Çar konsulxanasında
Səhifə 1 / 2
Tezdən qapı vuruldu. Nina içəri girdi. Çar konsulxanasından gətirdiyi 20 vəsiqəni verərək:
– Lazım olursa, yenə də gətirə bilərəm. Bunları şəhərdə azad gəzmək üçün yoldaşlara paylayın, – dedi və sonra sərdar Rəşidin göndərdiyi məktubu mənə verdi.
«Möhtərəm Əbülhəsənbəy! Bizə üz verən böyük müsibət haqqında yazmaq artıqdır. Bu barədə bütün Təbriz xalqı bildiyi kimi, siz də bilirsiniz.
Cənab konsulun yazdığına görə, mərhumun, yəni bizim bədbəxt Mahrunun sahibinin başını tapmışlar.
Cənab Əbdülhəsənbəy, qohumluq əlaqəsini nəzərdə tutaraq, cənazə mərasiminin təntənəli keçməsi üçün rəfiqlərinizi və tanışlarınızı da dəvət edəsiniz.
Zənnimcə, Nina xanımın iştirakı da lazımdır. Çünki cənazə mərasimində general-konsulun ailəsi də iştirak edəcəkdir.
Günortaya bir saat qalmış təşrifinizin müntəziriyəm.
Əqəl-sərdar Rəşid, həftumi-məhərrəm».
Mən:
– Getmək lazımdır, – dedim, – xüsusən bu günləri konsul ilə olan əlaqəni sıxlaşdırmağa və şübhələri rədd etməyə çalışmalıyıq. Biz oradan yenə də istifadə etməli və çar müstəmləkəçiliyi ilə mübarizə aparmalıyıq. Gedərik, Ələkbər yoldaşı da bərabər aparırıq.
Vaxta çox qalmışdı, xidmətçi qadın samovarı gətirdi. Çayı Nina hazırladı. Bir az sonra Məşədi Kazım ağanın arvadı da Ninanın gəlməsindən xəbər tutduğu üçün gəldi. Onların gəlinləri Sənubər və Töhfə xanım da iki gündür ki, burada yaşayırmış. Onlar da Ninanı görməkdən şadlandı.
Günortaya bir saat qalana qədər bir yerdə vaxt keçirdik, saat 11-də faytonu qoşdular; mən, Nina, bir də Ələkbər yoldaş sərdar Rəşidin evinə getdik.
Sərdar Rəşid mənimlə bərabər Ələkbər yoldaşın da gəlməsini bilib:
– Cənab ağa da bizi konsulun yanında sərafraz buyurdu, ağadan yerdən-göyə qədər razıyam, – dedi.
Ələkbər yoldaş da fatihə verib Smirnova rəhmət oxurkən məni dümsüklədi.
Nina Ələkbər yoldaşı İraida ilə tanış elədikdə:
– Əbülhəsənbəyin şərikidir, bizim doğma qardaşımız kimidir, – dedi.
İraida və sərdar Rəşid ikinci kərə Ələkbər yoldaşla tanış oldu. Mahru xanım gözə dəymirdi, bunun üçün də mən:
– Mahru xanım bir yerəmi getmişdir? – deyə İraidaya müraciət elədikdə, o:
– Yazıq qız bu bədbəxt hadisə üz verdikdən sonra xəstələnmişdir, – dedi.
Mən və Nina icazə alaraq onun yataq otağına daxil olduq; o, doğrudan da, xəstə idi.
Mən ona təsəlli verib dedim:
– Siz çox ağıllı bir xanımsınız. Özünüz də müstəqil bir fikir daşıyırsınız. Zənnimcə, siz özünüzə üz verən hadisənin ağır olduğuna baxmayaraq, həyatınızın və gələcəyinizin də qeydinə qalmalısınız. Mahru xanım, hadisələrdən çox da darılmayın. Onların ağırlığına qarşı soyuqqanlı olmalısınız. Mahru xanım, siz bilirsiniz ki, dünya eniş-yoxuşludur, insanlar dünyanın eniş-yoxuşunu düşüb-çıxmağa məcburdur. Hələ siz düşünsəniz, sizə üz verən bədbəxtliyin minlərcə adama üz verən fəlakətlə bir günə düşdüyünü görəcəksiniz... Demək istəyirəm ki, siz tək deyilsiniz...
Mahru mənim son cümlələrimi diqqətlə dinləyir, bir mənə, bir də Ninaya baxırdı. Sanki deyilmək üçün toplaşıb boğazında yumurlanan sözləri zorla geri qaytarır, nə üçünsə söyləməyə tərəddüd göstərirdi.
Mən Ninadan çəkindiyini və danışa bilmədiyini hiss etdikdə, onun qızdırmanın təsiri ilə istilənmiş kiçik və ətli əllərini sığallayaraq dedim:
– Mahru xanım, Nina həm sizi, həm də məni sevir. O sizin vətənin düşməni deyildir. O, təbrizlilərin qırılması və məmləkətin çar istilasında qalmasına razı ola bilməz. Danış, qorxma, Ninanı İraidaya oxşatma!
Bu sözlərimdən sonra, Nina ağladı, əlini balışın kənarına qoyaraq Mahrunun hərarətli dodaqlarından öpərkən qara və mavi gözlərdən tökülən yaşlar bir-birinə qarışdı, sanki bununla da bu iki gənc qadının qəlbi bir-birinə aşılandı.
Onların bir-birini qucaqlamasından o qədər xoş bir təsir aldım ki, bir anlıq bütün ağırlıqları unutdum.
Nina:
– Gözəl Mahru! – dedi, – mən çar kazaklarının qamçısı altında əzilən İran yoxsullarının dostuyam, mənə öz qəlbinə inanan kimi inan!
Bu söz üzərinə Mahru mənim əlimdən tutaraq sıxdı və soruşdu:
– Siz o sözləri Nina xanıma demişsinizmi?
– Demişəm, Nina siz sevdiklərinizin hamısını sevir.
Mahru dilini çıxarıb hərarətdən qızarmış və qurumuş dodaqlarını islatdı və ah çəkərək dedi:
– Xalqı qırdılar, yenə də qırmağa hazırlanırlar, namussuz qardaşım da bundan razıdır. Bu işlərdə iştirak etməyi özünə fəxr sayır. Qardaşım öz naməlum gələcəyini minlərcə İran yoxsulunun meyidləri üstündə qurmağa çalışır.
Mahru yenə də ağladı. Nina isə onun haqqında:
– Nə qədər gözəl, nə qədər safürəkli bir qadındır! – dedi.
Söhbətimiz burada bitdi, çünki konsulxanaya hərəkət etmək vaxtı idi, sərdar Rəşid və İraida getməyə hazırlanmışdı.
Mən və Nina xəstə olduğu üçün Mahrunun cənazə mərasiminə getməməsini məsləhət gördük, onu xidmətçi qadınla buraxıb vidalaşdıq.
Bizi konsulxanaya aparan faytonlar çox yavaş gedirdi. Xüsusən konsulxana ətrafındakı küçələr qələbəlik olduğundan, faytonları adi yerişi ilə sürmək mümkün deyildi. Hər addımda təzə bir hadisəyə rast gəlmək və hər bir hadisədə, başqa bir dəhşətin şahidi olmaq mümkün idi.
Şəhərdən tutulub kazakların qabağında Şahzadə bağına sürülən camaatın içərisində dörd nəfər də çarşablı qadın var idi.
Qadınların çarşabları aralandıqda onların qırmızı haşiyəli nəzmiyyə libası geydikləri görünürdü.
Rus kazakları bunların nəzmiyyə nəfərləri olduğunu və qadın libası geyinib Təbrizdən qaçmaq istədikdə tutulduqlarını söyləyirdi.
Sərdar Rəşid faytonu saxlatdırdı, bizim zənnimizə görə, sərdar Rəşid də rus kazakları düşünən kimi düşünürdü. Biz isə buna inanmırdıq, çünki nəzmiyyənin cədvəlində yazılan və silah daşıyan bütün nəzmiyyə nəfərləri Təbrizdən çıxmışdı.
Sərdar Rəşid kazak zabitini səslədi. Zabit dönüb faytona baxdıqda rus general-qubernatoru libasını geyinmiş və döşünə Rusiyanın ağ ikibaşlı qartal nişanını taxmış bir simanı görürkən irəli gələrək, əsgəri qayda ilə farağat vəziyyətini aldı, təzim ilə:
– Eşidirəm, həşəmətli cənab, – deyərək, əlini qulağının yanında saxladı.
Sərdar Rəşid ona azad durmaq icazəsini verməklə soruşdu:
– Bu qadınları nə üçün həbsə almısınız?
Zabit:
– Bunlar imperator hökumətinə qarşı üsyan etmiş nəzmiyyə nəfərləridir, – dedi – qadın libasına girib şəhərdən qaçmaq istərkən tutulmuşlar.
Sərdar Rəşid gülərək:
– Yaxşı etmisiniz, lakin onlar kişi deyil. Onlar nəzmiyyəyə rəğbət bəsləyən, bunun üçün də özlərini inqilabçı nəzmiyyə libasına salan qadınlardır. Bunları aparın, ərlərini çağırıb cəzalandırmaq lazımdır, – dedi və faytonun hərəkət etməsinə əmr verdi. Kazak zabiti yenə də sağ əlini qulağına qaldırıb təzim edərək:
– Eşidirəm, həşəmətli cənab! – dedi və dustaqları sürüb apardı.
Biz heç bir söz demədik, bu mümkün də deyildi. Ancaq Nina qeyd etdi:
– Şəriətin qara çarşabı öz inqilabına rəğbət bəsləyən bu qadınları əzməsə və kor etməsə idi, biz bir neçə gün bundan qabaq öz düşməninə qarşı silahlı mübarizəyə qalxan nəzmiyyə sırasında minlərcə silahlı türk qadını görmüş olacaqdıq.
Mən buna cavab olaraq:
– Təbriz qadınları öz sevimli nəzmiyyə nəfərlərinə, «qulamidilavər», yəni «rəşid oğlan» ləqəbini əbəs yerə verməmişdir, – dedim.
Biz hələ bu söhbəti bitirmədən nəzmiyyə libası geyinmiş qadınların üzərinə gülən əks-inqilabçı güruhu, nəzmiyyəyə yazmış olduqları həcvi oxuyurdu:
Qulam – dilavər olmuşam,
İtlərə yavər olmuşam.
Onda adım Qulamhüseyn,
İndi də Xavər olmuşam...
Ələkbər yoldaş mənə müraciətlə:
– Sənin canına and olsun, insan bu cür işləri görəndə özünə iranlı adı verməkdən də utanır, – dedi.
Nina da buna:
– Utanmaq yox, fəxr etməliyik! – cavabını verdi. – İndiyə qədər, imperialist dövlətlər əlində müstəmləkə olan heç bir ölkədə İranda başlanmış üsyan hərəkatı qədər böyük bir hərəkat baş verməmişdir. Bunlar nə qədər üzüdönük olursa-olsun, öz qərargahını nə qədər tez-tez dəyişirsə-dəyişsin, lakin bunları inqilab hərəkatı ətrafında təşkil etmək o qədər də çətin deyil, təbrizlilərin cəbhəni tez-tez dəyişmələrinə səbəb rəhbərsizlikdir, dinçilikdir. Dinin əsasında olan əsirlik, bağlılıq və siyasi düşüncəsizlik, Təbriz xalqının həqiqi cərəyandan tez-tez ayrılmasına səbəb olur. Mən bu sözümü bir çox hadisələrdən alınan təcrübələrə əsasən deyirəm. Çünki əksəriyyətlə təbrizliləri siyasi yolundan sapdıran da və əcnəbilərə satan da din rəhbərləridir. Buna görə də Təbriz xalqına dinsizlik günəş və su kimi lazımdır. Mollalar, müctəhidlər, ümumiyyətlə, din rəhbərləri məhv edilməyincə, onların nüfuzu kökündən qırılmayınca iranlıları vahid bir fikrin ətrafına toplamaq mümkün olmayacaqdır. İranda inqilab yaratmaq üçün aralığa çıxan yeni rəhbərlər kəndlilərin inqilaba qoşulmaması səbəblərini də ruhanilərdə aramalıdır, çünki İran ruhaniləri ruhani olmaqla bərabər, həm də böyük bir mülkədardır.
Mən Ninanın bütün fikirlərini təsdiqlə öz-özümə danışırammış kimi yavaşca qeyd etdim:
– Padşahın özü də kənd alıb böyük mülkədar sayıldığı və şahın kəndlilərə məxsus torpağı mənimsəyərək öz xüsusi mülki hesab etdiyi bir ölkədə nə iş görmək olar ki?..
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-car-konsulxanasinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Leyla Esterin otağına girərkən, xidmətçi qadın onu faytona oturub Rayanın dalınca getdiyini xəbər verdi.Leyla sevindi, soyunub paltosunu bir tərəfə ataraq Esterin kağız qoluğunu araşdırmağa başladı. Esterin Vahana yazdığı bir məktubu götürdü.
IX. Sui-qəsdin ifşa edilməsiBugünkü iclasa Şaumyan hamıdan sonra gəldi. O, yenə də portfel götürmüşdü. Bu portfeli o, ancaq fövqəladə və mühüm iclaslarda əlinə alardı.Şaumyan stulda oturan kimi menşeviklər və eserlər oturan stulları gözdən keçirtdi. Menşevik və eserlərin hamısı öz yerini tutmuşdu, yalnız bir nəfərin yeri boş idi. Sovet üzvlərindən gəlməyənlər çox az idi. Çünki Şaumyanın mühüm bir məsələ barəsində çıxışda bulunacağı bütün siyasi partiyaların fraksiyasında danışılmışdı. İvanovun həbs edilməsinə baxmayaraq yenə də eser və menşevik rəhbərləri Rayanın ətrafından çəkilməmiş və Sovet hökumətinə qarşı başladıqları bu sui-qəsdin Raya tərəfindən kəşf edildiyini xəyallarına belə gətirməmişdilər. Buna görə də bugünkü iclasda Raya da menşeviklərlə bərabər iştirak edirdi.
X. MəktublarLeyla xanım iki məktub aldı. Məktubun birisi Bakı milyonçusu hacı Zeynalabdın Tağıyevdən, ikincisi Türkiyə ordusu ərkani-hərbindən idi. Məktubların ikisi də mühüm idi.Leyla xanım çox düşündü ki, «məktubların hansını əvvəlcə oxuyum». Əvvəlcə Türkiyə ərkani-hərbindən gəlmiş məktubu oxumağa qərar verdi. Çünki bu məktub Leyla xanımın Türkiyə ərkani-hərbinə göndərdiyi mühüm bir məktuba cavab olmalı idi.
XI. Hacının bağındaLeyla xanım hacının evinə köçmüşdü, lakin hacı ilə Bakıda görüşmək mümkün deyildi. Çünki hacı da başqaları kimi Mərdəkana köçmüş və öz bağında yerləşmişdi.Hacı Leylanın məktubundan sonra ona ikinci bir məktub göndərib Mərdəkanda, onun şərəfinə düzəlmiş ziyafətə gəlməsini xahiş etmişdi.
Başqa şairlərin şeirləri
Çən gəlsə dağlara yellər əsdirər,Qış da çətin gəlsə dal əyər-əyər.
MənimAdəmdən xatəmə, natiqi Quran mənim,Din mənim, məssəb mənim, yol mənim, ərkan mənim,
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Çadralı qızlarımızaSizə indi diyorlar: – Çıxınız bu örtüdən,Qovunuz üzünüzdən bu məlun buludları.