedi:

– Hərgah siz mənə inanmış olsanız, mən sizin üçün ayda beş yüz tümən gəlir yeri düzəldərəm, – dedi və mənim gözlərimin içinə baxmağa başladı.

Mən onun dediyini dərhal anladım, mən onu işə cəlb etmək istərkən o da məni işə cəlb etmək istəyirdi. Buna görə də özümü bilməməzliyə vurub ona sual verdim:

– Hərgah siz buna söz vermiş olsanız, mən də ayda beş yüz tümən gəlir mənbəyi düzəltməyimə söz verirəm.

– Haradan düzəldəcəksiniz?

– Bəs siz mənim üçün haradan düzəldəcəksiniz?

– Bunu qabaqca siz bəndəyə deyə bilməzsinizmi?

Doğrusu, mən qabaqca deməyə cəsarət etmədim, biz bir neçə kərə ssən de, sonra mən deyimə? sözlərini təkrar etdikdən sonra şahzadə Əbülfət Mirzə yavaşdan dedi:

– Alman konsulxanası ilə əlaqəyə girsəniz, ayda beş yüz tümən ala bilərsiniz.

– Bunu siz özünüz deyirsiniz, yainki bunu konsul sizə tapşırmışdır?

– Konsul tapşırmışdır.

– Elə isə mən də sizə söz verirəm: Rusiya konsulxanasından ayda sizə beş yüz tümən düzəldərəm.

Bu sözümdən sonra şahzadə mənim ona dediklərimi təkrar etdi:

– Bunu siz özünüz deyirsiniz, yainki bunu konsul sizə tapşırmışdır?

– Bəli, konsul tapşırmışdır.

Bu sözü ikimiz də birdən dedik:

– Vəzifələr də ki, məlumdur!

Haman gündən başlayaraq ikimiz də eyni vəzifəni daşıyırdıq. Hərgah şahzadə Əbülfət Mirzə Rusiya casusu olmasaydı, alman konsulxanası həbs olunduğu zaman, onu da həbs edərdilər.

– Amerika konsulxanası ilə əlaqəniz nə yoldadır?

– Mən əvvəlcə Amerika konsulxanası ilə əlaqədə deyildim, lakin Friksonun bizim konsulxanadan ayda böyük para aldığını bildiyim üçün Frikson öz aldığı puldan ayda mənə yüz tümən verirdi, sonraları mənə dedi ki, gəliniz bu yüz tümən məsələsini rəsmiyyətə salaq.

Mən Friksona sual verdim:

– Nə cür rəsmiyyətə?

– Mən Rusiya konsulxanasından aldığım paraları nə üçün alıramsa, siz də Amerika konsulxanasından aldığınız yüz tüməni haman və eyni vəzifə üçün alacaqsınız.

Mən də buna razı oldum, o zamandan bəri həmin vəzifədəyəm.

– Frikson o qədər böyük paranı nə üçün alır?

– Frikson yalnız Amerika konsulxanasında olan sirləri yox, Amerika konsulxanasının, ingilis və Fransa konsulluqlarından oğurlatdırdığı vəsiqələri də çar konsulxanasına verir.

– Daha başqa yerlərlə əlaqəniz vardırmı?

– Xeyr! Vicdanım haqqı heç bir yerlə əlaqəm yoxdur!

– İndisə bizə bir iltizamnamə verməlisiniz.

– Nə kimi iltizamnamə?

– Götürün mən nə deyirəmsə yazın!

  1. Mən özümün alman və Amerika konsulxanalarına gizli vəsiqələr satdığımı iqrar edirəm.

  2. Mən hazırkı əlaqəni həmişəlik davam etdirməyə məcburam.

  3. Bütün işlərimi İran İnqilab Komitəsi ilə razılaşdırmağa söz verirəm.

  4. Çar konsulxanasına və başqa konsulxanalara məxsus gizli sirləri inqilab komitəsinə verməyə borcluyam.

Mirzə Ələkbər xan bu vəsiqəni imza edib möhürlədikdən sonra məni nahar yeməyinə saxlamaq istədisə də, mən casusla göz-gözə oturub nahar etmək istəmədim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İran Culfasında

Araz çayının üstündən salınan körpünün o biri başında keçmişdəki kimi qarovul və yoxlayıcı postu var idi. İran məmuru Qara Mahmud xan yenə də öz kürsüsünü orada qoyub oturmuşdu, lakin nə o gəlib-gedənlərə, nə gəlib-gedənlər ona əhəmiyyət verirdi. İran gömrük məmuru artıq yoxlayıcı vəzifəsi deyil, tamaşaçı vəzifəsini daşıyırdı. Çar istilasının təsirləri gömrük məmurlarının damarlarına qədər təsir etmiş, onları müstəmləkə şəraitinə öyrətmişdi. Bizi rus Culfasından İran Culfasına aparan fayton düz-doğru sürüb körpünü keçdi, kimsə onun hara getdiyini soruşmadı və ya soruşmağa cürət etmədi. Mən əcnəbi qiyafətində idim, yanımdakı qız da amerikalıya deyil, rus qızına bənzəyirdi. Buna görə də faytonumuza yaxın düşən olmadı, heç kəs çar istilasının əzəmətini düşürmək və çar təbəəsini ətrafına dolanmaqla onun şərəfinə toxunmaq cürətində bulunmadı..Biz isə çar təbəəsi olmadığımızdan pasportumuzu vizə etdirməli idik. Pasport idarəsinin qarşısında faytonu saxladıq. Bizi yoxlamalı idilər.

9 dəq
Livarcan yaylasına doğru

Culfa olduqca isti idi. Yaşamaq, nəfəs çəkmək mümkün deyildi. Xüsusən bu iqlimə adət etməyənlərə bura cəhənnəm qədər dözülməz gəlirdi. İstidən artıq havanın pozuqluğu və toz insana əziyyət verirdi. Minlərcə fayton və araba karvanlarının yerləşdiyi bu ticarət mənbəyi küləkli günlərdə toz buludlarına çulğalanırdı.Xanla məsləhətləşdik, yol açılıncaya qədər Livarcan yaylasına köçməyi qərara aldıq. Bura dağlıq, bağçalıq bir yerdir. Sərin suları, gözəl binaları olan kiçik bir şəhərdir. Mənim Culfada qalmağım da qorxulu idi. Mən Livarcan yaylasına getmək qərarına gəldiyimi miss Hannaya söylədim.

11 dəq
«Şahın bibisi oğlu»

Livarcanın ağası Hacı xan iki oğlu və nökərləri ilə bərabər bizim istiqbalımıza çıxmışdı.Gecənin qaranlığında küçələr nökərlərin saxladığı böyük fənərlərlə işıqlanmışdı.

6 dəq
Hacı xan

Poçt-teleqraf rəisi ilə mən hamıdan əvvəl yatağımızdan çıxıb əl-üzümüzü yuduq, balkona çıxarkən Hacı xanın bizdən əvvəl qalxdığını gördük. Bərabər oturub bir o qədər söhbət etmişdik ki, onun qulluqçularından biri gəlib baş əyərək:– Cənab xan, hamam hazırdır, – dedi.

17 dəq

Başqa şairlərin şeirləri