Bugünkü iclasa Şaumyan hamıdan sonra gəldi. O, yenə də portfel götürmüşdü. Bu portfeli o, ancaq fövqəladə və mühüm iclaslarda əlinə alardı.

Şaumyan stulda oturan kimi menşeviklər və eserlər oturan stulları gözdən keçirtdi. Menşevik və eserlərin hamısı öz yerini tutmuşdu, yalnız bir nəfərin yeri boş idi. Sovet üzvlərindən gəlməyənlər çox az idi. Çünki Şaumyanın mühüm bir məsələ barəsində çıxışda bulunacağı bütün siyasi partiyaların fraksiyasında danışılmışdı. İvanovun həbs edilməsinə baxmayaraq yenə də eser və menşevik rəhbərləri Rayanın ətrafından çəkilməmiş və Sovet hökumətinə qarşı başladıqları bu sui-qəsdin Raya tərəfindən kəşf edildiyini xəyallarına belə gətirməmişdilər. Buna görə də bugünkü iclasda Raya da menşeviklərlə bərabər iştirak edirdi.

Şaumyan xitabət kürsüsünə yaxınlaşdı. Oturanlar bir dəfə özünü düzəltmək istərkən bir anda stulların çırhaçırı eşidildi. Şaumyan, menşevik və eserlər üçün ölüm zərbəsi olan iclası bu sözlərlə açdı:

– Mən Bakıda Sovet hökuməti əleyhinə düzəldilmiş bir sui-qəsd barəsində sizə məlumat vermək istəyirəm.

Şaumyanın ilk sözündən sonra, salonda elə bir sükut başladı ki, deyəsən oturanlar nəfəs belə çəkmirdilər.

Şaumyan sözünə davam edərək dedi:

– Sovet hökumətinə qarşı düzəldilmiş sui-qəsdin məqsədi hökumət başında duran Şaumyanı həbs etmək, hazırkı soveti dağıdıb eserlərin, menşeviklərin və sağ daşnaqların sovetini təşkil etməkdən ibarət imiş. Sui-qəsdin nəticəsində düzələcək yeni hökumətin başında, hazırda mərkəzi həbsxanada əyləşən cənab oturmalı idi.

Şaumyanın bu cümləsindən sonra iclas salonunun vəziyyəti nəzərləri cəlb edəcək bir surətdə dəyişdi, İvanovun həbs edilməsi səbəblərini açan bu cümlə, eserlər arasında rahatsızlığa səbəb oldu. Menşeviklərlə, eserlər göz vurub danışırdılar.

Raya da narahat idi, qız ara-sıra oğurluqca menşevik və eserlərin üzünə baxır və özündən şübhə edib-etməmələrini yoxlayırdı.

Şaumyan yenə də iclas salonundakılara müraciətlə:

– Bu sui-qəsd çox sadəcə düzəldilmişdi,—dedi,—iyun ayının 12-də bulvarda miting çağırılmışdı. Mitingdə, hər 300 nəfər işçi, bəhriyyəçi və qızıl əskərdən bir nəfər nümayəndə iştirak etməli imiş.

Mitingdə iştirak etmək üçün cəbhəçilərlə bərabər «Ərdəhan» gəmisində olanlar da dəvət edilmişdi. «Ərdəhan» gəmisi bulvarın qarşısında lənkər salıb duracaq və yeni hökumətə silahlı yardım edəcəkdi. Hökumətin başında eser partiyası üzvü İvanovun durmaq istədiyi məlumdur.

İclasda iştirak edən eserlərin həyəcanını görərkən Şaumyan aşağıdakı cümlələri söyləməklə sakitliyə səbəb oldu. Məlum oldu ki, sui-qəsdin başında İvanovdan əlavə başqaları da varmış. «Ərdəhan» gəmisinin mexaniki Krıçenko da yeni düzələcək hökumətə öz namizədliyini qoymuşdu.

Sui-qəsddə yalnız mənim həbs edilməyim nəzərə alınmışdı. Sui-qəsdçilər məndən başqa, hökumət üzvlərinin hamısına qarşı mərhəmətlə davranmağı nəzərdə tutmuş və onları öz mövqelərində qoymağı qərara almışdılar. Düzələcək yeni hökumətin başında diktatura vəkalətinə malik iki nəfər duracağdı. Bunlar hər bir qərarı çıxarmaqdan ötrü, müvəqqəti iclası toplamaq üçün «Ərdəhan» gəmisinin 335 nömrəli təliqəsi ilə böyük zavodlara və hərbi hissələrə üç yüzə qədər dəvətnamə göndərmişdilər...

Şaumyan dediyi sözlərini sənədlərlə sübut etmək üçün portfelindən bir iş qoluğu çıxartdı və oradan bir dəstə sənəd çıxarıb oxumağa başladı.

Dəvətnamə

Xəzər donanmasının ümumi iclası, işçi və çəbhəçi yoldaşlardan rica edir ki, hər üç yüz yoldaşdan bir və hər bir hərbi hissədən və ya hər bir topçu batareyasından bir nəfər nümayəndə intixab edib mitinqə göndərsinlər.

Mitinq köhnə hesabla mayın otuzunda, çaharşənbə günü, gündüz saat 10-da dəniz kənarında, bulvarda çağırılmışdır.

Sədr—Anikin.

Katib—İqnatyev».

Şaumyan bu sənədi oxuduqdan sonra, əlavə etdi:

– Məlum olduğuna görə yerlərə göndərilmiş dəvətnamələrin hamısı saxta dəvətnamələr imiş, çünki Xəzər dənizçilərinin heç bir iclası olmamışdı. Bu məsələdən, «Ərdəhan» hərbi gəmisinin mexaniki Kırçenkodan başqa heç kəsin xəbəri yox imiş, sədr və katibin imzaları da qayırma və uydurma imzalardır.

Şaumyan bütün sənədləri elan etdikdən sonra iş qoluğundan bir sənəd də çıxartdı. O, bir əmrnamədən ibarət idi.

Əmrnamə

«Hər necə olursa-olsun, Stepan Şaumyanın həbs edilməsini əmr edirəm.

Xarici işləri və müvəqqəti hərbi komissarı..».

Şaumyan vaxt ikən özünə qarşı hazırlanmış bu əmrnaməni imzalayanları söyləmədi, çünki sui-qəsd hazırlayanlar və hökumət qurmaq arzusunda olan macəraçılar, hələlik hökumət üzvlərinin hamısını təyin etməmişdilər.

Bu sənədləri elan etdikdən sonra, Şaumyan iş qoluğundan daha bir neçə sənəd çıxartdı. Bunlar, Qafqaz Qızıl Ordusu və çəbhəçilər komitəsi sədrinə verilən əmrnamələr və Bakı xalqına buraxılacaq müraciətnamələrin surətlərindən ibarət idi.

Şaumyanın oxuduğu və elan etdiyi sənədlərdən ən əhəmiyyətlisi, sui-qəsdçilərin ingilis konsuluna yazdığı məktub idi.

Məktubda sui-qəsdçilərin İngiltərə imperializminə nə qədər məhəbbət bəslədiyi və İngiltərə himayəsinə girib Azərbaycan işçi və kəndlilərini satmaq istədikləri tamamilə aydınlaşdı.

Şaumyan sözünü bitirdikdən və xitabət kürsüsündən düşdükdən sonra belə, bir çoxları hətta iclasın bitdiyindən xəbərsiz, yerində donub qalmışdı.

Leyla, Raya, Sadovski, Ayollo və Məlik-Elçiyan yanyana oturmuşdular. Onlar iclas salonundan çıxdıqda, Leyla özünü pis hiss edirdi. Leyla İvanovun həbs edilməsində, sui-qəsdin kəşf olunmasında Rayanı müqəssir sayırdı.

Leyla nə qədər sakit olmağa və düşündüklərini Rayaya hiss etdirməməyə çalışdısa da, bacarmadı. O, eşiyə çıxan zaman, Rayaya yanaşaraq:

– Şaumyan yaxşımı danışdı?—deyə soruşdu.

Raya heç düşünmədən:

– İş yalnız danışmaqda deyil, danışıqları eşidən qulaqlardadır,— dedi.

Bu sözdən sonra heç kəs danışmadı. Ancaq Ayollo Leylanın qulağına yavaşdan dedi:

– Yadınızdadırmı sizdəki ziyafətdə mənə bir məktub gətirdilər!..

Leyla dedi:

– Yadımdadır. Onu mənə oxumağı vəd etdiyinizi unutdunuz, mənə oxumadınız.

– Sizin canınız üçün mən haman məktubu sizdə itirdim.

Leyla bir az düşünərək:

– Təsadüf etməmişəm!—dedi.

Yenə də Rayadan şübhələnməyə başladı. Lakin şübhələrini kimsəyə aça bilmirdi. Çünki özünə qarşı da şübhə oyanacağından qorxurdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Leyli və Məcnun dastanı

Şirvan xaqanı tərəfindən Gəncəyə bir heyət gəlmişdi. Atabəy Məhəmmədin Gəncə səyahətinə çıxmasını eşidən Şirvan xaqanı Atabəyi istiqbal etmək üçün aparılacaq hazırlıqda iştirak etmək arzusunu irəli sürmüşdü. Buna görə də hələ Atabəy Təbrizdən Şimali Azərbaycana hərəkət etməmişdən əvvəl Şirvan xaqanı başda Nəcməddin olmaq üzrə Gəncəyə böyük bir heyət göndərmişdi ki, bununla da xaqan Atabəyə qarşı bəslədiyi dostluq duyğularını nümayiş etdirmək istəyirdi. Heyətin sədri Nəcməddin Gəncəyə gəldiyinin ikinci günü, Nizamiyə belə bir məktub göndərmişdi:“Möhtərəm və sənətkar şair!

19 dəq
Hiylə

Atabəy Məhəmmədi istiqbal etmək üçün düzələn təntənə olduqca mütəşəkkil keçdi. Atabəyi görmək və ona şikayət etmək, hətta əlini yuxarı qaldırıb ərizəsini göstərmək heç bir kəsə mümkün olmadı. Qarabağdan Gəncəyə qədər olan yolların ətrafında düzülüb təzə hökmdarı ziyarət etmək arzusunda olan on minlərcə əhali hələ Atabəy gəlib keçmədən öz evlərinə, öz kəndlərinə qayıtmağa məcbur oldular. Çünki Qarabağdan Gəncəyə qədər olan yol üzərindəki kəndlilərin bir çoxu həbsə alınmışdı.“Atabəyə sui-qəsd etmək üçün gizlin bir cəmiyyət var imiş” – deyə hər tərəfə şayiə buraxılmışdı. Bu şayiələrin dalınca da “gizli cəmiyyətin üzvüdür” – deyə yüzlərcə adamların həbsə alınması bütün Aran xalqını qorxu altına almışdı.

4 dəq
Təsadüf

– Sən heç vaxt ruhdan düşmə, bu hadisəyə məğlubiyyət adı vermək olmaz, çünki mübarizə hələ bitməmişdir. Son cəbhəyə kimlərin sahib olacağı bəlli deyildir. İki döyüşən qüvvət növbətlə qələbə əldə edə bilər. Lakin mübarizənin sonunda hər kəs qazandığı qələbəni əlində möhkəm saxlamağı bacarsa, həqiqi qalib odur. Əmir isə əldə etdiyi qələbəni hələlik möhkəmləndirə bilməmişdir. Mən elə zənn edirəm ki, bu qələbə, nəhayət, onun ifşa edilməsilə nəticələnəcəkdir.Nizami bu sözləri Fəxrəddinə deyirdi. Lakin Fəxrəddin bir daha qələbə əldə edə biləcəyinə əmin deyildi. Onun fikrincə, Atabəy məmləkətin vəziyyətini öyrənmədən və xalqın həyatı ilə tanış olmadan Arandan gedəcəkdi.

7 dəq
Qəbul rəsmi

Atabəy Məhəmmədin Gəncəyə gəldiyinin üçüncü günü carçılar Gəncə bazarında bu sözləri car çəkirdilər:“Hər gün səhər saat doqquzdan günortaya qədər Atabəy Məhəmməd həzrətlərinin təyin etdiyi hökumət məmurları əhali tərəfindən veriləcək ərizələri qəbul edəcəkdir. Bir həftənin müddətində hər kəsin ərizəsi varsa, gətirib verməlidir. Verilən ərizələri şəxsən Atabəy həzrətlərinin özü oxuyacaqdır”.

7 dəq

Başqa şairlərin şeirləri