Livarcan yaylasına doğru
Səhifə 2 / 2 · 50%
– Doğrudur, – deyə qız cavab verdi, – lakin alman, Amerika kapitalistləri müstəmləkəsi olsalar da, ruslar və ingilislər kimi həris müstəmləkəçilərdən deyildirlər. Almaniyanın Türkiyədə apardığı cahangirlik siyasəti də Şərqdə İngiltərə hegemoniyasını qırmaq üçündür. Almaniyaya Bağdad dəmiryolu lazımdır, çünki Almaniya Rusiya və Əfqanıstandan keçib Hindistana girə bilməyəcəkdir. Ona Bağdad dəmiryolu daha əlverişlidir. Bu dəmiryol vasitəsilə Almaniya orduları heç bir tələfat vermədən Hindistan qapılarını döyəcəkdir.
Qız sözünü bitirib sükuta dalmışdı, indi o məndən cavab gözləyirdi. Mən isə uzun cavab verə bilməyəcəkdim, çünki Şüca kəndinə yaxınlaşırdıq.
– Elədir, xanım qız, – dedim, – lakin Almaniya Türkiyə vasitəsilə Hindistana səfər edərkən Türkiyənin nə vəziyyətdə qalacağını da düşünməliyik, Napoleon Almaniyadan keçib Rusiyaya səfər etdiyi vaxt Almaniya nə vəziyyətdə qalmışdısa, Almaniya Türkiyədən keçib Hindistana getdiyi zaman da Türkiyə həmin vəziyyətdə qalacaqdır.
Qabaqdan dörd nəfər atlı gəlirdi. Söhbəti kəsdik. Atlılar gəlib yetişdi. Ələkbər yoldaş öz əmisi oğlanları ilə bizim istiqbalımıza gəlmişdi.
Şüca kəndinə girdik, Ələkbər yoldaşın ikimərtəbəli evi qarşısında faytonlardan endik. Hava sərin idi, xəfif bir yel əsirdi. Əl-üzümüzü yuduqdan sonra get-gedə Culfanın istisini unutmağa başladıq.
Adət üzrə ev sahibi qonaqların ayaqlarını yumaq tədarükünü gördü.
Miss Hanna buna razı olmadıqda:
– Adətləridir, adətdən qaçmaq onları təhqir etmək deməkdir, – dedim.
Miss Hannanın ayaqlarını Ələkbər yoldaşın gənc arvadı yuyurdu, mənim ayaqlarımı isə başdan-ayağa qədər qaralara bürünmüş matəmli bir qadın yumaqda idi. Mən bu qadını tanıdım. Bu, rəhmətlik Haqverdi yoldaşın arvadı idi. Mən özümü ələ ala bilmədim, bu qara paltar İrandakı birinci kəndli üsyanını və onun xain əllərdə boğulduğunu nəzərimdə canlatdı, ağladım. Haqverdi yoldaşın arvadı da ağlayırdı. Gözlərindən axan yaşlar əlindəki qabın suyuna qarışaraq ləyənə tökülürdü. Bunu görüb bütün evdəkilər və qonaqlar ağlamağa başladılar. Evin balkonu bir matəm məclisi şəklini aldı.
Məsələdən xəbəri olmayan miss Hanna da dəhşətindən gözünün yaşını axıdırdı.
– Söyləyin, Allahı sevirsinizsə, söyləyin. Bir bədbəxt hadisəmi üz vermişdir? – deyə soruşdu.
Mən əlimdəki üz dəsmalı ilə üzümü silərək otağa girdim, miss Hanna dalımca otağa gəldi və bir daha:
– Söyləyin, nə hadisə üz vermişdir? – deyə yalvardı.
– Dinləyin, miss, – deyə anlatmağa başladım. – 1908-ci ilin dekabrında Culfada böyük bir kəndli üsyanı olmuşdu. Bu üsyan İran Azərbaycanında birinci və tarixi bir üsyan idi. Üsyan bir mülkədara qarşı başlanmışdı. Culfa və indi bizim olduğumuz Şüca və qonşuluqda olan Gərgər adlı şəhər və daha əlliyə qədər kənd haman mülkədarın idi. Mülkədar çar təbəəsi olduğundan yerli qanunlara tabe olmayır, bütün məhsulun 70 faizini kəndlinin əlindən alıb onu dilənçi halına salır və son vaxtlar yaxında olan Ələmdar şəhərinə sahib olmağa və İran hökumətini zorlamağa başlayırdı. Haman qara paltar qadının əri Haqverdi bu yerin məşhur üsyan rəhbəri idi. O, ağalara qarşı böyük və silahlı bir üsyan təşkil etdi. Oxumamış olduğu halda, böyük təşkilatçı idi. O, mülkədarı Allah hesab edən və ona qarşı üsyana cürət etməyən xalqı inandırmağı və təşkil etməyi bacarırdı. Dekabr ayında ağalar kəndli hərəkatını dayandırmaq üçün Təbrizdən Culfaya gəlmişdi, lakin üsyan başında duran Haqverdi heç bir vəchlə barışmaq istəmədi. İxtilaf əsnasında çar təbəəsi olan gəncəli mülkədarların qardaşı Ağarza Haqverdini öldürdü. Xanım qız, İranda bu cür hadisələr çoxdur. Mən sizə ancaq bircəsini söylədim. Hazırda haman mülkədarın tərəfdarı olan qolçomaqlar yenə də Haqverdi yoldaşın tayfasını rahat buraxmayır, Ələkbər yoldaşı da onun əmisi oğlu olduğu üçün təqib edirlər. Hətta onun yaxın qohumlarından Hacı Hüseyn, Məşədi Tağı və sairələri də ağanın casuslarıdır.
Bu sözlərdən sonra miss Hanna məni bir daha təpəmdən dırnağıma qədər nəzərdən keçirərək:
– Siz mənə inanın, siz adi bir iranlı deyilsiniz, mən də sadə bir amerikalı, – dedi.
– Gələcək hər bir işi həll edəcəkdir, – deyə mən qızın əlini oxşayaraq davam etdim. – Bu gün bizim tanışlığımızın beşinci günüdür, bu da iki gəncin bir-birini tanıya bilməsi üçün çox qısa bir müddətdir.
Bu sözlərlə Hannanın qolundan tutub balkona çıxartdım. Həyətdə qoyun kəsmişdilər. Samovar hazırlanmışdı, lakin çaya meylimiz yox idi. Hamı su içmək istəyirdi. Buna görə də masanın üzərinə böyük bir mətrət buzlu ayran qoyulmuşdu.
– Bu nədir? – deyə miss Hanna Ələkbər yoldaşdan soruşdu.
– Buzlu ayrandır, biz yayda çox az su içirik.
– Buz zərərli deyilmi?
– Buzu ayranın içinə salmamışıq. Ayranı buz içərisində soyutmuşuq.
– Buz bura haradan gəlir?
– Bizim getmək istədiyimiz Livarcandan gətirirlər. Culfada gördüyünüz buzlar da buradan aparılır.
Miss Hanna ayrandan içdi və çox xoşladı. Lakin xanın arvadı bir stəkandan artıq içməsinə mane oldu, çünki o öyrənməmişdi.
Axşam sərinləri düşənə qədər kababdan başlayıb plova qədər süfrəyə hər cür yemək gəldi. Balkon sərinlədiyindən xanın arvadı çiyninə bir rus şalı salmışdı, miss Hanna da plaşını çamadanından çıxartmağı düşünürdü. Bu halda Ələkbər yoldaşın xanımı miss Hannanın çiyninə qayət əntiqə və qiymətli bir Kirman şalı saldı.
Ələkbər yoldaş qıza müraciətlə:
– Xanımın sizə verdiyi hədiyyə qiymətli bir hədiyyə olmasa da, yenə o sizə bizim ailəmizi və mənim əziz qonağımı – məni göstərərək – xatırladacaqdır, – dedi.
Qız razılıq etdi, şalı bir daha diqqətlə gözdən keçirdi.
Gün hələ batmamışdı, faytonları qoşdular, vidalaşdıq. Haqverdinin arvadı yenə də ağladı, lakin Ələkbər yoldaşın anası:
– Qızım, müsafirin dalınca ağlamaq yaxşı deyildir, – deyə onu sakit etdi.
Faytonlara oturduq. Ələkbər yoldaş da dörd nəfər silahlı əmisi oğlanları ilə bərabər atlandı. Yolumuz gecə və həm də dağlar, dərələr arasından olduğu üçün onlar bizi Livarcana qədər müşayiət edəcək idi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-livarcan-yaylasina-dogru
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hərdən bir mənim xəyalıma bir belə şey gəlir: cənab molla Yusif Talıbzadə kitabında yazır ki, məscidə daxil olanda gərəkdir sağ ayaq ilə daxil olmaq və xaric olanda sol ayaq ilə çıxmaq.Mən bu sözləri oxuyandan sonra öz-özümə dedim ki, bundan sonra əlbət gərək bu nəsihətə əməl sliyəm.
Ana diliHərdən bir mənim xəyalıma bir belə şey gəlir:Mən universitet, yə’ni darülfünundan tazə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı axund molla Səbzəli gəldi bizim evə, mənim görüşümə. Evimizdə heç kəs yox idi anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asır.
Tazə xəbərlər«Tərcüman»da yazıldığına görə Almaniya və Fransa ərbab-hünəri bir çox vaxtdır «hava əskərləri» çıxarmaq niyyətindədirlər. Bunu eşidib İran və Osmanlı hökumətləri də çox fikirdən sonra bir neçə firqə «yeraltı əskəri» pərkarlayırlar. Ona cəhət Mərənd, Təbriz və Xoyda olan kənkanlar —quyuqazanlar cümləsi tüfəng altına çağırıldı.Bizə yazıldığına görə Urmi şəhərində bu barədə bir darülfünun bina edildi. Türkiyə tərəfindən İran sərhəd məsələsindən ötəri sərhəddə yığılan əskərlərin cümləsi haman darülfünunda məccanən təhsil edəcəklər imiş.
Azərbaycan padşahlarıHərdən bir mənim xəyalıma bir belə şey gəlir:Azərbaycanda necə padşah var?