Qəzalardakı dükançılar müxbirlərdən narazı olduğu kimi Binəqədidə baqqal Əli Əlimərdan oğlu da «burada muxbur çoxdur» deyib dükanı yığışdırmışdır.

Pislənmədədir get-gedə əhval dükanda
Sərmayə bitib, qalmadı bir mal dükanda.

Axırda soğan doğradı ovqatıma müxbir
Bir düşməni-can oldu mənim zatıma müxbir
Hər yerdə gəzib göz qoyub halatıma müxbir
Axşama kimi çömbəlirəm lal dükanda
Sərmayə bitib, qalmadı bir mal dükanda.

Təftiş olunur gündə beş-on dəfə tərəzu
Çirk olsa tabaq söyləyəcəkdir: bu nə yahu!
Gah müxbür olur, gah dönüb doktor olur bu,
Əl üstü yazar görsə bir əşkal dükanda
Sərmayə bitib, qalmadı bir mal dükanda.

Qatsam yağa piy, eyləyəcək əldə bəhanə
Yazsa qəzetə iştraf eyləllə dükanə
Söz müxtəsəri getdi bu şeytan məni canə
Bilməm nə görüb bu dəli dəccəl dükanda
Sərmayə bitib, qalmadı bir mal dükanda.

Bir fəndimi dərk etsə düşər şəhrə qiyamət
Hər gündə yazar qəzetədə bir dürlü hekayət
Müxbir haradı varsa yox azadə ticarət
Etmişlə bizi bir quru həmmal dükanda
Sərmayə bitib, qalmadı bir mal dükanda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira