Səhifə 1 / 2

Culfa olduqca isti idi. Yaşamaq, nəfəs çəkmək mümkün deyildi. Xüsusən bu iqlimə adət etməyənlərə bura cəhənnəm qədər dözülməz gəlirdi. İstidən artıq havanın pozuqluğu və toz insana əziyyət verirdi. Minlərcə fayton və araba karvanlarının yerləşdiyi bu ticarət mənbəyi küləkli günlərdə toz buludlarına çulğalanırdı.

Xanla məsləhətləşdik, yol açılıncaya qədər Livarcan yaylasına köçməyi qərara aldıq. Bura dağlıq, bağçalıq bir yerdir. Sərin suları, gözəl binaları olan kiçik bir şəhərdir. Mənim Culfada qalmağım da qorxulu idi. Mən Livarcan yaylasına getmək qərarına gəldiyimi miss Hannaya söylədim.

O:

– Mən orada sizsiz qala bilmərəm, – dedi.

– Mən də sizinlə bərabər gedəcəyəm, xanın ailəsi və Ələkbər yoldaş da orada qalacaqdır. Salamat yaşayaraq razı qalacağımıza söz verirəm, – deyə fikrimi qıza daha ətraflı bir şəkildə anlatdım. Qızın titrək və mavi göz bəbəklərindən birər qətrə yaş düşərək, abı ipək donunun ətəklərində parçalandı.

– Sizə inanıram. İradəli adamsınız. Özünüzdən də artıq mənim qeydimə qalacağınızı bilirəm. Lakin mən öz haqqımda göstərilən hörmətin səlahiyyətini qazanmadığım üçün utanıram, çünki bu yaxşılığın əvəzini gələcəkdə də verə bilməyəcəyəm; ancaq mənim həqiqi bir düşüncəm varsa, o da mənim sizinlə daimi tanışlıq etmək arzularımdan ibarətdir.

Qız bunu dedikdən sonra mənim əllərimi sıxdı, onun qızğın əlləri mənə dillə söylənilməyən bir çox sözlər oxudu.

Mən miss Hannanın bu səfərdən razı qaldığını, Livarcan yaylasına köçmək istədiyini xana və onun xanımına xəbər verdikdə onlar da xeyli məmnun qaldılar. Başqa hazırlıq lazım deyildi; xanın bir faytonu vardı, iki fayton da kirayə etməli idik. Fayton üçün karvarsaraya girdikdə Hicaz havasında ucadan Quran oxuyan bir adamın səsini eşitdim, təəccüb etdim. Atların kişnəməsi, eşşəklərin anqırması, arabaçılar və faytonçuların səsləri bir-birinə qarışdığı bir yerdə Quran oxuyanın kim olduğunu bilmək üçün yaxınlaşdıqda, dünən rus soldatının döydüyü Hacı Salmanı gördüm. Dünən bu hacının başına gələn əhvalatı xana söylədim. O gülərək dedi:

– Bu Hacı Salman Culfanın yaxınlığında olan Daran kəndindəndir. Özü də çar casusudur. Ələmdar şəhərinin çar təbəəsi olan mülkədarlar tərəfindən qəsb olunmasına xidmət edən bu məlundur. Hər namazdan sonra bir cüz Quran oxumalı və əhalinin başını ağrıtmalıdır. Mömin və müsəlman çar casuslarına hər addımbaşında təsadüf edə bilərsən. Hazırda başlarında furaşka, əynində kostyum və yaxalıq gördüyün bu adamların hamısı iyirmi gün əvvəl əba və don geyən, saqqalını rəngləyən, barmağında əqiq üzük, təsbeh olan tacirlərdir. Bir neçə gündən sonra ingilislər gəlsə, başlarına ingilis qalpağı taxıb, ağızlarına trubka almağa hazırdırlar.

– Yaltaq, meymun kimi təqlidçi bir xalqdırlar. Təqlidi bunlara öz din rəhbərləri öyrətmişdir.

Faytonları danışdıq. Günəş qalxmamış, hava qızmamış Culfadan çıxmalı idik.

Faytonların birinə xanla qadını, digərinə uşaqları ilə xidmətçisi, üçüncüsünə isə mən, miss Hanna oturub yola düşdük. Ələkbər yoldaş səhər tezdən Şüca kəndinə getmişdi, kənd yolumuzun üzərində olduğundan günorta Ələkbər yoldaşa qonaq olmalı idik.

Bizim faytonumuz qabaqda gedirdi. Qız zərif əllərinə baxaraq:

– Bəlkə, mən sizə rast gəlməyəydim, onda necə olardı? – dedi.

– Təsəvvürə gətirə bilmirəm, mən İran səfərini bu qədər əngəlli bilməzdim.

– Hər kəsə təsadüf etsəydiniz, mədəni bir qıza qarşı hörmətdən başqa bir hərəkətdə bulunmazdı zənnindəyəm.

Qız:

– Doğrudur, elə adam tapılardı, lakin o sizin kimi olmazdı, – dedi.

– Nə üçün olmazdı?

– Çünki siz başqa, başqası isə başqadır. Sizi hamı sevir, hörmət bəsləyir, mən birinci gündən buna inandım, bunun üçün də sizə hörmət bəsləyirəm. Mən bu hörməti indiyə qədər heç kəsə etməmişdim, gələcəkdə də etməyəcəyimə and içirəm. Təəssüf olsun ki, mən şərqli, siz isə amerikalı deyilsiniz, – qız bu sözləri deyərək, yenə də düşünməyə başladı.

– Təəssüfə lüzum yoxdur, – deyə güldüm, – indi hər ikimiz Şərqdəyik.

O, utanaraq:

– Zənnimcə, yaşımızda da fərq azdır, – deyə əlavə etdi.

– Bəli, burada da bir təsadüf mövcuddur, – deyərək fikrə getdim.

Mən bu yolları bir neçə ay əvvəl Nina ilə getmişdim, indi o nə vəziyyətdə idi, necə yaşayırdı? Başına bir fəlakət gəlməmişdi ki? Ona bir bədbəxt hadisə üz vermiş olsa, onun səbəbi mən özüməm. Daha sonra mənə bağlanmaq istəyən amerikalı qız haqqında düşünürdüm. Bunun fəlakətinə və yollarda qalmasına səbəb yenə mən idim. Bu amerikalı qızdan Təbrizdə təqib etmək istədiyim məqsəd üçün istifadə xəyalına düşməsə idim, bunu Culfada iki gün ləngitməsə idim, indi bu qız uzun yolların əziyyətindən uzaqda, Təbrizdə olardı.

Miss Hanna mənim dərin düşüncəyə daldığımdan şübhələndi və mənə müraciət ilə:

– Siz mənim sözümdən incidinizmi? – dedi.

– Hansı sözünüzdən?

– Bəlkə də, özüm hiss etmədən sizin kədərinizə bais olacaq bir söz danışdım?

– Xeyr, sizdən səmimiyyətdən başqa bir şey görməmişəm, onlar adi söhbətlərdir.

– Yox, – qız etiraz etdi, – söhbətlərimizdə adilik yoxdur. Bu sözlər mənim qəlbimdən, qanımdan çıxan söhbətlərdir. Bu sözlərin xatirəsi məndə üzük qaşında yazılan və silinməsi mümkün olmayan nəqşə qədər davam edəcəkdir. Heyif ki, siz amerikalı deyilsiniz... – deyə yenə də qız təkrar etdi.

Mən onun bu sözlərini eşitməməzliyə vurdum. Yenə də Nina yadıma düşdü. Mən Ninanın Təbrizdə dinc oturmayacağını, siyasi işlərlə məşğul olacağını bilir və nəticədə də bir fəlakət qarşısında qalacağından qorxurdum. Lakin faytonda davam edən sükutu uzatmaq doğru deyildi. Miss Hannanın titrədiyini, mənim sükutumun etinasızlıq kimi təbir olunduğunu hiss edirdim, buna görə də ondan soruşdum:

– Atanız sağdırmı?

– Bəli, sağdır, şərqşünasdır.

– Ananız da sağdırmı?

– Bəli sağdır. O, hələ gəncdir. Birinci çocuğuyam, ona görə də məni həddindən artıq sevir.

– Hərgah onlar sizi çox sevirlərsə, nə üçün uzaq səfərlərə buraxırlar?

Qız təəccüblə üzümə baxaraq, cavab verdi:

– Çünki məni sevirlər, səyahətimin, təcrübəmin müsbət nəticələr verməsinə çalışırlar. Mən şərqşünaslıq fakültəsini bitirdim. Təcrübə səyahətləri keçirmək üçün Şərq ölkələrini intixab etdim.

– Sizin, – deyə qızdan soruşdum, – bu səyahətinizin Amerika üçün bir əhəmiyyəti vardırmı?

Qız mənə əyri-əyri baxaraq:

– Nə demək istədiyinizi bilirəm, fikriniz doğrudur. Lakin o, İngiltərə-Rusiya müstəmləkəçiləri üçün nə qədər doğru isə Amerika haqqında doğru deyildir.

– Nə üçün doğru deyildir? – deyə soruşdum.

Qız əlini əlimin üstünə qoyaraq davam etdi:

– Müstəmləkə ediləcək bir ölkənin əvvəlcə adəti, ənənəsi, dini, məfkurəsi, təriqəti öyrənilir, xalqının əhvali-ruhiyyəsi yoxlanılır, əqidələrin kütlə üzərindəki təsiri tədqiq edilir, bunlara əsasən də həmin ölkənin müstəmləkə planları tərtib edilir. Lakin bu üsul hər bir dövlət və hər bir müstəmləkəçi üçün əlverişli deyildir. Müstəmləkəçilik, yalnız bir ölkəni, bir xalqı tamamilə öyrənməklə tamamlanmayır. Coğrafi və etnoqrafik cəhətlər də müstəmləkəçilik işində mühüm rol oynamaqdadır. İranda müstəmləkəçilik siyasəti aparmaq üçün Amerika hökuməti son iki cəhətdən məhrumdur.

– Elə isə sizin İrandakı səyahətinizin nə kimi bir əhəmiyyəti ola bilər?

– Bu səyahətin həm İran, həm də Amerika üçün böyük əhəmiyyəti vardır. Mən sizə əvvəlcə biz siyasi məsələlərdən uzaqdayıq, demişdim, indi isə özümüz də hiss etmədən söhbətlərimiz incə nöqtələrə varmışdır.

– Zənnimcə, burada heç bir siyasi məsələ yoxdur. Burada yalnız səmimi bir söhbət vardır. Çünki bura nə iclasdır, nə də mitinqdir, elmi akademiyanın kabineti də deyildir.

Qız gülərək:

– Siz bunu səmimi söylədiyiniz kimi, səmimiyyətə də inanırsınızmı?

– Buna vicdanımla söz verirəm. Bu tanışlıq davam etdikcə səmimiyyətimiz də yüksələcək və möhkəm olacaqdır.

Qız bir az düşünərək dedi:

– İstər Amerika, istərsə Almaniya hökumətlərinin İrandakı fəaliyyətində əvvəlincilər üçün xarici, İran üçün isə daxili mənfəəti vardır. Almaniya İranda rus mənafeyinə qarşı təşəbbüslərdə bulunur, o, Rusiyanın İranda almaq istədiyi bir çox imtiyazlara müştəri çıxır, nəticədə İran Rusiyaya imtiyazlar verirsə də, qismən özü üçün əlverişli bir surətdə verə bilər, çünki Rusiya öz qarşısında Almaniya kimi rəqib gördüyündən güzəştə məcbur olur. Bununla da İranın boynuna keçirilən boyunduruğun ağırlığı qismən azalmış olur.

Amerikalılar da sizin vətəniniz üçün zərərli deyildir. İstər Almaniya, istər Amerika və bunların hər ikisi İranın hakimləri kəsilən İngiltərə və Rusiyadan bir şey qoparmaq və öz mənafelərinə qarşı güzəştə məcbur etmək siyasətini daşıyırlar ki, bu da bir çox hallarda İran üçün faydalıdır.

– Zatən bunlar da eyni müstəmləkəçilərdəndir, deyə sözünü kəsdikdə:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İbadət

Hərdən bir mənim xəyalıma bir belə şey gəlir: cənab molla Yusif Talıbzadə kitabında yazır ki, məscidə daxil olanda gərəkdir sağ ayaq ilə daxil olmaq və xaric olanda sol ayaq ilə çıxmaq.Mən bu sözləri oxuyandan sonra öz-özümə dedim ki, bundan sonra əlbət gərək bu nəsihətə əməl sliyəm.

2 dəq
Ana dili

Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:Mən universitet, yə’ni darülfünundan tazə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı axund molla Səbzəli gəldi bizim evə, mənim görüşümə. Evimizdə heç kəs yox idi anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asır.

1 dəq
Tazə xəbərlər

«Tərcüman»da yazıldığına görə Almaniya və Fransa ərbab-hünəri bir çox vaxtdır «hava əskərləri» çıxarmaq niyyətindədirlər. Bunu eşidib İran və Osmanlı hökumətləri də çox fikirdən sonra bir neçə firqə «yeraltı əskəri» pərkarlayırlar. Ona cəhət Mərənd, Təbriz və Xoyda olan kənkanlar —quyuqazanlar cümləsi tüfəng altına çağırıldı.Bizə yazıldığına görə Urmi şəhərində bu barədə bir darülfünun bina edildi. Türkiyə tərəfindən İran sərhəd məsələsindən ötəri sərhəddə yığılan əskərlərin cümləsi haman darülfünunda məccanən təhsil edəcəklər imiş.

1 dəq
Azərbaycan padşahları

Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:Azərbaycanda necə padşah var?

2 dəq

Başqa şairlərin şeirləri