Səhifə 1 / 3

Şirvan xaqanı tərəfindən Gəncəyə bir heyət gəlmişdi. Atabəy Məhəmmədin Gəncə səyahətinə çıxmasını eşidən Şirvan xaqanı Atabəyi istiqbal etmək üçün aparılacaq hazırlıqda iştirak etmək arzusunu irəli sürmüşdü. Buna görə də hələ Atabəy Təbrizdən Şimali Azərbaycana hərəkət etməmişdən əvvəl Şirvan xaqanı başda Nəcməddin olmaq üzrə Gəncəyə böyük bir heyət göndərmişdi ki, bununla da xaqan Atabəyə qarşı bəslədiyi dostluq duyğularını nümayiş etdirmək istəyirdi. Heyətin sədri Nəcməddin Gəncəyə gəldiyinin ikinci günü, Nizamiyə belə bir məktub göndərmişdi:

“Möhtərəm və sənətkar şair!

Şirvandan Gəncəyə olan bu qısa səfərimizdə iki böyük zatın ziyarətinə nail olmaqla şərəf və səadət əldə edəcəyik. Onlardan birincisi Atabəy Məhəmməd həzrətlərinin ziyarəti, ikincisi isə möhtərəm şairin ziyarətidir. Möhtərəm şair icazə versəydi, xaqanın sifarişlərini yerinə yetirmək məqsədilə görüşər və səadətə nail olardıq.

Şirvan şahı tərəfindən gəlmiş heyətin sədri

Nəcməddin”.

Nizami məktubu alandan sonra onların qəbulu üçün müəyyən vaxt təyin elədi. Eyni zamanda, evin sahmana salınması üçün Rənaya tapşırıq verdi. Heyətin qəbulunda iştirak etmək üçün bəzi lazımlı adamlarına və dostlarına da xəbər göndərdi. Bunların cərgəsində Fəxrəddin də var idi.

Fəxrəddin dəvət edildiyi vaxtdan bir neçə saat irəli gəlib heyətin qəbulu zamanında lazım olacaq şeylərin hazır edilməsində iştirak etmək istədi. Çatmayan şeylərin öz evlərindən gətirilməsinə əmr verdi, bazardan pul ilə alınacaq şeyləri aldırıb hazır etdirdi. Rəna və Nizami Fəxrəddinin köməyindən həddindən ziyadə razı qaldılar.

Nizami və Rəna Fəxrəddinə diqqətlə baxdıqları zaman onda keçmiş kədərlərdən bir zərrə də olsa nişanə görmədilər. O, Dilşad gedəndən bəri bir gün də olsa şad üzlə Nizaminin və Rənanın üzünə baxmamışdı. Bu gün isə gülür, danışır və şadlıq edirdi. Nizami onda bir xəbər olduğunu dərhal hiss etdi və soruşdu:

– Bu şadlığın səbəbini desəydin, dostların da şadlanardı.

Fəxrəddin şad bir ürəklə Nizaminin əlini sıxdı:

– Bu şadlıq gələcək bir bəxtiyarlığın başlanğıcıdır. Ancaq dünən mənə məlum olmuşdur ki, Dilşad Bağdada göndərilməmişdir. Saraydadır.

Nizami təəccüblə soruşdu:

– Bu xəbəri sənə gətirən kimdir?

Fəxrəddin Əbül-Ülanın ziyafətində olduğunu, orada Səba ilə görüşdüyünü və aralıqda gedən söhbətləri tamamilə Nizami üçün danışdı və:

– Bu axşam o, Əmirin məktubunu gətirəcək və mən onunla bərabər saraya gedəcəyəm, – dedikdə Nizami də:

– Onunla saraya deyil, ya ölümə, yainki həbsxanaya gedəcəksən, – deyə cavab verdi. – Yenə də sən aldandın. Lakin məni dərdə salan bir cəhət varsa, o da məsələni qabaqcadan gəlib mənə xəbər verməməyindən ibarətdir. Sən indi nə kimi bir zaman olduğunu bilirsənmi?! Əmir Atabəyin gəlməsi münasibətilə öz mövqeyindən əmin deyil. O, Atabəyə şikayət verənlərin təşkili işində çalışanların hər nə bahasına olursa olsun xalqın arasından götürməlidir. Onların birincisi mənim qəhrəman, lakin avam dostum Fəxrəddindir. Səbanın son macərası sarayda səni məhv etdirmək üçündür. Dilşad isə çoxdan Bağdaddadır.

– Ola bilməz!

– Ola bilər! Sən mənə inan. Səba xanım təzə, lakin olduqca qorxulu bir xəyanət hazırlamaq istəyir. Buna inanmırsansa, al məktubu oxu! Qızıl Arslan əsir aparılan qızların adını və yerlərini mənə göndərdiyi son məktubunda qeyd etmişdir.

Fəxrəddin məktubu alıb baxdı və Nizaminin dediklərini təsdiq etdi.

– O həyasızı məhv edəcəyəm. O sağ qaldıqca macəralar törətməyə çalışacaqdır, – dedikdə yenə də Nizami:

– Bir az ehtiyatlı olmalısan, – dedi.

Söz bununla bitdi, çünki heyətin gəldiyini xəbər verdilər.

Fəxrəddin və başqaları qonaqları həyətdə istiqbal edib otağa gətirdilər. Nizaminin özü isə heyəti evin qapısında qarşılayıb:

– Şairin bu yoxsul evinə şərafət və səadət gətirdiniz. Xoş gəldiniz, səfa gətirdiniz, – dedi və əyləşmələri üçün yer göstərdi. Nəcməddin və heyət üzvləri oturdular. Nizami sözə başlayaraq:

– Atabəy həzrətlərinin Gəncəyə gəlməsi xəbəri bizə, xaqan həzrətlərinin nümayəndələrilə görüşmək şərəfinə nail olmaq imkanı verdi, – dedikdə, Nəcməddin də:

– Atabəy həzrətlərinin Gəncəyə gəlmək xəbərindən əvvəl də xaqan həzrətləri sizin hüzurunuza bir heyət göndərməyi düşünürdü, – dedi. – Bu səfərimizdə xaqan həzrətləri Gəncədən qiymətli bir cavahir aparmaq üçün bizə tapşırıq vermişdir.

Nizami çox qısa cümlələrlə cavab verib dedi:

– Xaqan həzrətlərinin şairə bu qədər böyük əhəmiyyət verdiyinə təşəkkür edirəm.

– Xaqan həzrətləri öz səmimi ricasını yetirmək üçün bizi möhtərəm şairin yanına göndərmişdir. Xaqanın mübarək rəyi buna əlaqə tutmuşdur ki, möhtərəm şair Leyli ilə Məcnunun müaşiqəsini bir dastan şəklində yazsın.

– Xaqan həzrətlərinin arzularına əməl etməyə hazıram.

– Lakin, xaqan həzrətlərinin arzusu budur ki, möhtərəm şair yazdığı dastanı Azərbaycan dilində yazmasın, onu yüksək təbəqəyə mənsub bir dildə, fars dilində yazsın. Çünki xaqan həzrətləri Azərbaycan dili ilə tanış deyil, o ancaq fars dilində danışıb oxuya bilir. Şübhəsizdir ki, siz xaqanın nə kimi dil və nə kimi bir şeirlə maraqlandığını bizdən yaxşı bilirsiniz.

Nizami məclisdə iştirak edən azərbaycanlıların həyəcanını hiss edərək, münaqişə çıxmasına imkan verməmək üçün dedi:

– Mən xaqanın fikrini çox gözəl anlayıram. Şübhəsizdir ki, xaqan fars dilinin yüksək təbəqəyə mənsub bir dil olduğunu qeyd etməkdə çox haqlıdır. O yüksək təbəqəyə mənsub bir dil deyərkən saray xalqını nəzərdə tutmuşdur. Xaqan saray xalqını, öz həzrətləri də daxil olmaq şərtilə, yüksək təbəqə hesab edir. Bu tamamilə doğrudur. Saray xalqı başqa bir təbəqə, saray xaricindəkilər isə tamamilə başqa bir təbəqədir. Sizə də, bizə də məlumdur ki, Şirvan sarayında yaşayanlar da, xaqanın özü də azərbaycanca danışa bilmirlər. Bəlkə, belə də məsləhətdir. Bunların hamısı ilə bərabər, mən Leyli və Məcnun dastanını başqa bir nöqteyi-nəzərdən də fars dilindi yazmaqla maraqlanıram. Çünki bu zamana qədər fars oxucuları dastan şəklində heç bir ədəbiyyat görməmişlər. Firdovsinin əsəri böyük bir dastan olmaqdan qabaq bir tarix əsəri sayıla bilər. Orada olan müaşiqələr bədii olsa belə, tam bir sevgi macərası qənaətini vermir.

Mən elə bilirəm ki, xaqan həzrətləri fars dilində yazan şairlərə göstəriş və rəhbər olmaq üzrə birinci olaraq fars dilində dastan yazılmasını mənə həvalə etmişdir.

Məclisdə olan azərbaycanlıların çöhrəsindəki qırmızılığın çəkilməsi şübhələrin sönməsini hiss etdirirdi. Bunu Nəcməddin də hiss edirdi, o bu sifarişin azərbaycanlıların milli şərəfinə toxunacağını bilməmiş deyildi. Lakin o, Nizaminin verdiyi izahatla şübhə və nifrətlərin söndüyünü hiss edərək şadlandı və xaqanın ikinci sifarişini şairə bildirdi:

– Xaqan həzrətləri sizin malik olduğunuz əzəmətin yoxsul bir binaya yerləşə bilməyəcəyini nəzərə alaraq şairin Şirvan sarayına köçürülməsinə əmr vermişdir. Şairi orada səadətlər, sərvətlər və xələtlər gözləməkdədir. Sizin rəvan təbiniz orada daha da genişlənəcək, siz ancaq orada cahanşümul bir şair dərəcəsinə çatacaqsınız. Siz, ancaq saray içərisində yazdığınız əsərlərlə dünyaya öz günəşinizi sala biləcəksiniz.

Siz sarayda bütün təbii ehtiyacların təsirindən çıxmaqla bütün fikrinizi şeir yaradıcılığına verə biləcəksiniz.

Böyük şairin bu qədər qilu-qal içərisində keçən günləri sakit bir həyatın qucağında xariqələr, möcüzələr dolu şeirlər yaratmağa sərf olunacaqdır.

Məncə, şeir gülər və səadətli bir həyatın qucağından doğmalıdır. Şair xalqa qoşularaq günlərin siyasi hadisələri ilə vaxtını keçirməməlidir.

Məclisdə iştirak edənlərdən bir çoxu elə bilirdi ki, Nizami xaqanın bu dəvətini qəbul edib Gəncədən Şirvan şahının sarayına köçəcəkdir. Məclisdəkilər səbirsiz bir intizarla şairin Nəcməddinə verəcəyi cavabı gözləyirdi. Nəhayət, Nizami gülər bir üzlə cavab verdi:

– Şübhəsizdir ki, xaqan həzrətləri məni yüksəltmək üçün öz sarayına dəvət etməkdədir. Buna görə də təşəkkür etməyə və xaqan həzrətlərinə uzun ömürlər və tükənməz dövlətlər diləməyə borcluyam. Əvvəlcə Nəcməddin cənabları mənim evimin yoxsulluğuna işarə edib dedi ki:

“Xaqan həzrətləri sizin malik olduğunuz əzəmətin yoxsul bir binaya yerləşə bilməyəcəyini nəzərə alaraq şairin Şirvan sarayına köçürülməsinə əmr vermişdir”.

Hərgah mənim kimi yoxsul şairdə qiymət və əzəmət vardırsa, həmin əzəmət bu yoxsul evdə doğulmuşdur. Bu palçıq divarlar həmin əzəmətin beşiyidir. Bu əzəməti həmin beşikdə böyüdərək dünyalara tanıtdırana qədər bu evdən ayrılmayacağam.

Doğrudan da, məndə bir əzəmət vardırsa, o mənim deyil, Azərbaycan xalqınındır, çünki mən bu məmləkətin oğluyam. Doğrudur, məni xaqanın sarayında xələtlər gözləyir. Bu saydıqlarınız sərvət və xələt maraqlananlar üçün çox qiymətlidir. Lakin bunların heç birisi şair mədəsinin həzm edəcəyi qidalar deyildir.

Siz deyirsiniz ki, mənim təbim Şirvan şahının sarayında daha genişlənəcəkdir. Lakin geniş kütlələrin içərisindən ayrılıb sarayların uca hasarları daxilinə qapanan bir təbin genişlənə biləcəyinə heç də inana bilmirəm. Şair öz ilham mənbələrindən ayrıldığı zaman, kütlələrin içərisindən çıxıb dörd divarın içərisində nazlandığı və mürgülədiyi zaman onun təbi nə vasitə ilə genişlənə bilər?! O, haradan ilham ala bilər?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri